Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5810/2021 21.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hyundai Sonata” markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4000 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumu olmaqla cəmi 4030,40 manat Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh 28.11.2014-cü il tarixdə idarə etdiyi “VAZ 21063” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “Hyundai Sonata” markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə sonuncu avtomobilə maddi ziyan dəymişdir. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh sürücülük vəsiqəsi olmamışdır. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermis yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması DYPİ-nin YPXA-nin CYP 685441 saylı X6 Protokolunda öz əksini tapmışdır. 25.12.2014-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Hyundai Sonata” markalı ** SP *** dövlət qediyyat nişanlı avtomobilə 4000 manat ziyan dəymişdir. PAT ********** saylı sığorta müqaviləsinin 013109 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 4000 manat sığorta ödənişi həyata keçirmişdir. Göstərilənlərə əsasən hesab edir ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə dəymiş 4000 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Bunlara əsasən, o, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 30.12.2014-cü il tarixli, 013109 №-li sığorta aktından görünür ki, Cavabdeh İddiaçı Sığorta Şirkəti tərəfindən sığortalanmış 28.11.2014-cü il tarixdə idarə etdiyi “VAZ 21063” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət edərkən avtomobili sürüşərək qarşı zolaqda hərəkət edən “Hyundai Sonata” markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir, zərərlə bağlı maddi ziyanın ümumi məbləği 4000 manat müəyyən edilmiş və köçürülmə yolu ilə X2 ödənilmişdir. İş materiallarında olan Abşeron rayon məhkəməsinin 3(012)-764/2014 saylı, 02 dekabr 2014cü il tarixli X6 iş üzrə qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və ona 400 manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan DYPİ-nin YPXA-nin CYP 685441 saylı X6 Protokolundan görünür ki, Cavabdeh təqsirli olması öz əksini tapmışdır. İş materiallarında olan 25.12.2014-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, “Hyundai Sonata” markalı ** SP *** dövlət qediyyat nişanlı avtomobilə 4000 manat ziyan dəymişdir. İş materiallarında olan PAT ********** saylı sığorta müqaviləsinin 013109 saylı sığorta aktından görünür ki, İddiaçı Sığorta Şirkəti 4000 manat sığorta ödənişi həyata keçirmişdir. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Cavabdeh 28.11.2014-cü il tarixdə idarə etdiyi “VAZ 21063” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “Hyundai Sonata” markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə sonuncu avtomobilə maddi ziyan dəymişdir. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh sürücülük vəsiqəsi olmamışdır. Baş vermis yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması DYPİ-nin YPXA-nin CYP 685441 saylı X6 Protokolunda öz əksini tapmışdır. 25.12.2014-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Hyundai Sonata” markalı ** SP *** dövlət qediyyat nişanlı avtomobilə 4000 manat ziyan dəymişdir. PAT ********** saylı sığorta müqaviləsinin 013109 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 4000 manat sığorta ödənişi həyata keçirmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı təşkilatın sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 4000 manat sığorta ödənişinin məbləğini cavadehdən tələb etmək hüququ vardır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.2-ci maddəsinə əsasən Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.3-cü maddəsinə əsasən faydalanan şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30,40 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. “Hyundai Sonata” markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4000 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumu olmaqla cəmi 4030,40 manat Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-5810/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5810/2021
21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver