Məhkəmə qərarları › İş №2(012)-575/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-575/2025

07.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-575/2025 07.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evdən istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh xüsusi mülkiyyət hüququ ilə onlara məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Mikayıl Ələkbərov küçəsində yerləşən 33 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi, Mikayıl Ələkbərov küçəsində yerləşən 33 saylı ev xüsusi mülkiyyət hüququ ilə 2/6 hissədə İddiaçı1, 1/6 hissədə övladı X39 və 3/6 hissədə qaynı X13 məxsusdur. Mənzilə dair xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış vardır. Cavabdeh Mirzəağa oğlu formal olaraq həmin ünvanda qeydiyyatdadır, 2000-ci ildən bu ünvanda yaşamır. Lakin cavabdehin onlara məxsus mənzildə hələ də formal olaraq qeydiyyatda qalması hüquqlarının pozulmasına, əlavə kommunal xərclərin ödənilməsinə səbəb olur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Digər İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hazırda cəzaçəkmə müəssisəsində saxlanılan Cavabdeh məhkəmə iclasında mobil telefon vasitəsilə bildirmişdir ki, iddianı qəbul etmir. Heç vaxt ailəli olmamışdır. Son 1 ildir ki, həbsdədir. Başqa yaşayış sahəsi yoxdur. Mübahisə predmetini təşkil edən evdən heç vaxt çıxmamışdır. Məhkəmə iclasında ifadə verən şahidlər X15 və X45 da göstərdilər ki, Cavabdeh Saray qəsəbəsi, M.Ələkbərov küçəsində yerləşən 33 saylı evdə qeydiyyatda olmasına baxmayaraq 2000-ci ildən hal-hazıra kimi orada yaşamır. Məhkəmə proses iştirakçısını və şahidləri dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Ələkbərov küçəsindəki 0,0503 torpaq sahəsində yerləşən 33 saylı ev (Yeni qaydalarla Abşeron rayonu, Saray qəsəbəsi, Mikayıl Ələkbərov küçəsi, ev 99) 1/3 hissədə İddiaçı1, 1/6 hissədə X35 və 1/2 hissədə X10 adına qeydə alınmışdır. Onların adına xx.xx.2023-cü il tarixli texniki pasport tərtib edilmişdir. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı2, X54, X55, X16, X36, Cavabdeh, X20, X40,; X33 və X1 rayonu, Saray qəsəbəsi, M.Ələkbərov küçəsindəki 33 saylı evdə qeydiyyatdadırlar. İşdə olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Ələkbərov küçəsindəki müxtəlif evlərdə yaşayan X7, X56, X46 və X5 təsdiq edirlər ki, həqiqətən Kazımov X38 qəsəbəsi M.Ələkbərov küçəsində yerləşən 33 saylı evdə qeydiyyatda olmasına baxmayaraq 2000-ci ildən hal-hazıra kimi orada yaşamır. İşdə olan xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, X22 ilə X23 xx.xx.1988-ci il tarixdə nikaha girmişlər. Nikahdan sonra arvada Kazımova soyadı verilmişdir. İşdə olan xx.xx.2013-cü il tarixli ərizədən görünür ki, Cavabdeh Mirzəağa oğlu xx.xx.1993-cü il tarixdə vəfat etmiş X8 miras qalmış Abşeron rayonu, Saray qəsəbəsi, M.Ələkbərov küçəsindəki ev 33 və onun həyətyanı torpaq sahəsindən ona çatan payı qəbul etməmişdir, qəbul etmir, həmin vərəsəliyin qəbulu ilə bağlı ötürülmüş müddətin bərpası ilə əlaqədar məhkəmədə iddia qaldırmayacaqdır. Həmin vərəsəlik payının X24 adına keçməsinə etiraz etmir. İşdə olan ölüm haqqında AZ-İİ 063883 saylı şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Ələkbərov küçəsindəki 0,0503 torpaq sahəsində yerləşən 33 saylı evin X10 adına olan ½ hissəsi 3 vərəsəsi arasında bərabər bölünmüşdür: İddiaçı1, X54 və X55. İşdə olan xx.xx.2023-cü il tarixli miras payının bağışlanma müqaviləsinin surətindən görünür ki, X55 qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnaməyə əsasən ona düşən miras payını İddiaçı1 bağışlamışdır. İşdə olan xx.xx.2020-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Ələkbərov küçəsindəki 0,0503 torpaq sahəsində yerləşən 33 saylı ev 1/2 hissədə X17 və 1/2 hissədə X10 adına qeydə alınmışdır. Onların adına xx.xx.2020-ci il tarixli texniki pasport tərtib edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin surətindən görünür ki, X2 rayonu, Saray qəsəbəsi, M.Ələkbərov küçəsindəki 0,0503 torpaq sahəsində yerləşən 33 saylı evin yerləşdiyi torpaq sahəsinin 2/12 hissəsini X26 bağışlamışdır. İşdə olan xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Ələkbərov küçəsindəki 0,0503 torpaq sahəsində yerləşən 33 saylı ev 1/2 hissədə X17 və 1/2 hissədə X10 adına qeydə alınmışdır. Torpaq sahəsinin 2/12 hissəsi X14, 6/12 hissəsi X13, 4/12 hissəsi X26 məxsusdur. Onların adına xx.xx.2019-cu il tarixli texniki pasport tərtib edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X8 miras qalmış Abşeron rayonu, Saray qəsəbəsi, M.Ələkbərov küçəsindəki 0,0503 torpaq sahəsi və orada yerləşən 33 saylı ev vərəsələri X18, X37 və X22 arasında bölünür. İşdə olan xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X6 miras qalmış Abşeron rayonu, Saray qəsəbəsi, M.Ələkbərov küçəsindəki 0,0503 torpaq sahəsi və orada yerləşən 33 saylı ev vərəsələri X37 və X22 arasında bölünür. İşdə olan xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X3 miras qalmış Abşeron rayonu, Saray qəsəbəsi, M.Ələkbərov küçəsindəki 0,0503 torpaq sahəsi və orada yerləşən 33 saylı ev vərəsələri X18, X37 və X22 arasında bölünür. İşdə olan xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X27 miras qalmış Abşeron rayonu, Saray qəsəbəsi, M.Ələkbərov küçəsindəki 0,0503 torpaq sahəsi və orada yerləşən 33 saylı ev vərəsələri X37 və X22 arasında bölünür. İşdə olan xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Ələkbərov küçəsindəki 0,0503 torpaq sahəsi və orada yerləşən 33 saylı ev X11, X4, X34, X9, X12 və X10 adına qeydə (ümumi birgə) alınmışdır. Onların adına texniki pasport tərtib edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli ev əvvəllər X11, X4, X34, X9, X12 və X10 ümumi birgə mülkiyyətində olmuş, bəzi mülkiyyətçilər öldüyündən bir neçə dəfə vərəsəlik işləri açılmışdır. Mübahisəli evə dair A.N.Kazımovun adına 1987-ci ildə fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir. Hazırda bu əmlak 1/3 hissədə İddiaçı1, 1/6 hissədə X35 və 1/2 hissədə X10 adına qeydə alınmışdır. Mülkiyyətçilərdən Cavabdeh xx.xx.2020-ci il tarixdə ölmüşdür və İddiaçı2 onun arvadıdır. İş materiallarından görünür ki, cavabdeh hələ 2013-cü ildə notarial qaydada təsdiq edilmiş ərizə yazaraq miras əmlaka olan payından imtina etdiyini göstərmişdir. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarında qeyd etmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh artıq 20 ildir ki, mübahisəli evdə yaşamır, yəni oradan istifadə etmir. Bununla belə, işdən görünür ki, o, mübahisəli evdə qeydiyyatdadır. Hazırda İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Mikayıl Ələkbərov küçəsində yerləşən 33 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan Hüquqlarının və X32 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Məhkəmə qeyd edir ki, qanuna əsasən mübahisəli mənzillə bağlı Cavabdeh malik olduğu bütün hüquqlar və öhdəliklər o, öldükdən sonra arvadı (vərəsəsi) İddiaçı2 ötürülür. Başqa sözlə, onun mənzilə dair mülkiyyət hüququ qeydə alınmasa da, bu əmlakla bağlı sahiblik və istifadə hüququnun mövcud olması şübhəsizdir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı1 ilə yanaşı İddiaçı2 da hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yaranmışdır. Cavabdehin isə bu mənzillə bağlı hazırda hər hansı hüququnun, o cümlədən istifadə hüququnun mövcudluğu iş materiallarından görünmür. Onun mərhum Mirzəağa Kazımovun övladı olması mövcud qanunvericiliyə görə bu daşınmaz əmlakla bağlı hüququnun yaranması üçün əsas hesab edilmir, çünki xx.xx.2013-cü ildə M.Kazımov vəfat edəndən sonra mübahisəli evə dair vərəsəlik işinin açılması məqsədilə cavabdeh xx.xx.2013-cü il tarixli imtina ərizəsi yazmış və əmlak yuxarıda qeyd olunan şəkildə digər vərəsələrin adına rəsmiləşdirilmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, cavabdehin xx.xx.1977-ci il təvəllüdlü olması və mübahisəli evə dair 1987-ci ildə onun babası X11 adına texniki pasportun tərtib edilməsi nəzərə alınsa belə, bu, iddianın rədd edilməsi üçün əsas hesab edilmir. Belə ki, həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin (2009-cu ilədək qüvvədə olub) 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Yuxarıda da qeyd olunduğu kimi, cavabdeh artıq 20 ildir ki, mübahisəli evdə yaşamır, bu isə onun başqa yerdə daimi əsaslarla yaşaması mənasına gəlir. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh hazırda mübahisəli evdən istifadə hüququ qalmamışdır. Beləliklə, işin hallarına və mülki qanunvericiliyə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsi, Mikayıl Ələkbərov küçəsində yerləşən 33 saylı evdən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsi, Mikayıl Ələkbərov küçəsində yerləşən 33 saylı (Yeni qaydalarla Abşeron rayonu, Saray qəsəbəsi, Mikayıl Ələkbərov küçəsi, ev 99) evdən istifadə hüquqları itirilmiş hesab edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar