Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-534/2024 19.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9300 manat və mənəvi zərərə görə 5000 manat pulun, eləcə də iddia tələbinə görə ödədiyi 113 manat dövlət rüsumunun əvəzinin, cəmi 14413 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-468/2021 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312-ci maddələri ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda cavabdeh Bakı şəhər 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Həmin cinayət işində və hökmdə o, zərərçəkmiş qismində tanınmışdır. Hökmdən müəyyən olunur ki, cavabdeh ona qarşı dələduzluq edərək 9300 manat pulunu ələ keçirmiş və qaytarmamışdır. Cavabdehin təqsiri üzündən ona həm də mənəvi zərər dəyərək, dərin mənəvi iztirab keçirmişdir. Ona görə də bu mənəvi zərərin əvəzi də ona cavabdeh tərəfindən ödənilməlidir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. O bildirdi ki, cavabdeh ondan aldığı 12000 manat puldan yalnız 2700 manat pul qaytarmış, qalan 9300 manat pulu isə qaytarmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 04 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ilə razılaşmır. Ona görə ki, İddiaçı ilə arasında cəmi 6000 manat məbləğində pul münasibəti olmuşdur. İddiaçı ilə ona məxsus "xxxx" ASC-də girovda olan “FORD EDGE” markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobili girovdan azad etmək üçün xx.xx.2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən həmin bankın baş ofisində 5000 manat, xx.xx.2018-ci il tarixdə avtomobilin qeydiyyat nişanını dəyişdirmək üçün isə 1000 manat, ümumilikdə 6000 manat borc götürülməsini razılaşdırmışdır.** PS *** dövlət nişanlı avtomobili girovdan azad etmək üçün bunun əvəzində İddiaçı ondan 9000 manat pul tələb etmişdir. Bu haqda iş materiallarında qeyd olunur. Tutduğu əməlindən peşmandır və cəzasını çəkir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə 4 epizod üzrə cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyası da Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarını dəyişdirmədən qüvvədə saxlamışdır. Sonda yuxarıda qeyd etdiklərinin nəzərə alınaraq İddiaçı iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2021ci il tarixli, 1(101)-468/2021 nömrəli hökmündən müəyyən edilir ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4 və 312.2-ci maddələri ilə təqsirli bilinib, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 il 06 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4 və 312.2-ci maddələri ilə 05 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Hökmün təsviri hissəsindən müəyyən edilir ki, Cavabdeh 2017-ci ilin oktyabr ayının sonlarında təkrarən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu özgə əmlakını ələ keçirmək məqsədi ilə tanış olduğu İddiaçı özünü 2 saylı X4 Laboratoriya şöbəsinin müdiri işləməklə əvvəllər guya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasının üzvü olmasını bildirərək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasının imtahanından keçməsində köməklik göstərə biləcək tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə İddiaçı imtahandan keçməsinə köməklik etmək imkanının olduğunu vəd edib, həmin məsələnin müsbət həlli üçün tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar İddiaçı xeyrinə bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə 12000 manat məbləğini ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, iddiaçıya göstərilən məbləğdə maddi zərər vurmuş, əsassız varlanmışdır. Bu hallar qanuni qüvvəsini almış məhkəmə hökmü ilə tamamilə təsdiq edilir. Mülki işin materiallarından olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(102)-1248/2022 saylı Qərarından görünür ki, kassasiya şikayətləri təmin edilməmiş, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə və X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Yuxarıda qeyd edilən hökmdən görünür ki, Əzizova X1 Validə Əşrəf qızına ümumilikdə 12000 manat maddi zərər vurmuşdur. Bununla belə, hazırda maddi ziyanla bağlı qaldırılan iddianın 9300 manat həddində olmasını və iddiaçının məhkəmə iclasında 2700 manat pulun cavabdeh tərəfindən qaytarıldığını bildirməsini nəzərə alan məhkəmə hesab edir ki, 9300 manat pul Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. İddia tələbinin 5000 manat mənəvi zərərin əvəzinin qaytarılması hissəsinə gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Mülki Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, iddiaçı keçirdiyi mənəvi iztirabların məhz cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində yaranmasını (səbəbli əlaqə) sübuta yetirə bilmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmin maddəyə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 113 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 9300 manat və ödənilmiş dövlət rüsumu üçün 113 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-534/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-534/2024
19.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver