Məhkəmə qərarları › İş №2(012)-598/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-598/2023

10.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-598/2023 10.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və uşaqların onun yanında saxlanılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması və uşaqların onun yanında saxlanılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə Zəngilan rayon Qeydiyyat şöbəsində bağlanmış 77 nömrəli akt qeydli nikahın pozulması, cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2014cü il təvəllüdlü X3 onun yanında saxlanılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X7 anadan olmuşdur. Cavabdehlə xarakterləri uyğun gəlməmiş, ailə münasibətlərinin dağılmaması üçün cəhdlər göstərsə də, müsbət nəticə əldə edə bilməmişdir. Bu səbəbdən də, cavabdeh ilə bağladığı nikahının pozulmasında fikri qətidir, nikah məhkəmə qaydasında pozulacağı təqdirdə birgə nikahlarından olan uşaqların onun yanında saxlanılmasını xahiş edir və uşaqların saxlanılması üçün cavabdehdən aliment tələb etmir. Uşaqlar hazırda, onun himayəsində olmaqla onunla birlikdə yaşayırlar. Cavabdeh Naxçıvan Muxtar Respublikasına çıxıb getmiş və uşaqlarla bəzən telefon əlaqəsi saxlayır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini qəbul edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, cavabdeh özü də iddia ərizəsinin təmin olunmasına etiraz etmir, cavabdehin şəraiti ilə əlaqədar olaraq iddiaçı ilə münasibətləri pozulmuş və bu səbəbdən də, uşaqları saxlamaq üçün şəraiti imkan vermədiyindən uşaqların atalarının yanında saxlanılmasına etiraz etmir. Cavabdeh Naxçıvanda yaşadığı üçün Mediasiya prosesində iştirak edə bilməmiş, əks təqdirdə, Mediasiya prosesində də öz razılığını bildirmiş olacaqdı. Ona görə də iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etməklə bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş xx.xx.2006-cı il təvəllüdlü X6 izahatında göstərmişdir ki, valideynləri arasında tez-tez mübahisələr olurdu. Anası 1 ildən çoxdur ki, gedib. Nikah pozulandan sonra atası ilə birlikdə yaşamaq istəyir. Məhkəmə iclasında dindirilmiş xx.xx.2007-ci il təvəllüdlü X5 izahatında göstərmişdir ki, valideynləri arasında tez-tez mübahisələr olurdu. Anası 1 ildən çoxdur ki, gedib. Nikah pozulandan sonra atası ilə birlikdə yaşamaq istəyir. Məhkəmə iclasında dindirilmiş xx.xx.2014-cü il təvəllüdlü X7 izahatında göstərmişdir ki, onun 8 yaşı var və 3-cü sinifdə təhsil alır. Anasının harada olması barədə məlumatı yoxdur, anası onlara baxmamış, onlara nənəsi baxmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbinə dair münasibətini araşdırıb, mülki iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsi adlanacaq) 19.1-ci maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Zəngilan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli AZ-İ № 197300 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 77 nömrəsi ilə qeyd edilmişdir. -Asan1 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZE № 18702017 saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2006-cı il tarixdə anadan olmuş, atası İddiaçı, anası Cavabdehdır. -Asan1 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZE № 11364858 saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2007-ci il tarixdə anadan olmuş, atası İddiaçı, anası Cavabdehdır. -Asan1 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZE № 18700647 saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə anadan olmuş, atası İddiaçı, anası Cavabdehdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Əsədli X4 rayonu Q.Müşlan kəndində, Cavabdeh isə Abşeron rayonu Ceyranbatan qəsəbəsi Yeni Məhəllə ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X7 anadan olmuşdur. Hazırda, tərəflərin ailə nikah münasibətləri pozulmuş, nikahları formal xarakter daşıyır, bu səbəbdən də, iddiaçı nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə iclasında tərəflər nikahlarının pozulmasına qarşılıqlı razı olduqlarını bildirmişlər. Ailə Məcəlləsinin: 19.2 maddəsinə əsasən, ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. 20.1. maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, tərəflər nikahlarının pozulmasına qarşılıqlı razı olduqlarından, nikaha daxil olmaq könüllü olduğu kimi, nikah münasibətlərində qalmaq da tərəflərin iradəsindən asılı olan hal olduğundan iddia ərizəsi bu hissədə təmin edilərək, tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Ailə Məcəlləsinin: 22.2.1. və 22.2.2. maddələrinə əsasən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və aliment məsələsini həll etməlidir. 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Qanunun qeyd edilən norması nəzərə alınaraq tərəflərin birgə nikahından olan və məhkəmə iclasında dindirilmiş xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X7 atalarının yanında qalmaq istədiklərini bildirmişlər. Məhkəmə eyni zamanda, tərəflərin birgə nikahlarından olan uşaqların yaşını, ataya daha çox bağlılığını, cavabdehin uşaqların atalarının yanında qalmasına dair razılıq ərizəsini və digər əhəmiyyətli halları nəzərə alaraq hesab edir ki, xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X7 atalarının (iddiaçının) yanında qalmaları uşaqların mənafeyinə uyğundur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İddiaçı cavabdeh ilə birgə nikahlarından olan uşaqların onun yanında saxlanılacağı təqdirdə cavabdehdən uşaqların saxlanılması üçün aliment tələb etmədiyini bildirdiyindən məhkəmə uşaqların saxlanılması üçün alimentin tutulması məsələsinə toxunmur. Belə ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bеləliklə, məhkəmə qаnunun qеyd еdilən tələblərini rəhbər tutub məhkəmə iclаsındа tədqiq еdilən sübutlаrı qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikаhındаn оlаn uşаqların yaşını, mənаfеyini nəzərə аlаrаq, xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X3 ataları İddiaçı yanında saxlanılmasını daha məqsədəmüvаfiq hеsаb еdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə Zəngilan rayon Qeydiyyat şöbəsində bağlanmış 77 nömrəli akt qeydli nikah pozulsun. Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X7 ataları İddiaçı yanında saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar