Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-471/2022 10.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair mülki işə 10 may 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 1652.30 (bir min altı yüz əlli iki manat, 30 qəpik) manat sığorta ödənişi məbləği və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 1682.30 (bir min altı yüz səksən iki manat, 30 qəpik) manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Sığortalı "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanılmış 01.01.2019-cu il tarixli M0001/19_435 №-li “X1 sığortası" şəhadətnaməsinə əsasən “Volkswagen Polo” markalı, 90PR469 dövlət qeydiyyat nişanlı avtomobil cəmiyyətdə sığortalanmışdır. Cavabdeh2 30.07.2019-cu il tarixdə, saat 15:17 dəqiqədə Cavabdeh1 mülkiyyətində olan “Uaz 469 B” markalı, 10-MF127 dövlət qeydiyyat nişanlı avtomobili Muğanlı-İsmayıllı yolunun 15-ci km-də idarə edərkən cəmiyyətdə sığortalanmış “Volkswagen Polo” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmişdir. DİN Baş DYPİ YPXA-nın “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın”dan, İV taqım YPX inspektoru, polis serjantı X5 30.07.2019-cu il tarixli TP3127738 saylı inzibati tənbeh tətbiq etmə barədə qərardan görünür ki, 2019-cu ilin 30.07 tarixində saat 15:17 dəqiqədə Muğanlı-İsmayıllı yolunun 15-ci km-də yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh2 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Sığortalanmış “Volkswagen Polo” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.2-ci və “Sığorta fəaliyyəti haqqında” qanunun 10.10cu maddələrinin tələbinə əsasən, müqavilə üzrə Cəmiyyət ilə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs ‘‘Qafqaz Ticarət” MMC tərəfindən təsdiqlənərək 1752.30 (bir min yeddi yüz əlli iki manat, 30 qəpik) manat məbləğində müəyyən edilmişdir. 27.09.2019-cu il tarixli MCL-219/19 saylı sığorta ödəniş aktına və 11,10.2019-cu il tarixli **********0 saylı ödəniş tapşırığına əsasən, 100 (bir yüz) manat şərtsiz azad olma məbləği çıxılmaqla cəmi 1652.30 (bir min altı yüz əlli iki manat, 30 qəpik) manat sığorta ödənişi faydalanan şəxsin razılığı ilə təmir müəssisəsinin bank hesabına köçürülmüşdür. Cavabdehlər 1652.30 (bir min altı yüz əlli iki manat, 30 qəpik) manat məbləğini cəmiyyətə qaytarmalıdır və bu barədə ona 27 iyul 2021-ci il tarixli 21/392 saylı pretenziya məktubu da göndərilmişdir. Sığorta ödənişi almış faydalanan şəxs ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarını "xxxx" ASC-yə ötürmüşdür. Cavabdeh2 baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirkar olduğundan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, "xxxx" ASC-nin ödənilmiş sığorta ödənişi məbləğində cavabdehlərdən subroqasiya hüququ qaydasında tələb etmək hüququ yaranmışdır. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, dəymiş zərər artıq hesablanmışdır. Odur ki, qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını xahiş etdi. Digər cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan 10.10.2019-cu il tarixli sığorta aktından müəyyən edilir ki, 30.07.2019-cu il tarixdə "xxxx" MMC-yə məxsus və X6 tərəfindən idarə olunan “Volkswagen Polo” markalı, **-PR-*** d.q.n-lı avtomobil ilə 30.07.2019-cu il tarixində Muğanlı-İsmayıllı yolunun 15-ci km-də dayanan vaxtı qarşıdakı "Uaz 469 B" markalı 10MF127 d.q.n-lı avtomobil geriyə hərəkət edərək onu vuraraq zədələmişdir. "xxxx" MMCyə məxsus “Volkswagen Polo” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər “Euro Style" MMC servis mərkəzinin təqdim etdiyi 19.08.2019-cu il tarixli qüsur aktına əsasən avtomobilə 1752.30 AZN (bir min yeddi yüz əlli iki manat, 30 qəpik) zərər hesablanmışdır. Müqavilə şərtinə əsasən100 AZN (bir yüz manat) azadolma tətbiq olunur. Mülki iş materiallarında olan X1 Sığortası Şəhadətnbaməsinin surətindən görünür ki, "xxxx" MMC "xxxx" ASC-də kompleks sığorta olunmuşdur. Ümumi sığorta haqqı ümumi 285638,98 manat təşkil edir. Mülki iş materiallarında olan 11.10.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən “Euro Style" MMC servis mərkəzinə 1752.30 (min yeddi yüz əlli iki) manat məbləğində ödəniş edilmişdir. Mülki işin materiallarından olan “Euro Style" MMC servis mərkəzi tərəfindən verilmiş 19.08.2019-cu il tarixli Qüsur Aktından görünür ki, “Volkswagen Polo” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan cəmi 1752.30 manat təşkil edir. Mülki iş materiallarında olan ******* saylı, 30.07.2019-cu il tarixli İnzibati tənbeh vermə haqqında Qərarın surətindən müəyyən edilir ki, Cavabdeh2 30.07.2019-cu il tarixdə "Uaz 469 B" markalı 10 MF127 d.q.n-lı avtomobillə yol hərəkəti qaydalarını pozmuş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, barəsində 40 manat məbləğində cərimə tənbeh növü kimi tətbiq edilmişdir. Mülki iş materiallarında olan 04.01.2013-cü il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC ona məxsus olan nəqliyyat vasitəsini 31.12.2019-cu ilədək Respublika ərazisində idarə etmək hüququ vermişdir. Cavabdeh2 “BMW 525” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobili Elnur Vəliyevə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq və digər hərəkətlər etməyi 24.12.2021-ci il tarixədək etibar etmişdir. Mülki iş materiallarında olan sürücülük vəsiqələrinin surətindən görünür ki, Cavabdeh2 11.07.2012 - 11.07.2022-ci il tarixdə BC və X4 16.08.2014-16.08.2024-cü il tarixdə BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 24 mart 2022-ci il tarixli, 9/623 №-li ekspert rəyindən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" LTDnin 19.08.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı “Volkswagen Polo” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1606,0 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsində əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilmişdir. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən olunur ki, Sığortalı "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanılmış 01.01.2019-cu il tarixli M0001/19_435 №-li “X1 sığortası" şəhadətnaməsinə əsasən “Volkswagen Polo” markalı, 90PR469 dövlət qeydiyyat nişanlı avtomobil cəmiyyətdə sığortalanmışdır. Cavabdeh2 30.07.2019-cu il tarixdə, saat 15:17 dəqiqədə Cavabdeh1 mülkiyyətində olan “Uaz 469 B” markalı, 10- MF127 dövlət qeydiyyat nişanlı avtomobili Muğanlı-İsmayıllı yolunun 15-ci km-də idarə edərkən cəmiyyətdə sığortalanmış “Volkswagen Polo” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmişdir. "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə məxsus “Volkswagen Polo” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1752.30 (min yeddi yüz əlli iki manat, 30 qəpik) manat sığorta ödənişi edilmişdir. Hazırda şirkət subroqasiya qaydasına cavabdehlərdən həmin məbləğdə pul tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 24 mart 2022-ci il tarixli, 9/623 №-li ekspert rəyindən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" LTD-nin 19.08.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı “Volkswagen Polo” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1606,0 manat müəyyən edilir. Həmin rəyi təkzib edən hər hansı sübut işdə olmadığından məhkəmə ziyan məbləğinin müəyyən edilməsində həmin rəylə razılaşır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ziyan məbləği 1606 manatdan 100 manat franşiza azadolma məbləği çıxılmaqla ziyan məbləği 1506 manat məbləğində sığorta ödənişi baş verən hadisədə bilavasitə təqsirkar Cavabdeh2 iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Digər cavabdeh ziyan vurmada təqsirli olmadığından iddia ona münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 30manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin, iş üzrə 100 manat məhkəmə ekspertizası xərci vardır ki, iddia qismən təmin edildiyindən həmin məbləğin 50 manatı iddiaçıya, 50 manatı isə cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 1506 manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş dövlət rüsumuna görə 20 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilsin. İddiaçı "xxxx" ASC-dən 50 manat, Cavabdeh2 50 manat, cəmi 100 manat məhkəmə ekspertizası xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-471/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-471/2022
10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver