Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4539/2021 13.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı X3 Cəmiyyətinin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı X3 Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 23.10.2019-cu il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə 666.36 manat əsas, 66.71 manat faiz, 156.89 manat cərimə olmaqla cəmi 889.96 manat borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Accessbank QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X3 Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh2 İddiaçı QSC ilə 23.10.2019-cu il tarixdə bağladığı 005A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2% olmaqla 15 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 manat kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 23.09.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1333.64 manat ödəniş etmiş və onun iddiaçıya 666.36 manat kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, o, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 16.04.2021-ci il tarixə 205 gün üçün hesablanmış faiz borcu 66.71 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % cərimə ödəməlidir. 16.04.2021-ci il tarixə 205 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 156.89 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, iddiaçı X3 Cəmiyyəti ilə bağladığı 23.10.2019-cu il tarixli 005A********** saylı kredit müqaviləsinə əsasən ona aylıq faiz dərəcəsi 2% olmaqla 15 ay müddətinə, hissə-hissə qaytarmaq şərti ilə 2000 manat kredit verilmişdir. Cavabdeh1 23.10.2019-cu il tarixli zaminlik müqaviləsi üzrə onun bank qarşısında kredit borcuna zamin dayanmışdır. Əvvəllər ödənişlərini yerinə yetirsə də, sonradan işdən çıxdığına görə kredit müqaviləsi üzrə ödənişlərində gecikmələri yaranmışdır. Belə ki, bank tərəfindən tələb olunan cərimə borcunun məbləğinin yüksək olduğunu hesab etdiyindən cərimə məbləği ilə razılaşmır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, Cavabdeh2 iddiaçı X3 Cəmiyyəti ilə bağladığı 23.10.2019-cu il tarixli 005A********** saylı kredit müqaviləsinə əsasən ona aylıq faiz dərəcəsi 2% olmaqla 15 ay müddətinə, hissə-hissə qaytarmaq şərti ilə 2000 manat kredit verilmişdir. O isə 23.10.2019-cu il tarixli zaminlik müqaviləsi üzrə cavabdehin bank qarşısında kredit borcuna zamin dayanmışdır. Sonradan banka müraciət edərək ödəniş şərtlərində güzəşt edilməsini xahiş etsələr də bank razı olmamışdır. Bank tərəfindən tələb olunan cərimə borcunun məbləğinin yüksək olduğunu hesab etdiyindən cərimə məbləği ilə razılaşmır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 739.1. və 739.2. maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Kredit verən Accessbank QSC ilə kredit alan Cavabdeh2 arasında bağlanmış 23.10.2019-cu il tarixli 005A********** saylı kredit müqaviləsindən görünür ki, kredit verən kredit alana şəxsi məqsədlər üçün 15 ay müddətinə illik 2 faiz dərəcəsi ilə 2000 manat kredit verməyi öhdəsinə götürmüşdür. -23.10.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, kredit alan Cavabdeh2 hesabına kredit müqaviləsi üzrə bankdan 2000 manat kredit köçürülmüş və 20 manat komissiya xərci tutulmuşdur. -Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 ona verilmiş kredit üzrə əsas və faiz borclarını 25.11.2019-cu il tarixdən başlayaraq, 25.01.2021-ci il tarixinə kimi hər ay banka 156.00 manat (sonuncu ay isə 158.09 manat) ödəməklə qaytarmalıdır. -Kreditor Accessbank QSC ilə zamin Cavabdeh1 arasında bağlanmış 23.10.2019-cu il tarixli 005G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. -26.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 Accessbank QSC-yə 16.04.2021-ci il tarixinə 666.36 manat əsas, 66,71 manat faiz, 156,89 manat cərimə olmaqla, ümumilikdə 889.96 manat təşkil edir. -Accessbank QSC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış 10.03.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, bank tərəfindən borclulara kredit müqaviləsi üzrə borc 19.03.2021-ci il tarixədək ödənilmədiyi təqdirdə hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Asan-Sumqayıt tərəfindən verilmiş 25.02.2015-ci il tarixli AZE № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİnin Maps şöbəsi tərəfindən verilmiş 16.03.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 Abşeron rayonu Hökməli qəsəbəsi Hüseynzadə küçəsi 6 saylı evdə qeydiyyatdadır. -Asan-Sumqayıt tərəfindən verilmiş 06.02.2017-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Babayev X5 rayonu Hökməli qəsəbəsi K.Qasımov küçəsi 20 saylı evdə qeydiyyatdadır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi borcalan Cavabdeh2 iddiaçı bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, borcalan Cavabdeh2 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin: 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, zamin Cavabdeh1 bank qarşısında, digər Cavabdeh2 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh2 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin ödəmələri vaxtında icra etməməsi onun üzərinə 156.89 manat cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 23.10.2019-cu il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə 666.36 manat əsas borc üzrə hesablanmış 156.89 manat məbləğində cərimənin azaldılaraq 5.00 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin kredit müqaviləsi üzrə öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirməməsi nəticəsində banka 23.10.2019-cu il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə 666.36 manat əsas, 66.71 manat faiz, 5.00 manat cərimə borcu olmaqla cəmi 738,07 manat borcunun yaranması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından məhkəmə iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 23.10.2019-cu il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə 666.36 (altı yüz altmış altı manat otuz altı qəpik) manat əsas, 66.71 (altmış altı manat yetmiş bir qəpik) manat faiz, 5.00 (beş) manat cərimə olmaqla cəmi 738,07 (yeddi yüz otuz səkkiz manat yeddi qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu iddiaçı X3 Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4539/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4539/2021
13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver