Məhkəmə qərarları › İş №2(012)-5140/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5140/2022

14.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5140/2022 14.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququna yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququna yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi üzərində olan tikilidən cavabdehin cehiz əşyaları olan 01 ədəd divan, 01 ədəd kreslo, 01 ədəd jurnalni, 01 ədəd “JVC” markalı televizor, 01 ədəd televizor altlığı, 01 ədəd stol, 06 ədəd stul, 01 ədəd taxt, 01 ədəd matras, 01 ədəd örtük (pakrıval), 01 ədəd termo, 01 ədəd şifoner, 01 ədəd xalça, 01 ədəd “Geepas” markalı ətçəkən maşın, 01 ədəd “Nikai” markalı şirəçəkən maşın, 01 ədəd uşaq çarpayısı və 01 qutu qab-qacağın cavabdehin hesabına çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh onun oğlu Əliyev Həsən Arif oğlu ilə xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-3662/2018 saylı qətnaməsi ilə cavabdehin onun oğlu ilə nikahı pozulmuş, həmin qətnamə yuxarı instansiya məhkəmələrinin qərarları ilə qüvvədə saxlanılmışdır. Nikahda olduqları zaman bir müddət onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsində inşa edilmiş evdə yaşamışlar, həmin zaman cavabdeh cehiz əşyalarının bir hissəsini sözügedən evə gətirmişdir. Nikahın pozulmasından uzun müddət keçməsinə baxmayaraq, cehiz əşyaları qismində sözügedən evə gətirilmiş 01 ədəd divan, 01 ədəd kreslo, 01 ədəd jurnalni, 01 ədəd “JVC” markalı televizor, 01 ədəd televizor altlığı, 01 ədəd stol, 06 ədəd stul, 01 ədəd taxt, 01 ədəd matras, 01 ədəd örtük (pakrıval), 01 ədəd termo, 01 ədəd şifoner, 01 ədəd xalça, 01 ədəd “Geepas” markalı ətçəkən maşın, 01 ədəd “Nikai” markalı şirəçəkən maşın, 01 ədəd uşaq çarpayısı və 01 qutu qab-qacaq hələ də göstərilən ünvanda qalmışdır. Sadalanan əşyaların ona məxsus daşınmaz əmlakda qalması mülkiyyətçi kimi onun sərbəstliyini pozur, əmlakından tam istədiyi kimi yararlanmağa imkan vermir. Dəfələrlə cavabdehə həmin əşyaların çıxarılması təklifini irəli sürsə də, cavabdeh tərəfindən əşyaların çıxarılması təmin edilməmişdir. Cavabdeh artıq 6 ildir ki, fərdi yaşayış evini tərk etmişdir. Onun oğlu hazırda, növbəti dəfə nikaha daxil olmaq istəyir. Bu səbəbdən də hesab edir ki, cavabdeh onun oğlu ilə boşandığından əşyalarını da götürüb aparmalıdır, əks təqdirdə, onun cavabdehdən hər hansısa bir tələbi yoxdur. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, İddiaçı oğlu Əliyev Həsən Arif oğlu ilə nikaha daxil olmuş və birgə nikahlarından azyaşlı uşaqları anadan olmuşdur. Onun iddiaçının oğlu ilə nikahına xitam verildikdən sonra həmin müddətdən etibarən o, atasına məxsus olan evdə yaşayır. İddiaçının iddia ərizəsində qeyd olunan əşyalarla razıdır və həmin əşyalar həqiqətən də ona məxsusdur. Lakin bununla belə, iddia ərizəsini qəbul etmir. Belə ki, onun əsas iddiası ev tələb etməkdir. Onun iki uşağı var, o, məhkəməyə müraciət etməklə ya ona ev verilməsini və ya yaşamaq hüququnun tanınmasını tələb edir. Hesab edir ki, onun iki uşağı olduğundan həmin evdə onun uşaqlarının da haqqı vardır və göstərilən tələbi o, keçmiş həyat yoldaşından tələb edir. 6 ildir ki, o, uşağı ilə görüşə bilmir. Onun oğlu hazırda, onunla birlikdə, qızı isə atası ilə birlikdə yaşayır. Belə ki, nə vaxt ki, ona ev veriləcək, həmin vaxt da o, evdən əşyalarını çıxaracaqdır. Məhkəmə tərəflərin izahatını dinləyib və mülki iş materiallarını nəzərdən keçirərək, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli № 078933 saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı ümumi sahəsi 0.02 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas xx.xx.2016-cı il tarixli 4Ə-1712 saylı alqı-satqı müqaviləsi olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı ümumi sahəsi 0.02 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 868 saylı reyestr kitabının 48 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********48 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)- 5632/2019 saylı qərarından görünür ki, cavabdeh Əliyev Həsən Arif oğlunun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1919/2019 nömrəli işi üzrə 17 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərardan daha sonra görünür ki, Abşeron rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 2(012)-3662/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Əliyev Həsən Arif oğlu ilə Cavabdeh arasında 09 iyul 2010-cu il tarixdə Abşeron rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulması, tərəflərin nikahından doğulmuş 27 mart 2010-cu il təvəllüdlü X2 atası Əliyev Həsən Arif oğlundan alınıb iddiaçı Cavabdeh himayəsinə verilməsi, 27 mart 2010-cu il təvəllüdlü X2 və 09 noyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Əliyev Həsən Arif oğlundan hər ay hər bir uşaq üçün 154 manat, ümumilikdə 308 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi, alimentin tutulmasının azyaşlı 27 mart 2010-cu il təvəllüdlü X2 atası Əliyev Həsən Arif oğlundan alınıb anası Cavabdeh himayəsinə verildiyi vaxtdan, 09 noyabr 2013-cü il təvəllüdlü X3 anası Cavabdeh himayəsində olduğundan alimentin tutulmasının məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 30 may 2018-ci il tarixdən hesablanması qət edilmişdir. Qərardan daha sonra görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 17 aprel 2019-cu il tarixli 2(105)-1919/2019 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Abşeron Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 2(012)-3662/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 11 (on bir) ədəd fotoşəkillərdən görünür ki, həmin fotolarda 1 qutu qab-qacaq, “JVC” markalı televizor və televizor altlığı, 1 yataq örtüyü, 1 ədəd ətçəkən maşın, 1 ədəd şirəçəkən, 1 ədəd termo, 1 ədəd şifoner, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol, 3 ədəd stul əşyaları əks olunmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Əliyeva X1 rayonu Mehdiabad qəsəbəsi N.Tusi küçəsi 1 saylı evdə, Cavabdeh isə Abşeron rayonu Novxanı kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı oğlu Əliyev Həsən Arif oğlu ilə Cavabdeh xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra cavabdeh İddiaçı mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, həmin ünvanda iddiaçının oğlu ilə birlikdə yaşamış, birgə təsərrüfat aparmışlar. Abşeron rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 2(012)-3662/2018 saylı qətnaməsinə əsasən, iddiaçının oğlu ilə cavabdeh arasında bağlanmış nikah pozulmuş, onların birgə nikahlarından olan azyaşlı uşaqlar cavabdehin yanında saxlanılmışdır. Nikah pozulduqdan sonra cavabdeh iddiaçıya məxsus olan fərdi yaşayış evini tərk etməsinə baxmayaraq, nikaha daxil olan zaman cehiz olaraq gətirdiyi əşyaları iddiaçıya məxsus olan fərdi yaşayış evində qalmışdır. Bu hal iddiaçının mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmış, bu səbəbdən də iddiaçı cavabdehin əşyalarının cavabdehin hesabına çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq):

152. maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı iş”də qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 52.2. maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 106.3. maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Bеləliklə, məhkəmə iş üzrə tоplаnmış sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrib, qanunun göstərilən tələblərini rəhbər tutaraq hеsаb еdir ki, iddiaçıya məxsus olan fərdi yaşayış evində cavabdehə məxsus cehiz əşyalarının olması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır, bu səbəbdən də məhkəmə cavabdehin iddia ərizəsində qeyd olunmuş cehiz əşyalarının ona məxsus olmasına dair etirafını qanuni və əsaslı sayıb, həmin etirafın qanuna zidd olmadığı və ya başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı qənaətinə gəldiyindən, iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməli, Cavabdeh məxsus olan və İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə yerləşdirilmiş 01 ədəd divan, 01 ədəd kreslo, 01 ədəd jurnalni, 01 ədəd “JVC” markalı televizor, 01 ədəd televizor altlığı, 01 ədəd stol, 06 ədəd stul, 01 ədəd taxt, 01 ədəd matras, 01 ədəd örtük (pakrıval), 01 ədəd termo, 01 ədəd şifoner, 01 ədəd xalça, 01 ədəd “Geepas” markalı ətçəkən maşın, 01 ədəd “Nikai” markalı şirəçəkən maşın, 01 ədəd uşaq çarpayısı və 01 qutu qab-qacaq cavabdehin hesabına çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən 0.02 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə yerləşdirilmiş 01 ədəd divan, 01 ədəd kreslo, 01 ədəd jurnalni, 01 ədəd “JVC” markalı televizor, 01 ədəd televizor altlığı, 01 ədəd stol, 06 ədəd stul, 01 ədəd taxt, 01 ədəd matras, 01 ədəd örtük (pakrıval), 01 ədəd termo, 01 ədəd şifoner, 01 ədəd xalça, 01 ədəd “Geepas” markalı ətçəkən maşın, 01 ədəd “Nikai” markalı şirəçəkən maşın, 01 ədəd uşaq çarpayısı və 01 qutu qab-qacaq cavabdehin hesabına fərdi yaşayış evindən çıxarılsın. Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar