Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5604/2021 20.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X5 kаtibliyi, İddiaçı və onun nümayəndəsi-vkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon 1 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abşeron rayon 1 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən qəbul edilmiş 24.08.2016-cı il tarixli 7F- 12363 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 22 may 2016-cı il tarixdə Bakı şəhəri 9 saylı Xüsusi Notariat Kontorunda o, ünvan 1 ünvanında qeydiyyatda olan X14 ilə borc müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə görə, o, X10 mülkiyyətinə, əməli idarəçiliyinə 100000 ABŞ dolları pulu 31 iyul 2016-cı il tarixədək müddətinə (22.05.2016-cı il tarixdən, 31.07.2017-ci il tarixədək) qaytarmaq şərti ilə faizsiz borc şəklində vermişdir. X14 isə öz öhdəsinə götürmüşdür ki, 22.05.2016-cı tarixdə götürdüyü 100000 ABŞ dolları borc pulun axırıncı qalığını 31.07.2017-ci il tarixdən gec olmayaraq ona qaytarmalıdır. Öhdəlikləri icra edərkən müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Borc müddətinin başa çatmasına və borcluya borcu qaytarması barədə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirərək, götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina etmişdir. Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən 24.08.2016-cı il tarixdə 7F-12363 saylı icra qeydi icraya yönəldilmişdir. 07 may 2018-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 tərəfindən X10 inzibati xəta törətməsi haqqında tərtib edilmiş protokol əsasında Abşeron Rayon Məhkəməsinə müraciət olunmuşdur. Protokolda qeyd edilmişdir ki, borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbinə əsasən inzibati məsuliyyətə cəlb edilməlidir. Maddədə deyilmişdir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Abşeron rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli 3(012)-696/2018 saylı qərarına əsasən X3 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. Lakin borcun alınıb ona qaytarılmasını təmin etmək mümkün olmamışdır. Bununla da borclu X14 barəsində qanunvericiliyin tələblərinə əsasən ciddi tədbirlər görmək mümkün deyildir. Odur ki, Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 24.08.2016-cı il tarixli 7F-12363 saylı icra qeydinin ləğv edilməsi zərurəti yaranmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili X4 iddia ərizəsini müdafiə edərək İddiaçı izahatı ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq izahatında göstərmişdir ki, icra sənədi üzrə borclu öz öhdəliyini icra etmədiyindən inzibati qaydada məsuliyyətə cəlb olunaraq 500 manat miqdarında cərimə olunmuşdur. İddiaçı isə borclu barəsində cinayət məsuliyyəti yaradan tədbirlərin görülməsini istəyir ki, müqavilə əsasında borcluya verdiyi pulu geri ala bilsin. Bu səbəbdən də icra qeydinin ləğv edilməsi zərurəti yaranmışdır. İcra qeydinin verilməsində pozuntular olmasa da icra qeydinin qalması icra sənədinin icrasını mümkünsüz edir. Ona görə də iddia ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh Abşeron rayon 1 saylı Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Abşeron rayon İcra və Probasiya şöbəsinin 05.06.2018-ci il tarixli 17/75-8633-18/4 saylı məktubundan görünür ki, icra sənədi 29.03.2017-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlama haqqında qərar qəbul olunaraq tərəflərə göndərilmişdir. Borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyatı qurumlara sorğular edilmiş və alınan cavablara əsasən tələbin yönəldilə biləcəyi borcluya məxsus heç bir əmlakın olmadığı müəyyən olunmuşdur. 13.04.2017-ci il tarixdə borclunun Abşeron rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi ilə bağlı təqdimatla Abşeron rayon Məhkəməsinə müraciət edilmiş, Abşeron rayon Məhkəməsinin 7(012)-353/2017 saylı, 16.05.3017-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. 07.05.2018-ci il tarixdə borclu polis əməkdaşları tərəfindən Abşeron rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilmiş, izahatı alınmışdır. İzahatında o, qeyd olunan borcu tam şəkildə ödəməyə imkanı olmadığını bildirmişdir. Belə olan halda borclu barəsində AR İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunaraq baxılması üçün Abşeron rayon Məhkəməsinə təqdim olunmuşdur. Abşeron rayon Məhkəməsinin 3(012)-696/2018 saylı, 07.05.2018-ci il tarixli qərarına əsasən borclu X14 AR İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinib 500 manat məbləğində inzibati tənbeh edilmişdir. Qeyd olunanlara əsasən icra sənədi Notariat qeydi olduğundan iş üzrə borclu barəsində AR CM-nin 306-cı maddəsi ilə cinayət işinin başlanılması üçün hər hansı bir prosessual hərəkətin aparılması qanunaziddir. Borclu barəsində AR CM-nin 306-cı maddəsi ilə cinayət işinin başlanılması üçün borc tələbi yalnız məhkəmə qərarında öz əksini tapdığında mümkün olur. -Abşeron rayon İcra və Probasiya şöbəsinin 05.09.2018-ci il tarixli 17/75-1444518-4 saylı qərarından görünür ki, X9 100000 ABŞ dolları pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Belə ki, iş üzrə tələbkar 03.09.2018-ci il tarixdə Abşeron rayon İcra şöbəsinə ünvanladığı məktuba əsasən məhkəməyə geri qaytarmağı xahiş etmişdir. Bütün bunları nəzərə alıb “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinin tələblərinə görə icra edilmiş yaxud qismən icra edilən icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsini rəhbər tutaraq Abşeron rayon 1 saylı Notariat Kontorunun 7F-12363 saylı, 24.08.2016-cı il tarixli icra sənədi tələbkarın ərizəsinə əsasən Abşeron rayon 1 saylı Notariat Kontoruna qaytarılmışdır. -Abşeron Rayon Məhkəməsinin 29.01.2019-cu il tarixli 2(012)-482/2019 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən məzənnəyə uyğun olaraq X9 100000 ABŞ dolları əsas borc pul məbləğinin qətnamə icra olunan vaxtın məzənnəsinə uyğun olaraq və 30 manat ödənilmiş dövlət rüsumunun X9 tutularaq İddiaçı qaytarılması qət edilmişdir. -Abşeron Rayon Məhkəməsinin 06.05.2019-cu il tarixli 2(012)-482/2019 saylı qərardadından görünür ki, ərizə qismən təmin edilmiş, İddiaçı cavabdeh X12 qarşı borc pulun və faizlərin geri qaytarılması tələbinə dair mülki iş üzrə məhkəmənin 29 yanvar 2019-cu il tarixli qətnaməsindən cavabdeh X14 tərəfindən verilmiş apelyasiya şikayəti vermə müddəti ötürülməmiş hesab edilmiş və apellyasiya şikayəti baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin 26.08.2019-cu il tarixli 2(105)-2786/2019 saylı qərardadından görünür ki, Abşeron Rayon Məhkəməsinin 29.01.2019-cu il tarixli 2(012)- 482/2019 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh X12 qarşı borc pulun geri qaytarılması tələbinə dair mülki işin icraatına xitam verilmişdir. Qərardaddan daha sonra görünür ki, mülki iş materiallarında olan Abşeron rayon 1 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən verilmiş 24.08.2016-cı il tarixli icra qeydinə əsasən İddiaçı xeyrinə X9 vaxtında ödənilməmiş 100000 ABŞ dollarının tutulması barədə icra qeydi verilmiş, hazırda icra qeydi qüvvədədir və onun qüvvədən düşməsi barədə hər hansı bir sənəd yoxdur. -Nərimanov RPİ tərəfindən verilmiş 25.08.2011-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 105/35 saylı evin 73 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında borc münasibətlərindən irəli gələn mübahisə yaranmış, belə ki, tərəflər arasında bağlanmış 22.01.2016-cı il tarixli kredit müqaviləsinə əsasən İddiaçı X12 100 000 ABŞ dolları pulu borc şəklində vermişdir. Kredit müqaviləsi üzrə iddiaçı öhdəliyini icra edərək X12 borc vermiş, lakin X14 müqavilə üzrə öhdəliyini vaxtında icra etmədiyindən iddiaçının ərizəsi əsasında Abşeron rayonu 1 saylı Notariat Ofisi tərəfindən 24.08.2016-cı il tarixdə 7F-12363 reyestr nömrəli icra qeydi verilmiş, həmin icra qeydi icraya yönəldilərək bu barədə Abşeron rayon İcra Şöbəsi tərəfindən icraata qəbul olunmuşdur. İcra sənədi üzrə öhdəlik borclu tərəfindən icra edilmədiyindən borcalan X14 məhkəmənin qərarı əsasında İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən 500 manat məbləğində cərimə olunmuş, öhdəlik icra edilmədiyindən icra sənədi üzrə icra qeydi tələbkarın ərizəsi əsasında Abşeron rayon İcra və Probasiya şöbəsinin 05.09.2018ci il tarixli 17/75-1444518-4 saylı qərarı ilə Abşeron rayon 1 saylı Notariat Ofisinə geri qaytarılmışdır. Hazırda, İddiaçı həmin icra qeydinin ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin: 224-cü maddəsinə əsasən, notariusun icra qeydi əsasında ödənilmə daxil olmaqla, ödənilməsi mübahisəsiz (akseptsiz) qaydada həyata keçirilən icra və ya digər sənədlərin icra edilməməli hesab olunmasına dair mübahisələri həll edərkən qətnamənin nəticə hissəsində icra edilməli olmayan sənədin adı, sıra sayı və tarixi, habelə silinməli olmayan məbləğ göstərilməlidir. Mülki iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borcun vaxtında qaytarılma öhdəliyini öz üzərinə götürmüş borclunun öhdəliyini yerinə yetirməməsi nəticəsində tələbkarın ərizəsi əsasında Abşeron rayonu 1 saylı Notariat Ofisi tərəfindən 24.08.2016-cı il tarixdə 7F-12363 reyestr nömrəli icra qeydi verilmiş və həmin icra qeydi icra edilməsi üçün aidiyyəti üzrə İcra şöbəsinə göndərilmişdir. Notariat haqqında Azərbaycan Respublikası Qanununun: 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 78-ci maddəsinə əsasən icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. 79-cu maddəsinə əsasən tələbkar və ya borclu fiziki şəxsdirsə, Azərbaycan Respublikasının qanunvericiliyində başqa müddətlər müəyyən olunmamışsa, icra qeydi aparıldığı gündən üç il ərzində, bütün qalan tələblər üzrə isə bir il ərzində məcburi surətdə icra olunmaq üçün təqdim edilə bilər. İcra qeydinin təqdim olunması üçün buraxılmış müddətin bərpası Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın:
161. bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir.
162. bəndinə əsasən icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. İcra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Abşeron rayonu 1 saylı Notariat Ofisinin 24.08.2016-cı il tarixli icra qeydindən müəyyən olunur ki, notarius Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan 100 000 ABŞ dolları borcun tutulması barədə icra qeydi vermişdir. Göründüyü kimi, tərəflər arasındakı müqavilə 22.05.2016-cı il tarixdə bağlanmaqla həmin müqavilə əsasında borcun geri qaytarılma müddəti 31.07.2017-ci il tarixi müəyyən edilmişdir. Müqavilə üzrə borcun geri qaytarılmaması tələbkarda onun ərizəsi əsasında müqaviləyə dair icra qeydinin verilməsi üçün əsas yaratmışdır. Beləliklə də, borclunun tələbkar qarşısında borc məbləğinin mübahisəsiz olması, tələbkar qarşısında borcu ödəmək öhdəliyini yaratması, eyni zamanda tələbetmə hüququ üzrə iddia müddətinin keçməməsi – bütün bu sadalananlar əsasında verilmiş icra qeydinin qanunvericiliyin tələblərinə uyğun şəkildə verildiyini təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1. maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində istinad etdiyi hallar icra qeydinin ləğv edilməsi üçün əsas ola bilməz və icra qeydi notarius tərəfindən verilərkən qanunvericiliyin tələbləri pozulmamış, qanula nəzərdə tutulmuş qaydada verilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının hüquqlarını müdafiə edən nümayəndəsi məhkəmə iclasında icra qeydinin ləğv edilməsi üçün hər hansı bir qanun pozuntusu olmadığını etiraf etmiş, iddiaçının əsas məqsədinin borclu barəsində inzibati deyil, cinayət məsuliyyəti yaradan tədbirlərin görülməsi olduğunu və ən nəhayətində, icra qeydinin icrasının bu səbəblərdən mümkün olmamasını bildirmişdir. Buradan da göründüyü kimi, iddiaçı icra qeydinin ləğv edilməsi üçün qanun pozuntusu olmadığı halda icra qeydinin ləğvinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İcra qeydi icra sənədi olduğundan, icra qeydinin icrası ilə bağlı daha ciddi icra hərəkəti olan borclunun cinayət məsuliyyətinə cəlb edilməsi icra qanunvericiliyində nəzərdə tutulmadığından icra sənədinin icrasının mümkün olmaması icra qeydinin ləğv edilməsi üçün əsas ola bilməz, ona görə də iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 119, 216-220, 222.2, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ:
İddiaçı cavabdeh Abşeron rayon 1 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov