Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-916/2023 14.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X2 kаtibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon 1 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abşeron rayon 1 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 8İ- 10956 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış BL349831 saylı müqaviləyə əsasən, müddət üçün vaxtında ödənilməmiş 449 manat borc və ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 474 manat borcun tutulması barədə icra qeydinin xx.xx.2022-ci il tarixdən aparılmasına dair icra qeydi verilmişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə iddiaçının aldığı “Samsung” markalı mobil telefonun şəbəkəsində problemlər yarandığı və seti tutmadığı üçün iddiaçı xx.xx.2019-cu il tarixdə telefonu "xxxx" MMC-nin vasitəsi ilə servise vermişdir. Bir neçə gün sonra telefonun təmiri üçün 35-40 manat vəsaitin ödənilməsi bildirilmişdir. İddiaçı həmin pulu servise ödəmiş, lakin yenə də bir neçə gün keçdikdən sonra servise iddiaçının qardaşı müraciət etmiş və telefonun təmir olunmadığı, bir neçə gün servisdə qalmalı olduğu bildirilmişdir. İddiaçı yenə də müəyyən müddət keçdikdən sonra "xxxx" MMC-nin mağazasına yaxınlaşmış və telefonu istifadə edə bilmədiyini və servisdə olduğunu rəhbərliyə izah etmişdir. Rəhbərlik ilə sonuncu görüşdən sonra telefonun 300 manat xərcinin olduğu iddiaçıya bildirilmişdir. İddiaçı razı olmadığı üçün ona ərizə yazdırılmış, telefon qaytarılmamış və telefonun təmirə ehtiyacının olduğu bildirilmişdir. İddiaçı həmin pulu ödəməkdən imtina etmiş və MMC ilə bağladığı müqavilənin ləğv edilməsini xahiş etmişdir. Ərizə qeydiyyata alınaraq müqavilənin ləğv ediləcəyi bildirilsə də, 2019-cu ildə olan danışıqlara baxmayaraq, iddiaçı xx.xx.2022-ci il tarixdə məskunlaşdığı yer üzrə, yəni, ünvan 2 ünvanına əsasən, icra qeydi Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Belə ki, 474 manat puldan 2022-ci ilin noyabr ayında əmək haqqından 169 manat pul borca tutulmuşdur. Halbuki, 2019-cu ildə ərizə yazan zaman MMC bağlanmış müqavilənin ləğv edildiyini və telefonun servisdə qalacağını bildirmişdir. Telefonu istifadə etmədiyi halda iddiaçıdan pulunu tələb etmişlər. Bu səbəbdən də, həmin borcun tutulmasına dair icra qeydi də ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, icra şöbəsindən ona borcunun olması barədə məlumat verilmiş və o, qəbzi və telefonu qaytarması barədə sənədi göstərmişdir. 2019-cu ildə ona telefon qaytarılmamışdır. Aldığı telefon əşyasından ona boş qutu qalmışdır ki, o, zərər olaraq, 1000 manata yaxın xərc çəkmişdir. Notariata yaxınlaşıb 329 manat maaş aldığını, 169 manat əmək haqqından çıxıldığını bildirmişdir. O, telefonu kreditə götürmüş, ilkin ödəniş əlavə olmaqla 180 manat ödəmiş, telefonda olan qüsura görə MMC-yə müraciət etmiş və texniki servisə göndərilmişdir. Telefon təhvil verilmiş, lakin ona qaytarılmamış və məlumat da verilməmişdir. Baş ofisə müraciət edəndən sonra ona məlumat veriləcəyi bildirilsə də, məlumat təkrarən verilməmişdir. O, "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəkdir. Cavabdeh ünvan 4 ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, cavabdeh xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Abşeron rayon 1 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 8İ-10956 reyestr nömrəli icra qeydindən görünür ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən, sənədlər üzrə "xxxx" MMC-nin (VÖEN:**********) xeyrinə İddiaçı BL349831 saylı müqaviləyə əsasən, müddət üçün vaxtında ödənilməmiş 449 manat tutulmalıdır. Həmin icra qeydi xx.xx.2022-ci il tarixdə aparılmışdır. -İddiaçı müştəri müraciətindən görünür ki, xx.xx.2019-cu il tarixdə aldığı “Samsung” mobil telefonunun ekranının şəbəkəsində problem yaranmış, seti tutmamış, xx.xx.2019-cu il tarixdə servisə müraciət edəndən sonra telefonun xərci üçün 35-40 manat tələb olunmuş, o, həmin məbləğlə razılaşmışdır. Lakin sonradan ona telefonun xərcinin 300 manat olduğu bildirilmişdir. -Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Füzuli rayonu bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 239 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən, Füzuli rayonundan məcburi köçkündür. Məcburi köçkünlər üçün nəzərdə tutulan imtiyazlardan istifadə etmək hüququ vardır. Hal-hazırda, ünvan 5 ünvanda müvəqqəti qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı Füzuli rayonu Seyidəhmədli kəndində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, borc münasibətlərindən irəli gələn mübahisəyə əsasən, İddiaçı "xxxx" MMC ilə bağladığı kredit müqaviləsinə əsasən, ümumi dəyəri 629 manat olan mobil telefon almış və müqaviləyə əlavə olunan 1 saylı ödəniş cədvəlinə əsasən, iddiaçı mobil telefonun dəyərini xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 50 manat, sonuncu ay isə 49 manat olmaqla hissə-hissə ödəniş etməyi öhdəsinə götürmüşdür. İddiaçı telefonun istifadəsi zamanı telefonda defekt olduğundan əşyanı aidiyyəti texniki servisə təqdim etmiş, ərizə yazaraq telefonu təhvil vermişdir. Bu səbəbdən də, mobil telefonun ödənişləri edilmədiyindən Abşeron rayon 1 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 8İ-10956 reyestr nömrəli icra qeydi əsasında, "xxxx" MMC-nin (VÖEN:**********) xeyrinə İddiaçı BL349831 saylı müqaviləyə əsasən, müddət üçün vaxtında ödənilməmiş 449 manat pul vəsaitinin tutulması qərara alınmışdır. Hazırda, İddiaçı həmin icra qeydinin ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 224-cü maddəsinə əsasən, notariusun icra qeydi əsasında ödənilmə daxil olmaqla, ödənilməsi mübahisəsiz (akseptsiz) qaydada həyata keçirilən icra və ya digər sənədlərin icra edilməməli hesab olunmasına dair mübahisələri həll edərkən qətnamənin nəticə hissəsində icra edilməli olmayan sənədin adı, sıra sayı və tarixi, habelə silinməli olmayan məbləğ göstərilməlidir. Mülki iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borcun vaxtında qaytarılma öhdəliyini öz üzərinə götürmüş borclunun öhdəliyini yerinə yetirməməsi nəticəsində tələbkarın ərizəsi əsasında Abşeron rayonu 1 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə 8İ-10956 reyestr nömrəli icra qeydi verilmiş və həmin icra qeydi icra edilməsi üçün aidiyyəti üzrə İcra şöbəsinə göndərilmişdir. “Notariat haqqında Azərbaycan Respublikası Qanunu”nun: 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 78-ci maddəsinə əsasən, icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. 79-cu maddəsinə əsasən, tələbkar və ya borclu fiziki şəxsdirsə, Azərbaycan Respublikasının qanunvericiliyində başqa müddətlər müəyyən olunmamışsa, icra qeydi aparıldığı gündən üç il ərzində, bütün qalan tələblər üzrə isə bir il ərzində məcburi surətdə icra olunmaq üçün təqdim edilə bilər. İcra qeydinin təqdim olunması üçün buraxılmış müddətin bərpası Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın:
161. bəndinə əsasən, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir.
162. bəndinə əsasən, icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. İcra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Abşeron rayonu 1 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli icra qeydindən müəyyən olunur ki, notarius “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən, borcludan 449 manat borcun tutulması barədə icra qeydi vermişdir. Müqavilə üzrə borcun geri qaytarılmaması tələbkarda onun ərizəsi əsasında müqaviləyə dair icra qeydinin verilməsi üçün əsas yaratmışdır. Beləliklə də, borclunun tələbkar qarşısında borc məbləğinin mübahisəsiz olması, tələbkar qarşısında borcu ödəmək öhdəliyini yaratması, eyni zamanda, tələbetmə hüququ üzrə iddia müddətinin keçməməsi - bütün bu sadalananlar əsasında verilmiş icra qeydinin qanunvericiliyin tələblərinə uyğun şəkildə verildiyini təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 334.1-ci maddəsinə əsasən, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində istinad etdiyi hallar icra qeydinin ləğv edilməsi üçün əsas ola bilməz və icra qeydi notarius tərəfindən verilərkən qanunvericiliyin tələbləri pozulmamış, qanunla nəzərdə tutulmuş qaydada verilmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 №li Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 119, 216-220, 222.2, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddiaçı cavabdeh Abşeron rayon 1 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov