Məhkəmə qərarları › İş №2(012)-4677/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4677/2021

27.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4677/2021 27.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, onun vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı vurulmuş maddi və mənəvi ziyanın tutulması tələbinə dair mülki işə 27 oktyabr 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-nin direktoru X6 qarşı hərəkətlər nəticəsində vurulmuş maddi və mənəvi ziyanın tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, mənzilin ümumi sahəsinin hər kvadrat metrinə görə ödədiyi 400 (dörd yüz) manat (13x400) - ümumilikdə 5200 (beş min iki yüz) manat pulun cavabdeh X3 tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı cavabdehin əsl cavabdehlə əvəz olunmasına dair ərizə təqdim edərək, "xxxx" MMC-nin direktoru X4 cavabdehlikdən çıxarılaraq "xxxx" MMC-nin cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Xırdalan şəhərində yerləşən "xxxx" MMC”-nin rəhbərliyi tərəfindən vəzifə saxtakarlığına yol verilərək qanunsuz olaraq iddiaçının etibarından sui-istifadə edərək külli miqdarda əmlakını ələ keçirmişlər. Belə ki, 2014-cü il may ayının 22-də mənzil almaq məqsədilə "xxxx" MMC-nin müdiriyyətinin yanında olmuş və onlar razılığa gəldikdən sonra aralarında 1(b)/056 nömrəli “Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında” müqavilə bağlamışlar. Müqaviləyə əsasən iddiaçı "xxxx" MMC”-nin inşa etdiyi "xxxx" yaşayış massivindəki 11 saylı küçədə inşa edilmiş 5 mərtəbəli 16 saylı yaşayış binasında ümumi sahəsi 49.3 m2 olan bir otaqlı 15 saylı mənzili 29.500 (iyirmi doqquz min beş yüz) manata almışdır. Həmin gün də "xxxx" MMC”-nin ofisində Ev alqı-satqısı ilə məşğul olan Bəhruz adlı şəxsin atasının və bacısı oğlu Elşadın və rəfiqəsi Münəvvərin iştirakı ilə MMC-nin memarı Zəka adlı şəxsə vermişdir. Bir müddət sonra, təxminən 2014-cü ilin dekabr və ya 2015-ci ilin yanvar ayında mənzilə gedərkən ona satılmış mənzilin başqa şəxsə satıldığı məlum olmuşdur. Bu barədə "xxxx" MMC”-nin ofisinə gələrək müdiriyyətdən mənzil üçün ödədiyi 29.500 (iyirmi doqquz min beş yüz) manat məbləği geri tələb etmişdir. Bu zaman ona bəlli olmuşdur ki, müqavilə bağlanan zaman ödədiyi məbləği 19.720 (on doqquz min yeddi yüz iyirmi) manat, 1 m2-i 400 (dörd yüz) manat olmaqla qeyd etmişdilər. Həmin məbləğ onlar arasında bağlanmış 1(b)/056 nömrəli müqavilədə də açıq-aşkar göstərilmiş və mənzilin dəyərinin tam ödənilməsi də qeyd edilmişdir. Uzun mübahisələrdən sonra ona "xxxx" MMC” tərəfindən H.Əliyev prospektində özlərinə məxsus “AAAF Sity” yaşayış massivindəki “A” kompleksində 6 saylı binanın 6-cı mərtəbəsindəki 21 saylı mənzili “Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında” əvvəlki tarixlə, 22.05.2014-cü il tarixli E/0009 saylı müqavilə əsasında vermişdilər. Lakin mənzilin kvadratmetrlə qiyməti arasındakı fərqi ödəməmişdirlər. Baxmayaraq ki, birinci müqavilə (1(b)/056) ilə ikinci müqavilə (E/0009) arasında 13m2 fərq var. Bu səbəbdən 5200 (beş min iki yüz) manat pulu cavabdeh tərəfindən mənimsənilmişdir və illərdir ki, pulunu qaytarmaqdan imtina edirlər. İlkin müqaviləyə əsasən "xxxx" MMC”-nin inşa etdiyi "xxxx" yaşayış massivindəki 11 saylı küçədə inşa edilmiş 5 mərtəbəli 16 saylı yaşayış binasında ümumi sahəsi 49.3 m2 olan bir otaqlı 15 saylı mənzilə görə 19.720 (on doqquz min yeddi yüz iyirmi) manat ödəmişdir. Həmin mənzil başqasına satıldığı üçün onunla bağlanan torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında E/0009 saylı müqavilədə isə yaşayış binasının ümumi sahəsi 36,3 m2-dir. Bu isə 14.520 (on dörd min beş yüz iyirmi) manat təşkil edir. Beləliklə, 13 m2x400 man=5200 manat fərq yaranır ki, bu cavabdehdən tutulmalıdır. İddiaçı və vəkili X7 mhəkəmə iclasında iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işin materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında 22 may 2014-cü il tarixli, E/0009 №-li Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləin surətindən müəyyən edilir ki, "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində özünə məxsus Cavabdeh yaşayış massivindəki 11 saylı küçəsində inşa edilən bina 10, mərtəbə 5, ümumi yaşayış sahəsi 49.3 kv.m olan 1 otaqlı 10 №-li mənzili İddiaçı təhvil verməyi, sonuncu isə mənzilin ümumi dəyəri olan cəmi 19 720 (on doqquz min yeddi yüz iyirmi) manat məbləğində pul vəsaitini MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında 22 may 2014-cü il tarixli, 1(B)/056 №-li Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilənin surətindən müəyyən edilir ki, "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində özünə məxsus Cavabdeh yaşayış massivindəki A kompleksində inşa edilən bina 6, mərtəbə 6, ümumi yaşayış sahəsi 36.3 kv.m olan 1 otaqlı 21 №-li mənzili İddiaçı təhvil verməyi, sonuncu isə mənzilin ümumi dəyəri olan cəmi 19.720 (on doqquz min yeddi yüz iyirmi) manat məbləğində pul vəsaitini MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Abşeron rayon Polis İdarəsi tərəfindən 28.12.2019-cu il tarixdə İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, ona tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Abşeron rayon Məhkəməsinin 30.09.2020-ci il tarixli, 2(012)-1917/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, X6, X1, X9 və X5 qarşı “hərəkətlər nəticəsində vurulmuş maddi və mənəvi ziyanın tutulması tələbi”nə dair iddiası rədd edilmiş, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İşin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı ilə "xxxx" MMC ilə arasında bağlanmış 22 may 2014-cü il tarixli, E/0009 №-li Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləyə əsasən İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində özünə məxsus Cavabdeh yaşayış massivindəki 11 saylı küçəsində inşa edilən bina 10, mərtəbə 5, ümumi yaşayış sahəsi 49.3 kv.m olan 1 otaqlı 10 №-li mənzili 19720 manat ödəməklə almış, mənzil başqa şəxsə satıldığından, həmin mənzilin əvəzinə "xxxx" MMC ilə aralarında bağlanmış 22 may 2014-cü il tarixli, 1(B)/056 №-li Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləyə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində özünə məxsus Cavabdeh yaşayış massivindəki A kompleksində inşa edilən bina 6, mərtəbə 6, ümumi yaşayış sahəsi 36.3 kv.m olan 1 otaqlı 21 №-li mənzil ona təhvil verilmişdir. Həmin müqavilələrdə hər iki mənzilin dəyəri tərəflərin razılığı ilə 19720 (on doqquz min yeddi yüz iyirmi) manat təşkil edir. Həmin müqavilələrdə mənzillərin bir kvadrat metrinin dəyəri barədə tərəflər arasında razılaşma yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin maddi və mənəvi zərər hissəsinə münasibətdə qeyd edir ki, əsas iddia tələbi rədd edildiyindən bundan törəmə olan qeyd edilən iddia tələbləri də elə həmin əsasla təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarının 8-ci bəndinə görə plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarının 8-ci bəndinə görə plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat İddiaçı aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı hərəkətlər nəticəsində vurulmuş maddi və mənəvi ziyanın tutulması barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar