Məhkəmə qərarları › İş №2(012)-6023/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-6023/2021

01.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-6023/2021 01.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, İddiaçı Cavabdeh qarşı miras əmlakın bərabər paylarda müəyyən edilməsi tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı miras əmlakın bərabər paylarda müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Abşeron rayonu Fatmayı kəndi D.Allahverdiyev küçəsində yerləşən 16 saylı evin 47.8 kv.m hissəsinin oğlu Cavabdeh, evin qalan hissəsinin və mülkiyyətində olan 0.0366 kv.m torpaq sahəsinin qızı X1 naturada bölünərək bağışlanması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 149 və 151-ci maddələrinin tələblərinə cavab vermədiyindən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin: 149.1 maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2.3. maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizəyə əlavə edilməlidir. 151.1 maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21.05.2019-cu il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən Abşeron rayonu Fatmayı kəndi D.Allahverdiyev küçəsində yerləşən 16 saylı ev İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 207 saylı reyestr kitabının 85 saylı vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 213.1. maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220.1. maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İddia ərizəsindən və ona əlavə olunmuş 21.05.2019-cu il tarixli çıxarışdan göründüyü kimi, İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 207 saylı reyestr kitabının 85 saylı vərəqində qeydiyyata alınmış Abşeron rayonu Fatmayı kəndi D.Allahverdiyev küçəsində yerləşən 16 saylı evə dair paylar müəyyən edilmədiyi halda, iddiaçı həmin ev barəsində cavabdehə və qızına dair naturada bölünməsini məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 152.1.1 maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə dair naturada bölünməsini xahiş etdiyi hissələrin cavabdeh olan oğlu Cavabdeh və qızı X1 verilməsini xahiş etsə də, X2 cavabdeh qismində iddia ərizəsində qeyd etməməklə iddia ərizəsinin forma və məzmuna riayət etməmişdir. Beləliklə məhkəmə, iddiaçı tərəfindən iddia ərizəsinə paylı mülkiyyət hüququnu təsdiq edən sənəd əlavə edilmədiyindən və bununla da iddia ərizəsinin forma və məzmununa riayət etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərarına gəlir. Mülki Məcəllənin: 389.1. maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 666.1. maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məhkəmə həmçinin qeyd edir ki, müqavilə tərəflərin müstəqil iradə ifadəsi əsasında bağlanıldığından iddiaçıya daşınmaz əmlaka dair paylar müəyyən edildikdən sonra payın bağışlanmasına dair aidiyyəti quruma müraciət etmək hüquqlarının olduğu izah olunur. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı, iddia ərizəsində yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya təkrarən ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 35.1, 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı Cavabdeh qarşı miras əmlakın bərabər paylarda müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar