Məhkəmə qərarları › İş №2(012)-73/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-73/2023

13.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-73/2023 13.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh idarə etdiyi yük avtomobilinin ona məxsus qeyri-yaşayış obyektinə çırpılaraq qəza törətməsi nəticəsində əmlakına dəymiş maddi zərərə görə 11700 manat, hüquqi xidmətə görə 1550 manat, nəqliyyat (taksi) və poçt (kuryer) xidmətinə çəkilmiş xərclərə görə 250 manat, əldən çıxmış faydaya görə 1050 manat, ona dəymiş mənəvi zərərə görə 5000 manat, tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu olmaqla ümumilikdə cəmi 19580 manatın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 18 yanvar 2021-ci il tarixində saat: 14:55 radələrində (TŞ-019) Təhlükəsiz şəhər kameraları qarşısında, Bakı şəhəri Binəqədi rayonu Svetalana Məmmədova küçəsi ilə İsmayıl Dağıstani küçəsinin kəsişməsində yerləşən avtobus dayanacağı yaxınlığında yerləşən ticarət sırasında, İddiaçı məxsus qeyri-yaşayış sahəsinə (xırdavat köşkünə) Cavabdeh idarə etdiyi Ford markalı **-RO-*** qeydiyyat nişanlı yük avtomobili əsas yoldan ani sağ tərəfə manevr edərək geriyə avtobus dayanacağına girmək üçün dönmə əməliyyatı edərək (ara məsafəsi saxlamadan) surətlə (satıcı köşkdə namaz qıldığı an) obyektə çırpılmışdır. Qəza nəticəsində obyektin yağış və günəşdən qorunma çətiri (rəngli alkapon üzlüklü - dəmir konstuksiyalı) və gecə işıqlandırma (diod və led sistemli) lampaları parçalanaraq dağılmış, reklam işıqlandırma (tablosu) sistemi (adapterlər daxil) xarab olmuş, vitrin qapı-pəncərə sistemi (çərçivələrinin birləşmə nöqtələri) yerindən laxlamış, ciddi zərər görmüş, obyektin (çətir altında yerləşən) təhlükəsizlik kameraları qoparaq zədələnmiş (xarab olmuşdur). Hadisə ilə əlaqədar dərhal Daxili İşlər Nazirliyinin 102 Xidmətinə məlumat verilmiş, nəticədə təxminən 1 saat sonra (15:55 radələri) **-YP-*** qeydiyyat nişanlı X11 məxsus xidməti avtomobil ilə YPX əməkdaşları hadisə yerinə gəlmiş və qəzanı törədən sürücünün müvafiq sənədləri YPX əməkdaşları tərəfindən götürülmüşdür. YPX əməkdaşları qəzanı törətmiş sürücünün sənədlərini Binəqədi YPX-də Maşallah müəllimə aparıb təhvil verəcəklərini bildirmişlər. Yol nəqliyyat hadisəsi baş verən yerdə (və vaxtda) heç bir protokol tərtib edilməmişdir. 102 xidmətinin və X13 əməkdaşlarının hərəkətsizliyi barəsində X9 müvafiq şikayət ərizəsi ünvanlanmışdır. Bas vermiş yol nəqliyyat hadisəsi və **-YP-*** qeydiyyat nişanlı YPX avtomobili ilə gələn YPX əməkdaşlarının hadisə yerinə baxış keçirməsi obyektin təhlükəsizlik kameraları vasitəsilə qeydə alınmışdır. Qəzanı törədən sürücü Cavabdeh və Əsəd adlı yoldaşı özlərinin (dindar) “namaz əhli” olduqlarını, yük avtomobili ilə tələbat mallarının topdansatışını həyata keçirdiklərini ifadə edərək, halallıq naminə dəymiş zərəri aradan qaldırmaq üçün dərhal təmir işlərinə başlayaraq qəzanı aradan qaldıracağına vəd versələr də, YPX əməkdaşları ərazidən getdikdən sonra hadisə yerindən getmiş və onlarla heç bir əlaqə saxlamamışdır. Sürücü telefon zənglərinə cavab vermir. Hadisə yerindən getdikdən sonra heç vaxt əlaqə saxlamamış və dəymiş maddi zərərin ödənilməsindən boyun qaçırmaqdadır. 18 Yanvar 2021-ci il tarixindən etibarən havanın yağıntılı (qarlı, yağışlı) və güclü küləkli günlərlə müşayiət olunduğu dövrlərdə köşkün çətirsiz olması, yağış sularının köşkün içərisinə çırpılması,(yağıntıların içəriyə sızaraq axması) çətirin dəmir konstruksiyasının əyilmiş (deformasiyaya və karroziyaya uğramış) və alt-üst alkapon təbəqənin dağılmış qəzalı vəziyyətdə olması gözlə aydın görünməsi səbəbindən müştərilərin obyektə yaxınlaşmasının qarşısını almış, qəzadan sonra yəni quraşdırdığı işıqlanma (led lampaları) yağış-qar sularının düşməsi ilə bir daha xarab olması, yeni quraşdırdıqları çöl kamera sisteminin zədələnərək yararsız hala düşməsi və qəza nəticəsində zədələnən reklam işıqlanma sisteminin (adapterlər daxil) çətiraltı naqillər yararsız hala düşərək xarab olmuşdur. Bundan əlavə qeyri-yaşayış sahəsinin uzun illər işləməsi və ərazidə brendləşmiş ticarət obyekti olmasını nəzərə alaraq cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində 5 ay müddətdir ki brendləşmiş ticarət obyektinin xarici görünüşün bərbad vəziyyətdə olması müştərilər tərəfindən cəlbediciliyinə mənfi təsir göstərməsi işgüzar nüfuza dəymiş zərər kimi qiymətləndirilməlidir. İcarə müqaviləsi üzrə “icarəçi” qəza nəticəsində köşkün reklam işıqlanma sisteminin zədələnərək xarab olduğuna (işıqlı reklam tablosunun işlək vəziyyətdə olmamasına) və qəzalı dəmir konstruksiyalı çətirin təhlükəli olmasına görə müştərilərin cəlb olunmasına mənfi təsir etdiyi, çətirin dəmir konstruksiyasının əyildiyi və çətirin alt-üst alkapon örtüyünün dağılmış vəziyyəti müştərilərin obyektə yaxınlaşmasına təhlükə kimi gözlə göründüyü üçün müştərilərin azaldığını, bununla da satışa hədsiz mənfi təsir etdiyini bildirərək 2021-ci ilin yanvar ayından etibarən icarə haqqı ödəməyəcəyini və köşkün reklam tablosu, həmçinin çətiri dərhal düzəldilməyəcəyi təqdirdə icarə müqaviləsinə birtərəfli qaydada xitam verəcəyi barədə yazılı (bildirişlə) xəbərdar etmiş və 12 Aprel 2021-ci il tarixindən xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə birtərəfli qaydada xitam vermişdir. İddiaçının səhhətində mövcud olan yaş və xəstəlikləri ilə əlaqədar ağır problemlər mövcuddur. Yüksək qan təzyiqi, damar tıxanıqlığı, kardioloji problemlər və onkoloji xəstəlikdən əziyyət çəkməyi əmlakına dəyən zərərin aradan qaldırılmaması ona hər gün həyəcan, əsəb, stress keçirməyi, halının pisləşməsi ilə nəticələnmişdir ki, bu da mövcud xəstəliklərinə mənfi təsir göstərməkdədir. Cavabdeh idarə etdiyi yük avtomobilinin mənə məxsus qeyriyaşayış obyektinə çırpıiaraq qəza törətməsi nəticəsində Əmlakıma dəymiş maddi zərər: (dəmir konstruksiyalı (Türkiyə istehsalı olan) rəngli alkapon üzlüklü (həmçinin daxili diod işıq qatarı) çətir 3500 (üç min beş yüz) manat, (daxili metal içliklərdən və birləşmələrdən ibarət olan) vitrin konstruksiyaya görə 4500 (dörd min beş yüz) manat, təhlükəsizlik kamera sisteminə görə 1200 (min iki yüz) manat, çətiraltı (led) işıqlanma sistemi və işıqlı reklam tablosu, elektrik sistem adaptoru ilə birlikdə 2500 (iki min beş yüz) manat, hüquqi xidmətə görə: 1550 (min beş yüz əlli) manat, Nəqliyyat (TAKSİ) və poçt xidmətinə görə: 250 (iki yüz əlli) manat, əldən çıxmış fayda: (7 aylıq dövr) qeyri-yaşayış sahəsinin icarə haqqı üzrə 1050 (min əlli) manat, ümumilikdə 14550 (on dörd min beş yüz əlli) manat dəyərində maddi zərər dəymişdir. Mənəvi zərər 5000 (beş min) manat məbləğində müəyyən edilmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, iş üzrə alınmış ekspert rəyi ilə razıdır. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi. Eyni zamanda qeyd etdi ki, hadisə olan zaman düzəltməyi təklif etmiş, lakin iddiaçı razı olmamışdır. 102 xidmətinə zəng etmişdir, sığorta gəlmiş dəymiş zərəri hesablamışdır. Onun hesabına görə obyektə dəymiş zərər 100 manat təşkil edir. İş üzrə alınmış ekspert rəyi ilə razı deyildir. İddiaçı özü təmir etdikdən sonra ekspert gəlib baxmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin iddia tələbinə dair münasibətini və mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Binəqədi rayon İcra Hakimiyyəti başçısı xx.xx.1993-cü il tarixli 450 nömrəli sərəncamın surətindən görünür ki, 6-cı m-n, S.Lazo küçəsi, kolxoz bazarının qarşısında ticarət sırasının təşkil edilməsinə icazə verilmişdir. - Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası tərəfindən xx.xx.2013-cü il tarixli arayışdan görünür ki, Sadıqova Xeyrənsə həqiqətən ATU-nun Onkoloji klinikasında qeydiyyatdadır. 22.03.05 tarixdə “Sol süd vəzinin cr-İ, T2N1M0 İİ(B) mərhələ İİ kl.qr diaqnozu ilə doş əzələlərinin saxlanması ilə soltərəfli mastektomiya əməliyyatı keçirmişdir. - İddiaçı ilə X4 arasında xx.xx.2019-cu il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon. Svetlana Məmmədova küçəsində yerləşən (Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 450 saylı xx.xx.1993-cü il taixli sərəncamı əsasında inşa edilmiş) ticarət sırasında yerləşən 2 nömrəli dükanın ümumi sahəsi 3,5 m2 olan ticarət köşkünü ticarət məqsədi ilə X2 müddətli istifadəsinə vermişdir. Bir aylıq icarə haqqı 150 (yüz əlli) manat məbləğində razılaşdırılmışdır. - İddiaçı tərəfindən X3 ünvanlanmış İcarə müqaviləsinin xitamına dair bildirişdən görünür ki, 18 Yanvar 2021-ci il tarixində yol nəqliyyat hadisəsi (yük avtomobilinin çırpılması) nəticəsində icarəsində olan köşkün vitrini zədələnmiş, günəşdən və yağıntılardan qorunma çətiri (kazeroku) dağılmış, həmçinin xarici işıqlanma sistemi, işıqlı reklam tablosu, təhlükəsizlik kameraları xarab olmuşdur. İcarəsində olan köşkün xarici görünüşünün bərbad vəziyyətə düşməsi, hər an qopub düşmə ehtimalı olan və qəzalı vəziyyətdə olan dəmir konstruksiyalı çətirin altına müştərilərin yaxınlaşmasına ehtiyat etmələri, işıqlı reklam işığının xarab olması nəticəsində reklam işıqlarının yanmaması ətrafdan keçən müştərilərin köşkdən alış-veriş etmələrinə, ümumilikdə bu səbəblərlə köşkün surətlə kütləvi müştəri itirməsi ticarət fəaliyyətinə hədsiz mənfi təsir göstərməkdədir. 2021-ci ilin yanvar ayının icarə haqqı daxil olmaqla aylıq icarə haqqı ödənişi tamamilə dayandırılmaqla qısa zaman ərzində qəzalı vəziyyətdə olan dəmir konstuksiyalı rəngli alkapon çətir əvvəlki vəziyyətində olduğu kimi bərpa edilməzsə, reklam işıqları saz vəziyyətə gətirilməzsə, müqaviləyə bir tərəfli qaydada xitam vermək məcburiyyətində qalacaqdır. - İcarə müqaviləsinə xitam verilməsi barəsində xx.xx.2021-ci il tarixli Xitam Aktından və xx.xx.2021-ci il tarixli İcarə predmeti barəsində Təhvil-Təslim Aktından görünür ki, icarəçinin təşəbbüsü ilə 05 oktyabr 2019-cu il tarixli icarə müqaviləsinə xitam verilmişdir və 10 Aprel 2021-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi barəsində AKTa əsasən icarə predmetini “İcarəyəverən” “İcarəçi”dəıı təhvil almışdır. - AD № 789007 saylı, xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Ford Transit markalı **-RO-*** qeydiyyat nişanlı yük avtomobilin sahibi X5r. - xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, X1 Transit yük markalı **-RO-*** qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Cavabdeh 2 il müddətinə xx.xx.2023-cü il tarixədək vermişdir. - İXP ******* nömrəli İnzibati Xəta haqqında Protokol və TP ******* nömrəli İnzibati Xəta haqqında qərardan görünür ki, Cavabdeh Ford Transit markalı **-RO-*** qeydiyyat nişanlı yük avtomobili ilə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmişdir. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3480, 9/3416 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr Svetlana Məmmədova küçəsindəki ticarət sırasında yerləşən 2 nömrəli dükanın ümumi sahəsi 3.5 m2 olan ticarət köşkünə dəymiş ziyanın aradan qaldırılması üçün görülmüş işlərin təqribi dəyərinin 2375,7 manat olduğu müəyyən olunur. Beləliklə, məhkəmə iclasında işin araşdırılan hallarından müəyyən edildi ki, Cavabdeh Ford Transit yük markalı **-RO-*** qeydiyyat nişanlı avtomobili idarə edən zaman xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Svetalana Məmmədova küçəsi ilə İsmayıl Dağıstani küçəsinin kəsişməsində yerləşən avtobus dayanacağı yaxınlığında yerləşən ticarət sırasında, İddiaçı məxsus qeyri-yaşayış sahəsinə (xırdavat köşkünə) çırpılmış, nəticədə obyektə ziyan dəymişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh idarə etdiyi yük avtomobilinin ona məxsus qeyriyaşayış obyektinə çırpılaraq qəza törətməsi nəticəsində əmlakına dəymiş maddi zərərə görə 11700 manat, hüquqi xidmətə görə 1550 manat, nəqliyyat (taksi) və poçt (kuryer) xidmətinə çəkilmiş xərclərə görə 250 manat, əldən çıxmış faydaya görə 1050 manat, ona dəymiş mənəvi zərərə görə 5000 manat, tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu olmaqla ümumilikdə cəmi 19580 manatın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3. maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ekspert rəyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək belə hesab edir ki, mülki hüqüq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində İddiaçı maddi zərər yetirilmişdir. Bu kimi hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İXP ******* nömrəli İnzibati Xəta haqqında Protokol və TP ******* nömrəli İnzibati Xəta haqqında qərardan, şəkillər, ekspert rəyi və digər sənətlərlə öz təsdiqini tapır. Məhkəmə İddiaçı sağlamlığına vurulmuş 5000 manat mənəvi zərərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Eyni zamanda, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı”ndakı hüquqi mövqeyə görə, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi\ zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Məhkəmə Plenum Qərarlarındakı hüquqi mövqeyə istinad edərək qeyd edir ki, baş vermiş hadisə nəticəsində həmin hadisənin baş verdiyi tarixdən hazırki müddətədək iddiaçı mənəvi sarsıntı keçirməsi ilə bağlı hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi xidmətə görə, nəqliyyat (taksi) və poçt (kuryer) xidmətinə çəkilmiş xərclərə görə, əldən çıxmış faydaya görə ödənilmiş pul məbləğlərinə dair hissəsi də sübutlar təqdim olunmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertiza rəyinə əsasən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr Svetlana Məmmədova küçəsindəki ticarət sırasında yerləşən 2 nömrəli dükanın ümumi sahəsi 3.5 m2 olan ticarət köşkünə dəymiş ziyanın aradan qaldırılması üçün görülmüş işlərinin təqribi dəyəri 2375,7 manat müəyyən edildiyindən, həmin məbləğ Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 2375,7 manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar