Məhkəmə qərarları › İş №2(012)-532/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-532/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-532/2021 28.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 28 iyul 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığorta ödənişi kimi “HYUNDAİ SONATA” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 2.350 manat pulun və ödənilmiş dövlət rüsumu üçün 30 manatın Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “VAZ 21154” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Açıq Səhmdar Cəmiyyətində PAZ ********** nömrəli şəhadətnamə ilə 18.08.2019-ci il tarixdən 18.08.2020-ci il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə sığortalanmışdır. Cavabdeh etibarnamə ilə idarə etdiyi “VAZ 21154” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobillə 02.05.2020-ci il tarixdə spirtkli içki qəbul edərək saat 01:05-də Salamzadə küçəsində qurulmuş polis postuna yaxınlaşan zamanı polisin dayan əmrinə tabe olmamış, avtomobili postun qarşısında quraşdırılmış maneələrin üzərinə sürərək yolun kənarında dayanmış “HYUNDAİ SONATA” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobilə çırparaq dayanmışdır. Cavabdehin həərkətləri nəticəsində avtomobilin sahibinə maddi ziyan vurulmuşdur. Cavabdehin sərxoş olması dərhal hadisədən sonra keçirilmiş həkim yoxlaması ilə təsdiq edilmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 342, 211 və 333.3-cü maddələri ilə İXP ******* saylı, 02.05.2010-ci il tarixli protokol tərtib edilmiş və o Abşeron Rayon Məhkəməsinin 03 may 2020-ci il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 327.1, 342.7, 211, 333.3 və 536-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək iki il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla barəsində 20 gün müddətinə inzibati həbs tədbiq edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “HYUNDAİ SONATA” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobilə baxış keirilmiş, avtomobildə bərpa işlərin aparılması üçün tələb olunan hissələr və görüləcək işlər üçün 2.350 manat dəyərində vəsaitin lazım olduğu müəyyən edilmişdir. Həmin məbləğ də İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığorta ödənişi kimi avtomobilin sahibinə verilmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsini cavabdeh içkili vəziyyətdə törədərək üçüncü şəxsin əmlakına, yəni avtomobilinə zərər vurduğu üçün, zərərə görə edilmiş sığorta həcmində - 2.350 manat məbləğində sığorta ödənişi ilə bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin bu məbləği cavabdehdən tələb etmək hüququ yaranır. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarından olan AD seriyalı 729864 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “VAZ 21154 MİNİK” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sahibi X4r. Mülki işin materiallarında olan 15 yanvar 2020-ci il tarixli ƏN-V seriyalı 167683 nömrəli etibarnamənin surətindən müəyyən edilir ki, mülkiyyətçi X7 ona məxsus olan “VAZ 21154 MİNİK” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyətini 15.08.2021-ci il tarixədək Cavabdeh etibar etmişdir (reyestr 7E-2957). Mülki işin materiallarından olan AC seriyalı 790424 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “HYUNDAİ SONATA 2.4 AT MİNİK” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sahibi X1r. Köhnə nömrə nişanı **-CC-***-dir. Mülki işin materiallarında olan 03 fevral 2012-ci il tarixli ƏN-İİ seriyalı 127681 nömrəli etibarnamənin surətindən müəyyən edilir ki, mülkiyyətçi X2 ona məxsus olan “HYUNDAİ SONATA” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyətini 12.09.2021-ci il tarixədək X3 etibar etmişdir. Mülki işin materiallarında olan 02 may 2020-ci il tarixli 2/5502 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən müəyyən edilir, 1987-ci il təvəllüdlü Cavabdeh sərxoşdur. Mülki işin materiallarında olan Yasamal rayon DYPŞ-nin YNH baş inspektoru X5 02.05.2020-ci il tarixli, İXP ******* №-li inzibati xəta haqqında protokolunun surətindən müəyyən edilir ki, 02.05.2020-ci il tarixdə saat 01:05 radələrində “VAZ 21154 MİNİK” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 342.7, 211 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarından çıxarışın surətindən müəyyən edilir ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 342.7, 211, 333.3 və 536-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək iki il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tədbiq edilməsi qərara alınmışdir. Mülki işin materiallarında olan Bakı şəhər BPİ Yasamal Rayon Polisi İdarəsinin 091-21414 nömrəli, 06.05.2020-ci il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan müəyyən edilir ki, 02.05.2020-ci il tarixdə saat 01:05 radələrində yolnəqliyyat hadisəsi - toqquşma baş vermişdir. Təqsiri olan şəxs “VAZ 21154” markalı, **- LC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdehdur. Sürücü Cavabdeh sərxoş vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərər çəkən “HYUNDAİ” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin arxa hissəsi zədələnmişdir. Mülki işin materiallarında olan "xxxx"in qüsur aktından müəyyən edilir ki, “HYUNDAİ SONATA” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyişilməli ehtiyat hissələr 1.430 manat, görüləcək işlər 920 manat olmaqla, dəyən ziyan 2.350 manat təşkil edir. Mülki işin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 03.06.2020-ci il tarixli CML-1153/2020 saylı sığorta aktından müəyyən edilir ki, “VAZ 21154” markalı, **- LC-*** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuiyyətinin icbari sığortası növündə sığortalandığından İddiaçı Açıq Səhmdar Cəmiyyəti zərərə uğramış “HYUNDAİ SONATA” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2.350 manat sığorta ödənişi verilməsini qərara almışdır. Mülki işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 10.06.2020-ci il tarixli qəbzdən müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən zərər ödənişi olaraq X6 10.06.2020-ci il tarixdə 2.350 manat sığorta ödənişi həyata keçirilmişdir. Mülki işin materiallarında olan 02.08.2020-ci il tarixli mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işin materiallarına əlavə olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2021-ci il tarixli, 9/2664 saylı ekspert rəyindən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Gold Avtoservis”in 08.06.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2009-cu il buraxılışlı “Hyundaı Sonata” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2.250 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci və 25.1.2-ci maddələrinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 21154 MİNİK” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Salamzadə küçəsində qurulmuş polis postuna yaxınlaşan zamanı polisin dayan əmrinə tabe olmayaraq avtomobili postun qarşısında quraşdırılmış maneələrin üzərinə sürərək yolun kənarında dayanmış “HYUNDAİ SONATA 2.4 AT MİNİK” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırparaq dayanmışdır. Cavabdeh tərəfindən törədilən yol-nəqliyyat hadisəsi zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2.350 manat məbləğində sığorta ödənişi edilmişdir. Göründüyü kimi, dəymiş zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği (sığorta ödənişi məbləğində) subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Hazırda İddiaçı Açıq Səhmdar Cəmiyyəti subroqasiya qaydasında cavabdehdən həmin məbləğdə pul tələb edir. Məhkəmə baxışı zamanı keçirilmiş ekspertiza rəyinə əsasən isə “HYUNDAİ SONATA 2.4 AT MİNİK” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci 2.250 manat müəyyən edilmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyinə əsasən Cavabdeh sığorta ödənişi üçün 2.250 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin, iş üzrə 100 manat məhkəmə ekspertizası xərci vardır ki, həmin məbləğ cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh sığorta ödənişi üçün 2.250 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Cavabdeh 100 manat məhkəmə ekspertizası xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar