Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-651/2021 16.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı Abşeron rayon Masazır Bələdiyyəsinin nümayəndəsi X10, Cavabdeh X3, Üçüncü şəxs «xxxx» ASC Abşeron Sukanal İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Abşeron rayon Masazır Bələdiyyəsinin cavabdeh X6 və üçüncü şəxs «xxxx» ASC Abşeron Sukanal İdarəsinə qarşı «kommunal ödənişlərə görə borcun tutulması» tələbinə dair mülki işə 16 aprel 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Abşeron rayon Masazır Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masazır bələdiyyəsinin keçmiş sədri X4 fəaliyyəti dövründə “xxxx” X14 Abşeron Sukanal İdarəsi tərəfindən Masazır bələdiyyəsinə təqdim edilmiş 9 yanvar 2020-ci il tarixli, 130769 saylı üzləşmə aktına əsasən bələlədiyyənin 9 yanvar 2020-ci ilə qədər istifadə etdiyi suya və kanalizasiya xidmətinə görə olan 25859,00 manat ödəniş borcu cavabdeh X2 tutulması və tutulmuş 25859,00 manat pul vəsaiti “xxxx” X14 Abşeron Sukanal İdarəsinin hesab nömrəsinə ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Abşeron rayon Masazır Bələdiyyəsinin nümayəndəsi X10 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 23 dekabr 2019-cu il tarixdə Azərbaycanda bələdiyyələrə keçirilən seçkilərdən sonra Abşeron rayon Masazır bələdiyyəsinə yeni tərkibdə bələdiyyə üvləri seçilmişdir. 14 yanvar 2020-ci il tarixdə bələdiyyənin yeni tərkibdəki üzvlərinin iştirakı ilə bələdiyyə iclası keçirilmiş və keçmiş bələdiyyə üzvlərinin fəaliyyətinə xitam verilmişdir. Bundan sonra Masazır bələdiyyəsindən aparılan təhvil-təslim zamanı Masazır bələdiyyəsinin keçmiş sədri X8 bələdiyyədə hər-hansı bir problemin olmadığını, sənədləşmənin qaydasında olduğunu, komunal xərclərlə bağlı hər-hansı borcun olmadığını və bələdiyyə əmlakının tam yerində olduğunu bildirmişdir. Lakin buna baxmayaraq təhvil-təslim işləri aparılmamış və bu işin tam, dəqiq aparılması üçün bələdiyyə üzvləri tərəfindən müvafiq araşdırma işlərinə başlanılmışdır. Bir müddət sonra “xxxx” Açıq Səhmdar Cəmiyyətin Abşeron Sukanal İdarəsinin əməkdaşları tərəfindən bələdiyyəyə sudan istifadəsi dayandırılmışdır. Aparılan araşdırma nəticəsində “xxxx” X14 Abşeron Sukanal İdarəsi tərəfindən 9 yanvar 2020-ci il tarixli, 130769 saylı üzləşmə aktı bələdiyyəyə göstərilmiş və bildirilmişdir ki, bu sənəd yanvar ayında Masazır bələdiyyəsinin keçmiş sədrinə təqdim olunması bildirilmişdir. Məlum olmuşdur ki, X1 bələdiyyəsinin sədri olduğu dövrdən 14 yanvar 2020-ci il tarixə qədər rəhbərlik etdiyi bələiyyə tərəfindən istifadə etdiyi suya və kanalizasiya xidmətinə görə 25859,00 manat ödəniş borcu ödənilməyərək qalmışdır. Cavabdehin Masazır bələdiyyəsində sədr olduğu dövrdə bələdiyyənin bank hesabında pul vəsaiti olsa da, “xxxx” Açıq Səhmdar Cəmiyyətin Abşeron Sukanal İdarəsinə olan qalıq borcun ödənilməsi vaxtında təmin edilməmişdir. Bələdiyyə qanunvericiliyinə əsasən, hər ilin sonunda bələdiyyə tərəfindən büdcə təsdiq edilir. 2018-ci ilin dekabr ayında Masazır bələdiyyəsinin təsdiq edilmiş büdcəsində bələdiyyənin suya və kanalizasiya xidməti ilə bağlı ayrılacaq məbləğ bələdiyyə büdcəsində göstərilsə də, nədənsə bu məbləğ qeyd edilən istiqamətə yönəldilməmiş və bunun əsasında külli miqdarda borc yaranmışdır. Məsələ ilə bağlı cavabdeh X9 bələdiyyəyə dəvət olunaraq, 09 yanvar 2020-ci il tarixli, 130769 saylı üzləşmə aktının vaxtında göstərilməməsi, onun fəaliyyəti dövründə büdcədə pul vəsaiti olduğu halda yaranmış borcun hansı səbəbdən ödənilməməsi soruşulsa da o, buna cavab verməmişdir. Bu baxımdan həmin borcun tezliklə ödənilməsi onun nəzərinə çatdırılmışdır. O da məsələ ilə bağlı yaranmış borcun tezliklə ödəyəcəyini bildirmişdr. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh onun rəhbərlik etdiyi dövrdə suya və kanalizasiya xidmətinə görə yaranmış borcu ödəmir və nəticədə “xxxx” X14 Abşeron Sukanal İdarəsinin əməkdaşları tərəfindən tez-tez sudan istifadə dayandırılır. Bu da bələdiyyənin davamlı fəaliyyətində problemlər yaradır. Məsələ ilə bağlı cavabdeh S.Əliyevə 01/06-01-06/103 saylı, 21 aprel 2020-ci il tarixli rəsmi məktubla müraciət olunmuş və həmin məktubu cavabdehin ailə üzvlərindən biri həmin xəbərdarlığı almış və alması ilə bağlı imza etmişdir. Qeyd edilən məktubun bir surətini də “xxxx” Açıq Səhmdar Cəmiyyətinə göndərilmişdir.Abşeron rayonu Masazır bələdiyyəsini 2019-cu il üzrə gəlir və xərcləri barədə müfəssəl məlumatdan məlum olur ki, cavabdehin sədr olduğu Masazır bələdiyyəsinin 2019-cu il tarix üçün 294453 manat ümumi gəliri olmuşdur. Bu gəlirdən yalnız 5751 manat kommunal xərclərə ödənilmişdir. 189790 manat əmək haqqı, 90113 manat isə rabitə, internet, onlayn xidmətlər, dəftərxana ləvazimatları, nəqliyyat və yanacaq xərclərinə, bələdiyyə avtomobil yollarının saxlanmasına 4500 manat, yerli sosial müdafiə tədbirləri 1800 manat, abunə 2016 manat və üzvlük haqqı 3800 manat xərclənmişdir.Suya və kanalizasiya xidmətinə görə 25859.00 manat borcu olan bir qurumun qənaət etmək əvəzinə internet, onlayn xidmətlər, dəftərxana ləvazimatları, nəqliyyat və yanacaq xərclərinə 90113 manat xərclənməsi və əmək haqqına ayırmaların 50% çox olması keçmiş rəhbərliyin nədən qalıq borcun ödənilməməsilə bağlı şübhə yaradır. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh X9 məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. İddia tələbində göstərilən məbləğin bir hissəsi Masazır Bələdiyyəsində bələdiyyə sədri olduğu dövrə aid olsa da, həmin məbləğin 7000-8000 manatı əsas borca hesablanmış cərimə borcudur. Eyni zamanda bələdiyyə sədri olduğu dövrdə 2 ədəd su sayğacı olmuşdur və borcun hansı sayğaca əsasən hesablandığı iddia ərizəsində qeyd edilməmişdir. Mən suya görə 4000 manat ödəniş etmiş və isitfadə olunan su ilə 53 000 ağac əkmişdir. Üçüncü şəxs «xxxx» ASC Abşeron Sukanal İdarəsinin nümayəndəsi X11 məhkəməm iclasında izahatında bildirdi ki, su sərfiyyatı ilə bağlı 2014-cü il tarixdə xxxx ASC ilə Masazır Bələdiyyəsi arasında müqavilə bağlanmış və sözügedən müqavilə 2020-ci ilədək hər il təzələnmişdir. Bu müddət ərzində cavabdeh sudan sərfiyyata görə heç bir ödəniş etməmişdir və hal-hazırda sudan istifadəyə əsasən 25 000 manat borc yaranmışdır. Hesablanan borc əsas borcdur və hər hansı cərimə hesablanmamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obeyktiv araşdırıb və toplanmış mötəbər sübutların məcmusuna hesab edir ki, iddiaçı bəhs edilən iddia tələbini irəli sürmək üçün zəruri subyektiv hüquqa malik olmamışdır və iddiaçı bəhs edilən iddia tələbini irəli sürmək üçün zəruri subyektiv hüquqa malik olduğunu təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddia rədd edilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi “xxxx” Açıq Səhmdar Cəmiyyətin maraqlarına toxunduğundan, belə bir iddia qaldırmaq hüququ “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus olmuş, Abşeron rayon Masazır Bələdiyyəsinin iddia qaldırmaq üçün subyektiv hüququ mövcud olmamış,məhkəmə mülki işin gedişatında iddiaçının əsl iddiaçı ilə əvəz edilməsini təklif etmiş, lakin iddiaçı təşkilat buna razı olmadığından məhkəmə işə mahiyyəti üzrə baxmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı“S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 iyul 2015-ci il tarixli Qərarında deyilir ki, “...Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları)...” Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir.Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır.Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar.İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır”. Qanunvericiliyin qeyd edilən normalarından göründyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində deyilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində deyilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məçəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: Abşeron rayon Masazır Bələdiyyəsinin cavabdeh X6 və üçüncü şəxs «xxxx» ASC Abşeron Sukanal İdarəsinə qarşı Masazır bələdiyyəsinin keçmiş sədri X4 fəaliyyəti dövründə “xxxx” X14 Abşeron Sukanal İdarəsi tərəfindən Masazır bələdiyyəsinə təqdim edilmiş 9 yanvar 2020-ci il tarixli, 130769 saylı üzləşmə aktına əsasən bələlədiyyənin 9 yanvar 2020-ci ilə qədər istifadə etdiyi suya və kanalizasiya xidmətinə görə olan 25859,00 manat ödəniş borcu cavabdeh X2 tutulması və tutulmuş 25859,00 manat pul vəsaiti “xxxx” X14 Abşeron Sukanal İdarəsinin hesab nömrəsinə ödənilməsi ilə bağlı iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-651/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-651/2021
16.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver