Məhkəmə qərarları › İş №2(012)-6033/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6033/2021

16.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6033/2021 16.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X2 kаtibliyi, İddiaçı, Üçüncü şəxs Maraqlı şəxs iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon 1 saylı Notariat Kontoruna qarşı 04.03.2017-ci il tarixli 337 nömrəli icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abşeron rayon 1 saylı Notariat Kontoruna qarşı 04.03.2017-ci il tarixli 337 nömrəli icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon 1 saylı Notariat Kontorunun xüsusi notariusu X3 tərəfindən tərtib olunmuş və icrası üçün Beyləqan rayon İcra və Probasiya şöbəsinə göndərilmiş 04.03.2017-ci il tarixli 337 nömrəli icra qeydinin ləğv edilməsinin məhkəmə qaydasında təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 04.06.2015-ci il tarixdə Salyan rayonu Boranıkənd kənd sakini Maraqlı şəxs ilə onun arasında formal olaraq, yəni pulun verilmədiyi halda, mənzil mübahisəsi ilə bağlı 10000 manat pulun borc verilməsinə dair kredit müqaviləsi imzalanmışdır. Buna görə də Abşeron rayonu 1 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən 04.03.2017-ci il tarixli 337 nömrəli icra qeydi tərtib edilmiş, həmin icra qeydinin əsasında da Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən 16.03.2017-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. İcra sənədi 26.08.2021-ci il tarixdə icra olunması üçün Beyləqan rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. 14.09.2021-ci il tarixdə Beyləqan rayon İcra və Probasiya şöbəsinə dəvət edildikdən sonra ona Maraqlı şəxs xeyrinə 10000 manat pulun ödəməsi barədə öhdəliyi bəlli olmuşdur. Halbuki, Maraqlı şəxs ona heç vaxt borc pul verməmişdir. O, cavabdeh Maraqlı şəxs qarşı borc müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Salyan rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, həmin məhkəmənin 13.06.2018-ci il tarixli qətnaməsindən də məlum olmuşdur ki, o, Maraqlı şəxs borc pul almamış və həmin kredit müqaviləsi mənzil üstündə yaranmış mübahisəni pərdələmək üçün bağlanmışdır. Salyan rayon Məhkəməsinin 13.06.2018-ci il tarixli qətnaməsindən həmçinin, o da məlum olmuşdur ki, həmin vaxt cavabdeh olmuş Maraqlı şəxs 26.04.2018-ci il tarixli məhkəmə prosesi zamanı borc müqaviləsinin görünüş üçün bağlanıldığını, əslində isə həmin müqavilənin mənzillə əlaqədar olan mübahisəni pərdələmək üçün bağlanıldığını təsdiqləmiş, eyni zamanda, bu cür əqdin bağlandığı gündən etibarsız olması müəyyən edilmişdir. Belə olan halda isə Abşeron rayonu 1 saylı Notariat Kontorunun xüsusi notariusu X3 tərəfindən tərtib olunmuş və icrası üçün Beyləqan rayon İcra və Probasiya şöbəsinə göndərilmiş 04.03.2017-ci il tarixli 337 nömrəli icra qeydi ləğv edilməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Maraqlı şəxs iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, borcalan İddiaçı ilə bağladığı 04.06.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcalana 10000 manat pulu borc verməyi, borc alan isə krediti 01.09.2015-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. O, pulu iddiaçıya əlbəəl, yəni nağd şəkildə vermiş, həmin müqavilə notarial qaydada təsdiq olunmuşdur. Borc pulun verilməsinə görə 1300 manat bank xidmət haqqı tuulmuşdur. Eyni zamanda, iddiaçı ona qarşı borc müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Salyan rayon Məhkəməsinə müraciət etmiş, Salyan Rayon Məhkəməsinin 13.06.2018-ci il tarixli 2(057)- 566/2018 saylı qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilməmişdir. İddiaçı kredit müqaviləsi üzrə borcunu vaxtında geri verməmiş, bu səbəbdən də onun ərizəsi əsasında Abşeron rayon 1 saylı Notariat Kontoru tərəfindən 04.03.2017-ci il tarixdə icra qeydi verilmiş, Beyləqan rayon İcra və Probasiya şöbəsi tərəfindən isə iddiaçı icra qeydi üzrə öhdəlik icra edilmədiyi təqdirdə bu barədə xəbərdarlıq edilmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Abşeron rayon 1 saylı Notariat Kontoruna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Borcverən Maraqlı şəxs ilə borcalan İddiaçı arasında bağlanmış 04.06.2015-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borcverən borcalana 10000 manat pulu borc verməyi, borc alan isə krediti 01.09.2015-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. -Abşeron rayon 1 saylı Notariat Kontorunun 04.03.2017-ci il tarixli 7E-3371 reyestr nömrəli icra qeydinin surətindən görünür ki, İddiaçı Maraqlı şəxs xeyrinə vaxtında ödənilməmiş 10 000 manat pul vəsaitinin tutulmasına dair icra qeydi verilmişdir. -Abşeron rayon İcra Şöbəsinin 16.03.2017-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Abşeron rayon 1 saylı Notariat Kontorunun 04.03.2017-ci il tarixli 7E-3371 reyestr nömrəli icra qeydi üzrə icraata başlanılmış və tərəflərə 10 gün müddətində könüllü icra müddəti üzrə möhlət verilmişdir. -Salyan Rayon Məhkəməsinin 13.06.2018-ci il tarixli 2(057)-566/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Maraqlı şəxs qarşı borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən daha sonra görünür ki, İddiaçı borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsini iddia müddətini ötürməklə vermişdir. -Beyləqan rayon İcra və Probasiya şöbəsinin 26.08.2021-ci il tarixli 87342/2017-10- 002 saylı xəbərdarlığından görünür ki, icra şöbəsi tərəfindən borclu İddiaçı Abşeron rayon 1 saylı Notariat Kontorunun 04.03.2017-ci il tarixli 7E-3371 reyestr nömrəli icra qeydi üzrə öhdəlik icra edilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edilmiş, həmin xəbərdarlıq 14.09.2021-ci il tarixdə borclu tərəfindən imza edilərək təhvil alınmışdır. -Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının Birinci Şahsevən kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 23.09.2021-ci il tarixli 833 saylı arayışdan görünür ki, Fətizadə X4 rayonu, Birinci Şahsevən kəndində yaşayır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında borc münasibətlərindən irəli gələn mübahisə yaranmış, belə ki, tərəflər arasında bağlanmış 04.06.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh Maraqlı şəxs İddiaçı 10000 manat pulu borc şəklində vermişdir. Kredit müqaviləsi üzrə cavabdeh öhdəliyini icra edərək iddiaçıya borc vermiş, lakin iddiaçı müqavilə üzrə öhdəliyini vaxtında icra etmədiyindən cavabdehin ərizəsi əsasında Abşeron rayonu 1 saylı Notariat Kontoru tərəfindən 04.03.2017-ci il tarixdə 7E-3371 reyestr nömrəli icra qeydi verilmiş, həmin icra qeydi icraya yönəldilərək bu barədə Abşeron rayon İcra Şöbəsi tərəfindən 16.03.2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Eyni zamanda, Beyləqan rayon İcra və Probasiya şöbəsi tərəfindən qəbul edilmiş 26.08.2021-ci il tarixli 87342/2017-10-002 saylı xəbərdarlıq məktubu əsasında borclu İddiaçı Abşeron rayon 1 saylı Notariat Kontorunun 04.03.2017-ci il tarixli 7E-3371 reyestr nömrəli icra qeydi üzrə öhdəliyin icra edilməməsinə görə xəbərdar edilmişdir. Hazırda, İddiaçı həmin icra qeydinin ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin: 224-cü maddəsinə əsasən, notariusun icra qeydi əsasında ödənilmə daxil olmaqla, ödənilməsi mübahisəsiz (akseptsiz) qaydada həyata keçirilən icra və ya digər sənədlərin icra edilməməli hesab olunmasına dair mübahisələri həll edərkən qətnamənin nəticə hissəsində icra edilməli olmayan sənədin adı, sıra sayı və tarixi, habelə silinməli olmayan məbləğ göstərilməlidir. Mülki iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borcun vaxtında qaytarılma öhdəliyini öz üzərinə götürmüş borclunun öhdəliyini yerinə yetirməməsi nəticəsində tələbkarın ərizəsi əsasında Abşeron rayonu 1 saylı Notariat Kontoru tərəfindən 04.03.2017-ci il tarixdə 7E-3371 reyestr nömrəli icra qeydi verilmiş və həmin icra qeydi icra edilməsi üçün aidiyyəti üzrə İcra şöbəsinə göndərilmişdir. Notariat haqqında Azərbaycan Respublikası Qanununun: 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 78-ci maddəsinə əsasən icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. 79-cu maddəsinə əsasən tələbkar və ya borclu fiziki şəxsdirsə, Azərbaycan Respublikasının qanunvericiliyində başqa müddətlər müəyyən olunmamışsa, icra qeydi aparıldığı gündən üç il ərzində, bütün qalan tələblər üzrə isə bir il ərzində məcburi surətdə icra olunmaq üçün təqdim edilə bilər. İcra qeydinin təqdim olunması üçün buraxılmış müddətin bərpası Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın:

161. bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir.

162. bəndinə əsasən icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. İcra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Abşeron rayonu 1 saylı Notariat Kontorunun xüsusi notariusu B.S.İslamovun 04.03.2017-ci il tarixli icra qeydindən müəyyən olunur ki, notarius Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan 10000 manat borcun tutulması barədə icra qeydi vermişdir. Göründüyü kimi, tərəflər arasındakı müqavilə 04.06.2015-ci il tarixdə bağlanmaqla həmin müqavilə əsasında borcun geri qaytarılma müddəti 01.09.2015-ci il tarixi müəyyən edilmişdir. Müqavilə üzrə borcun geri qaytarılmaması tələbkarda onun ərizəsi əsasında müqaviləyə dair icra qeydinin verilməsi üçün əsas yaratmışdır. Beləliklə də, borclunun tələbkar qarşısında borc məbləğinin mübahisəsiz olması, tələbkar qarşısında borcu ödəmək öhdəliyini yaratması, eyni zamanda tələbetmə hüququ üzrə iddia müddətinin keçməməsi – bütün bu sadalananlar əsasında verilmiş icra qeydinin qanunvericiliyin tələblərinə uyğun şəkildə verildiyini təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1. maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində istinad etdiyi hallar icra qeydinin ləğv edilməsi üçün əsas olmadığından iddia ərizəsi əsassızdır, ona görə də təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 119, 216-220, 222.2, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ:

İddiaçı cavabdeh Abşeron rayon 1 saylı Notariat Kontoruna qarşı 04.03.2017-ci il tarixli 337 nömrəli icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar