Məhkəmə qərarları › İş №2(012)-648/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-648/2023

17.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-648/2023 17.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı vurulmuş maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı vurulmuş maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən vurulmuş maddi ziyana görə 30950 manat, mənəvi ziyana görə isə 20000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC-yə mənzil almaq üçün müraciət etmiş, həmin MMC-nin əməkdaşı 4-cü mərtəbəsi tikilməkdə olan binanı göstərərək iki ilə hazır olacağını, mənzilə görə nağd ödəniş ediləcəyi halda mənzilin hər kv.m-i üçün 350 manatdan hesablanacağını, qalan məbləğin MMC tərəfindən güzəşt ediləcəyini bildirmişdir. O, qeyd edilən təkliflə razılaşaraq "xxxx" MMC-nin direktoru X2 ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF- Park” yaşayış massivindəki 29 saylı küçədə inşa edilməkdə olan 7 saylı, 9 mərtəbəli yaşayış binasının, ümumi sahəsi 61.9 kv.m-dən ibarət 2 otaqlı, 86 nömrəli, 21565 manat dəyərində olan mənzilin ("xxxx" MMC tərəfindən satılmış təmirsiz mənzil üçün) ona verilməsi barədə xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən, mənzilin hər kv.m sahəsinə görə müəyyən edilmiş 550 manatın 200 manat hissəsi güzəşt edilmiş və mənzilin 1 il müddətində təhvil veriləcəyi bildirilmişdir. Deyilən vaxt çatdıqda, yəni, xx.xx.2018-ci il tarixdə mənzilin tikildiyi ünvana baxarkən, ümumiyyətlə, həmin binanın birinci mərtəbəsinin bünövrəsinin tikilmədiyini görmüş və mənzil təhvil verilmədiyindən xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin direktoru X1 müraciət etmişdir. Ona binanın dəyişdirilməsi barədə ərizə verməyini, şikayətinə baxılacağı bildirilmişdir. Lakin MMC tərəfindən heç bir rəsmi cavab verilmədiyi üçün o, məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3377/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, alqı-satqı müqaviləsi ləğv edilmiş, mənzilə görə ödənilmiş 34045 manat pulun və 5106.75 manat maddi ziyanın ona ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1401/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-3377/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv olunmuş, alqı-satqı müqaviləsi ləğv edilmiş, mənzilə görə ödənilmiş 21665 manat pulun ona qaytarılması qət edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Çoxsaylı şikayətlərdən sonra nəhayət ki, xx.xx.2022-ci il tarixədək cavabdeh təşkilat həmin məbləği hissə-hissə ona qaytarmışdır. Hazırda, həmin ərazidə yaşayış sahəsinin bir kv.m-nin satış qiyməti 850 manat təşkil edir. O isə cavabdehdən kv.m-ni 350 manata almış və pulunu ödəmişdir. Əgər cavabdeh təşkilat onu aldatmasaydı, indi həmin mənzilin kvadratını 850 manatdan sata bilərdi. İndiki şəraitdə o, eyni məbləğə eyni mənzili ala bilməz, eyni mənzili cavabdehdən almaq üçün hər kv.m-nə 850 manat ödəməlidir. Mənzilin 61.9 kv.m olması nəzərə alınsa, hər kv.m-ə görə 500 manat ziyana düşdüyü üçün ona dəymiş maddi ziyanın ümumi məbləği 30950 manat təşkil edir. Bundan əlavə, əsəb gərginliyi keçirdiyi üçün illərlə məhkəmə çəkişmələri, çoxsaylı şikayətlərdən sonra qərarın hissə-hissə ödənilməsi nəticəsində ona dəymiş mənəvi ziyanı 20000 manat dəyərində dəyərləndirir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, cavabdeh şirkətdən aldığı mənzili Mənzil İdarəsi Dövlət Agentliyindən (MİDA) növbəyə dayanmaqla almışdır. Belə ki, cavabdeh qurum tərəfindən güzəşt edilməklə mənzilin alınması təklifi irəli sürülmüş, o, müqavilədə qeyd olunan cümlələr kiçik hərflərlə yazıldığından oxumadan müqaviləyə imza atmışdır. Belə ki, mənzilin kv.m-i 350 manat deyil, 550 manat olaraq göstərilmiş və onun tərəfindən 21665 manat məbləğ ödənildikdən sonra qalıq 12380 manat pul vəsaitini 1 ay müddətində ödəmək öhdəliyi qeyd olunmuşdur. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmiş və çıxarılmış məhkəmə aktı qanuni qüvvəsini almasına baxmayaraq, iki il müddət keçmiş olsa da, 7 saylı binanın tikintisi başa çatdırılmamışdır. Bu səbəbdən də, o, Sumqayıt Apellyasiya Məhkəməsinin qəbul etdiyi qətnamədən kassasiya şikayəti verməmişdir. Ona pulun ödənilməsi təmin edilsə də, hazırda, həmin pul vəsaiti hesabına o, mənzil ala bilmir. Ona yeni mənzilin veriləcəyi vədi irəli sürülsə də, mənzilin kv.m-nin 850 manat olduğu bildirilmiş, bu səbəbdən də, o, mənzil almaqdan imtina etmişdir. O, aidiyyəti qurumlara şikayət etmiş, şikayətindən bir il sonra, 2021-ci ilin sentyabr ayında pul ona ödənilmişdir. 2017-ci ildən hazırki müddətə qədər o, mənzil almaq məqsədilə ödədiyi pulun geri alınması üçün müxtəlif qurumlara müraciət etmiş, nəqliyyat xərcləri sərf etmiş, təqiblərə, təzyiqlərə məruz qalmış, həkimlərə müraciət etmişdir. Onun məhkəmə qətnaməsindən kassasiya şikayəti verməməsinin səbəbi məhkəmə aktlarının icra edilməməsi ilə bağlıdır. Hazırda, tikinti şirkətində mənzilin kv.mnin qiyməti 885 manatdır. Dəfələrlə "xxxx" MMC-yə müraciət etmiş, 2-3 ilə tikilərsə təmirli vəziyyətdə olan mənzilin kv.m-nin 850 manat, təmirsiz mənzilin kv.m-nin isə 750 manat olduğu bildirilmişdir. Mənəvi zərərlə bağlı həmçinin, qeyd edir ki, xəstəxanada yatmış, lakin bununla bağlı məhkəməyə sənəd təqdim etməmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iş materiallarından da göründüyü kimi, iddiaçının toxunduğu xüsusatlarla bağlı məhkəmə qətnamələri öz qanuni qüvvəsini almışdır. İddiaçı həmin icra sənədləri üzrə tərəf olmadığı üçün müdafiə xarakterli çıxış göstərməsi qanunaziddir. Apellyasiya instansiya məhkəməsi əsas məbləği azaltmışdır. İddiaçı ödəmədiyi, güzəşt olunmuş məbləği tələb etdiyi üçün məhkəmə qətnaməsi ilə sübuta yetirildi ki, 3000 manat məbləğin azaldan hissəsi ödənilməyən hissə olmaqla şirkət tərəfindən güzəşt olunmuş və bu, yuxarı instansiya məhkəməsi tərəfindən araşdırılmışdır. Maddi hüquq normaları ilə bağlı iddiaçı yenidən məhkəməyə müraciət etmiş, məhkəmə qətnaməsindən kassasiya şikayəti verməmiş və qətnamə ilə razılaşmışdır. Mənəvi ziyanla bağlı bildirir ki, icra işi onun icraatında olmuş, iddiaçı ilə mütəmadi əlaqə saxlamış, aidiyyəti qurmalara müraciət etmiş və icra başçısının qəbulunda iddiaçı ilə iştirak etmişdir. İcra sənədi qüvvəyə mindiyi dövr ərzində iddiaçı pul tələbi və ya mənzilin dəyişdirilməsi ilə bağlı müraciət etməsinə baxmayaraq, iddiaçı xx.xx.2022-ci il tarixdə 62 kv.m və 75 kv.m mənzilin təqdim edilməsi ilə bağlı müraciət etmiş, həmin dövrdə olmadığı üçün sonrakı dövrdə pulun ödənilməsi təklifi irəli sürülmüşdür. Başqa sözlə, ica hərəkətlərində o, özü iştirak etmişdir. Yaşayış sahəsi ilə mövcud olan qiymətlə bağlı olaraq mənzilin verilməsi mümkün deyildir. Cavabdeh tərəf olaraq icra tədbirlərini hissə-hissə də olsa icra etmişdir. Hesab edir ki, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi qərəzli mövqe daşıyır. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Satıcı "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli M-2319 saylı müqavilənin surətindən görünür ki, satıcı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 29 saylı küçədə inşa edilməkdə olan 7 saylı yaşayış binasının, ümumi sahəsi 61.9 kv.m-dən ibarət 2 otaqlı 86 saylı mənzili alıcıya kv.m-i 550 manat olmaqla, 34045 manata satmışdır. -Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-3377/2020 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə "xxxx" MMC arasında bağlanan 07 sentyabr 2017-ci il tarixli, M-2319 saylı mənzilin alqı-satqı müqaviləsi ləğv edilmiş, "xxxx" MMC-dən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 29 saylı küçədə inşa edilməkdə olan 7 saylı yaşayış binasının, ümumi sahəsi 61.9 kv.m-dən ibarət 2 otaqlı 86 saylı mənzilə görə ödənilmiş 34045 manat pulun və 5106.75 manat maddi ziyana görə pulun "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-1401/2021 saylı qətnaməsindən görünür ki, apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-3377/2020 saylı, 10 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin olunmuş, İddiaçı ilə "xxxx" MMC arasında bağlanan 07 sentyabr 2017-ci il tarixli, M-2319 saylı mənzilin alqısatqı müqaviləsi ləğv edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 29 saylı küçədə inşa edilməkdə olan 7 saylı yaşayış binasının 86 saylı mənzilinə görə ödənilmiş 21665 manat pulun "xxxx" MMC-dən tutularaq İddiaçı qaytarılması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. -Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********9 saylı arayışından görünür ki, İddiaçı hərbi xidmət zamanı ikinci qrup əlilliyə görə 468.38 manat pensiya alır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı Sumqayıt şəhəri Mik-13, 21 saylı evin 15 saylı mənzilində qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2017-ci il tarixli M-2319 saylı müqaviləyə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 29 saylı küçədə inşa edilməkdə olan 7 saylı yaşayış binasının, ümumi sahəsi 61.9 kv.m-dən ibarət 2 otaqlı 86 saylı mənzili almışdır. Müqavilə üzrə mənzilin təhvil verilməsi cavabdeh tərəfindən müəyyən müddət ərzində təmin edilmədiyindən iddiaçı müqavilənin ləğv edilməklə mənzilə görə ödənilmiş pulun və maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə qətnaməsi ilə mənzilə görə ödənilmiş pulun geri qaytarılması təmin edilmişdir. Hazırda, iddiaçı mənzilin kv.m-nin dəyəri qalxdığı üçün əmlakın dəyərinə görə ödənilmiş pul vəsaiti hesabına yeni mənzilin alınması mümkün olmadığından həmin əmlakın vaxtında təhvil verilməməsinə görə ona vurulmuş maddi və mənəvi ziyanın tutulmasını məhkəmədən xahiş etmişdir Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlkin növbədə, iddia tələbinin mahiyyətindən göründüyü kimi, iddiaçı xx.xx.2017-ci il tarixdə cavabdeh qurum ilə alqı-satqı müqaviləsi bağlayan zaman 69.1 kv.m olan mənzilin dəyəri kv.m hissəsi 550 manat, 200 manat güzəşt olunmaqla isə 350 manat müəyyən edilmişdir. Müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən təmin edilmədiyindən Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-3377/2020 saylı qətnaməsi ilə İddiaçı ilə "xxxx" MMC arasında bağlanan 07 sentyabr 2017-ci il tarixli, M-2319 saylı alqı-satqı müqaviləsi ləğv edilmiş, 86 saylı mənzilə görə ödənilmiş 34045 manat pulun və 5106.75 manat maddi ziyana görə pulun tutulması qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-1401/2021 saylı qətnaməsinə əsasən isə Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-3377/2020 saylı qətnaməsi ləğv olunmaqla 86 saylı mənzilə görə ödənilmiş 21665 manat pulun iddiaçıya qaytarılması qət edilmişdir. Göründüyü kimi, iddiaçının maddi ziyan tutulması tələbinə mahiyyəti üzrə baxılıb qiymət verilmiş, iddiaçının iddia tələbinin həmin hissəsi apelyasiya instansiya məhkəməsinin qətnaməsi ilə ləğv edilsə də, iddiaçı həmin qətnamədən kassasiya şikayəti verməmiş, başqa sözlə, qətnamə ilə “razılaşmışdır.” Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarı”ndakı hüquqi mövqeyə görə, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənləri təhlil edərək belə nəticəyə gəlir ki, mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar iddia tələbinə və (və ya) etirazların predmetinə aid olmalı, məhkəmədə araşdırılmalı, eləcə də məhkəmə qətnaməsində əks olunmalı və qiymətləndirilməlidir. Mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia tələbinə aid olmayan sübutların araşdırılıb, həmin sübutlar əsasında iddianın predmetinə aid olmayan hallarla bağlı müəyyən edilən faktların həmin şəxslərin iştirak etdiyi başqa bir iş üzrə preyudisial əhəmiyyət daşıyıb-daşımaması məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə qanunun və Plenum Qərarının tələblərinə istinad edərək qeyd etməyi zəruri hesab edir ki, 2(012)-3377/2020 saylı mülki iş üzə çıxarılmış qətnaməyə əsasən, iddiaçının maddi ziyan tələbinə hüquqi qiymət verildiyindən, iddiaçının hazırki iddia tələbinin predmetini isə cavabdeh tərəfindən öhdəliklərin icra edilməməsi nəticəsində ona vurulmuş maddi ziyanın ödənilməsi təşkil edir. Belə ki, qanuni qüvvəyə minmiş qətnamədə iddia tələbi maddi ziyan tələbi kimi qoyulmuşdur ki, bu tələb hazırkı tələblə mahiyyət üzrə eynilik təşkil edir və məhkəmə həmin eynilik təşkil edən tələbə mahiyyəti üzrə baxıb qiymət vermişdir. Göründüyü kimi, 2(012)-3377/2020 saylı mülki iş üzrə məhkəmə araşdırması zamanı maddi ziyan tələbinə hüquqi qiymət verilməklə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə iclasları iddiaçının iştirakı ilə keçirilməklə, həmin mülki iş üzrə tədqiq olunmuş faktlar hazırki mülki iş üçün də preyudisial xarakter daşıyır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, artıq qanuni qüvvəyə minmiş qətnamədə həmin tələbə hüquqi qiymət verilmişdir. Başqa sözlə, qanunvericilik eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə ikinci dəfə məhkəmə aktının qəbul edilməsini qadağan edən imperativ norma nəzərdə tutmuşdur. Bununla yanaşı, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən hazırki mülki üzrə iddia tələbi ilə mahiyyət etibarı ilə bənzərlik təşkil edən iddia ərizəsi təqdim etmişdir. Məhkəmə eyni zamanda, qeyd edir ki, iddiaçı müqavilə bağlanan anda aldığı mənzilin kv.m-nə uyğun olaraq dəyəri 350 manat olduğu halda, hazırki müddət üçün mənzilin kv.m-nin dəyəri 850 manat müəyyən edilmiş, bu səbəbdən də, 500 (850- 350=500) manat maddi ziyan vurulduğundan ümumilikdə, 30950 (61.9 kv.m x 500=30950) manat vurulmuş maddi ziyanın tutulmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinə bu hissədə qiymət verərək xüsusi ilə qeyd edir ki, iddiaçı mənzilin hazırki dövr üçün kv.m-nin 850 manat olduğunu qeyd etsə də, həmin hala dair mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsasını təşkil edən həmin halı sübutetmə vəzifəsi onun üzərinə düşdüyü halda sübuta yetirə bilməmişdir. Məhkəmə eyni zamanda, qeyd edir ki, tərəflər arasında mənzilin alqı-satqısına dair müqavilə məhkəmə aktı ilə ləğv olunmuş, bununla da, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik qalmamışdır. Beləliklə də, iddiaçı cavabdehdən sonuncunun müqavilə öhdəliyi qalmadığı, mənzilin təhvil verilməməsi nəticəsində vurulmuş maddi ziyan tələbi ilə məhkəməyə müraciət etmək hüququ olmadığı halda, maddi ziyan tələbi ilə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə iddiaçının iddia tələbinin 20000 manat mənəvi zərərin tutulması hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Mülki Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, iddiaçı keçirdiyi mənəvi iztirabların məhz cavabdeh qurumun səlahiyyətli nümayəndələrinin hərəkətsizliyi nəticəsində yaranmasını (səbəbli əlaqə) sübuta yetirə bilmədiyindən iddia tələbi bu hissədə də təmin edilə bilməz. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini ümumiləşdirib, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları paralel şəkildə qiymətləndirərək qeyd edir ki, iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək vəzifəsi daşıyan iddiaçı həmin halları sübuta yetirmədiyindən iddia tələbləri əsaslı deyildir, bu səbəbdən də təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 17.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı vurulmuş maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar