Məhkəmə qərarları › İş №2(012)-822/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-822/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-822/2021 15.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Əliyeva Arzu Siyavuş qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 28 iyul 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı Subroqasiya qaydasında pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, «Porsche Hamman» markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 8118,48 manat pulun və ödənilmiş dövlət rüsumu üçün 30 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Porsche Hamman” markalı. **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi “OMNİ Finance" MMC BOKT tərəfindən “AZSİĞORTA" ASC-də AZ/MİP/15/0087 nömrəli “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” şəhadətnamə ilə 09.06.2015-ci il tarixdən 08.06.2017-cı il tarixədək sığortalanmışdır. Cavabdeh X4 özünün sahibliyində olmuş “Mercedes" markalı, **-CZ-*** dövlət qeydiyyatlı avtomobillə 24.09.2016-cı il tarixdə, saat 14:10 radələrində Bakı şəhəri Ziya Bünyadov prospekti ilə hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törədərək “OMNİ Finance" MMC BOKT-yə məxsus olan “Porsche Hamman” markalı, **-UD-*** dövlət nömrə qeydiyyat nişanla avtomobillə toqquşaraq, həmin avtomobilə maddi ziyan vurmuşdur. Hadisə Bakı BPİ-nin DYPİ-si tərəfindən qeydə alınaraq cavabdeh barəsində KYP 555758 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. “AZSİĞÖRTA" ASC tərəfindən “Porsche Hamman" markalı. **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, maşına dəymiş ümumi ziyan 13300 (on üç min üç yüz) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətlərinin icbari sığortası üzrə 4881 (dörd min səkkiz yüz səksən bir) manat 45 qəpik ödənildiyindən, zərər məbləğindən 4881 (dörd min səkkiz yüz səksən bir) manat 45 qəpik və 300 (üç yüz) manat azadolma məbləği çıxılaraq zərərçəkənin bank hesabına cəmi 8118 (səkkiz min bir yüz on səkkiz) maral 48 qəpik sığorta ödənişi ödənilmişdir. Yol nəqliyyat hadisəsi bilavasitə Cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci və 69-cu maddələrinin tələbini kobud şəkildə pozulması nəticəsində baş verdiyinə görə "xxxx" ASCnin ziyana görə "xxxx" MMC BOKT-ya 8118 (səkkiz min bir yüz on səkkiz) maral 48 qəpik məbləğində etdiyi sığorta ödənişini cavabdehdən subroqasiya qaydasında tələb etmək hüququ yaranır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, iştirakları olmadan iddia ərizəsinə baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi. Qeyd etdi ki, avtomobilə dəyən ziyan iddiada qeyd olunan məbləğdə deyildir. Avtomobilin yalnız buferi cızılmışdır. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan AD seriyalı 473781 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “Porsche Hamman" markalı. **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2r. Mülki işin materiallarında olan AB seriyalı 945340 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “Mercedes" markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi cavabdehdir. Mülki işin materiallarında olan Bakı şəhəri DYPİ-nin baş l-t X1 24.09.2016-cı il tarixli, KYP 555758 №-li inzibati xəta haqqında protokolunun surətindən müəyyən edilir ki, 24.09.2016-cı il tarixdə “Mercedes" markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, 40 manat məbləğində cərimə olunmuşdur. Mülki işin materiallarında olan Bakı şəhər BPİ Yasamal Rayon Polisi İdarəsinin 27.09.2016-cı il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan müəyyən edilir ki, 24.09.2016-cı il tarixdə saat 14:10 radələrində yol-nəqliyyat hadisəsi toqquşma baş vermişdir. Təqsiri olan şəxs “Mercedes" markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdehdur. Sürücü Cavabdeh sərxoş vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərər çəkən ““Porsche Hamman" markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin arxa və qabaq hissəsi zədələnmişdir. Mülki işin materiallarında olan Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası şəhadətnaməsindən görünür ki, “Porsche Hamman" markalı. **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobil 60.000 manat (hər bir hadisə üzrə 300 manat azadolma) məbləğində İddiaçı Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. Mülki işin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 16.02.2017-ci il tarixli Dəymiş zərərin Hesabatından müəyyən edilir ki, “Porsche Hamman" markalı. **- UD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyan 13.300 manat təşkil edir. Mülki işin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 01.03.2017-ci il tarixli 3064/CM-0132/2016-2017 saylı sığorta aktından müəyyən edilir ki, “Porsche Hamman" markalı. **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalandığından İddiaçı Açıq Səhmdar Cəmiyyəti zərərə uğramış “Porsche Hamman" markalı. **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 13300 (on üç min üç yüz) manat zərər dəymişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətlərinin icbari sığortası üzrə 4881 (dörd min səkkiz yüz səksən bir) manat 45 qəpik ödənildiyindən zərər məbləğindən 4881 (dörd min səkkiz yüz səksən bir) manat 45 qəpik və 300 (üç yüz) manat azadolma məbləği çıxılaraq cəmi 8118 (səkkiz min yüz on səkkiz) manat 55 qəpik sığorta ödənişi edilmişdir. Mülki işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 01.03.2017-ci il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən zərər ödənişi olaraq "xxxx" MMC BOKT-a 8118 (səkkiz min yüz on səkkiz) manat 55 qəpik sığorta ödənişi həyata keçirilmişdir. Mülki iş materiallarında olan "xxxx" MMC BOKT-un 13.02.2017-ci il tarixli məktubun surətindən görünür ki, X3 məxsus sığortalanmış “Porsche Hamman" markalı. **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin vəsaitini onların “Nİkoyl” İKB-da olan hesabına köçürülməsi üçün Sığorta hadisələrinin Tənzimlənməsi departamentinə müraciət edilmişdir. Mülki işin materiallarında olan 25.09.2020-ci il tarixli mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işin materiallarına əlavə olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyul 2021-ci il tarixli, 9/3423 saylı ekspert rəyindən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin 16.02.2017-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı, “Porsche Hamman" markalı. **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8430,0 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən,partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilmişdir. Həmin Qanunun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh idarə etdiyi “Mercedes" markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Porsche Hamman" markalı. **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh tərəfindən törədilən yol-nəqliyyat hadisəsi zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 8118.55 manat məbləğində sığorta ödənişi edilmişdir. Göründüyü kimi, dəymiş zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği (sığorta ödənişi məbləğində) subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Hazırda İddiaçı Açıq Səhmdar Cəmiyyəti subroqasiya qaydasında cavabdehdən həmin məbləğdə pul tələb edir. Məhkəmə baxışı zamanı keçirilmiş ekspertiza rəyinə əsasən isə “Porsche Hamman" markalı. **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 8430,0 manat müəyyən edilmişdir.Ekspertiza rəyini təkzib edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iş üzrə təyin edilmiş ekspertiza rəyinə əsasən “Porsche Hamman" markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci cəmisi 8430 manat təşkil edir. Həmin məbləğdən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 4881 manat və 300 manat azadolma məbləği çıxılarsa, nəticə 3249 manat həddində iddia tələbi əsaslı olmaqla iddia tələbi həmin həddə qismən təmin edilməliidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin, iş üzrə 100 manat məhkəmə ekspertizası xərci vardır ki, həmin məbləğin 50 manatı cavabdehə, 50 manatı isə iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh sığorta ödənişi üçün 3249 manat və ödənilmiş dövlət rüsumuna görə 15 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 50 manat, İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 50 məhkəmə ekspertizası xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE**********0002088501 saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar