Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-734/2022 13.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14300 manat maddi zərərin, 30000 manat mənəvi zərərin, 200 manat hüquqi yardım xərcinin, 400 manat ekspert xərcinin və 225 manat dövlət rüsumunun, cəmi 45125 manat vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh ilə 01.03.2021-ci il tarixdə hazırda mübahisə predmeti olan mənzildə təmir işlərinin aparılması üçün müqavilə bağlamışlar. Aralarında olan razılaşmaya əsasən, cavabdeh 5 ay müddətinə bütün işlər bitirərək mənzili tam təmirli şəkildə ona təhvil verməli, o isə bunun müqabilində 34020 manat pul ödəməlidir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməyərək, təmir işlərini tamamlamamışdır. O, cavabdehə dəfələrlə bu barədə iradını bildirsə də, heç bir nəticə əldə edə bilməmişdir. Cavabdeh ilə aralarındakı razılaşmaya əsasən, o, ilk olaraq cavabdehə beh verməli, iş bitdikdən sonra isə qalan ödənişi etməlidir. Lakin cavabdeh onu aldadaraq tikinti materiallarının qiymətlərinin bahalaşdığı üçün, razılaşdırdıqları məbləğin böyük bir qismini almışdır. O, gərgin iş rejimində işlədiyi üçün tikinti materiallarının alınmasında iştirak etməmiş və təhvil-təslim aktlarına qol çəkmişdir. Cavabdeh təhvil-təslim aktlarında materialların və ustaların əmək haqlarını bazar qiymətindən qat-qat baha yazaraq onu aldatmışdır. Eyni zamanda mənzildə elektrik-naqilləri ilə su xətti eyni yerdə çəkilmişdir. Cavabdehin işi yubatmasına və keyfiyyətsiz gördüyü işlərə görə aralarında mübahisə yaranmış və ustalar işi tam təhvil vermədən mənzili tərk etmişdirlər. O, heç kimi qovmamışdır, hətta ustalar evin qapılarını sökəcəklərini deyərək ona hədə-qorxu gəlmişdirlər. Bundan əlavə cavabdeh ona təsir göstərərək, iddia ərizəsini geri qaytarmağı üçün, işdəki rəhbərinə dəfələrlə zəng etmişdir. O, cavabdehin gördüyü keyfiyyətsiz işlərə görə yenidən təmir işləri apararaq 6000 manat xərc çəkmişdir. Eyni zamanda, ona dəyən zərərlə bağlı müstəqil ekspertlə müqavilə bağlayaraq rəy əldə etmişdir. Aralarında münaqişə yaranmaması üçün, cavabdehi ekspert baxışı zamanı çağırmasa da, aralarında sosial şəbəkədəki danışıqlar zamanı ekspert çağıracağında bağlı məlumat vermişdir. Cavabdehin təqsirli hərəkətlərinə görə işi yubanmış və indiyədək evinə köçə bilməmişdir. Halhazırda kirayədə qalır. Onu qeyd edir ki, təhvil-təslim aktlarında materialların sayı və qiyməti əks edilmişdir. Akta qol çəkməyi işlərin tam keyfiyyətli demək deyildir. O, cavabdehə etimad edərək aktlara imza etmişdir. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı uzun müddət valideynləri ilə birgə yaşamış və ailə həyatı qurduqdan sonra yeni ev almaq qərarına gəlmişdir. Belə ki, ipoteka krediti ilə ev alaraq, təmir etmək üçün usta axtarmağa başlamışdır, iddiaçı instagram sosial şəbəkəsində cavabdehin təsis etdiyi şirkətin səhifəsindəki işləri bəyəndikdən sonra, tərəflər razılığa gələrək müqavilə bağlamışdırlar. Lakin iddiaçı aldadılmışdır. O, 3 dəfəyə 34000 manat məbləğində pul vəsaitini cavabdeh vermiş, cavabdeh isə keyfiyyətsiz təmir işləri aparmışdır. Nəticədə iddiaçıya 5200 manat real zərər dəymişdir. Cavabdehin hərəkətlərindən polisə şikayət verilmiş və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bu səbəbdən də, iddiaçı müstəqil ekspert ilə müqavilə bağlayaraq, real zərər ilə bağlı ekspert rəyi əldə etmişdir. Cavabdeh dələduzluq edərək, smetada görülən işlərin və xammalın dəyərini qat-qat baha hesablamışdır. Odur ki, o, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 məhkəmədə izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, 01 mart 2021-ci il tarixli 04/21 nömrəli podrat müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən sahəsi 98.8 kv.m. olan 41 saylı mənzildə təmir işlərinin görülməsini Cavabdeh həvalə etmişdir. Müqavilənin əlavəsi olan smetaya əsasən ümumi görülən işlərin dəyəri 37159,86 manat təşkil edir. Müqavilə imzalandıqdan sonra işlərə başlanılmış və iddiaçı gündəlik mənzildə gedən işlərlə tanış olmuşdur. Müqavilədə qeyd olunduğu kimi təmir prosesi 5 ay müddətinə yerinə yetirilməli idi. Lakin iddiaçı çox çətin xarakterli insandır. O, dəfələrlə aksesuarları dəyişdirmiş və ödənişlərdə gecikmələr etmişdir. Eyni zamanda, təmir işlər zamanı ölkə pandemiya şəraitində olmuşdur. Bütün bunlar təmir işlərinin yubanmasına gətirib çıxarmışdır. Əlavə olaraq, bütün təhviltəslim aktları 07 iyul tarixində tərtib edilmiş və iddiaçı sonuncu aktdan başqa bütün aktlara imza etmişdir. İddiaçı aktdakı imzaların özünə məxsus olduğunu qəbul edir. Əlavə olaraq, iddiaçı sonuncu ödənişi 07 iyun tarixində etmişdir. Həmçinin tərəflər arasında müqavilə 2021 -ci ilin mart ayında bağlanmış və iddiaçı iyun ayına qədər ödənişlər etməyə davam etmişdir. Əgər cavabdeh keyfiyyətsiz iş görsə idi, iddiaçı bu müddət ərzində narazılığını bildirərdi. 31 iyul tarixində iddiaçı mənzilində təmir işlərinin son mərhələsi gedən zaman mənzilinə gələrək işin gecikdiyini və buna görə smetaya uyğun ödənişləri və əlavə smetadan kənar onlar tərəfdən qarşılanan ödənişləri etməyəcəyini bildirmişdir. Əslində iddiaçının məqsədi müqavilə üzrə cavabdehə gəlir olaraq çatmalı olan təmir xərclərinin 7 %-ni, yəni 2431 manatını gəliri verməmək olmuşdur. Təmir işlərini tamamlamaq üçün ustalara maksimum 3 gün əlavə vaxt lazım olmuş, lakin iddiaçı əsassız olaraq ustaları evdən qovmuşdur. Əlavə olaraq, iddiaçı tərəfindən təsdiq edilmiş 3-cü mərhələnin xərclər cədvəlindən də göründüyü kimi həmin vaxta qədər mənzilin təmirinə 34394,86 manat xərc çəkilmişdir. Lakin iddiaçı cəmi 34020 manat pul ödəmişdir. Təmiri tam başa çatdırmaq üçün isə cəmi 1320 manat pul tələb olunmuşdur. Eyni zamanda, smetada göstərilən məbləğlərlə iddiaçı razılaşmış və smetaya qol çəkmişdir. Müqavilə azadlığı prinsipinə əsasən, smetada istənilən məbləğ göstərilən bilər və əgər iddiaçı bununla razı olmadığı təqdirdə, imza etməkdən imtina edə bilərdi. Əlavə olaraq, iddiaçının məhkəməyə təqdim etdiyi ekspert, rəyini sübutlar siyahısından çıxarılmasını xahiş edir. Çünki rəy əslində mütəxəssis rəyidir. Ekspertin mənzilə baxış keçirdiyi zaman onların iştirakı təmin edilməmiş, birtərəfli və qərəzli rəy alınmışdır. Eyni zamanda, ekspert görülən işləri və materialları hesablayarkən smetada göstərilən məbləğləri nəzərə almamışdır. İddiaçı hətta özü 19500 manat məbləğində pulun materialların alınmasına xərcləndiyini etiraf etmiş və bir çox hallara materialların alınmasında da şəxsə iştirak etmişdir. Əlavə olaraq iddiaçı müqavilə üzrə razılaşdırılmış məbləğin böyük qismini ödəmiş və işlərin 4-cü mərhələsində 2 günlük iş qalan zaman, evdəki ustaları əsassız olaraq qovmuşdur. Göründüyü kimi müqavilə şərtləri Cavabdeh tərəfindən deyil, iddiaçı tərəfindən pozulmuşdur. İddiaçının məhkəməyə təqdim etmiş olduğu rəy tərəflərin təsdiq etdiyi smetaya və 3-cü mərhələnin xərclər cədvəlinə uyğun tərtib edilmədiyindən sübut kimi qəbul edilə biiməz. İndiki halda hər hansı əlavə rəyə ehtiyac da yoxdur. Çünki tərəflər 3cü mərhələnin xərclər cədvəlinə əsasən 34394,86 manat xərc çəkildiyini təsdiq etmişlər. Eyni zamanda, cavabdehin təmir işlərinə nə qədər pul xərcləməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən, o, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə” iddia ərizəsinin rədd olunması haqqında qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 41 saylı mənzil ********** qeydiyyat nömrəsi ilə, 21.05.2020-ci ildə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş bütün sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, 01 mart 2021-ci il tarixli 04/21 nömrəli podrat müqaviləsinə əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən sahəsi 98.8 kv.m. olan 41 saylı mənzildə təmir işlərinin görülməsini cavabdehə həvalə etmiş, müqavilənin əlavəsi olan smetaya əsasən ümumi görülən işlərin dəyəri 37159.86 manat nəzərdə tutulmuş, müqavilə imzalandıqdan sonra işlərə başlanılmış, iddiaçı gündəlik mənzildə gedən işlərlə tanış olmuş və müqavilədə təmir prosesinin 5 ay müddətində yerinə yetirilməsi nəzərdə tutulmuşdur. 2021-ci ilin iyul tarixində mənzilində təmir işlərinin son mərhələsi gedən zaman iddiaçı mənzilinə gələrək işin gecikdirildiyini, buna görə smetaya uyğun ödənişləri, əlavə smetadan kənar cavabdeh tərəfdən qarşılanan ödənişləri etməyəcəyini cavabdehə bildirmiş, cavabdeh isə işləri tamamlamaq üçün maksimum 3 gün əlavə vaxt lazım olduğunu iddiaçıya bildirmiş, cavabdeh gecikmənin səbəbinin iddiaçının mərhələlər üzrə ödəmələri gecikdirməsi, mal-material (kafel, metlak və s.) seçimi ilə əlaqədar olaraq gözləmə müddətinin yaranması ilə əlaqədar olduğunu iddiaçının nəzərinə çatdırmışdir.Həmçinin iş materiallarında olan iddiaçı tərəfindən təsdiq edilmiş 3-cü mərhələnin xərclər cədvəli tədqiq edilərkən müəyyən edilir ki, 2021-ci ilin iyul ayını sonuna qədər mənzilin təmirinə 34394.86 manat xərc çəkilmiş, iddiaçı isə ümumilkdə 34020 manat pul cavabdehə ödəmiş, smetaya uyğun olaraq təmiri tam başa çatdırmaq üçün isə cəmi 1320 manat pul (zibillərin daşınması – 100 manat, materialların daşınması – 50 manat, nəqliyyat – 50 manat, elektrik işləri – 240 manat, santexnika işləri – 170 manat, rəngsaz işləri – 450 manat, prorab – 200 manat, kafellərin vurulması – 60 manat) tələb olunur və qeyd edilən hallar iş materilallarında olan tərəflər arasında imzalanmış müqavilə, smeta, mərhələlər üzrə xərc cədvəlləri, votsap yazışmaları və tərəflərin izahatları ilə də təsdiq olunur. Məhkəmə iddiaçı tərəfin istinad etdiyi,məhkəməyə təqdim etdiy X1 MMC-in 20.09.2021-ci il tarixli,tikinti-texniki ekspertiza rəyi ilə bağlı qeyd edir ki,həmin rəy, iş materilallarında olan tərəflər arasında imzalanmış müqaviləyə, smetaya, mərhələlər üzrə xərc cədvəllərinə, zidd olduğundan, həmçinin mübahisəli mənzilə cavabdeh məlumatlandırılmadan,birtərəfli qaydad ekspert tərəfindən baxış keçirildiyindən sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllənin) 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Beləliklə məhkəmədə sübutların tədqiqatı zamanı müqavilə şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsi mötəbər sübutlarla təstiq olunmadığından məhkəmə hesab edir ki, iddiaçı və onun nümayəndəsinin izahatına da tənqidi yanaşılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki,iddia ərizəsində göstərilən digər tələblər maddi ziyanın ödənilməsi ilə birbaşa əlaqəli olduğundan,məhkəmə maddi ziyanın ödənilməsi tələbinin rədd edilməsi nəticəsinə gəldiyindən, digər tələblər də rədd edilməlidir. Mülki Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyıl, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh 14300 manat maddi zərərin, 30000 manat mənəvi zərərin, 200 manat hüquqi yardım xərcinin, 400 manat ekspert xərcinin və 225 manat dövlət rüsumunun, cəmi 45125 manat vəsaitin tutularaq ona ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-734/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-734/2022
13.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver