Məhkəmə qərarları › İş №2(012)-540/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-540/2021

03.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-540/2021 03.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əhmədzadə Elnur Natiq oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi filialının nümayəndəsi X4 və Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi filialının Cavabdeh qarşı artıq alınmış pensiya məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi filialı Cavabdeh qarşı artıq alınmış pensiya məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənimsənilmiş 323,95 manat dövlət vəsaitinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 mənzil 6 ünvanında yaşayan Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 üzrə Mərkəzi filialına xx.xx.2019-ci il tarixdə ərizə ilə müraciət edərək mərhum həyat yoldaşı X2 xx.xx.2019-cu il tarixdə vəfat etməsini bildirərək, dəfn xərcinin özünə ödənilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş Cavabdeh həyat yoldaşının ölümü haqqında məlumatı və həmçinin ölüm haqqında şəhadətnaməni idarəyə vaxtında təqdim etmədiyindən, onun müvafiq kart hesabına əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Cavabdeh tərəfindən 683,20 (altı yüz səksən üç) manat mərhuma məxsus kart hesabından götürülmüşdür. İdarəyə dəfn müavinatinın alınması ilə bağlı müraciətinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 42.2-ci maddəsinə uyğun olaraq cavabdehə ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (119,75 manat) üç misli miqdarında (359,25 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 683,20 manat məbləğindən çıxılmış, qalan 323,95 manat məbləğində pul vəsaiti isə bugünədək idarənin hesabına qaytarılmamışdır. Cavabdehə yaranmış 323,95 manat borcu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi filialının hesabına ödəməyi barədə şifahi olaraq müraciət edilmiş, daha sonra cavabdehə xx.xx.2020- c i il tarixdə məktub göndərilərək, xəbərdarlıq edilmiş, əks halda qanunamüvafıq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, mənimsənilmiş dövlət vəsaitinin qaytarılması, vətəndaş tərəfindən həyata keçirilməmiş və nəticədə 323,95 manat dövlət borcu idarənin hesabına ödənilməmişdir. Odur ki iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə baxışında iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi filialının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, həyat yoldaşı X3 hərbçi olmuşdur. O, vəfat etdikdən sonra məhkəmə vasitəsi ilə ölüm haqqında şəhadətnamə almışlar. Ölüm haqqında şəhadətnamə alınması uzun çəkdiyindən onu təqdim edə bilməmiş, həyat yoldaşının vəfatı barədə məlumat verə bilməmişdir. Hazırda həmin məbləği qaytarmağa imkanı yoxdur. Odur ki, məhkəmədən nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsini dinləyib və məhkəmə iclasında tədqiq edilən toplanmış sübutların məcmusuna qiymət verib belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş, -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi filialı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ciu il tarixli **********8 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 323,95 manat məbləğin könüllü şəkildə büdcəyə qaytarılması, əks halda ödənişi təmin etmək məqsədi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ № 039488 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. -Cavabdeh tərəfindən DSMF XŞTİ-yə ünvanlanmış ərizəsinin surətindən görünür ki, yoldaşı FHN pensiyaçısı X3 xx xxxxxx 2019-cu ildə vəfat etdiyi üçün dəfn xərcinin ona ödənilməsinə sərəncam verilməsini xahiş etmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ünvan 1 mənzil 6 ünvanında yaşayan Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 üzrə Mərkəzi filialına xx.xx.2019-ci il tarixdə ərizə ilə müraciət edərək mərhum həyat yoldaşı X2 xx.xx.2019-cu il tarixdə vəfat etməsini bildirərək, dəfn xərcinin özünə ödənilməsini xahiş etmişdir. Cavabdeh həyat yoldaşının ölümü haqqında məlumatı və həmçinin ölüm haqqında şəhadətnaməni İdarəyə vaxtında təqdim etmədiyindən, onun müvafiq kart hesabına əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Cavabdeh tərəfindən 683,20 (altı yüz səksən üç) manat məxsus kart hesabından götürülmüşdür. İdarəyə dəfn müavinətinın alınması ilə bağlı müraciətinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 42.2-ci maddəsinə uyğun olaraq cavabdehə ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (119,75 manat) üç misli miqdarında (359,25 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 683,20 manat məbləğindən çıxılmış, qalan 323,95 manat məbləğində pul vəsaiti isə bu günədək idarənin hesabına qaytarılmamışdır. Odur ki, hazırda iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi filialı Cavabdeh qarşı artıq alınmış pensiya məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənimsənilmiş 323,95 manat dövlət vəsaitinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 idarəsinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Əmək Pensiyaları haqqında Qanunun 38.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Əmək Pensiyaları haqqında Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.4-cü maddəsinə əsasən borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci və 1092.1.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. Mülki Məcəllənin 1153-cü maddəsinə əsasən şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə məhkəmə iclasında iddiaçının izahatından və tədqiq edilən sənədlərdən tam sübut olunur ki, Cavabdeh əsassız varlanma yolu ilə mərhum əri X1 hesabına köçürülən cəmi 323,95 (üç yüz iyirmi üç manat doxsan beş qəpik) manat məbləğində dövlət vəsaitini qanunsuz olaraq almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun; 8.1.1. maddəsinə əsasən iddia qiyməti 500 manatadək olduqda 20 (iyirmi) manat dövlət rüsumu ödənilir. 9.1.7. maddəsinə əsasən sosial müdafiə vasitələrinin tələbi barədə iddialar üzrə sosial təminat orqanları dövlət rüsumunu ödəməkdən azaddırlar. Qanuna əsasən iddiaçı dövlət rüsumundan azad edildiyindən 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə göstərilənləri və qanunun yuxarıdakı tələblərini rəhbər tutub məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh 323,95 (üç yüz iyirmi üç manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi filialına verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 323,95 (üç yüz iyirmi üç manat doxsan beş qəpik) manat və 20 (iyirmi) manat dövlət rüsumu məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi filialının xeyrinə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar