Məhkəmə qərarları › İş №2(012)-4662/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4662/2021

17.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4662/2021 17.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" Xırdalan MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə (İİİ şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti) qarşı qanunsuz hərəkətlər nəticəsində vurulmuş maddi, mənəvi ziyanın tutulması və digər tələblərə dair mülki işə 17 noyabr 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-nin direktoru X4 qarşı qanunsuz hərəkətlər nəticəsində vurulmuş maddi və mənəvi ziyanın tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ona dəymiş 40.000 (qırx min) manat maddi və 10.000 (on min) manat dəyərində mənəvi zərərin cavabdeh X1 tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə təqdim edərək, "xxxx" MMC-nin direktoru X3 cavabdehlikdən çıxarılaraq əvəzinə "xxxx" MMC-nin cavabdeh qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, ştatdan kənar işlədiyi gecə növbəsinin zərərli sahənin maaşları bərpa olunması, "xxxx" MMC-nin qanunsuz hərəkətləri nəticəsində 3 ilə yaxın işsiz qaldığı müddətlərin kompensasiyasının ödənilməsi, ona dəymiş 40000 manat maddi ziyan, 10000 manat mənəvi ziyanın cavabdehdən tutulub ona ödənilməsi, kompensasiyanın 1 faiz həcmində dövlətə ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 01.07.2014-cü il tarixdə “X13” MMCdə sanitar-təlimatçı vəzifəsində işləmişdir. Ümumi yığıncağın 24 may 2016-cı il tarixli 03 saylı qərarına əsasən “X13” MMC-nin adı dəyişdirilərək "xxxx" MMC adlandırılmışdır. İddiaçı işə daxil olan zaman iş qrafiki səhər saat 9:00 - 18:00-dək olduğu halda, halbuki onu gecə saat 00:00-dan səhər saat 3-4 radələrinə kimi qeyri-qanuni işlətmişlər. Gecələr sanitar-epidemiologiyaya nəzarət eləmişdir. 19.12.2017-ci il tarixdə dezinfeksiya zamanı kimyəvi dərmanların təsirindən zəhərlənmiş və onu həmin gün 23:40 radələrində Abşeron rayon X15 Stansiyasının müşayiəti ilə X11 Toksikologiya şöbəsinə aparmışdırlar. 2 gün ərzində - 19.12.2017 və 20.12. 2017-ci tarixlərində iddiaçıya müvafiq tibbi yardım göstərilmiş və sonradan evə buraxılmışdır. Müayinə zamanı ona kəskin infeksion fosfor üzvi birləşmələr ilə zəhərlənmə diaqnozu qoyulmuşdur. Xəstə vəziyyətdə olarkən 20.12.2017-ci il tarixdə "xxxx" MMC-nin əməkdaşı əlində bir vərəq xəstəxanada ona yaxınlaşaraq iş yerindən maddi yardımın gətirilməsi ilə bağlı göstərilən yerə imza atmağını xahiş etdiyindən iddiaçı vərəqdə yazılanları oxumaq iqtidarından olmadığından imza atmışdır. Sonradan iddiçıya məlum olmuşdur ki, həmin sənəddə onun işdən azad edilməyi barədə xahiş etməyi göstərilmiş və son haqq-hesab, əmrin surəti, əmək kitabçasının təhvil verildiyi qeyd edilmişdir. 20 dekabr 2017-ci il tarixdə "xxxx" MMC-nin rəhbərliyi iddiaçını qeyri-qanuni olaraq, işdən azad etmişdir. Onun hüquqi savadsızlığından istifadə edərək ərizəyə qol çəkdirmişdir. "xxxx" MMC-nin direktoru tərəfindən 16.07.2020-ci il tarixli tövsiyə məktubundan görünür ki, "xxxx" MMC-nin əməkdaşı İddiaçı təqdim etdikləri xidmətlərə nəzarət etmiş və xidmətin qəbulunda məsul şəxs olmuşdur. Həmin müəssisədə xidmət göstərdiyi müddət ərzində hər zaman qüsursuz xidməti olmuşdur. Xəstə vəziyyətindən suiistifadə edərək öz xahişi ilə işdən çıxma ərizəsini ona imzalatdırmışlar. Yoldaşı həbsxanada, xəstə vəziyyətində dava-dərmana ehtiyacı olduğu bir vaxtda öz xahişi ilə işdən çıxmağında nə məntiq var idi. O bir ay əvvəl işdən çıxmağı üçün şirkətə müraciət etməmiş, başqa bir işə getmək üçün saziş də imzalamamış, təqaüdə çıxmamış, yaşadığı ünvanı tərk etməmişdir. Rəhbərliyin barəsində verilmiş 464 nömrəli əmr onun əmək hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Vurulmuş mənəvi ziyan fiziki zərərlə, xəsarətlə bağlıdır. Cavabdehin təqsiri üzündən iddiaçı iztirablar, mənəvi sarsıntılar keçirmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx"Xırdalan MMC tərəfindən iddia ərizəsinə etiraz verilərək bildirilmişdir ki, İddiaçı iddia tələbində 19.12.2017-ci il tarixində dezinfeksiya zamanı kimyəvi dərmanların təsirindən zəhərləndiyinə görə mənəvi və maddi ziyanın dəyməsi qənaətinə gələrək, dəymiş 40.000 (qırx min) manat maddi və 10.000 (on min) manat dəyərində mənəvi zərərin cavabdeh X1 tutularaq ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi qeyri-müəyyən iddia tələbidir, mövcud maddi və prosessual hüquq normasına ziddir. İddia ərizəsinin təsviri hissəsindən göründüyü kimi ’’X13" MMC və ”AAAF Park" MMC qeyd edildiyi halda, nəticə hissəsində “cavabdeh X1 tutulmasını" xahiş edir. Halbuki iş üzrə cavabdeh qismində “X13" MMC. “AAAF Park" MMC və “AAAF-İnşaat" MMC cəlb edilmişdir. Lakin, iddia tələbində pulun tutulması xahiş olunan şəxs X6 “AAAF Park" MMC və “AAAF- İnşaat" MMC-nin təsisçisi olmuşdur. Odur ki, tələb hazırki vəziyyətdə düzgün qoyulmamışdir. İddiaçı iddia tələbində istinad etdiyi halların heç bir sübutu yoxdur. İddia ərizəsinə əlavə edilmiş X14 tərəfindən verilmiş məsləhət vərəqəsi, ultrasəs ilə müayinə, psixi sağlamlıq mərkəzi tərəfindən verilmiş müayinə arayışında iddiaçı Məmmədovanın MMC-də işlədiyi müddətdə ərzində xidməti işi ilə əlaqədar zəhərlənməsinə dair hər hansı bir rəy və ya tibbi qeyd göstərilməmişdir. Zəhərlənmə faktının olub-olmaması xüsusatı ilə yanaşı, həmin zəhərlənmə olsaydı belə məhz MMC-də işlədiyi xidməti vəzifəsi ilə əlaqədar olması sual doğurur və sübutu da yoxdur. ”Verşa" MMC tərəfindən verilmiş 16.07.2020-ci il tarixli tövsiyyə məktubunda İddiaçı xidməti xasiyyətnaməsinə dair qeydləri ümumiyyətlə düzgün deyildir. Çünki "xxxx" MMC hansı səlahiyyət çərçivəsində vətəndaşın "xxxx" MMC-də qüsursuz və xidməti fəaliyyətini qiymətləndirmişdir. Hazırki iddia tələbi əmək hüquq münasibətlərindən yarandığı və tələbin əmək münasibətləri əsasında dəymiş ziyandan formalaşdığını göstərməyə çalışır. Belə olan halda, İddiaçı iddia müddətini ötürmüşdür. Bundan başqa, İddiaçı cavabdeh “AAAF Park" MMC-nə qarşı iddia tələbini mübahisələndirmiş, tələbə Abşeron rayon məhkəməsində, Sumqayıt Apellyasiya Məhkəməsində və Ali Məhkəmənin Mülki Kollegiyasında baxılaraq rədd edilmiş və qanuni qüvvəsini almışdır. Belə olan halda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin prosessual hüquq normaları pozulmuşdur. Qeyd olunanları nəzərə alaraq, iddia müddətini tətbiq edərək, İddiaçı cavabdeh "xxxx" MMC, “AAAF- İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətnin iştirakı ilə qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi ziyanın tutulması tələbinə dair” iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Bundan başqa, cavabdeh "xxxx" MMC tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə verilərək bildirilmişdir ki, İddiaçı iddia tələbində 19.12.2017-ci il tarixində dezinfeksiya zamanı kimyəvi dərmanların təsirindən zəhərləndiyinə görə mənəvi və maddi ziyanın dəyməsi qənaətinə gələrək, dəymiş 40.000 (qırx min) manat maddi və 10.000 (on min) manat dəyərində mənəvi zərərin cavabdeh X1 tutularaq ödənilməsini xahiş etmişdir. Hazırki iddia tələbi əmək hüquq münasibətlərindən yarandığı və tələbin əmək münasibətləri əsasında dəymiş ziyandan formalaşdığını göstərməyə çalışır. Belə olan halda, İddiaçı iddia müddətini ötürmüşdür. Xüsusilə qeyd etmək istərdik ki. İddiaçı dəymiş maddi və mənəvi ziyanın əmək funksiyalarının nəticəsi vurulmasını sübut etmir və heç bir sübutu da mövcud deyildir. Yəni qənaətə gəlmək olar ki. hələ sübutu yoxdur. Buna baxmayaraq iddia müddətinin tətbiqi mütləqdir. “İşəgötürən" və “işçi" arasında yaranmış hüquq münasibətlərini Azərbaycan Respublikası Əmək Məcəlləsi tənzimləyir. Həmin Məcəllənin 296-cı maddəsinə əsasən, bu Məcəllənin 294-cti maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər; pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Odur ki, iddiaçının iddia tələbinə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.. Cavabdeh "xxxx" MMC-nin və "xxxx" MMC-nın nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinə verilən etirazı və iddia müddətinin tətbiqinə dair ərizəni müdafiə edərək ərizələrin təmin edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İİİ şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi ---- məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işin materiallarında olan «AAAF Park Xırdalan” MMC-nın vəzifədən azad edilməsi haqqında 20.12.2017-ci il tarixli 464 saylı kadr əmrindən görünür ki, Sanitar təlimatçı İddiaçı «AAAF Park Xırdalan” MMC ilə bağlanmış əmək müqaviləsinə 20.12.2017-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. Mülki işin materiallarında olan X14 tərəfindən verilmiş məsləhət vərəqindən müəyyən edilir ki, İddiaçı ümumi zəiflikdən baş gicəllənməsindən ürək bulanmasından 20.12.2017-ci ildə müraciət etmişdir. Ona Kəskin inhalyasion FUB-lə zəhərlənmə yüngül dərəcə diaqnozu qoyulmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzindən verilmiş 15.05.2020-ci il tarixli 2403 nömrəli məktubdan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı 15.05.2020-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunuşdur. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 25.07.2018-ci il tarixli məlumatdan görünür ki, İddiaçı bildirmişdir ki, AAAF Park MMC-də sanitar təlimatçı işləyib ərazini dərmanlıyan zaman zəhərləndiyini və bununla əlaqədar zəhərlənərək tibbi yartdıma yerləşdirilib oradan isə M.Nağıyev adına xəstəxanaya yerləşdirilib. Qeyd edir ki, zəhərləndiyindən ağlı başında olmadığından kadrların işçisi ona işdən çıxma ərizəsinə qol çəkdirib. Xahiş edir işə bərpa olunmasına kömək olunsun. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 16.07.2020-ci il tarixli Tövsiyyə məktubundan görünür ki, 2014-2017-ci ildə Verşa MMC ilə AAAF Park MMC arasında profilaktik dezinfeksiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilə bağlanmışdır. Qeyd olunmuş müddət ərzində AAAF Park MMC-nin əməkdaşı İddiaçı təqdim etdikləri xidmətlərə nəzarət etmiş və xidmətin qəbulunda məsul şəxs olmuşdur. Həmin müəssisədə xidmət göstərdiyi müddət ərzində hər zaman qüsursuz xidməti olmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Abşeron rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən Abşeron rayon Məşğulluq mərkəzində işaxtaran vətəndaş kimi qeydiyyata alınmamışdır. Onun adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə X2 əmək müqaviləsi aşkar edilməmişdir. Mülki işin materiallarında olan 20.10.2021-ci il tarixdə Abşeron rayon Saray Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı 19.04.2019-cu il tarixdən 06.05.2019-cu il tarixə qədər “İ63.0 Beyinönü arteriyaların trombozu nəticəsində yaranan beyin infarktı” və 08.11..2019-cu il tarixdən 22.11.2019-cu il tarixə qədər isə “G45.0 Vertebrobazilyar arterial sistem sindromu” diaqnozları ilə Saray qəsəbə xəstəxanasının terapiya şöbəsində stasionar müalicə almışdır. Mülki iş materiallarına əlavə olunmuş X7 tərəfindən verilmiş 16.11.2021-ci il tarixdə notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, "xxxx" Xırdalan MMC-də 2014-cü ilin mart ayından 2016-cı ilin oktyabr ayından işləmişdir. Həmin işlədiyi dövrdə İddiaçı da həmin MMC-də gündüzlər qanuni sanitar təlimatçı gecə növbəsində isə dezinfeksiya işlərinə nəzarətçi işlədiyini öz imzası ilə təsdiq edir. Mülki iş materiallarında olan vəsiqənin surətindən və əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01.07.2014-cü il tarixdən 20.12.2017-ci il tarixədək «AAAF Park Xırdalan” MMC-də sanitar təlimatçı vəzifəsində işləmiş, əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Sanitar təlimatçı İddiaçı «AAAF Park Xırdalan” MMC ilə bağlanmış əmək müqaviləsinə 20.12.2017-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) xitam verilmiş.Elə həmin gün də İddiaçı X11 Toksikologiya şöbəsi tərəfindən verilmiş məsləhət vərəqinin kserosurətindən göründüyü kimi ümumi zəiflikdən baş gicəllənməsindən ürək bulanmasından 20.12.2017ci ildə həmin mərkəzə müraciət etmiş, ona Kəskin inhalyasion FUB-lə zəhərlənmə yüngül dərəcə diaqnozu qoyulmuş.Qeyd edilən məsləhət vərəqində zəhərlənmənin harada, hansı şəraitdə baş verməsi barədə hər hansı qeyd yoxdur.İddiaçı isə hazırkı iddiasının hüquqi əsası kimi məhz qeyd edilən sənədə əsaslanır. Məhkəmə bununla bağlı qeyd edir ki, göründüyü kimi həmin sənəd kserosurətdir, digər tərəfdən isə həmin sənəddə zəhərlənmənin harada, hansı şəraitdə baş verməsi barədə hər hansı qeyd yoxdur. Bundan başqa, ötən müddət ərzində iddiaçı bu barədə cavabdehə məlumat verməmişdir.İddiaçının sağlamlığında baş verən pataloji dəyişikliklərin cavabdehin təqsirli hərəkəti nəticəsində yetirilməsi barədə işdə hər hansı sübut olmadığından iddia tələbi 40 000manat maddi ziyan hissəsində əsassızdır və təmin edilməməlidir. İddia tələbi maddi ziyan hissədə təmin edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbinin 10 000 manat mənəvi zərər hissəsi də əsassızdır və təmin edilməməlidir. Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarının 8-ci bəndinə görə plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə iddia tələbinin ştatdan kənar işlədiyi gecə növbəsinin zərərli sahənin maaşlarının bərpa olunması, "xxxx" MMC-nin qanunsuz hərəkətləri nəticəsində 3 ilə yaxın işsiz qaldığı müddətlərin kompensasiyasının ödənilməsi, kompensasiyanın 1 faiz həcmində dövlətə ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, İşdə olan Abşeron rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı onun barəsində verilmiş 20 dekabr 2017-ci il tarixli əmrin ləğv edilməsi, çalışdığı xadimə vəzifəsinə bərpa edilməsi, məcburi işdən çıxarıldığı 20 dekabr 2017-ci il tarixindən başlayaraq əmək haqqı və həmin əmək haqqının 1 faizi həcmində ödənc hesablanması tələbinə dair iddiası təmin edilməmişdir.Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, iddiaçı həmin hissədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh isə iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə ilə müraciət etmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinə görə 1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir]

5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı İddiaçı cavabdeh "xxxx" MMC-yə (İİİ şəxslər "xxxx" MMC, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti) qarşı qanunsuz hərəkətlər nəticəsində vurulmuş maddi, mənəvi ziyanın tutulması və digər tələblərə dair iddiası təmin edilməməlidir.

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh "xxxx" MMC-yə (İİİ şəxslər "xxxx" MMC, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti) qarşı qanunsuz hərəkətlər nəticəsində vurulmuş maddi, mənəvi ziyanın tutulması və digər tələblərə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar