Məhkəmə qərarları › İş №2(012)-729/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-729/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-729/2021 17.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X5 və Cavabdeh iştirakları ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “VAZ 21043” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cavabdeh 675 manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş dövlət rüsumu üçün 30,40 manatın, ümumilikdə 705,40 manatın İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2013-cü il tarixdə idarə etdiyi «VAZ 2106» markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Digah kənd yolunda hərəkətdə olarkən əks istiqamətdə olan “VAZ 21043” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, cavabdeh avtomobili sürücülük vəsiqəsi olmadan və sərxoş halda idarə etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində onun təqsirli olması Abşeron Rayon Məhkəməsinin 3(012)-580/2013 saylı, xx.xx.2013-cü il tarixli X12 iş üzrə Qərarında öz əksini tapmışdır. xx.xx.2013-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyatı hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsinə dair hesabata əsasən «VAZ 21043» markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 675 manat ziyan dəymişdir. PAT ********** saylı sığorta müqaviləsinin 2176/2013 saylı sığorta aktına əsasən İddiaçı» Sığorta Şirkəti ASC 675 manat sığorta ödənişi həyata keçirmişdir. İddiaçı hazırda ödədiyi 675 manat məbləğində sığorta ödənişinin əvəzini subroqasiya qaydasında cavabdehdən tələb edir. Məhkəmə iclasında İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X5 da iddia tələbini müdafiə edib iddia ərizəsində yazılanlara uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini bildirərək izahatında qeyd etdi ki, dəymiş ziyanla bağlı etirazı yoxdur, lakin hazırda həmin məbləği ödəməyə maddi imkanı yol vermir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, iddia əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarından olan 678450 №-li nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən müəyyən edilir ki, “VAZ 21043” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2 adından onun verdiyi etibarnamə əsasında X1 tərəfindən xx.xx.2013-ci il tarixdə X6 3 il 8 ay 7 gün müddətinə nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir və etibarnamə xx.xx.2016-cı il tarixədək qüvvədədir. Mülki işin materiallarından olan 678451 №-li nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən müəyyən edilir ki, “VAZ 21043” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2 adından onun verdiyi etibarnamə əsasında X1 tərəfindən xx.xx.2013-ci il tarixdə X7 1 il müddətinə nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir və etibarnamə xx.xx.2014-cü il tarixədək qüvvədədir. Mülki işin materiallarından olan 910402 №-li nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən müəyyən edilir ki, «VAZ 2106» markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4 adından onun verdiyi etibarnamə əsasında X8 tərəfindən xx.xx.2012-ci il tarixdə Cavabdeh 1 il müddətinə sürücülük hüququ olduqda idarə etmək, qeydiyyatdan çıxarmaq, qeydiyyata salmaq, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, bu tapşırıqları yerinə yetirmək ilə əlaqədar mülkiyyətçinin adından sərəncam vermək və digər hərəkətlər etmək üçün etibarnamə vermişdir və etibarnamə xx.xx.2013-cü il tarixədək qüvvədədir. Mülki işin materiallarından olan AA seriyalı 812763 №-li avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən müəyyən edilir ki, Cavabdeh idarə etdiyi «VAZ 2106» markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil PAT********** saylı sığorta müqaviləsi ilə xx.xx.2012-ci il tarixdə 1 il müddətinə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. Mülki işin materiallarından olan X12 951126 saylı protokoldan müəyyən edilir ki, Cavabdeh xx.xx.2013-cü il tarixdə idarə etdiyi «VAZ 2106» markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Digah kəndi orta məktəbin yanında hərəkət zolağından çıxaraq qabaqdan gələn “VAZ 21043” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Tibbi müayinə zamanı məlum olmuşdur ki, sürücü spirtli içki qəbul edərək avtomobili sərxoş vəziyyətdə idarə etmiş və sürücülük vəsiqəsini təqdim etməmişdir. Mülki işin materiallarından olan Abşeron Rayon Məhkəməsinin 3(012)-580/2013 saylı, xx.xx.2013-cü il tarixli X12 iş üzrə Qərardan müəyyən edilir ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152-2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və ona 1 ay müddətində inzbati həbs növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2013-ci il tarixli sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan müəyyən edilir ki, avtomobillə toqquşması nəticəsində «VAZ 21043» markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin qabaq sol qanad, qabaq kapot, qabaq örtük, qabaq bufer, qabaq sol qapı və arxa qapı əzilmiş, qabaq sol fara, qabaq alın şüşəsi və yan güzgü sınmışdır. Mülki işin materiallarından olan xx.xx.2013-ci il tarixli, 2176/2013 saylı sığorta aktından müəyyən edilir ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 675 manat məbləğində sığorta ödənişinin zərərçəkən şəxs X7 ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Müvafiq qəbz mülki işə əlavə edilmişdir. Mülki işin materiallarından olan nəqliyyat vasitələrinin yol nəqliyyatı hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsinə dair xx.xx.2013-cü il tarixli hesabatdan müəyyən edilir ki, «VAZ 21043» markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 675 manat ziyan (dəyişilən ehtiyyat hissələri 185 manat + dəmirçi, rəngsaz və armaturçu tərəfindən görülən işlər 490 manat) dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən,partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilmişdir. Həmin Qanunun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh sürücülük vəsiqəsi olmadan və sərxoş vəziyyətdə idarə etdiyi «VAZ 2106» markalı, **-FP- *** dövlət qeydiyyat nişanlı avtomobillə Digah kənd yolunda hərəkət edərkən “VAZ 21043” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh tərəfindən törədilən yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxsə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ümumilikdə 675 manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırda şirkət subroqasiya qaydasına cavabdehdən həmin məbləğdə pul tələb edir. Cavabdeh iddianı qəbul edir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh sığorta ödənişi üçün 675 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30,40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30,40 manat dövlət rüsumu da Cavabdeh oğlundan alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh sığorta ödənişi üçün 675 manat və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar