Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-749/2021 12.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı Əliyeva Züleyxa Əbdüləli qızının vəkili və nümayəndəsi Ağakişiyeva Pərvanə İntiqam qızının, Cavabdeh Əliyeva (Əhmədova) Dürnisə Firudin qızının nümayəndəsi Əliyeva Aybəniz Əliövsət qızının, Cavabdeh Əliyev Hacağa Firudin oğlunun iştirakları ilə, İddiaçı Əliyeva Züleyxa Əbdüləli qızının cavabdehlər Əliyeva (Əhmədova) Dürnisə Firudin qızına və Əliyev Hacağa Firudin oğluna qarşı paylı mülkiyyətdə olan əmlakın paylara uyğun naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Əliyeva Züleyxa Əbdüləli qızı cavabdehlər Əliyeva (Əhmədova) Dürnisə Firudin qızına və Əliyev Hacağa Firudin oğluna qarşı paylı mülkiyyətdə olan əmlakın paylara uyğun naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Görədil kəndi N.Dadaşov küçəsində yerləşən 12 saylı fərdi yaşayış evinin (Yeni qaydalarla: Abşeron rayonu Görədil kəndi N.Dadaşov küçəsində yerləşən 20 saylı fərdi yaşayış evi) paylara uyğun naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Əliyeva Züleyxa Əbdüləli qızının vəkili və nümayəndəsi Ağakişiyeva Pərvanə İntiqam qızı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayonu Görədil kəndi N.Dadaşov küçəsində yerləşən 12 saylı fərdi yaşayış evi (Yeni qaydalarla: N.Dadaşov küçəsi ev 20) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri Abşeron ərazi idarəsindən verilmiş çıxarışa əsasən paylı mülkiyyət hüququ əsasında 36/40 hissəsi iddiaçı Əliyeva Züleyxa Əbdüləli qızının, digər 2/40 hissə isə cavabdehlər Əliyeva Dürnisə Firudin qızının və Əliyev Hacıağa Firudin oğlunun mülkiyyətindədir. Tərəflər arasında mülkiyyətdə olan fərdi yaşayış evindən istifadə ilə bağlı tez-tez mübahisələr olur, onların təqsiri ucbatından iddiaçı mülkiyyətindən istifadə hüquqlarından məhrum olmuşdur. Belə ki, fərdi yaşayış evinin hazırda bir giriş və çıxış qapısı olduğundan cavabdehlər iddiaçını mülkiyyətinə buraxmır, ondan istifadə qaydalarına maneəçilik törədirlər, bununla da iddiaçının mülkiyyət hüquqları ciddi şəkildə pozulur. Bu səbəbdən iddiaçı hesab edir ki, paylı mülkiyyət hüququ əsasında onlara məxsus fərdi yaşayış evi paylara uyğun naturada bölünməlidir. Fərdi yaşayış evinin paylara uyğun çox hissəsi iddiaçıda olduğundan, eləcə də evin naturada bölünməsi texniki cəhətdən mümkün olduğundan paylar məhkəmə qaydasında bölünməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə daxil olmuş 26.04.2021-ci il tarixli 10/4079 saylı rəyi ilə iddiaçı razı deyildir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh Əliyeva (Əhmədova) Dürnisə Firudin qızının nümayəndəsi Əliyeva Aybəniz Əliövsət qızı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 19.03.2018-ci il tarixli texniki pasporta əsasən, Abşeron rayonu Görədil kəndi N.Dadaşov küçəsi 12 saylı evin (Yeni qaydalarla: N.Dadaşov küçəsi ev 20) 36/40 hissəsi Əliyeva Züleyxa Əbdüləli qızının, 2/20 hissəsi İsgəndərova Kamalə Əbdüləli qızının, 1/20 hissəsi Əliyeva Durnisə Firudin qızının, 1/20 hissəsi isə Əliyev Hacıağa Firudin oğlunun adına qeydiyyata alınmışdır. Qeyd olunan ünvanda o və onun qızı Əliyeva Durnisə Firudin qızı da qeydiyyatda olmaqla yaşayırlar. Bu səbəbdən də paylı mülkiyyət hüququ əsasında məxsus olan, həmçinin onun qızının da payının olduğu mübahisəli fərdi yaşayış evinin naturada bölgüsünün aparılması onların mülkiyyət hüquqlarının pozulması ilə nəticələnəcəyini hesab edir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh Əliyev Hacağa Firudin oğlu digər cavabdeh Əliyeva (Əhmədova) Dürnisə Firudin qızının nümayəndəsi Əliyeva Aybəniz Əliövsət qızının izahatı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 19.03.2018-ci il tarixli 2293 inventar nömrəli, **********70-10301 saylı texniki pasportdan müəyyən olunur ki, Abşeron rayonu Görədil kəndi N.Dadaşov küçəsi 12 saylı evin (Yeni qaydalarla: N.Dadaşov küçəsi ev 20) 36/40 hissəsi Əliyeva Züleyxa Əbdüləli qızının, 2/20 hissəsi İsgəndərova Kamalə Əbdüləli qızının, 1/20 hissəsi Əliyeva Durnisə Firudin qızının, 1/20 hissəsi isə Əliyev Hacıağa Firudin oğlunun adına qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilən 15.09.2020-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Abşeron rayonu Görədil kəndi N.Dadaşov küçəsi 12 saylı evin 2/40 hissəsi Əliyeva Dürnisə Firudin qızının, 2/40 hissəsi Əliyev Hacıağa Firudin oğlunun, 36/40 hissəsi isə Əliyeva Züleyxa Əbdüləli qızının adına daşınmaz əmlakın dövlət reyestrində 15.09.2020-ci il tarixdə qeydə alınmışdır. -Abşeron Rayon İcra Hakimiyyəti başçısının Görədil kəndi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01.10.2020-ci il tarixli 308 saylı arayışdan görünür ki, Abşeron rayonu Görədil kəndi N.Dadaşov küçəsində yerləşən ümumi sahəsi 93.5 kv.m olan evin 2/40 hissəsi Əliyeva Dürnisə Firudin qızına, 2/40 hissəsi Əliyev Hacıağa Firudin oğluna, 36/40 hissəsi isə Əliyeva Züleyxa Əbdüləli qızına məxsus olmaqla həmin evdə Əliyeva Aybəniz Əlövsət qızı, Əliyeva Xoşqədəm Əbdüləli qızı, Əliyev Hacıağa Firudin oğlu, Əliyeva Dürnisə Firudin qızı qeydiyyatda olmaqla yaşayırlar. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.04.2021-ci il tarixli 10/4079 saylı rəyindən müəyyən olunur ki, Abşeron rayonu Görədil kəndi N.Dadaşov küçəsində yerləşən 12 saylı fərdi yaşayış evinin (Yeni qaydalarla ünvan: N.Dadaşov küçəsi ev 20) paylara uyğun naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Rəydən daha sonra müəyyən olunur ki, “Məhkəmə tikinti-texniki ekspertizasının həlli metodları”-na görə, mənzillərin (evlərin, tikililərin və s.) tərəflər (mülkiyyətçilər) arasında bölgüsü yalnız təcrid mənzillər şəklində aparılmalıdır, yəni bölgü zamanı, tərəflərin hər birinin sərəncamında yaşayış (yataq) və yardımçı (mətbəx, dəhliz, ayaqyolu, hamam və s.) otaqlar və bu otaqlara ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Beləliklə, tədqiq olunan fərdi yaşayış evinin vəziyyətinə görə, fərdi yaşayış evinin tərkibində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz, və s.) yeganə olduğuna görə, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1,, 2,2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun üç hissəyə bölünməsi texniki cəhətdən mümkün deyildir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 14.07.1974-cü il təvəllüdlü Əliyeva Züleyxa Əbdüləli qızı Azərbaycan Respublikasının vətəndaşıdır. -Asan-Sumqayıt tərəfindən verilmiş 24.08.2017-ci il tarixli AZE № 17407872 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Əliyev Hacağa Firudin oğlu Abşeron rayonu Görədil kəndi N.Dadaşov küçəsi 12 saylı evdə qeydiyyatdadır. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi sübut kimi qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Həmin Məcəllənin 220.6.-cı maddəsinə əsasən Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, paylı mülkiyyət hüququ əsasında mənsub olan və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilən 15.09.2020-ci il tarixli çıxarışa əsasən, 2/40 hissəsi Əliyeva Dürnisə Firudin qızının, 2/40 hissəsi Əliyev Hacıağa Firudin oğlunun, 36/40 hissəsi isə Əliyeva Züleyxa Əbdüləli qızının adına daşınmaz əmlakın dövlət reyestrində 15.09.2020-ci il tarixdə qeydə alınmış Abşeron rayonu Görədil kəndi N.Dadaşov küçəsi 12 saylı evdən istifadə ilə bağlı tərəflər arasında mübahisə olduğundan iddiaçı daşınmaz əmlakın paylara uyğun naturada bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Daşınmaz əmlakın paylara uyğun olaraq naturada bölünməsi tələbi üzrə rəy verilməsi xüsusi bilik tələb etdiyindən, məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.04.2021-ci il tarixli 10/4079 saylı rəyinə əsasən, Məhkəmə tikinti-texniki ekspertizasının həlli metodları”-na görə, mənzillərin (evlərin, tikililərin və s.) tərəflər (mülkiyyətçilər) arasında bölgüsünün yalnız təcrid mənzillər şəklində aparılması, yəni bölgü zamanı, tərəflərin hər birinin sərəncamında yaşayış (yataq) və yardımçı (mətbəx, dəhliz, ayaqyolu, hamam və s.) otaqların və bu otaqlara ayrıayrılıqda giriş-çıxış yolunun olması, beləliklə də, tədqiq olunan fərdi yaşayış evinin vəziyyətinə görə, fərdi yaşayış evinin tərkibində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz, və s.) yeganə olduğuna görə, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1,, 2,2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun üç hissəyə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edildiyindən, məhkəmə ekspert rəyini əsas tutub digər sübutlarla bərabər qiymətləndirməklə iddia ərizəsinin əsassız olduğundan təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Əliyeva Züleyxa Əbdüləli qızının cavabdehlər Əliyeva (Əhmədova) Dürnisə Firudin qızına və Əliyev Hacağa Firudin oğluna qarşı paylı mülkiyyətdə olan əmlakın paylara uyğun naturada bölünməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov