Məhkəmə qərarları › İş №2(012)-610/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-610/2022

13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-610/2022 13.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 820 manat pul və 30.40 manat dövlət rüsumu olmaqla, cəmi 850.40 manat pul vəsaitinin Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçı Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə 690 manat pul və 30.40 manat dövlət rüsumu olmaqla, cəmi 720.40 manat pul və ekspertiza xərci olaraq 100 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə, saat 11:20 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində icbari sığorta növü ilə sığortalanmış, X4 məxsus və Cavabdeh tərəfindən etibarnamə olmadan idarə olunan ‘‘Volkswagen Toureg” markalı, ** GT *** dövlət nişanlı avtomobil “Mercedes GL5005” markalı, ** KH *** dövlət nişanlı avtomobillə toqquşmuş, nəticədə, sonuncu avtomobilə maddi zərər dəymişdir. Bakı şəhəri Nizami rayon X17 Şöbəsinin xx.xx.2020-ci il tarixli TP4101903 saylı Qərarına əsasən, baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh qanunvericiliyin tələblərini pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qiymətləndirmə aktına əsasən, “Mercedes GL500” markalı, ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilə 820 manat maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 7863 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra iddiaçı tərəfindən zərərçəkən “Mercedes GL500” markalı, ** KH *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 820 manat sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi olaraq, 820 manat sığorta ödənişi zərərçəkənə ödənildiyindən, Dövlət Sığorta Kommersiya Şirkətinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin tələbinə əsasən, cavabdehdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yaranmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. xx.xx.2022-ci il tarixinə təyin olunmuş hazırlıq məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia ərizəsini qəbul edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, mülki iş üzrə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/2599 saylı rəyi ilə razı olduğunu bildirərək ondan 690 manat pul vəsaitinin tutulması hissəsində iddia ərizəsini qəbul etdiyini bildirmişdir. İddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəyə əsasən, iddiaçı məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilib işə mahiyyəti üzrə baxılaraq iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbinə dair münasibətini araşdırıb, iddia ərizəsini, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AB № 137752 saylı xx.xx.2008-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2008-ci il buraxılışlı “Volkswagen Touareg” markalı, ** GT *** qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. -AB № 396022 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2010-cu il buraxılışlı “Mercedes GL500” markalı, ** KH *** qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir. -xx.xx.2014-cü il tarixli ƏN-İİİ № 193030 saylı etibarnamənin surətindən görünür ki, X7 ona məxsus olan “Volkswagen Touareg” markalı, ** GT *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsini X5 xx.xx.2019-cu il tarixədək etibar etmişdir. -xx.xx.2016-cı il tarixli ƏN-İİİ № 962633 saylı etibarnamənin surətindən görünür ki, X8 ona məxsus olan “Mercedes GL500” markalı, ** KH *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsini X9 xx.xx.2021-ci il tarixədək etibar etmişdir. -xx.xx.2021-ci il tarixli ƏN-Vİİ № 509985 saylı etibarnamənin surətindən görünür ki, X8 ona məxsus olan “Mercedes GL500” markalı, ** KH *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsini X9 xx.xx.2022-ci il tarixədək etibar etmişdir. -İnzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə, saat 11:20-də Bakı şəhəri Nizami rayonu ərazisində “Volkswagen Touareg” markalı, ** GT *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edərkən yol hərəkət qaydalarını pozmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törədərək 40 manat dəyərində cərimə olunmuşdur. -xx.xx.2021-ci il tarixli Akt-7863 saylı sığorta aktından görünür ki, Azərsığorta Dövlət Sığorta Kommersiya Şirkətində PDS ********** saylı sığorta şəhadətnaməsinə əsasən, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 55000 manat dəyərində sığortalanmış Cavabdeh tərəfindən idarə olunmuş “Volkswagen Touareg” markalı, ** GT *** qeydiyyat nişanlı avtomobilin xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X10 tərəfindən idarə olunmuş “Mercedes GL500” markalı, ** KH *** qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sonuncu avtomobilə 820 manat ziyan dəymiş və sığorta ödənişi məbləği olaraq 820 manat pul vəsaitinin X1 yolu ilə ödənilməsi qərara alınmışdır. -xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X6 hesabına 7863 saylı akta əsasən sığorta ödənişi olaraq 820 manat köçürülmüşdür. -İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Dövlət Sığorta Kommersiya Şirkətində xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək standart (icbari) müqavilə növündə sığortalanmış X5 məxsus “Volkswagen Touareg” markalı, ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta haqqı 175 manat, bonus-malus əmsalı 0.75 olmaqla yekun sığorta haqqı 131.25 manat dəyərində sığortalanmışdır. -Dəymiş zərərin hesablanmasına dair qüsur aktından görünür ki, “Mercedes GL500” markalı ** KH *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 820 manat hesablanmışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri məhəllə 28, 14 saylı evin 79 saylı mənzilində qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7 maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/2599 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı “Mercedes GL 500” markalı, ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 690 manat müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 34-cü maddəsinə əsasən, sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 81-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Dövlət Sığorta Kommersiya Şirkətində icbari sığorta növündə sığortalanmış X2 mülkiyyətində olan “Volkswagen Touareg” markalı ** GT *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən anda Cavabdeh tərəfindən etibarnamə olmadan idarə edilmişdir. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Volkswagen Touareg” markalı ** GT *** qeydiyyat nişanlı avtomobil ilə X3 mülkiyyətində olan, hadisə baş verən zaman isə etibarnamə əsasında X10 tərəfindən idarə olunmuş “Mercedes GL500” markalı ** KH *** qeydiyyat nişanlı avtomobil toqquşmuş və sonuncu avtomobilə 820 manat zərər dəymişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmiş, başqa sözlə, sözügedən avtomobil onun mülkiyyətçisi tərəfindən cavabdehin özünün deyil, məhz atasının etibarnaməli idarəçiliyinə verilmiş və həmin etibarnamə ilə avtomobilin başqa şəxslərin etibarnaməli idarəçiliyinə verilməməsi öz əksini tapmışdır. İddiaçı tərəfindən təqdim olunmuş qüsur aktından göründüyü kimi, avtomobilə dəymiş zərərin məbləği 820 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1 və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. 332.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi, Cavabdeh etibarnamə olmadan yol hərəkət qaydalarını pozması nəticəsində X3 mülkiyyətində olan, hadisə baş verən zaman etibarnamə əsasında X10 tərəfindən idarə olunmuş “Mercedes GL500” markalı ** KH *** qeydiyyat nişanlı avtomobilə maddi ziyanın dəyməsi müəyyən edilmiş, nəticədə, cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələrinin tələblərinə əsasən, inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmuş və sonuncu barəsində cərimə cəzası tətbiq edilmişdir. İcbari Sığortalar haqqında Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə ekspert rəyini iddia tələbi və iş materiallarına əlavə edilmiş digər sənədlərlə yanaşı qiymətləndirərək belə qənaətə gəlir ki, baş vermiş yol nəqliyyat hadisəsində “Mercedes GL500” markalı ** KH *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə iddiaçı tərəfindən dəymiş zərər olaraq 820 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini iddia tələbi və digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən qiymətləndirib, eyni zamanda, iddiaçının ekspert rəyi əsasında müəyyən edilmiş 690 manat zərərin tutulmasına dair ərizəsini, cavabdehin razılığını nəzərə alaraq, əsas sübut növü kimi qəbul edir və 690 manat pul vəsaitinin tutulmasını daha ədalətli, qanunauyğun hesab edərək cavabdehdən subroqasiya qaydasında sığorta ödənişini tələb etmək hüququna malik olan iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verib qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia ərizəsi təmin edilməli, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərər olaraq 690 manat sığorta ödənişi Cavabdeh subroqasiya qaydasında tutularaq iddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə isə 100 manat pul vəsaiti cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 690 (altı yüz doxsan) manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 30.40 (otuz manat qırx qəpik) manat olmaqla, ümumilikdə, cəmi 720.40 (yeddi yüz iyirmi manat qırx qəpik) manat pul vəsaiti subroqasiya qaydasında tutularaq iddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 (yüz) manat pul vəsaiti Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar