Məhkəmə qərarları › İş №2(012)-747/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-747/2022

08.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-747/2022 08.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Nissan” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 3566 manat, “BMW” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1434 manat və X1 vurulan zərərə görə isə 750 manat olmaqla, ümumilikdə 5750 manat pulun və ödənilmiş 77,90 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək bildirdi ki, X12 10.07.2016-cı il tarixində “AZSAMAND SERİN” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, “Nissan” markalı, **-XS-*** və “BMW” markalı, **-CR- *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Həmçinin “Nissan” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X10 yüngül dərəcəli xəsarətlər alımışdır. İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq, “Nissan” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 3566 manat, “BMW” markalı, 90-CR- 299 dövlət qeydiyyat nişanlı avtomobilə görə 1434 manat və X1 vurulan zərərə görə isə 750 manat olmaqla, ümumilikdə 5750 manat məbləğində ödəniş həyata keçirilmişdir. X12 10.07.2016-cı il tarixdə yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayındığına görə X8 qarşı subroqasiya hüquqları yaranmışdır. Hesab edir ki, vurulmuş ziyanın əvəzi olaraq ödənilmiş 5750 manat məbləğində pul X6 İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, o, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X9 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh onun doğma qardaşıdır. Cavabdeh psixoloji xəstədir və dispanserdə qeydiyyatdadır. Cavabdeh sürücülük vəsiqəsi də yoxdur. Yol-nəqliyyat hadisəsi 2016-cı ildə baş vermişdir və bu zaman onu da polis bölməsinə çağırmışlar. Polis bölməsindən verilən qərardakı izahatı o imzalasa da, həmin izahat ona məxsus deyildir. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan 12.08.2016-cı il tarixli, 029723 №-li sığorta aktından görünür ki, Cavabdeh 10.07.2016-cı il tarixdə idarə etdiyi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmış “AZSAMAND SERİN” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən X7 məxsus “Nissan” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir, zərərlə bağlı maddi ziyanın ümumi məbləği 3566 manat müəyyən edilmiş və köçürülmə yolu ilə X7 ödənilmişdir. İş materiallarında olan 12.08.2016-cı il tarixli, 029725 №-li sığorta aktından görünür ki, Cavabdeh 10.07.2016-cı il tarixdə idarə etdiyi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmış “AZSAMAND SERİN” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən X11 məxsus “BMW” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir, zərərlə bağlı maddi ziyanın ümumi məbləği 1434 manat müəyyən edilmiş və köçürülmə yolu ilə X11 ödənilmişdir. İş materiallarında olan 12.08.2016-cı il tarixli, 029728 №-li sığorta aktından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmış “AZSAMAND SERİN” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil “Nissan” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, nəticədə sonuncu avtomobilin sürücüsü X10 yüngül dərəcəli xəsarətlər almışdır, zərərlə bağlı maddi ziyanın ümumi məbləği 750 manat müəyyən edilmiş və köçürülmə yolu ilə X7 ödənilmişdir. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, X12 10.07.2016-cı il tarixində idarə etdiyi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmış “AZSAMAND SERİN” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, “Nissan” markalı, **-XS-*** və “BMW” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Həmçinin “Nissan” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X10 yüngül dərəcəli xəsarətlər alımışdır. İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq, “Nissan” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 3566 manat, “BMW” markalı, 90-CR- 299 dövlət qeydiyyat nişanlı avtomobilə görə 1434 manat və X1 vurulan zərərə görə isə 750 manat olmaqla, ümumilikdə 5750 manat məbləğində ödəniş həyata keçirilmişdir. X12 10.07.2016-cı il tarixdə yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayındığına görə X8 qarşı subroqasiya hüquqları yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı təşkilatın sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi ümumilikdə 5750 manat məbləğini cavadehdən tələb etmək hüququ vardır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.2-ci maddəsinə əsasən Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. “İcbari Sığorta Haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.3-cü maddəsinə əsasən faydalanan şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilatın məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 77,90 manat da cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh “Nissan” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 3566 manat, “BMW” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1434 manat və X1 vurulan zərərə görə isə 750 manat olmaqla, ümumilikdə 5750 manat pul və ödənilmiş 77,90 manat dövlət rüsumu İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar