Məhkəmə qərarları › İş №2(012)-698/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-698/2024

15.03.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-698/2024 15.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlaka olan hüquqların itirilmiş hesab edilməsi və müqavilədə nəzərdə tutulan hüquqların tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı daşınmaz əmlaka olan hüquqların itirilmiş hesab edilməsi və müqavilədə nəzərdə tutulan hüquqların tanınması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xocasən Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 112 saylı qərarı ilə ayrılmış 200 kv.metr torpaq sahəsinə və üzərindəki tikiliyə olan hüquqlarının itirilmiş hesab edilməsi, onun həmin torpaq sahəsinə və üzərindəki tikiliyə müqavilə üzrə nəzərdə tutulan hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 200 kv.metrdən ibarət torpaq sahəsinin alqı-satqısına dair razılığa gəlmiş və xx.xx.2018-ci il tarixdə ilkin müqavilə bağlamışlar. Həmin torpaq sahəsi Binəqədi Rayon Xocasən Bələdiyyəsinin 112 saylı, xx.xx.2004-cü il tarixli qərarı ilə Cavabdeh ayrılmışdır. Bələdiyyə həmin qərarı Binəqədi RİH-nin memarlıq xidmətinin razılığına və X2 Daimi Komissiyasının xx.xx.2004-cü il tarixli rəyinə əsasən vermişdir. Qərarda torpaq sahəsinin yerinin Binəqədi RİH-nin memarının təsdiq etdiyi cizgiyə əsasən müəyyən edilməsi, tikiləcək fərdi yaşayış evinin layihəsinin memarlıqla razılaşdırılması, Əmlak Komitəsi yanında DƏDRX-yə mülkiyyət hüquqları əldə etmək üçün müraciət edilməsi kimi tövsiyələr öz əksini tapmışdır. Bundan sonra Cavabdehlə Bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanmış, 800000 köhnə manat 194966 saylı hesaba ödənilərək, kassa mədaxil orderi alınmışdır. Binəqədi RİH-nin memarı və Xocasən Bələdiyyəsinin mühəndisi tərəfindən torpaq sahəsinin yerləşdiyi ərazinin cizgisi, nəzərdə tutulan 200 kv.metr sahə, sahənin sərhədləri və qonşu sahələr müəyyənləşdirilərək tərtib edilmişdir. Binəqədi Bələdiyyəsinin möhürü və sədrinin imzası ilə yerquruluşu planından çıxarış təsdiq edilmişdir. Sonradan ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazi Abşeron rayonuna verilmişdir. Aidiyyəti üzrə Xırdalan Bələdiyyəsi xx.xx.2017-ci il tarixli arayışla təsdiqləmişdir ki, həmin torpaq sahəsi uzun illərdir Cavabdeh istifadəsindədir. Beləliklə, tərəflər müqavilə bağlayaraq torpaq sahəsini alqı-satqı edərkən torpağın hüquqi vəziyyəti aydın olmuş, Cavabdeh məxsus olduğu sənədlərlə təsdiq olunmuşdur. Cavabdeh həyat yoldaşı X1 xx.xx.2018-ci il tarixdə 26 saylı notariat kontorunda razılıq ərizəsi verərək, alqı-satqıya etiraz etmədiyini bildirmişdir. xx.xx.2018-ci il tarixdə Cavabdeh özü də 26 saylı notariat kontorunda iradəsini bildirərək həmin torpaq sahəsinin və üzərindəki tikilinin onun adına keçirilməsinə etiraz etmədiyini təsdiq etmişdir. Həmin tarixdə onlar həm ilkin müqaviləni bağlamış, həm də 40 il müddətinə həmin torpaq sahəsinə və üzərindəki tikiliyə dair ona baş etibarnamə verilmişdir. Ötən müddətdə o, dəfələrlə cavabdehdən öz öhdəliyini yerinə yetirməyi, müvafiq sənədləşməni aparmağı, çıxarış alaraq obyekti alqı-satqıya hazır etməyi tələb etmişdir. Lakin müqavilə bağlanandan bir il müddətinə çıxarış almağı öhdəsinə götürən Cavabdeh 5 il ötməsinə baxmayaraq, sənədləşməni həyata keçirməmiş, öhdəliyini yerinə yetirməmişdir. Onun bu hərəkətsizliyi nəticəsində iddiaçıya aşağıdakı formada və miqyasda ziyan dəymişdir: əmlak üzərindəki obyektə müvafiq hüquqmüəyyənedici sənədlər əlavə etmək mümkün olmadığı üçün reyestrdə qeydə almaq mümkün olmamış, çıxarış almaq mümkün olmadığı üçün iş adamları ilə şifahi razılaşdığı müqaviləni rəsmiləşdirmək də mümkün olmamış, nəticədə münasib imkanlar əldən çıxmış, əlverişli biznes planı həyata keçirmək üçün lazım olan krediti almaq çıxarış olmadığı üçün mümkün olmamışdır. Göstərilənlərdən aydın olur ki, Cavabdeh öhdəliyin icrasını qəsdən uzadır ki, iş pozulsun, çıxarışı almamaqla onu bezdirsin. Buna görə də iddia təmin olunmalıdır. İddiaçı iştirak etdiyi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. O əlavə etdi ki, müqavilə üzrə cavabdehə 52000 manat pul ödəmişdir. Qalan məbləği isə sənədləşmədən sonra ödəyəcəkdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razılaşmadı və onun təmin edilməsinə etiraz etdi. O bildirdi ki, müqavilə üzrə razılaşdırılmış məbləğin qalan hissəsi, yəni 18000 manat ödənilərsə, əmlaka dair sənədləşməni həll edə bilər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan notarial qaydada təsdiq edilmiş xx.xx.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən bələdiyyəsinin 112 nömrəli, xx.xx.2004-cü iİ tarixli qərarından çıxarışa əsasən Bakı şəhəri, Xocəsən dairəsinin ərazisində yerləşən 200 kv.metrdən ibarət torpaq sahəsini 70000 manata İddiaçı satmışdır. Alıcı 70000 manatın 52000 manatını satıcıya notariusun depozit hesabı vasitəsi ilə ödəyir. Qalan 18000 manatını isə satıcı həmin torpaq sahəsini 1 (bir) il müddətində sənədləşdirib, özəlləşdirdikdən, çıxarış aldıqdan sonra alqı-satqı müqaviləsi bağlanan anda ödəməyi öhdəsinə götürür. İş materiallarında olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən bələdiyyəsinin 112 nömrəli, xx.xx.2004-cü iİ tarixli qərarından çıxarışdan görünür ki, Cavabdeh fərdi yaşayış evlərinin tikintisi üçün 200 kv.metr torpaq sahəsi ayrılmşdır. Bu barədə torpaq sahəsinin alqı-satqısına dair akt və cizgi-plan tərtib olunmuşdur. İşdə olan Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən bələdiyyəsinin 112 nömrəli, xx.xx.2004cü iİ tarixli qərarı ilə Cavabdeh ayrılmış 200 kv.metr torpaq sahəsi uzun müddətdir ki, onun istifadəsindədir. İşdə olan AR-İ 587095 saylı, xx.xx.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən bələdiyyəsinin 112 nömrəli, xx.xx.2004-cü iİ tarixli qərarı ilə ona ayrılmış 200 kv.metr torpaq sahəsi və üzərində olan tikilini təyinatı üzrə istifadə etməyi, tikinti işləri aparmağı, torpaq sahəsinin üzərində tikilmiş tikililəri tam özəlləşdirməyi, sənədləşmə ilə əlaqədar adından ərizə verməyi və imza etməyi, tikinti işləri aparmağı, qaz, su, işıq, telefon xətti çəkməyi, bələdiyyə, məhkəmə və icra orqanlarından müvafiq arayış, qərar və sərəncamları almağı, notariat kontorunda nümayəndəsi olmağı, notarial qaydada rəsmiləşdirilmiş sənədlərdə imza etməyi, əvəzinə müvafiq iddia ərizəsi imzalamağı, məhkəmə qərarlarının icrası orqanlarında onu təmsil etməyi, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəsxə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə bitirmək, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək və ya onlardan imtina etmək hüququ ilə bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, onu notariat kontorunda, ASAN Xidmət Mərkəzlərinə və digər orqanlarda təmsil etmək, qeydiyyat orqanlarında lazımi arayışları almağı, toplanmış sənədləri DƏDRX-nin müvafiq Ərazi İdarəsinə təhvil verib ona çatası çıxarışı və texniki pasportu almağı, torpaq sahəsinin və üzərində tikilmiş tikilinin özgəninkiləşdirilməsinə dair arayışı almağı, mülkiyyət üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, ipoteka-girov qoymağı, bu işlə əlaqədar banklardan ona çatası pulu almağı, buna dair müqavilə imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və bu işlə əlaqədar bütün hərəkətləri etməyi 40 il müddətinə İddiaçı etibar etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Mülki Məcəllənin 6.1.5-ci maddəsinə görə müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin Məcəllənin 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.3-cü maddəsinə görə bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Həmin Məcəllənin 324.4-cü maddəsinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 390.4-cü maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 390.5-ci maddəsinə görə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 390.6-cı maddəsinə görə müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 390.7-ci maddəsinə görə əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Həmin Məcəllənin 402.1-ci maddəsinə görə ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.2-ci maddəsinə görə ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Həmin Məcəllənin 402.3-cü maddəsinə görə ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Həmin Məcəllənin 402.4-cü maddəsinə görə ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Həmin Məcəllənin 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Həmin Məcəllənin 402.6-cı maddəsinə görə niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. İş materialları ilə müəyyən olunur ki, Binəqədi Rayon Xocasən Bələdiyyəsinin 112 saylı, xx.xx.2004-cü il tarixli qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 200 kv.metrdən ibarət torpaq sahəsi Cavabdeh ayrılmışdır. Bu əmlak onun adına müvafiq orqanda qeydiyyata alınmamışdır. Tərəflər həmin torpaq sahəsinin alqı-satqısına dair razılığa gəlmiş və xx.xx.2018-ci il tarixdə ilkin müqavilə bağlamışlar. Müqaviləyə görə torpaq sahəsi 70000 manata razılaşdırılmış, alıcı bunun 52000 manat hissəsini ödəmiş, qalan 18000 manat hissəsi isə əmlaka dair hüquq müəyyənedici sənədləri satıcı 1 il müddətində əldə etdikdən sonra əsas müqavilə imzalanan zaman ödənilməsi barədə razılığa gəlinmişdir, yəni əsas müqavilənin bağlanma müddəti xx.xx.2019-cu ilədək müəyyən edilmişdir. Müqavilənin 4.1-ci bəndində göstərilmişdir ki, tərəflərin hər biri öz öhdəliyini yerinə yetriməzsə, digər tərəfin müqaviləni dəyişdirmək və çəkilmiş xərclərin ödənilməsini tələb etmək hüququ vardır. 4.3-cü bənddə isə göstərilmişdir ki, tərəflər üzərinə götürdükləri öhdəlikləri vaxtında və lazımi qaydada icra etmək onların iradəsindən asılı olmayan səbəblərdən mümkün olmazsa, satıcı alıcıdan aldıqları vəsaiti geri qaytarır və bu zaman tərəflərin ilkin vəziyyəti bərpa olunur. Məhkəmə iclasında müəyyən edildi ki, ilkin müqavilənin 2.2-ci bəndinin tələblərinə cavabdeh riayət etməmiş, əmlaka dair hüquq müəyyənedici sənədləri xx.xx.2019-cu ilədək əldə etməmiş, bununla da tərəflər arasında əsas müqavilənin imzalanması baş tutmamışdır. İlkin müqavilədə satıcının öz öhdəliklərini vaxtında yerinə yetirməzsə, mübahisəli daşınmaz əmlaka olan hüquqların itirilmiş hesab edilməsi və ya alıcının həmin əmlaka dair hüquqlarının yaranması barədə hər hansı müddəa mövcud deyildir. Bundan başqa, ilkin müqavilə bağlandıqdan sonra 1 il ərzində əsas müqavilə bağlanmadığından, bunun üçün ilkin müqavilədə göstərilən şərtlər yerinə yetirilmədiyindən Mülki Məcəllənin 402.5-ci maddəsinə görə ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Başqa sözlə, məhkəmə hesab edir ki, ilkin müqavilədəki şərtlər pozulduğundan əsas müqavilənin şərtlərinin (alqı-satqıdan sonra əmlaka dair hüquqların satıcıdan alıcıya ötürülməsi) yerinə yetirilməsindən söhbət gedə bilməz. Digər tərəfdən, işdən görünür ki, cavabdeh xx.xx.2018-ci il tarixli etibarnamə ilə mübahisəli əmlakı digər şəxslərin adına özgəninkiləşdirmək səlahiyyəti də daxil olmaqla iddiaçıya 40 il müddətinə bir neçə səlahiyyət vermişdir. Təmsil edən kimi iddiaçının təmsil olunan cavabdehin əmlakını öz adına özgəninkiləşdirmək hüququ mövcud qanunvericiliyə ziddir. Bu baxımdan məhkəmə iddianın təmin edilməməsi nəticəsinə gəlir. Bununla belə, məhkəmə izah edir ki, iddiaçının mübahisəli əmlaka görə ilkin müqavilə ilə cavabdehə ödədiyi pul vəsaitini geri tələb etmək hüququ mövcuddur. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlaka olan hüquqların itirilmiş hesab edilməsi və müqavilədə nəzərdə tutulan hüquqların tanınması barədə iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı daşınmaz əmlaka olan hüquqların itirilmiş hesab edilməsi və müqavilədə nəzərdə tutulan hüquqların tanınması barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar