Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-844/2023 16.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətin naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair iddiaçının payının naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, paylı mülkiyyət olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi 3/8 hissədə olmaqla Cavabdeh, 5/8 hissədə isə iddiaçıya məxsusdur. Cavadeh paylı mülkiyyətin çox hissəsini zəbt etmiş və iddiaçının paylı mülkiyyətdən rahat şəkildə istifadə etməyinə maneçilik yaradır. İddiaçı ilə cavabdeh arasında paylı mülkiyyətdən istifadəyə görə tez-tez narazılıqlar yaşanır və münaqişələr baş verir. Bu səbəbdən də, cavabdeh ilə aralarında paylı mülkiyyətin istifadə edilməsi və payın ayrılması barədə mübahisə yarandığından Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi-vəkili Vəkil məhkəmənin elektron sisteminə ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və iddia tələbini müdafiə edərək məhkəmə iclasını onun iştirakı olmadan keçirərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, **********38-10301 saylı, inventar nömrəsi 617-3 olan texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanının 5/8 hissəsi İddiaçı, 3/8 hissəsi isə Cavabdeh mülkiyyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 5/8 hissəsi (ev və torpaq sahəsi) İddiaçı adına ********** qeydiyyat nömrəsi, **********8-10301 reyestr nömrəsi, 3/8 hissəsi (ev və torpaq sahəsi) Cavabdeh adına ********** qeydiyyat nömrəsi, **********8- 10301 reyestr nömrəsi ilə xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 55 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydə alınmışdır. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7 maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3445 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti döngə 2, 6 saylı fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0,02 ha torpaq sahəsindən İddiaçı 5/8 hissədə payının naturada bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən olundu. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. - Abşeron RPŞ tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Səmədov X1 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, döngə 2, ev 6 ünvanında qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04 aprel 2014-cü il tarixli Qərarı”ndakı hüquqi mövqeyə görə, Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə üsulu pul kompensasiyasının ödənilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1. maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220.1. maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, paylı mülkiyyət hüququ əsasında mənsub olan və daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışa əsasən, mübahisəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında 5/8 hissəsi İddiaçı, 3/8 hissəsi isə Cavabdeh adına qeydə alınmışdır. Hazırda, iddiaçı ona məxsus olan payın naturada ayrılmasını məhkəmədən xahiş etmişdir. Daşınmaz əmlakın paylara uyğun olaraq naturada bölünməsi tələbi üzrə rəy verilməsi xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3445 saylı rəyinə əsasən, mübahisəli fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin tərəflərin hər birinin payına uyğun bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə iddiaçının “ona məxsus olan payın naturada bölünməsi” iddia tələbi ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında, həmçinin, Plenum Qərarının hüquqi mövqeyinə istinad edərək müəyyən olunur ki, mübahisəli fərdi yaşayış evinin naturada bölgüsü mümkün olmadığından iddiaçının ilkin növbədə onun tərəfindən kompensasiya ödənilməsi ilə bağlı cavabdehlərə müraciət etmək hüququ yaranır, bu, mümkün olmadıqda isə “əmlakın açıq hərracda satılması” tələbinə dair müstəqil iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah olunur. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini, məhkəmə araşdırması zamanı tədqiq olunmuş ekspert rəyini nəzərə alaraq hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.02 ha torpaq sahəsinin naturada bölünməsi mümkün olmadığından iddia tələbi əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 107 maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216- 236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə,
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətin naturada bölünməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaiti İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov