Məhkəmə qərarları › İş №2(012)-54/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-54/2022

04.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-54/2022 04.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona vurulmuş 5000 manat maddi ziyan, 3000 manat mənəvi zərər və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 8030 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 54-cü maddəsinin tələblərinə əsasən, cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 cavabdehlər qismində mülki işə cəlb olunmasını, X2 isə cavabdehlikdən çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmə Cavabdeh1 və Cavabdeh2 mülki işə cavabdeh qismində cəlb etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, ünvan 2 1B saylı evin 6 saylı mənzilində yaşayır, yaşadığı mənzil 2-ci mərtəbədə yerləşir. Sözügedən yaşayış binasının 3-cü mərtəbəsində, yəni mənzilinin üstündəki mənzildə yaşayan qonşu dözülməz şəraitə görə mənzili tərk edib başqa ünvanda yaşayır. Digər Rüstəm adlı qonşusu da onun kimi dözülməz şəraitə görə dəfələrlə Abşeron rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Belə ki, binanın 4-cü mərtəbəsində yerləşən 16 saylı mənzildə ailəsi ilə birgə yaşayan qonşuları, yəni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayır ki, həmin şəxslər də onun və digər qonşuların yaşayışını dözülməz etmiş, nəticədə, belə yaşamaq da mümkün olmamışdır. Belə ki, binanın 16 saylı mənzilində yaşayan cavabdehlər saymazlıqla evdə dözülməz səs-küy salır, qonşuları nəzərə almır. Dəfələrlə xəbərdarlığa rəğmən onunla və qonşularla mübahisələr etmiş, hətta bir dəfə onun anasının çəliyini əlindən alaraq üzərinə hücum çəkmişdir. Qonşular güclə aralaşdıraraq mübahisəni sakitləşdirmişdir. Hər dəfə də cavabdehlər ona kimin xoşuna gəlmədiyi halda köçüb getməsini bildirmişlər. Nəticə etibarı ilə, o, artıq 3 ildir ki, xəstəxanalarda müayinə və müalicədədir. Nəhayət, həkimlər onun xəstəliyinin səbəbinin əsəbdən yarandığı qənaətinə gəlmişlər. Onun müalicə və müayinələrdə olduğunu sübuta yetirən sənədləri - epikrizləri, reseptləri və həkim rəylərini əlavə etməklə bildirir ki, ötən üç ildə yalnız müayinə və müalicəyə 5000 manatadək xərci çıxmışdır. Lakin çəkdiyi əzabəziyyət ona hədsiz mənəvi ziyan vurmuşdur. Ötən üç il ərzində səs-küysüz, əsəbsiz, davadalaşsız günü olmamış, hətta elə bir gün olmamışdır ki, cavabdehlər səs-küylə, davadalaşla bütün qonşuları silkələməsin. Hay-küyün əsas səbəblərindən biri odur ki, cavabdehlər iki övladını həyətə düşürmür, uşaqlar evdə qapalı şəraitdə qaldıqları üçün orada futbol oynayır, velosiped, somakat sürür, idmanla məşğul olurlar. Həmçinin, cavabdehlərin uşaqları evdə qaçır, sözün qısası, həyətdə oyun və idman meydançalarında etməli olduqları hərəkətləri mənzildə həyata keçirirlər. Bu barədə o, Abşeron rayon Polis İdarəsinə dəfələrlə müraciət etmiş, eyni zamanda, digər qonşular da dəfələrlə müraciət etmiş və ona məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunmuşdur. Nəticə etibarı ilə, o, uzun illərdir ki, evində rahat otura bilmir, hətta evin içində xüsusi səs boğucu vasitələrdən səs eşitməsin deyə istifadə etmək məcburiyyətində qalır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 06.05.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçı uzun illərdir ki, onlara şər-böhtan atmış, dəfələrlə polisə şikayət etmişdir. Halbuki, azyaşlı uşağı olmasına baxmayaraq, onların evində hər hansısa səs-küy olmur. 01.06.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, o, ünvan 2 1B saylı evin dördüncü mərtəbəsində yerləşən 16 saylı mənzildə digər Cavabdeh2 və azyaşlı uşağı ilə birlikdə 6 ilə yaxın müddətdir ki, yaşayır. İddiaçının şikayətinə əsasən polis işçisi onların evinə gəlmiş və onlarla profilaktiki söhbətlər aparılmış, vətəndaşların birgə yaşayış qaydalarına riayət etməsi izah edilmişdir. Eyni zamanda, digər qonşuların da fikri öyrənilmiş və onlar barəsində hər hansı bir şikayətin olmadığı müəyyən olunmuşdur. Mülki Prosessual Məcəllənin: 62.1 maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 15.12.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak etmiş şahid X5 ifadəsində göstərmişdir ki, o, 2015-ci ildə Abşeron rayonu Masazır qəsəbəsi Quştuluş-93 MTK-nın Bağçalı evlər yaşayış massivinin 1B saylı evin 11 saylı mənzilinə (ünvan 2 1B saylı binanın 16 saylı mənzili) köçmüş, təqribən 3 ilin son 2 il 6 ay müddətini isə Rusiya Federasiyasında yaşamışdır. Hazırda, Rusiya Federasiyasından qayıtmışdır. Cavabdeh1 və Cavabdeh2 onun yuxarı qonşularıdır. Elə səslər gəlir ki, sanki evdə “çəllək doğrayırlar”. Uşaqlar dayanmadan qaçır, stolun üstündən tullanırlar. Ələlxüsus da axşam saat 9-dan sonra üst qonşuların uşaqları dayanmadan qaçmağa başlayır və bu hal onu çox narahat edir. Həmin qonşuları ilə o, danışıq aparmağa cəhd etmiş, lakin bu cəhdi alınmamışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Payçılıq vəziyyəti barədə Bağçalı Evlər MTK-dan verilmiş 15.01.2013-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilə Bağçalı Evlər MTK arasında 18.05.2011-ci il tarixdə müqavilə imzalanmış və bu tarixdən MTK-ya üzv olmuş və payçı Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Bağçalı Evlər MTK-ya məxsus yaşayış kompleksində 1B saylı binada İ blok 2 otaqlı 68.5 kv.m olan 6 saylı mənzili almış, mənzilin ümumi dəyəri tamamilə ödənilmiş, hazırda payçının MTK-ya mənzil üzrə borcu yoxdur. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 2857 saylı 04.10.2013-cü il tarixli orderindən görünür ki, ünvan 2 1B saylı binada ümumi sahəsi 68.5 kv.m olan, yaşayış sahəsi 36.3 kv.m, köməkçi sahəsi 32.2 kv.m olan İ blok 2-ci mərtəbədə yerləşən 2 otaqlı 6 saylı mənzili ailə tərkibi yalnız 1971-ci il təvəllüdlü İddiaçı ibarətdir. -İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məxsus resept blanklarından, Mərkəzi Klinika tərəfindən verilmiş 25.12.2018-ci il tarixli, X12 tərəfindən verilmiş 17.01.2019-cu il tarixli, Milana Hospital tərəfindən verilmiş 07.03.2019-cu il tarixli, İstanbul NS Klinika tərəfindən verilmiş 11.03.2019-cu il tarixli və 15.03.2019-cu il tarixli, X13 Mərkəzi tərəfindən verilmiş 14.06.2019-cu il tarixli, N.Tusi adına klinika tərəfindən verilmiş 21.06.2019-cu il tarixli və 04.07.2019-cu il tarixli, Akademik M.A.Topçubaşov adına X11 tərəfindən verilmiş 19.11.2019-cu il tarixli, Azərbaycan Tibb Universiteti Tədris-Terapevtik Klinikası tərəfindən verilmiş 02.12.2019-cu il tarixli, X4 tərəfindən verilmiş 24.01.2020-ci il tarixli resept blanklarından görünür ki, İddiaçı müxtəlif tibbi müayinələrdən keçərək tibbi yardım almış və bu barədə ona diaqnozlar qoyularaq müalicələr yazılmışdır. -İddiaçı tərəfindən təqdim olunmuş ödəniş qəbzlərindən görünür ki, İddiaçı müxtəlif tibbi xidmətlərə və dərman ləvazimatlarına ödənişlər etmişdir. -Abşeron rayon Polis İdarəsinin 23.11.2018-ci il tarixli, 30.01.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciətində göstərilən məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. -Abşeron rayon Polis İdarəsinin 06.05.2021-ci il tarixli 4492 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan vətəndaş İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığı müraciəti ilə bağlı DİN-in 28.12.2020-ci il tarixli 001-73880H nömrəli məktubu əsasında Abşeron rayon Polis İdarəsində araşdırma aparılmışdır. Vətəndaş İddiaçı müraciətində göstərmişdir ki, yaşadığı 4 mərtəbəli binanın 4-cü mərtəbəsində yaşayan qonşunun evindən gələn səs-küydən narahat olmuşur. Həmin evdə yaşayan qonşu günün müxtəlif vaxtlarında uşaqları ilə futbol, basketbol oynayır. O, bununla bağlı bir neçə dəfə qonşuya və eləcə də Abşeron RPİ-yə müraciət etmiş, müraciəti əsasında aparılan araşdırma zamanı polis tərəfindən onlara xəbərdarlıq edilmiş, lakin bunun bir nəticəsi olmamışdır. Vətəndaş İddiaçı müraciətində göstərdiyi xüsusatlarla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Araşdırma müddəti ərzində vətəndaş İddiaçı qəbul olunaraq dinlənilmiş, ona hüquqi izah verilərək şikayətini doğuran səbəblərə aydınlıq gətirilmiş, göstərilən xüsusatlarla bağlı narahatedici hallara yol verilməməsi və gələcəkdə baş verə biləcək xoşagəlməz və hüquqazidd hadisələrin qarşısının alınması istiqamətində vətəndaşların birgə yaşayış qaydalarına riayət etmələri mövzusunda tərəflərlə izahedici və profilaktik söhbətlər aparılmışdır. -İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair mülki iş üzrə tərəflərin yaşadıqları mənzillərə 08.05.2021-ci il tarixdə yerli baxış keçirilmiş, iddiaçı və cavabdehlərin yaşadıqları mənzillər Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, ev 1B ünvanında yerləşir. Yerli baxışda İddiaçı və Cavabdeh2 iştirak etmiş, yerli baxış Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, ev 1B ünvanında başlamış, bina ümumi beş mərtəbədən ibarətdir. Eyni blokda 2-ci mərtəbədə olan mənzildə iddiaçı anası ilə birlikdə, 4-cü mərtəbədə isə cavabdehlər azyaşlı uşaqları ilə birlikdə yaşayırlar. Onların mənzilləri alt-alta eyni istiqamətdədir. İki mərtəbə arasında eyni istiqamətdə 3-cü mərtəbədə yerləşən mənzildə isə yaşayış yoxdur. Digər qonşuların da bildirdiyinə görə də həmin mənzildə bir ildən çoxdur ki, heç kim yaşamır. İddiaçı ilə cavabdehin mənzilinin arasında 3-cü mərtəbədə eyni istiqamətdə boş mənzil yerləşməsinə baxmayaraq iddiaçı səsin 4-cü mərtəbədən gəldiyini qeyd edirdi. Baxış zamanı iddiaçının mənzilində hər hansı bir maneyə yaradan səs eşidilmədi. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə daxil olmuş 02.03.2022-ci il tarixli 10/1285 saylı məktubundan görünür ki, 15.12.2021-ci il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: Ekspertiza qarşısında qoyulmuş sualda ünvan 2 1B saylı binanın, həmin binanın ikinci mərtəbəsində yerləşən İddiaçı yaşadığı 6 saylı mənzilin, 4-cü mərtəbəsində isə yerləşən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadığı 16 saylı mənzilin döşəmə arakəsmələrin izolə edilməsi baxımından tikinti-texniki normalara uyğun inşa edilib-edilməməsini və həmin 16 saylı mənzildən istifadə zamanı yaranan səs-küyün (uşaqlar oynayarkən ayaq səsləri, əşyaların, oyun toplarının döşəmənin üzərinə atılması nəticəsində) iddiaçıya məxsus ikinci mərtəbəsində yerləşən 6 saylı mənzildə eşidilib-eşidilməməsini və eşidilirsə insan orqanizminə təsir edən norma hədlərini aşmasının müəyyən edilməsi tələb olunmuşdur. Bununla əlaqədar olaraq qeyd olunur ki, yuxarıda qeyd olunanların (səs-küyün) müəyyən olunması tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Eləcə də mənzilin döşəməsinin üzərinə taxta vurulduğunu və onun sökülməsi mümkün olmadığından döşəmə arakəsmələrin izolə edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, mənzilin döşəmə arakəsmələrinin izolə edilməsi baxımından tikinti-texniki normalara uyğun olub-olmaması müvafiq mütəxəssislər tərəfindən səs-küy norma səviyyəsi yoxlanıldıqdan sonra müəyyən oluna bilər. Bu səbəbdən də, qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılmamışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Füzuli rayonu Horadiz kəndi Lenin küçəsində qeydiyyatdadırlar. -Abşeron RPİ tərəfindən verilmiş 29.10.2018-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 1B saylı evin 6 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı yaşadığı ünvan 2 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki iki otaqlı 6 saylı mənzilin yerləşdiyi eyni istiqamətdə, yəni həmin binanın 4-cü mərtəbəsində yerləşən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadığı 16 saylı mənzildən gələn səs-küy səbəbindən onun birgə yaşayış qaydalarına uyğun olan hüquqları pozulmuş, nəticədə, normal yaşayışı mümkünsüz olmuş, cavabdehlərin birgə nikahlarından olan azyaşlının evdə səs-küy yaratması, oyunlar oynaması səbəbindən iddiaçının sağlamlığına ciddi ziyan dəymişdir. Bu səbəbdən də iddiaçı cavabdehlərin hərəkətləri nəticəsində onlara edilmiş xəbərdarlıq bir nəticə vermədiyindən sağlamlığına dəymiş maddi və mənəvi zərərin məhkəmə qaydasında tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İİ hissəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 15-ci maddəsinə əsasən, yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. 29.4.-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. İddia ərizəsindən göründüyü kimi İddiaçı ünvan 2 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki iki otaqlı 6 saylı mənzilində, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə sözügedən ünvanın 4-cü mərtəbəsində yerləşən 16 saylı mənzilində yaşamaqla tərəflər arasında qonşuluq münasibətləri yaranmış və tərəflərin birgə yaşayış qaydalarına, onların hər birinin qonşuluq hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına riayət olunmasına dair öhdəlikləri yaranmışdır. Hazırda, iddiaçının cavabdehlər tərəfindən həmin qaydalara riayət edilmədiyini iddia edərək həmin hərəkətlər nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanla bağlı tələb etmək hüququ yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57.2. maddəsinə əsasən, tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: 57.2.4. səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “Yaşayış binaları. Layihələndirmə normaları”nın təsdiq edilməsi haqqında “30” noyabr 2021-ci il tarixli № 3 nömrəli Qərarına əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1.9-cu maddəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 17-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası qərara almışdır: Qərarın 9.22. bəndinə əsasən, yaşayış otaqlarının daxili və xarici qoruyucu konstruksiyalarının səs izolyasiyası DTN 2.04-03 və “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səsküy çirklənmələri normaları”nda yolverilən səviyyəyə qədər xarici səs-küy mənbələrinin səs təzyiqinin, həmçinin zərbə səs təzyiqinin və mühəndis sistemi avadanlıqlarının, hava ötürücü boruların səs təzyiqinin azaldılmasını təmin etməlidir. Mənzillər arası divar və arakəsmələrin hava səs-küyündən izolyasiya indeksi 50 dB-dan aşağı olmamalıdır. Yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələblərindən göründüyü kimi, yaşayış binalarının layihələndirilməsi və tikintisi zamanı səs-küy və vibrasiya insan sağlamlığına təhlükə törətməyən həddi keçməməlidir. Məhkəmə araşdırması zamanı eyni zamanda, müəyyən olunmuşdur ki, iddiaçı cavabdehlərin birgə yaşayış qaydalarına riayət etməməsi ilə bağlı aidiyyəti polis idarəsinə müraciət etmiş, Abşeron rayon Polis idarəsi tərəfindən cavabdehlərlə şifahi danışıqlar aparılaraq onların birgə yaşayış qaydalarına riayət edilməsi istiqamətində məlumatlandırılmışlar. Eyni zamanda, məhkəmənin sorğusuna əsasən, Abşeron rayon Polis İdarəsinin 06.05.2021-ci il tarixli 4492 saylı məktubu ilə göstərilən xüsusatlarla bağlı narahatedici hallara yol verilməməsi və gələcəkdə baş verə biləcək xoşagəlməz və hüquqazidd hadisələrin qarşısının alınması istiqamətində vətəndaşların birgə yaşayış qaydalarına riayət etmələri mövzusunda tərəflərlə izahedici və profilaktik söhbətlərin aparıldığı qeyd olunmuşdur. ünvan 2 1B saylı binanın, həmin binanın ikinci mərtəbəsində yerləşən İddiaçı yaşadığı 6 saylı mənzilin, 4-cü mərtəbəsində isə yerləşən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadığı 16 saylı mənzilin döşəmə arakəsmələrinin izolə edilməsi baxımından tikinti-texniki normalara uyğun inşa edilib-edilmədiyini, həmin binanın 16 saylı mənzilindən istifadə zamanı yaranan səs-küyün (uşaqlar oynayarkən ayaq səsləri, əşyaların, oyun toplarının döşəmənin üzərinə atılması nəticəsində) iddiaçıya məxsus mənzildə eşidilibeşidilmədiyini, eşidilirsə insan orqanizminə təsir edən norma hədlərinin aşıb-aşmamağını müəyyən etmək məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02.03.2022-ci il tarixli 10/1285 saylı məktubuna əsasən, mənzilin döşəməsinin üzərinə taxta vurulmasının və onun sökülməsinin mümkün olmaması səbəbindən döşəmə arakəsmələrinin izolə edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirib iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halların sübuta yetirilməməsi qənaətinə gəlir. Məhkəmə, eyni zamanda, vurğulayır ki, mülki iş üzrə keçirilmiş yerli baxış zamanı Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi ünvanında yerləşən yaşayış binası ümumi beş mərtəbədən ibarət olmaqla, iddiaçının yaşadığı 2-ci mərtəbə ilə cavabdehlərin yaşadığı 4-cü mərtəbə arasında bir mərtəbə yerləşdiyi müəyyən olunmuşdur ki həmin mənzillər arasında ara məsafəsi çox olduğundan uşaqların ayaq, top səsləri, velosiped və digər oyun vasitələrinin sürülməsi nəticəsində yarana biləcək səslərin cavabdehin mənzilində normadan çox yayılması inandırıcı deyildir və eyni zamanda iddiaçı tərəfindən sübuta yetirilmir. İddiaçı iddia tələbində cavabdehlərin və onların azyaşlı uşaqlarının hərəkətləri nəticəsində yaranmış səs-küy səbəbindən onun sağlamlığına ciddi ziyan dəydiyini və göstərilən tibbi xidmətlərə görə ona 5000 manat maddi ziyanın və keçirdiyi iztirablara görə 3000 manat mənəvi zərərin tutulmasını tələb etmişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçı iddia ərizəsinə keçirdiyi xəstəliklərlə bağlı aparılmış müayinə və müalicələrə dair reseptləri, tibbi çıxarışları, həmçinin, ödəniş qəbzlərini əlavə etsə də, məhkəmə göstərilən sübutların iddiaçıya həqiqətən də onun 4-cü mərtəbəsində məskunlaşmış qonşularının hərəkətləri nəticəsində yarandığını, ələlxüsus da həmin davranışlarla iddiaçının keçirdiyi xəstəlik arasında səbəbli əlaqə olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin, iddiaçı müalicə xərclərinə görə 5000 manata qədər maddi vəsait sərf etdiyini qeyd etsə də, göstərilən məbləğin nədən qaynaqlandığını, hansı mənbələrə əsaslandığını, daha dəqiq şəkildə, nəyə sərf olunmasına dair sübutlarını əlavə edə bilməmiş, ödəniş qəbzlərində qeyd olunmuş məbləğlər isə ümumilikdə, 5000 manat pul vəsaitini doğrultmur. Bu səbəbdən də, iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə iddiaçının iddia tələbinin 3000 manat mənəvi zərərin tutulması hissəsinə münasibət bildirərək isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, iddiaçı keçirdiyi mənəvi iztirabların bilavasitə qonşunun etdikləri təsirlər nəticəsində yaranmasını (səbəbli əlaqə) sübuta yetirə bilmədiyindən iddia tələbi bu hissədə də təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və X6 haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və X6 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini ümumiləşdirib, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları paralel şəkildə qiymətləndirərək qeyd edir ki, iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək vəzifəsi daşıyan iddiaçı həmin halları sübuta yetirmədiyindən iddia tələbləri əsaslı deyildir, bu səbəbdən də təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 17.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar