Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-696/2021 06.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili – Abşeron rayon Vəkil Bürosunun vəkili X3, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan qeyri-yaşayış sahəsinin özgənin sahibliyindən geri alınması və həmin sahədən çıxarılma” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi və kompensasiya ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan qeyri-yaşayış sahəsinin özgənin sahibliyindən geri alınması və həmin sahədən çıxarılma” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi və kompensasiya ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsləri ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişlər. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsindəki qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh və onun ailəsi həmin sahəyə qanunsuz olaraq daxil olmuş və oradan çıxmaq istəmirlər. Qeyd edilənlərə əsasən mülkiyyətində olan qeyri-yaşayış sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən geri alınması, cavabdehin və ailə üzvlərinin ona məxsus olan qeyri-yaşayış sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ailə üzvləri ilə birlikdə 1998ci ildən hazl hazıradək Abşeron rayonu, Masazır kəndində yerləşən Hövsan hərbi sovxozunun binasında məcburi köçkün kimi faktiki olaraq məskunlaşmışdır. Onun mülkiyyət hüququ qeydə alınmasa da, mülkiyyətçi ilə bərabər hüquqlara malikdir. O, orada yaşayır, faktiki istifadə və sahiblik edir, kommunal müqavilələr onun adınadır. O, uzun müddət ərzində həmin ərazidə abadlaşdırma işləri görərək 20 ədəd ağac əkmiş, öz vəsaiti hesabına evin bünövrəsini tökmüşdür. Buna görə də qarşılıqlı iddianın təmin edilərək çıxarışın ləğvi və kompensasiyanın ödənilməsi, ilkin iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı izahatında iddia tələbini müdafiə edərək eyni zamanda göstərdi ki, mübahisəli ərazidə bir köhnə tikili var. Cavabdeh qanunsuz olaraq 2006-cı ildən həmin tikilidə ailəsi ilə birlikdə yaşayır. O, torpaq sahəsi və tikilini təxminən 2007-2009-cu ildən almışdır. O, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X8 ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia tələbini qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edib, ərizənin məzmununa uyğun izahat verərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi X2 izahatında bildirdi ki, Cavabdeh 1993-cü ildən Füzuli rayonundan məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşmış, daha sonra ailəsi ilə birlikdə 1998-ci ildən həmin ərazidə yaşayır. Ərazi hərbi sovxozun ərazisi olub, Cavabdeh həyat yoldaşı sovxozda işlədiyinə görə müdriyyət tərəfindən tikili yaşamaq üçün ona verilmişdir. O, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Əmlak Məsələləri Dövlət Komitəsi ilə X10 araında bağlanmış 02 mart 2011-ci il tarixli 3872 saylı alqı-satqı müqaviləsindən məlum olur ki, Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsindəki 83.8 kv.m sahəsi olan qeyri-yaşayış binası X1. - Əmlak Məsələləri Dövlət Komitəsi ilə X10 araında bağlanmış 15 mart 2011-ci il tarixli 2976 saylı alqı-satqı müqaviləsindən məlum olur ki, Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsindəki qeyri-yaşayış binasının istifadəsində olan 15409.8 kv.m torpaq sahəsi X1. - MA seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reysetrindən çıxarışdan aydın olur ki, Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsindəki 83.8 kv.m sahəsi olan qeyriyaşayış binası və 15409.8 kv.m torpaq sahəsinə X4 mülkiyyət hüququ 06.04.2011-ci il tarixdə qeydə alınmışdır. - Abşeron rayon notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş, 26 sentyabr 2012ci il tarixli 4Ə-06-1870 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X10 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsindəki 83.8 kv.m sahəsi olan qeyri-yaşayış binasını və 0.5828 ha torpaq sahəsini İddiaçı satmışdır. - RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reysetrindən çıxarışdan aydın olur ki, Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsində yerləşən 83.8 kv.m sahəsi olan qeyri-yaşayış binası və 0.5828 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ 24.10.2012-ci il tarixdə qeydə alınmışdır. Qeyri-yaşayış sahəsinin tərkibinə həmçinin tikinti altı sahəsi 118.9 kv.m olan anbar da daxildir. - Təqdim edilmiş alqı-satqı müqavilələrdən görünür ki, İddiaçı mülkiyyətində olan 0.5828 ha torpaq sahəsini ayrı-ayrı şəxslərə satdıqdan sonra onun mülkiyyətində 0.042 ha torpaq sahəsi qalmışdır. - **********87-06301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reysetrindən çıxarışdan aydın olur ki, Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsində yerləşən 83.8 kv.m sahəsi olan qeyri-yaşayış binası və 0.042 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ 24.06.2019-cu il tarixdə qeydə alınmışdır. - Abşeron Rayon Polis İdarəsinin 25 sentyabr 2020-ci il tarixli məktubuna əlavə edilmiş İddiaçı müraciəti əsasında aparılmış materialların surətindən aydın olur ki, o, Cavabdehın ona məxsus qeyri-yaşayış sahəsindən və torpaq sahəsindən çıxmadığından şikayət etmişdir. Cavabdeh isə izahatında bildirmişdir ki, o, ailə üzvləri ilə 1998-ci ildən Abşeron rayonu, Masazır kəndində yerləşən hərbi sovxozun binasında məskunlaşıb. Həmin yeri ona məcburi köçkün olduğuna görə Hacı Nazim adlı şəxs Elburus adlı şəxsin vasitəsilə təmənnasız vermişdir. - Cavabdeh adına olan qaz sayğacı üzrə abonent məlumatında 2011-ci ilin fevral ayından 2020-ci ilin oktyabr ayı üzrə sərfiyyat və borc haqqında qeydlər vardır. - Cavabdeh adına olan elektrik sayğacı üzrə abunə məlumatında 2014-cü ilin fevral ayından 2020-ci ilin avqust ayı üzrə sərfiyyat və borc haqqında qeydlər vardır. - Abşeron rayonu Masazır bələdiyyəsinin hesabına ödənilmiş 12.10.2020-ci il tarixli qəbzlərdən görünür ki, Cavabdeh əmlak və torpaq vergisi ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsində yerləşən 83.8 kv.m sahəsi olan qeyri-yaşayış binası ilk əvvəl dövlət mülkiyyətində olmuş, daha sonra 06.04.2011-ci il tarixdə Bilal Qənbərovun mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. İddiaçı sonuncu şəxsdən 26 sentyabr 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mübahisəli Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsindəki 83.8 kv.m sahəsi olan qeyri-yaşayış binasını və 0.5828 ha torpaq sahəsini satın almış, mülkiyyət hüququ 24.10.2012-ci il tarixdə qeydə alınmışdır. İddiaçı qeyd edilən torpaq sahəsini ayrı-ayrı şəxslərə satdıqdan sonra onun mülkiyyətində 0.042 ha torpaq sahəsi qalmış, mülkiyyət hüququ 24.06.2019-cu il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Göründüyü kimi, İddiaçı Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsində yerləşən 83.8 kv.m sahəsi olan qeyri-yaşayış binasının mülkiyyətçisidir. Mülkiyyətçi olaraq qanunun qeyd olunan tələbinə uyğun qaydada tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı Cavabdeh və onun ailə üzvlərinrin həmin qeyri-yaşayış sahəsindən qanunsuz istifadə etmələri məhdudlaşdırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafıəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. Məhkəmə tədqiqatı zamanı müəyyən edilir və Cavabdeh özü də bildirir ki, İddiaçı mülkiyyətində olan, Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsində yerləşən 83.8 kv.m sahəsi olan qeyri-yaşayış binasında öz ailə üzvləri ilə birlikdə yaşayır. Başqa sözlə qeyri-yaşayış sahəsinin cavabdeh və ailə üzvlərinin qeyri-qanuni sahibliyində olması barədə ilkin iddia tələbləri öz təsdiqini tapmışdır. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 20 gündən gec olmayaraq daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və dövlət reyestrindən çıxarış verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə hesab edir ki, Şahsuvar Məhərrəmovun Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququ qüvvədədir, həqiqi hesab olunur. Buna görə də çıxarışın ləğvi üçün heç bir əsas mövcud deyildir. Qarşılıqlı iddia tələbinin “kompensasiya” hissəsinin iddiaçı tərəfindən nədən ibarət olması və nəyin əsasında tələb etməsi konkret göstərilməmiş, dəlillər təqdim edilməmişdir. Məhkəmə Cavabdeh iddia tələbi ilə bağlı sübutlar təqdim etməyi təklif etsə də, o, bu barədə heç bir tutarlı sübut təqdim edə bilməmişdir. Onun tərəfindən təqdim edilən sübutlar iddia tələbinin təsdiqi üçün kifayət etməmişdir. Bununla da məhkəmə hesab edir ki, qarşılıqlı iddianın təmin edilməsi üçün qanuni əsaslar yoxdur. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alaraq və istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutaraq, hesab edir ki, yuxarıda müəyyən edilən hallara uyğun olaraq ilkin iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsində yerləşən 83.8 kv.m sahəsi olan qeyri-yaşayış binası Cavabdeh qeyri-qanuni sahibliyindən geri alınmalı, Cavabdeh və ailə üzvləri həmin qeyriyaşayış sahəsindən çıxarılmalı, qarşılıqlı iddia isə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəfin özünə aid edilməlidir. İnsan hüquqlarının və X7 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsində yerləşən 83.8 kv.m sahəsi olan qeyri-yaşayış binası Cavabdeh qeyri-qanuni sahibliyindən geri alınsın. Cavabdeh və ailə üzvləri həmin qeyri-yaşayış sahəsindən çıxarılsın. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-696/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-696/2021
06.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver