Məhkəmə qərarları › İş №2(012)-6200/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6200/2025

09.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6200/2025 09.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon 1 saylı Dövlət Notariat Kontoru və Cavabdeh1 MMC-yə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon 1 saylı Dövlət Notariat Kontoru və Cavabdeh1 MMC-yə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon 1 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 81-16027 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərin - Abşeron Rayon 1 saylı notariat ofisinin və "xxxx" MMC-nin qanunvericiliyə zidd hərəkətləri nəticəsində ondan 1905 manat pul məbləğinin tutulması barədə icra qeydi aparılmışdır. İcra qeydi ona xx.xx.2025-ci il tarixdə icra məmuru tərəfindən təqdim edilsə də, Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən SMS vasitəsi ilə xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Cavabdeh Abşeron Rayon 1 saylı notariat ofisi tərəfindən icra qeydi qanunvericiliyin tələblərinə zidd olaraq aparılmışdır. Belə ki, “Notariat haqqında” AR Qanununun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. Borc isə mübahisəlidir. Belə ki, cavabdeh "xxxx" MMC ilə aralarında **********005 saylı müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1355 manat 38 qəpik, borcludan 524 manat 62 qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1905 pul tutulması qeyd olunmuşdur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İddiaçıya belə bir bildiriş cavabdeh "xxxx" MMC tərəfindən göndərilmədiyi halda cavabdeh Abşeron Rayon 1 saylı notariat ofisi tərəfindən icra qeydi aparılması mümkün hesab olunmuşdur. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq izahatında və xx.xx.2025-ci il tarixli ərizəsində bildirmişdir ki, “Notariat haqqında” AR Qanunun 76-cı maddəsinə görə ona 20 gün qabaqcadan xəbər verilməlidir. Buna baxmayaraq, onun icra qeydindən xəbəri olmamışdır. Belə ki, "xxxx" MMC tərəfindən ona heç bir bildiriş göndərilməmişdir. Həmçinin cavabdeh “AllAll Finance" MMC tərəfindən iddia ərizəsinə göndərilmiş etiraz əsassızdır. Etirazda olan icra qeydi barədə bildirişin ona göndərilməsi barədə qaimədə onun bildirişi götürmədən imtina etməsi yazılmışdır. Halbuki bildiriş ona çatdırılmamış, başqa cür məlumat da verilməmişdir. Əgər bildiriş poçt vasitəsilə ona göndərilsə idi, o qəbul edərdi. Həmçinin o, şirkətə ödənişlər etsə də, edilmiş ödənişlər onun cərimə borcundan silinmiş, əsas borc qalmışdır. Onun icra qeydi barədə məlumatı yalnız Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru xx.xx.2025-ci il tarixdə sms vasitəsilə məlumat verdikdə xəbəri olmuşdur. Cavabdeh1 MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, lakin xx.xx.2026-cı il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasında iştirak edə bilməyəcəklərini bildirmiş, baxış iclasının iştirakları olmadan keçirilməsini və iddianın əsassız olması səbəbilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 MMC-nin direktoru X2 elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə etiraz və xx.xx.2025-ci il tarixdə iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı tərəfindən verilmiş iddia əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı kredit əldə etmək üçün “SF Azerbaijan BОKТ” ММС-yə müraciət etmiş, qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmamışdan öncə kredit barəsində iddiaçıya şifahi və yazılı şəkildə məlumat verilmişdir. İddiaçı müvafiq şərtlərlə tanış olduğunu və həmin şərtləri qəbul etməsinə dair müvafiq qaydada razılığını bildirmiş, bundan sonra İddiaçı ilə "xxxx" MMC arasında **********005 nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən verilmiş kreditin məbləği - 1100 manat, verilmiş kredit məbləğindən istifadəyə görə haqq - 79.38 manat, verilmiş kredit məbləğindən istifadəyə görə haqq faizlə - 4.8 %, verilmiş kredit məbləği üzrə xidmət haqqının məbləği - 176.00 manat, illik faiz dərəcəsi – 108 %, ödəniləcək ümumi məbləğ - 1355.38 manat, verilmiş kredit məbləğinin ödənilmə tarixi - xx.xx.2025 olaraq təsdiq edilmişdir. Bu müqavilənin 1.14-cü maddəsinə əsasən öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə BOKT Borcalandan geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0.85 % həcmində faiz tələb etmək hüququna malikdir. İddiaçı - İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış **********005 nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin 1.17-ci maddəsinin 1-ci bəndinə əsasən, BOKT bu müqavilə üzrə hüquqları (tələbləri) borcalanın razılığı olmadan, öz mülahizəsinə əsasən hər hansı üçüncü şəxsə, kollektor agentliyinə yönləndirmək hüququna malikdir. "xxxx" BOKT MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış “tələb hüquqlarının satılması haqqında” müqaviləyə əsasən İddiaçı ilə BOKT arasında bağlanmış kredit müqaviləsinə dair tələb üzrə bütün hüquqlar Cavabdeh1 MMC-yə ötürülmüşdür. İddiaçı uzun müddət kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Cavabdeh1 BOKT MMC tərəfindən qanunvericiliyə uyğun olaraq barəsində icra qeydinin aparılması üçün Abşeron rayon 1 saylı Notariat ofisinə müraciət edilmişdir. xx.xx.2025-ci il tarixli, 8İ-16027 nömrəli icra qeydinə əsasən müqavilə üzrə vaxtında ödənilməmiş 1355.38 manat, hesablanmış cərimə məbləği 524.62 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 1905 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh1 MMC-yə ödənilməsi qərara alınmışdır. Hazırda İddiaçı tərəfindən "xxxx" MMCyə ödənilməli olan qalıq borcun məbləği 1905 manat təşkil edir. Bundan əlavə AR Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 16 may 2025-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən Qanunverici orqan tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilməlidir. Lakin göründüyü kimi İddiaçı barəsində Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən aparılmış 8İ-16027 nömrəli icra qeydi xx.xx.2025-ci il tarixdə aparıldığı halda, onun tərəfindən sözügedən icra qeydinin mübahisələndirilməsi üçün müddət ötürülərək xx.xx.2025-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq icra qeydinin mübahisələndirilməsi müddəti ötürüldüyündən və iddia ərizəsinin əsassız olması səbəbindən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon 1 saylı Dövlət Notariat Kontoru məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -"xxxx" BOKT MMC və borcalan İddiaçı arasında bağlanmış **********005 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, BOKT tərəfindən borcalana illik 108 faiz dərəcəsi ilə xx.xx.2025-ci il tarixədək qaytarmaq şərtilə 1100 manat kredit verilmişdir. -xx.xx.2025-ci il tarixli, 76255 nömrəli arayışdan görünür ki, İddiaçı "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1100 manat əsas, 79.38 faiz, 524.62 manat cərimə olmaqla, ümumilikdə 1880 manat borcu yaranmışdır. -xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı barəsində **********005 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən, ona xx.xx.2025-ci il tarixədək geri qaytarılmaq şərtilə 1100 manat məbləğində borc pul vəsaiti verildiyi, hazırda 1880 manat məbləğində icra edilməmiş öhdəliyinin mövcudluğu bildirilmiş, borcun 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” AR Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə xəbərdarlıq edilmiş, bu bildirişin həmçinin elektron ünvanına (olduğu halda) və SMS vasitəsilə əlaqə nömrə(lər)nə (tel: +**********98) də göndərildiyi qeyd olunmuşdur. -530749 nömrəli qaimədə qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2025-ci il tarixli bildirişi qəbul etməkdən xx.xx.2025-ci il tarixdə imtina etmişdir. -Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 8İ- 16027 saylı icra qeydindən görünür ki, “Notariat haqqında” AR Qanununun 76-cı maddəsinə əsasən AZ1093, ünvan 1 ünvanda yerləşən "xxxx" MMC-nin (VÖEN:**********) xeyrinə Abşeron rayonu, Mehdiabad qəsəbə ərazi dairəsi, Mehdiabad qəsəbəsi ünvanda qeydiyyatda olan İddiaçı **********005 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1355.38 manat, 524.62 manat məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 1905 manat pul tutulmalıdır. -“Tələbkar” BOKT "xxxx" MMC və “Yeni tələbkar” "xxxx" MMC arasında bağlanmış 1802/25 saylı, xx.xx.2025-ci il tarixli tələb hüququnun satılması haqqında müqaviləyə xx.xx.2025-ci il tarixli, 05 saylı əlavədən görünür ki, tərəflər 1802/25 nömrəli, xx.xx.2025-ci il tarixli tələb hüququnun satılması haqqında müqaviləyə dair şərtləri, tərəflər arasında razılaşdırılmış öhdəlikləri və Tələbkarın bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 01, 02, 03 və 04 saylı əlavələrdə (siyahı) qeyd edilən müştəri portfeli üzrə borc qalıqlarına dair bütün hüquqlarının Yeni Tələbkara ötürülməsini təsdiq edirlər. -Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Abşeron rayonu 1 saylı Notariat Kontorunun 8İ-16027 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. -“Elektron icra” informasiya sistemi üzərindən göndərilmiş xx.xx.2025-ci il tarixli SMS çıxarışın surətindən görünür ki, Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən İddiaçı məhkəmə qərarının icrası ilə əlaqədar Abşeron rayon İcra və Probasiya şöbəsində icraata başlamaq haqqında qərar qəbul olunduğu bildirilmiş, 10 gün könüllü icra müddəti ərzində icranın təmin edilməsi xahiş olunmuş, əks təqdirdə barəsində məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İşin araşdırılan hallarından görünür ki, xx.xx.2024-cü il tarixli, **********005 saylı kredit müqaviləsinə əsasən BOKT "xxxx" MMC tərəfindən İddiaçı illik 108 % faiz ödəməklə xx.xx.2025-ci il tarixədək qaytarmaq şərti ilə ümumilikdə 1100 manat məbləğində kredit verilmişdir. Tələbkar BOKT "xxxx" MMC və cavabdeh "xxxx" MMC arasında bağlanmış 1802/25 saylı, xx.xx.2025-ci il tarixli tələb hüququnun satılması haqqında müqaviləyə əsasən tələbkarın borc qalıqlarına dair bütün hüquqları cavabdeh "xxxx" MMC-yə ötürülmüşdür. Daha sonra cavabdeh "xxxx" MMC ilk öncə bildirişlə iddiaçıya, daha sonra isə ərizə ilə notariat orqanına müraciət etmiş, Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən xx.xx.2025-ci il tarixli, 8İ-16027 saylı icra qeydi verilmişdir. İcra qeydinə görə "xxxx" MMC-nin xeyrinə iddiaçıdan **********005 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1355.38 manat, 524.62 manat məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 1905 manat pul tutulmalıdır. Hazırda iddiaçı cavabdehlər Abşeron Rayon 1 saylı Dövlət Notariat Kontoru və Cavabdeh1 MMC-yə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon 1 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 81-16027 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, icra qeydinin ləğv edilməsinə əsas kimi "xxxx" MMC tərəfindən borcun ödənilməsi və icra qeydinin aparılacağı barədə heç bir bildirişin göndərilməməsi və ya xəbərdarlıq edilməməsini, iddiaçının icra qeydi ilə bağlı yalnızca Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə göndərilmiş SMS əsasında məlumatının olduğunu göstərmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədi sayılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun: 76-cı maddəsinə görə borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın: 161-ci maddəsinə görə borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq... üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir... Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. 162-ci maddəsinə əsasən, icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısındakı 2-ci bəndə əsasən borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı. Məhkəmə ilk öncə hazırki iddianın məhkəməyə verilməsi müddəti ilə bağlı qeyd edir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 may 2025-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanunverici orqan tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilməlidir. İş materiallarından görünür ki, iddiaçı icra qeydi barədə ona icra və probasiya şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli bildirişdən sonra xəbərdar olmuş və xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 may 2025-ci il tarixli Qərarında qeyd edildiyi üzrə 10 günlük müddəti ötürməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Qanunvericiliyin tələbinə əsasən, notariat orqanı çoxmənzilli binanın idarə edilməsi üzrə xidmət müqaviləsi üzrə borclu tərəfindən öhdəliklər yerinə yetirilmədikdə və tələb olunan borc mübahisəsiz olduqda, tələbkarın ərizəsinə əsasən borcun tutulması barədə icra qeydi vermək səlahiyyətinə malikdir. Həmin icra qeydi icra sənədinə bərabərdir. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli bildirişin iddiaçıya təqdim edilməsinə dair 530749 nömrəli qaimədə İddiaçı xx.xx.2025-ci il tarixli bildirişi qəbul etməkdən xx.xx.2025-ci il tarixdə imtina etdiyi qeyd olunmuş, lakin İddiaçı "xxxx" MMC tərəfindən borcla bağlı və borcun ödənilməyəcəyi təqdirdə icra qeydinin aparılacağına dair bildirişin təqdim edilməsinə, iddiaçı tərəfindən əldə edilməsini sübut edən heç bir sübut təqdim edilməmiş, borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edilməmiş, bununla da məlum icra qeydi verilərkən Notariat Ofisi tərəfindən qanun pozuntusuna yol verilmişdir. Məhkəmə qeyd edir ki, notarius icra qeydini borcun mübahisəsiz olduğu, borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq etdiyi, həmçinin notarius vasitəsilə kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildiriş borcluya göndərildiyi halda aparır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 №li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar, yəni müvafiq icra qeydlərinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edildiyindən iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcuddur. Odur ki, iş materialları ilə icra qeydinin bu məsələni tənzimləyən normalara uyğun verilməməsi öz təsdiqini tapdığından, iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etdiyindən iddia tələbi təmin edilməlidir. Beləliklə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirərək məhkəmə belə qərara gəlir ki, iddia təmin edilməli, Abşeron rayon 1 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 81-16027 saylı icra qeydinin ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin: 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən Cavabdeh1 MMC-nin xeyrinə aparılan xx.xx.2025-ci il tarixli, 8İ-16027 reyestr nömrəli icra qeydi ləğv edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar