Məhkəmə qərarları › İş №2(012)-6970/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-6970/2021

01.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-6970/2021 01.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqlarının pozulmasına görə 150000 manat zərər məbləğinin cavabdeh "xxxx" ASCdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.11.2021-ci il tarixli, 2(006)-6697/2021 saylı qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi torpaq sahəsinin Abşeron rayonu ərazisində yerləşməsini əsas götürüb Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, hazırki mülki işə aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, işə Abşeron Rayon Məhkəməsində baxılmalı deyildir. Belə ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində göstərilmişdir ki, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Lakin iddia ərizəsinin dəlillərindən görünür ki, iddiaçı hazırda hüquqlarının pozulmasına görə ona dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Belə olan halda hazırki iddiaya Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin tələbləri baxımından müstəsna aidiyyət üzrə torpaq sahəsinin yerləşdiyi yerin məhkəməsində baxılmamalı, iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. İddia ərizəsində göstərildiyi kimi, cavabdeh "xxxx" ASC ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, qanunvericilik iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsi qaydasını müəyyən etmiş, eləcə də bu qaydadan kənara çıxan müstəsna aidiyyət qaydasını da nəzərdə tutmuşdur. Məhkəmə, həmçinin qeyd edir ki, şəxsin məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə xüsusi təminatlar nəzərdə tutulmuşdur. Məhkəmə aidiyyəti institutu bu təminatlardan biridir. Məhkəmə təcrübəsində məhkəmə aidiyyəti qaydasına fərqli yanaşma nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına səbəb ola bilər. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi icraatında olan 2(006)-6697/2021 saylı mülki işi Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə istinad edərək Abşeron Rayon Məhkəməsinə göndərməkdə haqlı olmamaqla məhkəmələr arasında fikir ayrılığı yaratmışdır. Mülki Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apelyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Beləliklə, məhkəmə hesab edir ki, qeyd olunan xüsusatlar məhkəmələr arasında fikir ayrılığının yaranmasına səbəb olduğundan və yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid edildiyindən iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrа əsаsən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci mаddələrini rəhbər tutаrаq, QƏRARA ALDİM: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmiş İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı maddi zərərin ödənilməsi tələbinə dair 2(012)-6970/2021 saylı mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar