Məhkəmə qərarları › İş №2(027)-242/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-242/2020

14.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-242/2020 14.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1ı, Cavabdeh2 və Cavabdeh3 qarşı evdən və torpaqdan payların naturada ayrılması və giriş-çıxış yolunun müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,04 ha torpaq sahəsindən və həmin torpaqda yerləşən 143,8 kv.metr evdən onların mülkiyyətinə verilən hissənin naturada ayrılması və giriş-çıxış yolunun ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi X2 iddia tələbini müdafiə edərək göstərdi ki, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin X5 aid hissəsinə və evin yerləşdiyi 0,04 ha torpaq sahəsinə dair miras qoyan X4 ölümündən sonra iddiaçıların vərəsəlik hüquqları tanınaraq mirasın qəbul edilməsi faktı müəyyən edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 9/16 hissəsinə Cavabdeh1ın, 6/16 hissəsinə İddiaçı2, 1/16 hissəsinə Cavabdeh2 vərəsəlik üzrə pay hüquqları müəyyən edilmiş, ünvan 1 ünvanında yerləşən X3 miras qalmış 0,04 ha torpaq sahəsinin 8/32 hissəsinə Cavabdeh1ın, 8/32 hissəsinə Cavabdeh2, 13/32 hissəsinə İddiaçı2, 3/32 hissəsinə İddiaçı1 vərəsəlik üzrə pay hüquqları müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra onlar DƏDRX-nın 5 saylı X7 müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış evin 6/16 hissəsinə və torpaq sahəsinin 13/32 hissəsinə İddiaçı2, 3/32 hissəsinə İddiaçı1 mülkiyyətlərini təsdiq edən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarış almışlar. Cavabdehlər isə onlara mülkiyyətlərindən istifadə etməyə imkan vermirlər. Göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,04 ha torpaq sahəsindən və həmin torpaqda yerləşən 143,8 kv.metr evdən onların mülkiyyətinə verilən hissənin naturada ayrılması və giriş-çıxış yolunun ayrılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, sözügedən əmlakda naturada bölgü mümkün deyil. Qətnamə qəbul edilərkən qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mülki iş üzrə Cavabdeh1ı və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclas iştirakçılarını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)- 2456/2018 saylı qətnaməsindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin X5 aid hissəsinə və evin yerləşdiyi 0,04 ha torpaq sahəsinə dair miras qoyan X4 ölümündən sonra onların vərəsəlik hüquqları tanınaraq mirasın qəbul edilməsi faktı müəyyən edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 9/16 hissəsinə Cavabdeh1ın, 6/16 hissəsinə İddiaçı2, 1/16 hissəsinə Cavabdeh2 vərəsəlik üzrə pay hüquqları müəyyən edilmiş, ünvan 1 ünvanında yerləşən X3 miras qalmış 0,04 ha torpaq sahəsinin 8/32 hissəsinə Cavabdeh1ın, 8/32 hissəsinə Cavabdeh2, 13/32 hissəsinə İddiaçı2, 3/32 hissəsinə İddiaçı1 vərəsəlik üzrə pay hüquqları müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 6/16 hissəsinə və evin yerləşdiyi 0,04 ha torpaq sahəsinin 13/32 hissəsinə İddiaçı2, 3/32 hissəsinə İddiaçı1 mülkiyyət hüququ vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş daşınmaz əmlakın texniki pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hüquqi subyekti İddiaçı2dır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (məhkəmə tikinti-texniki ekspertizası) xx.xx.2020-ci il tarixli 10/1417 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,04 ha torpaq sahəsindən və həmin torpaqda yerləşən 143,8 kv.metr olan fərdi yaşayış evinin iddiaçıların paylarına uyğun şəkildə, yəni həmin 0,04 ha torpaq sahəsinin İddiaçı1 münasibətdə 3/32 hissəyə, İddiaçı2 münasibətdə 13/32 hissəyə və həmin torpaqda yerləşən ümumi sahəsi 143,8 kv.metr olan fərdi yaşayış evinin 6/16 hissəyə, o cümlədən qeyd olunan torpaq sahəsinin qalan 16/32 hissəyə və həmin torpaqda yerləşən evin qalan 10/16 hissəyə təcrid şəkildə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Beləliklə, məhkəmədə müəyyən edildi ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə İddiaçı2 və İddiaçı1 vərəsəlik üzrə pay hüquqları müəyyən edilmiş, lakin cavabdehlər tərəfindən birgəyaşayış qaydalarına riayət edilmədiyi üçün həmin mənzildən istifadə etməkdə çətinliklərlə qarşılaşdıqları üçün iddiaçılar onlara düşən payların naturada bölünməsini tələb etmişlər. Belə ki, iş üzrə keçirilmiş ekspertizanın rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,04 ha torpaq sahəsindən və həmin torpaqda yerləşən 143,8 kv.metr olan fərdi yaşayış evinin iddiaçıların paylarına uyğun şəkildə naturada bölünməsi texniki cəhətdən mümkün olmamışdır. Odur ki, məhkəmə həmin rəyi mötəbər sübut kimi qəbul edərək, hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1a, Cavabdeh2 və Cavabdeh3 qarşı evdən və torpaqdan payların naturada ayrılması və giriş-çıxış yolunun müəyyən edilməsi barədə tələbi təmin edilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün, 50 (əlli) manat ekspertiza xərci iş üzrə tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1a, Cavabdeh2 və Cavabdeh3 qarşı evdən və torpaqdan payların naturada ayrılması və giriş-çıxış yolunun müəyyən edilməsi barədə tələbi təmin edilməsin. Ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı1, İddiaçı2, Cavabdeh1ı, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÜEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar