Məhkəmə qərarları › İş №2(012)-4696/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4696/2021

28.09.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4696/2021 28.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-yə qarşı mülkiyyət hüququnun müdafiəsi, əmlakın təhvil verilməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-yə qarşı mülkiyyət hüququnun müdafiəsi, əmlakın təhvil verilməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyət hüququnun müdafiə edilməsi, cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC tərəfindən iddiaçıya məxsus Abşeron rayonu Aşağı Güzdək qəsəbəsindəki 7 ha torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq - kənd təsərrüfatı üçün əlverişli vəziyyətə - düzləşdirilərək iddiaçıya təhvil verilməsi, dəymiş maddi zərərə görə 300 000 manatın və mənəvi zərərə görə 100000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X12 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayonu X8 44 nömrəli 13.04.2006-cı il tarixli qərarı ilə X8 ehtiyat fondu torpaqlarından kənd təsərrüfatı məqsədi ilə 7.0 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. Həmin torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Son zamanlarda həmin torpaq sahəsinin üçüncü şəxs(lər) tərəfindən qanunsuz olaraq istifadə edilməsi və torpaq sahəsinin kürünərək aparılması müşahidə olunmuşdur. Buna görə Abşeron rayonu X15 müraciət olunmuşdur. Abşeron rayonu X8 75 nömrəli 08.05.2021-ci il tarixli məktubuna əsasən həmin torpaq Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC tərəfindən qanunsuz olaraq istifadə olunur və kürünərək daşınır. Cavabdehə pretenziya məktubu ünvanlanaraq həmin torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq - kənd təsərrüfatı üçün əlverişli vəziyyətə - düzləşdirilməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən daxil olmuş 23 iyun 2021-ci il tarixli 05-01/483 nömrəli məktuba əsasən onlar həmin torpaq sahəsindən istifadə etdiklərini əsassız olaraq danmışlar. Bu səbəbdən də işin məhkəmə qaydasında həll edilməsi zərurəti yaranmışdır. İddiaçı Abşeron rayon Aşağı Güzdək qəsəbəsində 7.0 ha torpaq sahəsinə mülkiyyət hüququ vardır. Bu hüquq qanunla qorunur və müdafiə olunur. Həmin torpaq sahəsi ondan başqa onun razılığı olmadan kimin sahibliyində olarsa mütləq geri qaytarılmalıdır. Bu səbəbdən cavabdeh tərəfindən həmin torpaq sahəsi əvvəlki vəziyyətdə geri qaytarılmalıdır. İddiaçı uzun illərdir ki, həmin torpaq sahəsindən istifadə edə bilmədiyindən həm maddi həm mənəvi zərərə uğramışdır. Belə ki, 7 ha torpaq sahəsi aylıq 5000 manata icarəyə verilsə idi, bu, bir ilə görə 60000 manat edir, təxmini olaraq 5 ilə görə 300000 manat edir. İddiaçı 300000 manat məbləğində maddi zərərə uğramışdır. Bundan başqa, iddiaçı öz torpaq sahəsindən istifadə edə bilməməsi nəticəsində mənəvipsixoloji sarsıntı keçirməkdədir. Bu zərərin qarşılığı 100000 manat məbləğindədir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra Mülki Prosessual Məcəllə adlandırılacaq) 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 28.09.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, Abşeron rayon X9 çalışır. İddiaçı torpaq sahəsi Bələdiyyənin əvvəlki sədri tərəfindən satılmışdır. Həmin torpağa baxış keçirilmiş və bələdiyyənin X2 koordinatların qeyd olunan torpaq sahəsinin yerində üst-üstə düşməsi və iddiaçıya məxsus olması təsdiq olunmuşdur. Həmin sahəyə baxış keçirilən zaman cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin əməkdaşları tərəfindən iddiaçının mülkiyyətində və sahibliyində olan gil torpağından xammal kimi istifadə edərək torpağı qazıb apardıqları məlum olmuşdur. Nəticədə, torpaq sahəsindən iddiaçı tərəfindən istifadəsi mümkünsüz olmuşdur. Həmin yerin əvvəlki vəziyyətə qaytarılması üçün torpaq sahəsi yerinə qaytarılıb bərpa olunmalıdır. Bələdiyyə tərəfindən qeyri-qanuni hərəkətlərə son qoyulması üçün şirkətə dəfələrlə şifahi və yazılı surətdə xəbərdarlıq olunmuş, lakin bu xəbərdarlıq bir nəticə verməmişdir. Cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsi X15 təhkim edilmiş və alqı-satqı predmeti olan torpaqdan kənd təsərrüfatı məqsədilə Bakı şəhər sakini İddiaçı 7,0 hektar torpaq sahəsi satılması barədə DT və XKnin Abşeron rayon şöbəsinin 13.04.2006-cı il tarixli 1513 saylı rəyinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhər sakini İddiaçı X15 müraciət edərək kənd təsərrüfatı məqsədilə ona 7,0 hektar torpaq sahəsinin satılmasını xahiş etmişdir. X8 12 aprel 2006-cı il tarixli, 42 saylı məktubundan sonra istənilən torpağa komissiya vasitəsilə baxış keçirilmişdir. İstənilən torpağın X8 ərazisində yerləşdiyi, bələdiyyənin baş sxemində örüş yeri kimi uçota alındığı müəyyən edilmişdir. Həmin torpağın alqı-satqı predmeti olmasını nəzərə alaraq istənilən sahəni vətəndaş İddiaçı yuxarıdakı məqsəd üçün satılmasına DTXK-nin Abşeron rayon şöbəsi aşağıdakı şərtlərlə etiraz etməmişdir: 1. Veriləcək sahədə yeraltı və yerüstü kommunikasiya - Qaz, su, neft və kabel elektrik, telefon xətlərinin olmadığı və həmin torpaqların kəmərlərin və xətlərin mühafizə zonasında yerləşmədiyi müəyyən edildikdən sonra ilkin torpaq ayırma sənədlərinin tərtib edilməsi, 2. Torpaqda tikinti işlərinin aparılması nəzərdə tutularsa, tikinti işlərindən əvvəl tikintinin layihəsinin tərtib edilməsi və Memarlıq Xidmətində təsdiq edilməsi, tikintiyə başlamaq üçün Memarlıq Xidmətindən icazə alınması qərara alınmışdır. -Abşeron rayon X8 Bakı şəhər sakini İddiaçı kənd təsərrüfatı məqsədilə torpaq sahəsi satılması barədə 13 aprel 2006-cı il tarixli 44 saylı Qərarın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinə, Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli fərmanı ilə təsdiq olunmuş Torpaqların alqı-satqı qaydalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 saylı qərarına müvafiq olaraq İddiaçı X8 fondunun alqı-satqı predmeti olan örüş yeri kimi uçota alınmış torpaq sahəsindən kənd təsərrüfatı məqsədilə 7,0 hektar torpaq sahəsinin satılması barədə ərizəsini, komissiyanın torpaq ayırma aktının və digər sənədləri əsas tutaraq X19 Abşeron rayon X8 ehtiyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən İddiaçı örüş yeri kimi uçota alınmış sahədən 7.0 hektar torpaq sahəsinin satılması haqqında hazırlanmış torpaqayırma sənədlərinin nəzərə alınması, İddiaçı X8 ehtiyat fondunun alqı-satqı predmeti olan ərazidən örüş yeri kimi uçota alınmış torpaqdan kənd təsərrüfatı məqsədi ilə 7,0 hektar satılması qərara alınmışdır. -Torpaqların alqı-satqısına dair aktın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı səhəri Yasamal rayonu ərazisində H.ünvan 1 ünvanda yaşayan İddiaçı X15 12 aprel 2006-cı il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və X25 bələdiyyə ərazisində 7,0 ha torpaq sahəsinin satılması barədə 2006-cı il 13 aprel tarixli 44 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Abşeron rayon Kapital Bankının ********** saylı hesabına əvvəlcədən 35100 manat haqq ödənilmişdir. (Qəbz № 72) 3. Bu akt Aşağı Güzdək rayon bələdiyyə orqanının nümayəndəsi X7, torpaq alan İddiaçı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsi müdirinin X3 iştirakı ilə 13.04.2006-cı il tarixdə tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir. Akt həmin tarixdə 158/06 nömrə ilə qeydiyyata alınmışdır. -Bakı şəhər sakini İddiaçı kənd təsərrüfatı məqsədilə torpaq sahəsi seçilməsi haqqında 13 aprel 2006-cı il tarixli aktın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 imza edənlər DT və XK-nin Abşeron rayon şöbəsinin müdiri M.İ.Vəliyev, X8 sədri B.S.Abbasov, alqı-satqı yolu ilə torpaq almaq istəyən fiziki şəxs İddiaçı həmin aktı tərtib etmişdir, ondan ötəri ki, İddiaçı alqı-satqı predmeti olan torpaqdan kənd təsərrüfatı məqsədi ilə X5 7,0 hektar torpaq almaq üçün X15 ərizə ilə müraciət etmişdir. X8 12 aprel 2006-cı il tarixli, 42 saylı məktubuna əsasən istənilən torpağa baxış keçirilmişdir. Sahə X8 ərazisində yerləşir. Ölkədə sahibkarlığı inkişaf etdirmək məqsədi ilə X8 alqı-satqı predmeti olan torpaqdan kənd təsərrüfatı məqsədilə 7,0 hektar ayrılmışdır, İddiaçı satılmasına komissiya aşağıdakı şərtlə etiraz etməmişdir: 1. Vətəndaş İddiaçı istədiyi torpaq sahəsini ümumi qaydada sənədləşdirməsi, torpaqdan istifadə olunmamışdan əvvəl Respublika Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən torpağa mülkiyyət hüququna dair Dövlət aktı alması, 2. Orada hər hansı ölçüdə olursa-olsun tikinti işlərinin aparılması nəzərdə tutularsa, tikinti işlərindən əvvəl tikintinin layihəsi tərtib edilməsi, tikintiyə başlamaq üçün Memarlıq Xidmətindən, Yanğından Mühafizə İdarəsindən, X1 və Təbii Sərvətlər idarəsindən, Gigiyena və Epidemiologiya Mərkəzindən, Kabel Magistralları qovşağından razılıq sənədinin alınması qərara alınmışdır. -13.04.2006-cı il tarixli 72 saylı qəbzin surətindən görünür ki, İddiaçı torpaq rüsumu olaraq həmin tarixdə 35100 manat ödəniş etmişdir. -Abşeron rayonu X8 08.05.2021-ci il tarixli 75 saylı məktubundan görünür ki, aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, 13.04.2006-cı il tarixdə X19 tərəfindən 44 saylı qərarla İddiaçı satılmış 7,0 ha torpaq sahəsini onun sərhəd qonşusu olan Akkord Sənaye Tikinti X6 Səhmdar Cəmiyyəti tərəfindən qanunsuz olaraq istifadə olunur və kürənərək aparılır. Akkord Sənaye Tikinti X6 Səhmdar Cəmiyyətinə və ona rəhbərlik edən X17 dəfələrlə şifahi xəbərdarlıq olsa da heç bir nəticə verməmişdir. -Abşeron rayonu X8 27.05.2021-ci il tarixli 84 saylı məktubundan görünür ki, 14.01.2020-ci ildən yeni seçilən bələdiyyə olaraq fəaliyyətə başlanılan ilk günlərdən İddiaçı məxsus 7,0 ha torpaq sahəsinin onun sərhəd qonşusu olan Akkord Sənaye Tikinti X6 Səhmdar Cəmiyyəti tərəfindən qanunsuz olaraq istifadə olunması və kürənərək daşınması müəyyən edilmişdir. Lakin aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, İddiaçı məxsus 7,0 ha torpaq sahəsinin qanunsuz olaraq istifadə olunması və kürənərək daşınması uzun illərdir ki, sözügedən ASC tərəfindən aparılır. -İddiaçı tərəfindən Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-yə ünvanlanmış 09.06.2021-ci il tarixli 061/2021 saylı pretenziyadan görünür ki, Abşeron rayon X8 44 nömrəli 13.04.2006-cı il tarixli qərarı ilə X8 ehtiyat fondu torpaqlarından kənd təsərrüfatı məqsədi ilə 7.0 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. Həmin torpaq sahəsi mülkiyyət hüquqi ilə İddiaçı məxsusdur. Son zamanlarda həmin torpaq sahəsinin üçüncü şəxs(lər) tərəfindən qanunsuz olaraq istifadə edilməsi və torpaq sahəsinin kürənərək aparılması müşahidə olunmuşdur. Buna görə Abşeron rayonu X15 müraciət olunmuşdur. Abşeron rayonu X8 75 nömrəli 08.05.2021-ci il tarixli məktubuna əsasən həmin torpaq Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC tərəfindən qanunsuz olaraq istifadə olunur və kürənərək daşınır. Torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olduğundan həmin torpaq sahəsinin üst münbit qatı artıq kürənərək daşınmışdır. Bu isə dəymiş zərər hüququ yaratmaqdadır. Göstərilənləri nəzərə alaraq həmin torpaq sahəsindən qanunsuz istifadənin dayandırılmasını və 15 gün müddətində torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq - kənd təsərrüfatı üçün əlverişli vəziyyətə - düzləşdirilməsi xahiş olunmuşdur. -22.09.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı adına ayrılmış Abşeron rayon Aşağı Güzdək qəsəbəsindəki 7.0 ha torpaq sahəsi müxtəlif vaxtlarda Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-yə məxsus olan texnikalarla kürənərək daşınmışdır. Halhazırda həmin torpaq sahəsi istifadəyə tamamilə yararsız vəziyyətdədir. X24, Ümid Əliyev, B.Bayramov, Babək Xəlilov, Namiq Orucov tərəfindən tərtib olunmaqla X8 sədri S.İmamverdiyev tərəfindən aktın doğruluğu təsdiq olunmuşdur. -X16 Korporasiyası ASC-nin 23.06.2021-ci il tarixli 05-01/483 saylı məktubundan görünür ki, Aşağı Güzdək qəsəbəsində İddiaçı məxsus torpaq sahəsinin son dövrlər üçüncü şəxs(lər) tərəfindən qanunsuz istifadə edilməsi və kürənərək daşınması barədə 09.06.2021-ci il tarixli, 061/2021 saylı pretenziya məktubuna cavab olaraq bildirilmişdir ki, Abşeron rayon Aşağı Güzdək qəsəbəsində Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-yə məxsus torpaq sahəsi yoxdur. Eləcə də, Aşağı Güzdək qəsəbəsindəki İddiaçı məxsus torpaq sahəsinin Korporasiya tərəfindən qanunsuz istifadə edilməsi və kürənərək daşınması barədə X8 08.05.2021-ci il tarixli, 75 nömrəli məktubunda yazılanlar həqiqətə uyğun deyil. -Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyətinin 08.07.2021-ci il tarixli 5/X/971 saylı məktubundan görünür ki, 054121 saylı sorğu məktubunda İddiaçı məxsus Abşeron rayon Aşağı Güzdək qəsəbəsində yerləşən 7.0 ha torpaq sahəsi Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC tərəfindən qanunsuz olaraq istifadə olunduğu və kürənərək daşındığı qeyd olunmuş və bu faktın tərəflərindən bir daha təsdiq olunması xahiş olunmuşdur. Bununla əlaqədar olaraq, sözügedən torpaq sahəsi Abşeron rayonu X8 hüdudları daxilində yerləşir və bələdiyyə tərəfindən vətəndaş İddiaçı ayrılmışdır. Odur ki, qaldırılan məsələlər ilə əlaqədar aidiyyatı üzrə X15 müraciət edilməsi tövsiyyə olunmuşdur. -Abşeron rayonu X8 22.09.2021-ci il tarixli 125/A saylı məktubundan görünür ki, Abşeron rayon X19 tərəfindən İddiaçı X8 ehtiyat fondu torpaqlarından kənd təsərrüfatı məqsədi ilə 7.0 ha torpaq sahəsi ayrılmışdır. Abşeron rayon X8 X2 göstərilən sahə ilə bu məktuba əlavə edilən fotoşəkillərdəki sahə naturada üst-üstə düşür. Heç bir sürüşmə və ya yerdəyişmə baş verməmişdir. İddiaçı ayrılmış torpaq sahəsi uzun müddətdir ki, Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-yə məxsus texnikalar vasitəsilə kürənərək daşınmışdır. Bu barədə 22 sentyabr 2021-ci il tarixli akt tərtib edilərək bu məktuba əlavə edilmişdir. Eyni zamanda fotoşəkillərdəki texnikalar da Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-yə məxsusdur. Abşeron rayon X19 tərəfindən qeyd edilən faktın qanunsuz olması barədə Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ASC rəhbərliyi tərəfindən bu əməllər davam etdirilmişdir. Hal-hazırda həmin torpaq sahəsi istifadəyə tamamilə yararsız vəziyyətdədir. -İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkildən görünür ki, alqı-satqı müqaviləsi əsasında X5 alınmış, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən gil hissəcikləri cavabdeh qurumun əməkdaşları tərəfindən qazıntı işləri aparılmaqla götürülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Abşeron rayonu X15 12 aprel 2006-cı il tarixdə torpaq sahəsi almaq barədə ərizə ilə müraciət etmiş, 7,0 ha torpaq sahəsinin satılması müqabilində 35100 manat ödəniş edərək 13 aprel 2006-cı il tarixli 44 nömrəli Qərar əsasında həmin torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Hazırda, cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus olan torpaq sahəsində qazıntı işləri aparılmaqla gil torpaq xammal məqsədilə istifadə edilmişdir. Nəticədə, iddiaçının mülkiyyətində olan Abşeron rayonu Aşağı Güzdək qsəbəsində yerləşən 7.0 ha torpaq sahəsindən istifadə etməsi qeyri-mümkün olduğundan iddiaçı pozulmuş hüquqlarının müdafiəsi, torpaq sahəsinin düzləşdirilərək əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 2.1 və 2.2-ci maddələrinə əsasən, 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. 4.0. maddəsinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək. 6.6. maddəsinə əsasən, torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. 6.7. maddəsinə əsasən, bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Məhkəmə qanunvericiliyin tələblərini mülki iş materialları ilə paralel qiymətləndirib belə qərara gəlir ki, İddiaçı Abşeron rayonu X19 ilə bağladığı 13.04.2021-ci il tarixli alqısatqı müqaviləsi əsasında 35100 manat müqabilində aldığı Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən 7.0 ha torpaq sahəsi üzərindən istifadə və sahiblik hüquqları əldə etmişdir. Hazırda iddiaçının həmin torpaq sahəsinə gözlənilən mülkiyyət hüququ vardır. “X21rşı” məhkəmə işində Avropa məhkəməsi vurğulayıb ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir, bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. Avropa Məhkəməsinin presedentlərindən məlum olur ki, şəxslərin hətta dövlətə məxsus torpaq sahəsində heç bir icazə almadan inşa etdikləri tikililərə dövlətdən reaksiyası olmursa, Avropa Məhkəməsi dövlətin susmaqla həmin tikiliyə şəxsin mülkiyyət hüququnu tanıması kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq):

152. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla, şahid ifadələri, həmçinin Abşeron rayonu X8 əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla müəyyən olunmuşdur ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə maneələr törədilmiş, iddiaçı tərəfindən cavabdehə 09.06.2021-ci il tarixdə 061/2021 saylı pretenziya məktubu ilə torpaq sahəsinin düzləşdirilərək əvvəlki vəziyyətə qaytarılması tələb olunmuş, lakin cavabdeh tərəfindən mübahisənin məhkəmədənkənar qaydada həlli üsulu öz təsdiqini tapmadığından, iddiaçının torpaq sahəsinə gözlənilən mülkiyyət hüququnun məhkəmə qaydasında müdafiəsi yolu yaranmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş aktlarla, həmçinin, 22.09.2021-ci il tarixli akt əsasında, İddiaçı adına ayrılmış Abşeron rayon Aşağı Güzdək qəsəbəsindəki 7.00 ha torpaq sahəsi müxtəlif vaxtlarda Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-yə məxsus olan texnikalarla kürənərək daşındığı, hal-hazırda həmin torpaq sahəsinin istifadəyə tamamilə yararsız vəziyyətdə olduğu iş materiallarına əlavə olunmuş fotoşəkillərlə də öz təsdiqini tapmışdır. Bu səbəbdən də iddia ərizəsi bu hissədə təmin edilərək, iddiaçının torpaq sahəsi üzərində istifadə və sahiblik hüququ bərpa edilərək cavabdehə həmin torpaq sahəsinin əvvəlki vəziyyətə düzləşdirilməklə gətirilməsi vəzifəsi həvalə edilməlidir. Məhkəmə iddia ərizəsinin torpaq sahəsinin hər ay 5000 manat olmaqla il ərzində 60 000 manat, 5 il ərzində isə 300 000 manat olmaqla icarəyə verilməsi müqabilində iddiaçıya vurulmuş 300 000 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması hissəsində qeyd edir ki, iddiaçı gözlənilən mülkiyyət hüququnun həyata keçirilməsinə maneənin yarandığı torpaq sahəsinin 5000 manat müqabilində icarəyə verilməsinin mümkünlüyü, mümkün olduğu təqdirdə isə həqiqətən də həmin məbləğdə icarəyə verilməsinə dair əsaslı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə iddia ərizəsini bu hissədə əsassız hesab edib təmin edilməməsi qərarına gəlir. Məhkəmə iddianın mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə isə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddiaçı iddia ərizəsində torpaq sahəsindən istifadə edə bilməməsi nəticəsində keçirdiyi psixoloji sarsıntı səbəbində ona 300 000 manat məbləğində mənəvi zərər dəydiyini bildirsə də, bu hissədə də əsaslı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq olaraq, iddiaçı tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından iddia tələbi həmin hissədə də əsassız hesab edilərək rədd edilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və X11 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və X11 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır.Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və X11 haqqında» Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər.1 saylı Protokolun 1ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. Məhkəmə mülkiyyət və mülkiyyət hüququ ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı nasnİ˝ hüquqlarının və X11 haqqında˝ Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, rəh˝ bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz˝. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Bundan başqa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (Kuşoğlu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərar). Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, istər daxili qanunvericilikdə, istərsə də insan hüquq və azadlıqlarına dair beynəlxalqhüquqi aktlarda nasnİ˝) hüquqları haqqında Ümumi Bəyannamə˝nin 17-ci maddəsi, iklüM˝ və siyası hüquqlar haqqında Beynəlxalq Pakt˝ın 14-cü maddəsi və s.) əsas və ayrılmaz hüquqlardan biri kimi önəmli yer tutur. Mülki Prosessual Məcəllənin: 107 maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 119, 216-220, 222.2-ci və 238-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. İddiaçı istifadəsində və sahibliyində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 7.00 ha torpaq sahəsindən cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC tərəfindən edilmiş qanunsuz istifadə və maneələr aradan qaldırılsın. Torpaq əvvəlki vəziyyətinə qaytarılmaqla kənd təsərrüfatı üçün əlverişli vəziyyətə gətirilməsi vəzifəsi cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-yə həvalə edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar