Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-653/2025 27.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC) qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC) qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış MPN000532 nömrəli müqavilənin ləğv olunması, cavabdeh tərəfindən ona dəymiş olan 300 manat maddi zərərin və 1000 manat mənəvi zərərin ümumilikdə 1300 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, o, "xxxx" MMC-yə dişlərinin müalicə olunması üçün müraciət etmişdir. Sözügedən klinikada dişlərinə ümumi baxış keçirildikdən sonra dişlərinin müalicəsi mümkünsüzlüyünü əsas gətirərək üst damağındakı dişlərin çıxarılması, alt damağındakı dişlərin düzəldilməsi və damağının ölçüsünə uyğun protezin düzəldilməsi, protezin düşməməsi və sair şərti ilə ümumi xidmət xərcləri hesablanaraq xx.xx.2024-cü il tarixdə "xxxx" MMC ilə aralarında xidmət müqaviləsi bağlanılmışdır. Uzun müddət ( təxminən 3 ay) sözügedən klinikaya mütəmadi olaraq getmişdir. Yekunda damağına protez taxıldıqdan 1 həftə sonra damağına taxılan protez yanlış ölçüdə hazırlandığı üçün düşmüş və bu səbəbdən 2-ci dəfə yenidən protezin taxılması üçün getmiş, lakin heç bir nəticə verməmişdir. Cavabdehlə aralarında bağlanan müqaviləyə əsasən tərəfindən cavabdehə hər ay 100 manat ödəmək şərti ilə ümumilikdə 900 manat pul ödənilməlidir. Müalicə müddəti zamanı 3 ay hər ay 100 manat olmaqla ümumilikdə 300 manat ödənilmişdir. Hal-hazırda başqa bir stamotoloji klinikada dişlərinə görə müalicə alır və ona cavabdeh "xxxx" MMC-nin yanlış diaqnoz qoyduğunu, bir çox gördüyü işlərinin yanlış olduğunu söyləmişdir. O, cavabdehə şifahi olaraq yanlış etdiyini və bu səbəbdən ona həm maddi həm mənəvi ziya dəydiyini bildirmiş, lakin, heç bir nəticə əldə etməmişdir. Hal-hazırki vəziyyətinə görə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -İcraçı "xxxx" MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli MPN000532 nömrəli xidməti müqaviləsindən görünür ki, icraçı sifarişçiyə müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də olan dəyəri 900 manat olan xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində razılaşdırılmış məbləği icraçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.1-ci bəndində göstərilmişdir ki,icraçı sifarişçiyə keyfiyyətli xidmət göstərməlidir. -"xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış bildirişdən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli MPN000532 nömrəli xidməti müqaviləsindən irəli gələn pul tələbinin hamısı "xxxx" QSC-yə güzəşt edilmişdir. -"xxxx" QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli MPN000532 nömrəli xidməti müqaviləsi üzrə xx.xx.2021-cü ildə 100 manat, xx.xx.2024-cü ildə 100 manat, xx.xx.2024cü ildə 100 manat olmaqla, ümumilikdə 300 manat ödənilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və X2» X3 xx.xx.2025-ci il tarixli 2989 saylı rəyindən görünür ki, 1950-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: İddiaçı "xxxx" Klinikasında göstərilmiş tibbi xidmət düzgün yerinə yetirilməmişdir. Belə ki, mütəxəssis müayinəsi zamanı hazırda onda hazırlanmış köhnə protez konstruksiyasının minimum 6 diş olmaqla hesablanmalı olduğu halda, 2 diş ilə hazırlandığı müəyyən edilmişdir ki, bu da qeyri-mümkündür. Bu baxımdan da protezdə qeyri-stabillik yaranmışdır. Bu kimi hallarda klamer vasitəsilə protez düzəldilməlidir. İddiaçı Cavabdeh Klinikasında göstərilmiş qüsurlu stomatoloji tibbi xidmət və tibbi xidmətlə əlaqədar tibbi sənədlər tərtib edilməli olduğu halda, tərtib edilməməsi səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatlar” ın 24.1 bəndinin tələblərinin (“ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi”) pozulması kimi qiymətləndirilir. Dəymiş zərərlə əlaqədar vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyildir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli MPN000532 nömrəli xidməti müqaviləsinə əsasən, icraçı sifarişçiyə xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində 900 manat məbləği hissə-hissə icraçıya ödəməyi öz öhdəsinə götürmüş və iddiaçı 3 ay müddətinə hər ay 100 manat olmaqla, cəmi 300 manat məbləğində ödəniş etmişdir. Lakin iddiaçının diş protezi qüsurlu hazırlandığından, iddiaçı protezdən istifadə edə bilməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış MPN000532 nömrəli müqavilənin ləğv olunması, cavabdeh tərəfindən ona dəymiş olan 300 manat maddi zərərin və 1000 manat mənəvi zərərin ümumilikdə 1300 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutulmasını xahiş etmişdir. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki iş üzrə iddiaçıya dəymiş zərərin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və X2» X3 xx.xx.2025-ci il tarixli 2989 saylı rəyində 1950-ci il təvəllüdlü İddiaçı düzəldilmiş diş protezinin qaydalara uyğun düzəldilmədiyi qüsurlu olduğu göstərilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2024cü il tarixli hesabdan çıxarışdan göründüyü kimi İddiaçı tərəfindən "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli MPN000532 nömrəli xidməti müqaviləsi üzrə ümumilikdə 300 manat ödənilmişdir. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirib, rəyi əsas sübut növü kimi qiymətləndirir. Rəydən də göründüyü kimi iddiaçıya diş protezinin düzəldilməsində cavabdeh qüsurlara yol vermiş nəticədə iddiaçıya maddi ziyan dəymişdir. Beləliklə diş protezinin süzəldilməsi üçün iddiaçı tərəfindən cavabdehə 300 manat məbləğində pul ödəməsi, cavabdehin isə müqaviləyə əsasən, üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi və həmin məbləği iddiaçıya qaytarmadığı işin araşdırılan halları ilə öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh "xxxx" MMC-dən 300 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tələbində 1000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutulmasını xahiş etmiş, lakin qeyd edilənləri təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən iddia həmin hissələrdə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Mülki Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, iddiaçı keçirdiyi mənəvi iztirabların məhz cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində yaranmasını (səbəbli əlaqə) sübuta yetirə bilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx.xx.2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Həmçinin məhkəmə müqavilənin ləğvi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış xidməti müqavilənin 2.2.1-ci bəndində icraçı sifarişçiyə keyfiyyətli xidmət göstərməlidir. İşin araşdırılan hallarından görünür ki, cavabdeh müqavilə şərtləri üzrə öhdəliklərini yerinə yetirməmiş, nəticədə iddiaçıya zərər dəymişdir.. Ona görə də tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli MPN000532 nömrəli xidməti müqavilə ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən, məhkəmə hesab edir ki, ödədiyi dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. İcraçı "xxxx" MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli MPN000532 nömrəli xidməti müqavilə ləğv edilsin. Cavabdeh "xxxx" MMC-dən 300 (üç yüz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov