Məhkəmə qərarları › İş №2(012)-5526/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5526/2024

16.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5526/2024 16.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Abşeron rayon 2 saylı notariat ofisi və Cavabdeh2 MMC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Abşeron rayon 2 saylı notariat ofisi və Cavabdeh2 MMC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon 2 saylı notariat ofisinin 04 iyul 2024-cü il tarixli, 8İ-4732 saylı İcra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərin - Abşeron Rayon 2 saylı notariat ofisinin və Cavabdeh2 qanunvericiliyə zidd hərəkətləri nəticəsində ondan 274 manat pul məbləğinin tutulması barədə icra qeydi aparılmışdır. İcra qeydi ona xx.xx.2024cü il tarixdə icra məmuru tərəfindən təqdim edilmişdir. Cavabdeh tərəfindən İcra qeydi qanunvericiliyin tələblərinə zidd olaraq aparılmışdır. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. Borc isə mübahisəlidir. Belə ki, MMC ilə arasında bağlanmış 06 noyabr 2021-ci il tarixli, BL640275 saylı müqavilə əsasında ona qüsurlu məhsul (telefon) təqdim edilmişdir. Məhsulun qüsurlu olması ilə bağlı cavabdehə müraciət etdiyində onu məhsulun satışı zamanı verilən 1 illik zəmanət talonu əsasında rəsmi servis xidmətinə yönləndirdilər. Servis xidməti özlüyündə zəmanətli təmirdən telefona kənar müdaxilə aşkarlandığını əsas gətirərək imtina etdilər. Yuxarıda qeyd edildiyi kimi ona təqdim edilən telefon qüsurlu/keyfiyyətsiz olduğundan və satıcı dəyişmədiyindən/təmir etməkdən imtina etdiyindən o da qarşılıq olaraq müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina etmişdir. Mobil telefonu aldığı tarixdən qısa müddət sonra istifadə edə bilməmiş hələ də alındığı kimi qalmaqdadır. Qüsurlu/keyfiyyətsiz məhsula ödəniş etsə ona məhsulun dəyəri qədər yəni, 299 manat miqdarında zərər dəyəcək. Bu səbəbdən də müqavilə üzrə öhdəliyini icra etməkdən imtina edir. Beləliklə göründüyü kimi borc mübahisəlidir yəni, icra qeydi aparılan zaman bu nəzərə alınmamışdır. Həmçinin “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Ona belə bir bildiriş göndərilmədiyi halda notarius tərəfindən İcra qeydi aparılması mümkün hesab olunmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Cavabdeh2 MMC məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq, İddiaçı Cavabdeh2 MMC-yə və Abşeron Rayon 2 saylı notariat ofisinə qarşı Abşeron Rayon 2 saylı notariat ofisin xx.xx.2024-cü il tarixli 8i-4732 saylı icra qeydinin ləğv edilməsi tələbinə qarşı iddia ərizə daxil olan vaxtdan işin mahiyyəti üzrə araşdırılması üçün tədbirlər görülmüşdür. Abşeron Rayon 2 saylı notariat ofisi tərəfindən aparılmış xx.xx.2024-cü il tarixli 8i-4732 saylı icra qeydi tam əsaslıdır və heç bir qanun pozuntusu aparılmadan icra qeydi çıxarılmışdır. X1 MMC-nin borclu İddiaçı borcun tələb edilməsi üçün xx.xx.2024-cü il tarixində bildiriş hazırlanmışdır. Qeyd olunan bildiriş İddiaçı göndərilmiş və bildiriş aidiyyatı üzrə təhvil verilmişdir. (təhvil alınıb xx.xx.2024-cü il tarixində Məcid adlı şəxs tərəfindən) Bundan əlavə iddiaçı tərəfindən ərizəyə qoşma olaraq əlavə etdiyi MİXTECH MMC-nin (rəsmi servis) verdiyi servis aktında qeyd edilir ki, diaqnostika zamanı kənar müdaxilə aşkar olunduğu üçün zəmanətli təmir xidmətindən imtina edilib. Baku Electronics MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli nisyə satış müqaviləsi bağlanarkən telefon yoxlanılaraq saz vəziyyətdə təhvil verilmişdir. Mobil telefonun saz vəziyyətdə təhvil verilməsini təsdiq edən təhvil təslim aktıda qoşma olaraq əlavə edilib sizə göndəriləcək. Bundan əlavə qeyd etmək istəyirik ki, MİXTECH MMC-nin (rəsmi servis) verdiyi servis aktı 2022-ci ilin yanvarın 7-si tarixində tərtib edilsədə buna İddiaçı tərəfindən heç bir etiraz edilməmiş və hüquqların müdafiəsi üçün məhkəməyə müraciət edilməmişdir. Baku Electronics MMC tərəfindən notariusa müraciət edilib icra qeydi çıxarıldıqdan sonra İddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. İddiaçı cavabdeh "xxxx" MMC-yə və Abşeron Rayon 2 saylı notariat ofisinə qarşı xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, yazılanlara uyğun şəkildə izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, ona heç bir bildiriş xəbərdarlıq gəlməyib. Dövlət yol polisi maşını saxladıqdan sonra icra qeydinin aparılmasından xəbər tumuşdur. Məcid adlı şəxs həyətdəki mağazanı işlədən şəxsdir. Həmin şəxslə heç bir yaxınlıq və qohumluq əlaqəsi yoxdur. Cavabdehin iddia ərizəsinə verdiyi etirazdan sonra göndərilən bildirişin Məcidə təqdim edildiyini bilmiş və bundan sonra bildirişin onda olub-olmadığını maraqlanmışdır. Lakin o, heç bir bildiriş almadığını bildirdi. Cavabdehlər Abşeron rayon 2 saylı notariat ofisi və Cavabdeh2 MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndələrinin məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdirlər. Həmçinin cavabdeh Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən məhkəmə sorğusuna da cavab verilməmişdir. Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə iddiaçı, digər cavabdehlər və üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədi və bildirdi ki, bank tərəfindən iddiaçıya dəfələrlə borcun ödənilməsi üçün şifahi xəbərdarlıq edilmişdir. Bundan başqa icra qeydinin aparılacağına dair də rəsmi bildiriş göndərilib. xx.xx.2024-cü il tarixdə icra qeydi aparılmışdır. Malın qüsurlu olması ilə bağlı yalnız qarantiya dövründə iddia qaldırıla bilərdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Abşeron rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 8İ- 4732 saylı xx.xx.2023-cü il tarixli icra qeydinin surətindən görünür ki, Cavabdeh2 MMC-nin xeyrinə İddiaçı BL640275 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 249 manat 00 qəpik (iki yüz qırx doqquz manat sıfır qəpik) tutulması, Bundan əlavə borcludan İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 274 manat 00 qəpik (iki yüz yetmiş dörd manat sıfır qəpik) pul tutulması barədə icra qeydi aparılmışdır. İş materiallarında olan Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Abşeron Rayonu 2 Saylı Notariat Kontorunin 8İ-4732 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Həmin qərar borcluya şəxsən xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarxili bildirişdən görünür ki, İddiaçı bank tərəfindən borcun ödənilməsi üçün xəbərdar edilmiş, borc 20 gün müddətində ödənilmədiyi halda "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cİ maddəsinin tələblərinə əsasən təlebkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır. İş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, Cavabdeh2 MMC tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı ünvanlanmış bildirişi xx.xx.2024-cü il tarixdə Məcid S. Adlı şəxs imza edib qəbul etmişdir İş materiallarında olan xx.xx.2021-ci il tarixli, BL640275 saylı nisyə satış müqaviləsindən görünür ki, Cavabdeh2 MMC 299 manat dəyərində Realme C21 markalı telefonu İddiaçı təhvil verməyi, sonuncu isə malın qiymətini 12 ay müddətinə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Malların siyahısından görünür ki, İddiaçı Realme C21 markalı telefonu təhvil almışdır. İş materiallarında olan MİXTECH MMC-nin xx.xx.2022-ci il tarixli servis aktından görünür ki, diaqnostika zamanı kənar müdaxilə aşkarlanmışdır. Servis mərkəzi zəmanətli təmirdən imtina edir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh2 MMC ilə müqavilə bağlayaraq nisyə mal almış və malın dəyərini hissə-hissə ödəməyi öz üzərinə götürmüşdür. Borc vaxtında ödənilmədiyinə görə MMC ilk olaraq İddiaçı borcun ödənilməsinə dair bildiriş göndərmiş, ödənilməyəcəyi təqdirdə icra qeydinin verilməsinə dair notariat ofisinə müraciət edəcəyini bildirmişdir. Lakin MMC-nin göndərdiyi bildirişi borclu əvəzinə başqa şəxs qəbul etmişdir. MMC ərizə ilə notariat orqanına müraciət etmiş, Abşeron rayonu 2 saylı Notariat Ofisii tərəfindən 8İ-4732 saylı xx.xx.2023-cü il tarixli icra qeydi verilmişdir. Hazırda Pənahov X2 rayon 2 saylı notariat ofisinin 04 iyul 2024-cü il tarixli, 8İ-4732 saylı İcra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 MMC öz növbəsində məhkəməyə iddiaya etiraz ərizəsi ünvanlamışdır. İddia ərizəsində İddiaçı icra qeydinin ləğv edilməsinə əsas kimi 1 dəlil irəli sürmüşdür: MMC tərəfindən icra qeydi verəcəyinə dair iddiaçıya bildiriş göndərməmişdir. İddiaçının dəlillərinə əsasən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Notariat haqqında” Qanunun 76-cı maddəsinə görə borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci maddəsinə görə borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq... üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir... Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. Təlimatın 162-ci maddəsinə görə icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısındakı 2-ci bəndə əsasən borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı. Məhkəmə qeyd edir ki, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. İş materiallarından da görünür ki, tələbkar icra qeydinin aparılacağı ilə bağlı borcluya bildiriş göndərsə də, həmin bildirişi digər şəxs almış, məlum icra qeydləri verilərkən Notariat Ofisi tərəfindən qanun pozuntusuna yol verilmiş, tələbkar tərəfindən notariusa təqdim edilmiş xəbərnamənin kim tərəfindən qəbul edilməsi nəzərdən keçirilməmiş, notarius isə bununla bağlı heç bir araşdırma aparmadan icra qeydi vermişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının bildirdikləri icra qeydinin ləğv edilməsi üçün əsasdır. İş materialları ilə icra qeydinin bu məsələni tənzimləyən normalara uyğun verilməməsi öz təsdiqini tapır. Odur ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən Cavabdeh2 MMCnin xeyrinə aparılan xx.xx.2023-cü il tarixli, 8İ-4732 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən Cavabdeh2 MMC-nin xeyrinə aparılan xx.xx.2023-cü il tarixli, 8İ-4732 reyestr nömrəli icra qeydi ləğv edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar