Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-586/2021 23.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölgüsü tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölgüsü tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ümumi paylı mülkiyyətdə olmaqla 0.088 ha hissəsi ona, 0.022 ha hissəsi isə Cavabdeh məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsinin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ümumi paylı mülkiyyətdə olmaqla 0.088 ha hissəsi ona, 0.022 ha hissəsi isə Cavabdeh məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsinin üzərindəki tikililər nəzərə alınmadan (tikililər söküldükdən sonra) naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayon Məhkəməsinin 2(012)-289/2019 saylı, 04.10.2019- cu il tarixli qətnaməsinə əsasən onun və övladları X4, İsmayılova (Abdullayeva) Günay Zakir qızının, Məmmədli (Abdullayeva) Şirin Zakir qızının, Cavabdeh ümumi birgə mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsinə dair hər biri üçün 2.2 sot (0.022 ha) pay müəyyən edilmişdir. Qeyd edilən qətnamə 20.12.2019-cu il tarixdə qanuni qüvvəsini almışdır. Daha sonra paylı mülkiyyətin digər payçıları olan üç övladı X8, İsmayılova (Abdullayeva) Günay Zakir qızı, Məmmədli (Abdullayeva) Şirin Zakir qızı ilə onun arasında 27.07.2020-ci il tarixdə Abşeron rayonu 1 saylı notariat ofisində bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən onlar özlərinə məxsus payları ona bağışlamış, həmin müqaviləyə əsasən DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsinin planı və ölçüsü, həmçinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsinin 0.088 ha hissəsinin ona, 0.022 ha hissəsinin isə Cavabdeh məxsus olmasına baxmayaraq paylı mülkiyyətin naturada bölgüsü aparılmadığından mülkiyyət hüququ xəyali xarakter almış, mülkiyyətdən istifadə edilməsində çətinliklər yaranmışdır. Mülki iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsinin ona məxsus 0,088 ha pay hissəsinin və Cavabdeh məxsus 0,022 ha pay hissəsinin bölünməsi həmin torpaq sahəsi üzərindəki tikililər nəzərə alınmadan (tikililər söküldükdən sonra) mümkündür. Bu səbəbdən də, hesab edir ki, daşınmaz əmlakın dövlət reyestri xidmətində heç bir qeydiyyatı olmayan və onun mülkiyyət hüququnu sərbəst həyata keçirməsinə mane olan həmin özbaşına tikili və ya tikililərin sökülməklə torpaq sahəsinin naturada bölünməsi barədə qətnamə qəbul edilməlidir. Bu səbəbdən də, iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil İddiaçı izahatı ilə eyni məzmunlu izahat vermişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun vəkili-nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; -Abşeron Rayon Məhkəməsinin 04.10.2019-cu il tarixli 2(012)-289/2019 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsinə dair hüquq sahibləri İddiaçı, X1, Cavabdeh, X4 və X2 hər biriləri üçün paylarının 2,2 sot müəyyən edilməsi qət edilmişdir. -Abşeron Rayon Məhkəməsinin 04.10.2019-cu il tarixli 2(012)-289/2019 saylı icra sənədindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 04.10.2019-cu il tarixli 2(012)- 289/2019 saylı qətnaməsi 20.12.2019-cu il tarixdə icraya yönəldilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsinin 0.022 ha hissəsi Cavabdeh adına 15.04.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi, 0.088 ha hissəsi isə İddiaçı adına 27.08.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. -Hədiyyə verənlər X9, X10, X8 ilə hədiyyə alan İddiaçı arasında bağlanmış 27.07.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin surətindən müəyyən olunur ki, hədiyyə verənlər Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə onlara məxsus olan hissələrini anaları İddiaçı mülkiyyətinə vermişdir. -X6 notarial qaydada təsdiq olunmuş 14.07.2020-ci il tarixli ərizəsindən görünür ki, o, **********99 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətdə olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsindən arvadı X2 payına düşən hissəsinin satılmasına, bağışlanmasına, ipotekaya (girov) qoyulmasına etirazı olmadığını bildirmişdir. -X3 notarial qaydada təsdiq olunmuş 15.07.2020-ci il tarixli ərizəsindən görünür ki, o, **********99 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətdə olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsindən arvadı X5 payına düşən hissəsinin satılmasına, bağışlanmasına, ipotekaya (girov) qoyulmasına etirazı olmadığını bildirmişdir. -X7 notarial qaydada təsdiq olunmuş 15.07.2020-ci il tarixli ərizəsindən görünür ki, o, **********99 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətdə olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsindən əri X4 payına düşən hissəsinin satılmasına, bağışlanmasına, ipotekaya (girov) qoyulmasına etirazı olmadığını bildirmişdir. -AA 228478 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 11.09.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri ünvan 1 ünvandan 10.10.2016-cı il tarixdə çıxmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.04.2021-ci il tarixli 10/4267 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin Çıxarışına əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.11 ha torpaq sahəsinin İddiaçı 0.088 ha pay hissəsi və Cavabdeh 0.022 ha pay hissəsinə mütənasib olaraq bölünməsi həmin torpaq sahəsi üzərindəki tikililər nəzərə alınmadan (tikililər söküldükdən sonra) mümkündür. Rəydən daha sonra görünür ki, tədqiqat Abşeron rayonu ərazisində yerləşən torpaq sahələri üzrə aparılır. Tədqiqatın aparılması üçün tədqiqat obyektinə baxış keçirilmiş və mülki iş materiallarından istifadə olunmuşdur. Mülki iş materiallarından göründüyü kimi, sözügedən torpaq sahəsi Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşir. Torpaq sahəsi 0.11 hektardır. Torpaq sahəsinin 0.022 ha hissəsi Cavabdeh, 0.088 ha hissəsi isə İddiaçı mülkiyyətindədir. Bundan əlavə qeyd olunur ki, torpaq sahəsinə dair mülki iş materiallarında (səh. 18) “Torpaq sahəsinin planı və ölçüsü” sənədi mövcuddur. Baxış zamanı torpaq sahəsi üzərində müxtəlif yarımçıq tikililərin olduğu müəyyən edilmişdir. Torpaq sahəsi iki tərəfdən yol ilə, iki tərəfdən isə həyətyanı sahələr ilə əhatə olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04 aprel 2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra Mülki Məcəllə adlanacaq) 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin aşağıda göstərilən maddələrinə əsasən: 213.1. maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220.1. maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 04.10.2019-cu il tarixli 2(012)-289/2019 saylı qətnaməsi ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsinə dair hüquq sahibləri İddiaçı, X1, Cavabdeh, X4 və X2 hər biriləri üçün paylarının 2,2 sot müəyyən edilməsi qət edilmiş, 27.07.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən isə X9, X10, X8 həmin torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə onlara məxsus olan hissələrini anaları İddiaçı bağışlamışdır. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsinin 0.022 ha hissəsinin Cavabdeh adına 15.04.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi, 0.088 ha hissəsinin isə İddiaçı adına 27.08.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən çıxarış verilmişdir. Hazırda, paylı mülkiyyət hüququ əsasında tərəflərə məxsus olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu həyata keçirməsində çətinliklər yarandığından iddiaçı daşınmaz əmlakın naturada bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daşınmaz əmlakın paylara uyğun olaraq naturada bölünməsi tələbi üzrə rəy verilməsi xüsusi bilik tələb etdiyindən, məhkəmənin təyin etdiyi ekspertiza əsasında məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.04.2021-ci il tarixli 10/4267 saylı rəyinə əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.11 ha torpaq sahəsinin İddiaçı 0.088 ha pay hissəsinin və Cavabdeh 0.022 ha pay hissəsinə mütənasib olaraq bölünməsi həmin torpaq sahəsi üzərindəki tikililər nəzərə alınmadan (tikililər söküldükdən sonra) mümkün olduğu müəyyən edildiyindən məhkəmə ekspert rəyini Mülki prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq digər sübutlarla yanaşı qiymətləndirib və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini əsas tutub hesab edir ki, iddia tələbi təmin edilməli, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsi onun üzərindəki tikililər nəzərə alınmadan (tikililər söküldükdən sonra) naturada bölgüsü aparılmalıdır. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7. maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Eyni zamanda Mülki Prosessual Məcəllənin: 107 maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat bərabər hissələrdə tərəflərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi təmin edilsin. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsi onun üzərindəki tikililər nəzərə alınmadan (tikililər söküldükdən sonra) naturada bölgüsü aparılsın. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manatın 25 (iyirmi beş) manat hissəsi İddiaçı, 25 (iyirmi beş) manat hissəsi isə Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov