Məhkəmə qərarları › İş №2(012)-49/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-49/2023

11.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-49/2023 11.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdeh Azərbaycan Respublikası X17 nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Neft Emalı Zavoduna (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxslər X11 və X12) qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 11 aprel 2023-cü il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası X14rşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, X10, 9-cu küçə, ev 127 ünvanında yerləşən və onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin sökülməsi nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq cavabdeh H.Əliyev adına X5 xeyrinə 50.000 (əlli min) manat, mənəvi zərər kimi 10.000 (on min) manat və 30.00 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi verərək, Abşeron rayonu, Xırdalan şəhəri, X10, 9-cu küçə, ev- 127 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evinin sökülməsi nəticəsində onlara vurulmuş maddi zərərin əvəzi olaraq cavabdeh H.Əliyev adına X6rın xeyrinə, hər birinə 25.000 manat olmaqla, ümumilikdə 50.000 (əlli min) manat , mənəvi zərər kimi hər birinə 5.000 manat olmaqla, ümumilikdə 10.000 (on min) manat, cəmi 60.000 (altmış min) manat və 30.00 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh H.Əliyev adına X17 Mühafizə Polisinin əməkdaşları 25 və 26 noyabr 2020-ci il tarixlərdə Abşeron rayonu, Xırdalan şəhəri, X10, 9-cu küçə, ev 127 ünvanında yerləşən və İddiaçı1 xüsusi mülkiyyətində olan fərdi yaşayış evini əsassız və qanunsuz olaraq sökmüşdür. Belə ki, Abşeron rayonu, X10, 9-cu küçə ünvanında yerləşən və İddiaçı1 xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində bir mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi inşa etdirib başa çatdırmışdırlar. Həmin fərdi yaşayış evinin iki otağı onun üçün, iki otağı isə Qarabağ qazisi İddiaçı2 üçün inşa edilmişdir. Fərdi yaşayış evinin dam örtüyü bağlanan zaman 25 və 26 noyabr 2020-ci il tarixlərdə cavabdeh H.Əliyev adına X17 Mühafizə Polisinin və Xırdalan şəhər X18 əməkdaşları tərəfindən əsassız və qanunsuz olaraq sökülmüşdür. Bu zaman həmin şəxslər tərəfindən onlara fərdi yaşayış evinin sökülməsi barədə hər hansı bir sənəd, məhkəmə qərarı və sair təqdim edilməmişdir. Həmin ərazidə yerləşən torpaq sahəsi iddiaçılar tərəfindən zəbt olunmamış, qanuni əsaslarla ayrılmış və həmin torpaq sahəsinin üzərində inşa etdikləri fərdi yaşayış evi özbaşına tikilməmişdir. Həmin fərdi yaşayış evi AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsində dövlət qeydiyyatına alınmış və Çıxarış verilmişdir. Lakin, bütün bunlara baxmayaraq 25 və 26 noyabr 2020-ci il tarixlərdə heç bir məhkəmə qərarı olmadan cavabdeh H.Əliyev adına X17 Mühafizə Polisinin əməkdaşları fərdi yaşayış evini əsassız və qanunsuz olaraq sökmüşlər. Yəni, cavabdeh iddiaçının mülkiyyət hüququnu pozaraq heç bir şifahi və yaxud yazılı xəbərdarlıq etmədən, müvafiq məhkəmə qərarı olmadan xüsusi mülkiyyətində olan fərdi yaşayış evini sökdürmüş və iddiaçıya xeyli miqdarda həm maddi, həm də mənəvi ziyan vurmuşdur. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikası X17 nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və bildirdi ki, iddiaçıların hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək barədə subyektiv hüquqları yoxdur. İddia ərizəsindən də görünür ki, qeyd olunan Abşeron rayonu, Xırdalan şəhəri, X10, 9-cu küçə, ev 127 ünvanı İlham Əskərovun adına qeydə alınmışdır. İddiaçılara etibarnamə verilməsi onlara məhkəmədə iddia qaldırmaq hüququ vermir. İddia ərizəsində fərdi yaşayış evinin 4 otaqlı olduğu qeyd olunsa da həmin fərdi yaşayış evi 1 otaqlı sahəsi 18 kv.m olmuşdur. İş üzrə alınmış ekspert rəyi ilə razı deyildir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Digər tərəflər məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iş üzrə 3-cü şəxs X12 izahatında bildirmişdir ki, o, torpağı Əskərov Yaşardan 20000 manata almışdır, torpağı alanda ətrafda tikililər də var idi deyə çox rahatlıqla aldı,onun özünün evi həmin ərazidədi. Sonra Tərlan ona yaxınlaşdı, ev istədiyini bildirdi. O, da ona satdı,heç vaxt da problem olacağını düşünmədi,cünki, həmin ərazidə tikililər çox idi.İddiaçıların tikililəri o, satdığı torpaqda yerləşir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan RX seriyalı ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, X10, 9-cu küçə, ev 127 ünvanında yerləşən ümumi sahəsi 18.6 kv.m olan 1 otaqlı fərdi yaşayış evi X4 mülkiyyətindədir və Daşınmaz Əmlakın Dövlət Reyestrində 129 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmışdır. Evin yerləşdiyi 0,00223 ha torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. İşin materiallarında olan 03 noyabr 2020-ci il tarixli etibarnamədən müəyyən edilir ki, X2 rayonu,Xırdalan şəhəri, X10, 9-cu küçə, ev 127 ünvanında yerləşən ümumi sahəsi 18.6 kv.m olan 1 otaqlı fərdi yaşayış evi barəsində ümumi səlahiyyətlərini 2067-ci il tarixədək İddiaçı1 vermişdir. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Azərbaycan Respublikası X17 direktoru Bəxtiyar Məmmədov xx.xx.2020-ci il tarixli SOCAR**********30490075X00086 nömrəli məktubla Abşeron RPİ-nin rəisinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, X10, R.Behbudov küçəsi, ev 75 ünvanında İddiaçı1 tərəfindən tamamlanmamış 2 fərdi yaşayış evinin tikildiyi, həmin tikililərin neft boru kəmərlərinin “Mühafizə Zonas”nda yerləşdiyini bildirmiş, tikintinin dayandırılması və həmin şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Mülki işin materiallarında olan Abşeron RİHB-nın Xırdalan şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 537 nömrəli və Abşeron rayonu Xırdalan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli,5 520 nömrəli arayışlardan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, X10, 9-cu küçə, ev 127 ünvanında vətəndaş X8 məxsus fərdi yaşayış evi xx.xx.2020-ci il tarixədək mövcud olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən 24 fevral 2023-cü il tarixli, 10/8358 №-li rəydən müəyyən edilir ki, Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 17 mart 2022-ci il tarixli **********70 nömrəli mütəxəssis rəyinə əsasən, iddiaçılar tərəfindən inşa olunmuş tikililərin RX seriyalı, ******* saylı, xx.xx.2015-ci il tarixli X1 istifadəsinə verilmiş 0,00223 ha torpaq sahəsinin hüdudları daxilində yerləşibyerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Qərardadın ikinci sualı üzrə: Mülki iş materiallarında olan və baxış zamanı əldə olunmuş məlumatlara əsasən, iddiaçılar tərəfindən inşa olunmuş 56 m2 sahəsi olan tikilinin inşa olunması üçün görülməli olan işlərin dəyəri mövcud orta bazar qiymətinə uyğun olaraq təqribən 10009 manat, 120 m2 sahəsi olan tikilinin inşa olunması üçün isə görülməli olan işlərin dəyəri mövcud orta bazar qiymətinə uyğun olaraq təqribən 17623 manat məbləğində müəyyən olunur. Konstitusiyanın 13-cü maddəsinin İİ hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsi isə müəyyən edir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyətin növündən asılı olmayaraq mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl dəyərlərindən biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyər kimi İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın(bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1ci maddəsində öz əksini tapmışdır. Beləliklə, mülkiyyət, konstitusiya quruluşunun əsaslarını təşkil edən dəyərlərdən biridir və hüquqi dövlətdə mülkiyyət hüququ onun növündən asılı olmayaraq bir-birindən üstün olmadan qorunmalıdır. «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, X10, 9-cu küçə, ev 127 ünvanında yerləşən fərdi yaşayış evi dövlət reyestrindən verilən xx.xx.2015-ci il tarixli X1 mülkiyyətindədir. X11 tərəfindən həmin əmlak barəsində İddiaçı1 verilən ümumi etibarnamə əsasında iddiaçılar İddiaçı1 və İddiaçı2 həmin torpaq sahəsində iki ayrı-ayrı tikililər tikmişlər. Azərbaycan Respublikası X17 direktoru Bəxtiyar Məmmədov xx.xx.2020-ci il tarixli SOCAR**********30490075X00086 nömrəli məktubla Abşeron RPİ-nin rəisinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, X10, R.Behbudov küçəsi, ev 75 ünvanında İddiaçı1 tərəfindən tamamlanmamış 2 fərdi yaşayış evinin tikildiyi, həmin tikililərin neft boru kəmərlərinin “Mühafizə Zonas”nda yerləşdiyini bildirmiş, tikintinin dayandırılması və həmin şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etmiş, xx.xx.2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla çinayət işin başlanması rədd edilmişdir.İddiaçıların izahatlarına əsasən cavabdehin əməkdaşları 2020-ci ilin noyabr ayının 25-26-sı tarixlərindən həmin tikililəri iddiaçıların gözü qarşısında söküb, uçurmuşlar.Cavabdeh bunu etiraf etməsə də, işin bu halı iddiaçıların izahatı ilə yanaşı, cavabdehin xx.xx.2020-ci il tarixli SOCAR**********30490075X00086 nömrəli məktubla Abşeron RPİ-nin rəisinə müraciət etməsi və işin digər materialları ilə tam təsdiq olunur. Vurulmuş ziyanın məbləğinə gəldikdə isə iş üzrə ekspertizanın rəyini təkzib edən mötəbər sübut olmadığından məhkəmə hesab edir ki, vurulmuş maddi ziynın məbləği məhkəmə ekspertizasının rəyi ilə müəyyən edilmiş məbləğə əsasən hesablanmalı, Abşeron rayonu, Xırdalan şəhəri, X10, 9-cu küçə, ev 127 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində cavabdeh Azərbaycan Respublikası X16 İddiaçı1 xeyrinə vurulmuş maddi zərərin əvəzi olaraq 17000 manat, İddiaçı2 xeyrinə 10009 manat tutulmalı, iddia bu hissədə qismən təmin edilməlidir. İddianın mənəvi zərər hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçılar iddia tələbində cavabdehdən onların hər biri üçün 5000 manat, cəmi 10000 manat məbləğində mənəvi zərərə görə təzminatın tutulmasını xahiş etmişdir. Avropa Məhkəməsinin mənəvi zərərlə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Məhkəmə işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçılar mənəvi zərərlə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməsə də, tikdirdikləri fərdi yaşayış evinin sökülməsi ilə bağlı yaranan münasibət nəticəsində iddiaçıların mənəvi zərər çəkməsi qaçılmazdır. Ona görə də, məhkəmə bunu əsas götürərək hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən İddiaçı1 xeyrinə mənəvi zərərin məbləği 1700 manat, İddiaçı2 xeyrinə 1000 manat məbləğində müəyyən edilməli və həmin məbləğ də cavadehdən tutulub iddiaçılara verilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən, cavabdehdən hər bir iddiaçının xeyrinə 10 manat olmaqla cəmi 20 manat dövlət rüsumuna görə pul vəsaiti, məhkəmə xərci tikinti-texniki ekspertizasının xərci olaraq 50 manat cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, X10, 9-cu küçə, ev 127 ünvanında yerləşən fərdi yaşayış evlərinin sökülməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq cavabdeh Azərbaycan Respublikası X16 İddiaçı1 xeyrinə 17000 manat, mənəvi zərər kimi 1700 manat, 10 manat məbləğində ödənilmiş dövlət rüsumu, İddiaçı2 xeyrinə 10009 manat, mənəvi zərər kimi 1000 manat, 10 manat məbləğində ödənilmiş dövlət rüsumuna görə pul tutulsun. Məhkəmə xərci tikinti-texniki ekspertizasının xərci olaraq 50 manat cavabdeh Azərbaycan Respublikası X16 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar