Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-925/2021 15.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı ödənilmiş məbləğin geri qaytarılması və dəymiş zərərin əvəzinin ödənilməsinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı ödənilmiş məbləğin geri qaytarılması və dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2017-ci il tarixli müqavilə əsasında ödənilmiş 22 225 (iyirmi iki min iki yüz iyirmi beş) manat və vurulmuş zərər qismində 8000 (səkkiz min) manat ( 5000 manat real zərər, 3000 manat əldən çıxmış fayda) məbləğində vəsaitin, ümumilikdə 30 225 (otuz min iki yüz iyirmi beş) manat məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında xx xxxx 2017-ci il tarixli, 2109 saylı “xxxx” (xxxx MMC tərəfindən satılmış təmirsiz mənzil üçün) bağlanmışdır. Müqavilənin bağlandığı gün ilkin ödəniş olaraq 10.000.00 (on min) manat vəsait və 489 (dörd yüz səksən doqquz) manat komisyon haqqı cavabdehə ödənilmişdir. Alıcı olaraq iddiaçı 2017-ci ilin avqust ayından etibarən hər ay müqavilə üzrə müəyyən edilmiş 489 (dörd yüz səksən doqquz) manat məbləğində vəsaiti cavabdeh MMC-yə ödəməyə başlamış və bu öhdəliyini 2019-cu ilin sentyabr ayınadək davam etdirmişdir. Satıcı olaraq cavabdeh tərəfindən isə müqavilənin şərtləri pozulmuş və müqavilə ilə üzərinə götürülmüş öhdəliklər icra edilməmişdir. Öhdəliklərin icra edilməsi ilə bağlı dəfələrlə cavabdeh MMC ilə iddiaçı arasında görüşlər keçirilməsinə və bu barədə cavabdehə şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq həmin görüşlər və xəbərdarlıqlar da heç bir nəticə verməmişdir. Nəticə etibarı ilə iddiaçının Müqavilə əsasında ona “satılmış” mənzilin yerləşdiyi binanın bundan sonra da tikilməsinə hər hansı bir etibarı və inamı qalmamış, o, müqavilənin predmetinə artıq marağını itirmişdir. Tərəflər arasında xx.xx.2017-ci il tarixli Müqavilə bağlanarkən satıcı olaraq cavabdeh MMC müqavilə ilə iddiaçıya satılmış mənzili müqavilənin bağlandığı tarixdən ən geci 2 (iki) il müddətinə, yəni xx.xx.2019-cu il tarixinədək iddiaçının istifadə və sahibliyinə verəcəyinə dair öhdəlik götürmüşdür. İddiaçıya satılmış yaşayış binası memarlıq eskiz layihəsinə əsasən 15 (on beş) mərtəbəli bina kimi nəzərdə tutulmuş və ona həmin binanın 10-cu mərtəbəsində mənzil satılmışdır. Müqavilənin bağlandığı tarixdən - xx.xx.2017-ci il tarixindən iddiaçı tərəfindən müqavilə üzrə sonuncu ödəniş edildiyi tarixədək - xx.xx.2019-cu il tarixinədək, yəni 2 (iki) il müddətində cavabdeh tərəfindən 15 (on beş) mərtəbəli yaşayış binasının cəmi 4 (dörd) mərtəbəsi inşa edilmişdir. Qeyd edilən səbəblərdən iddiaçı xx.xx.2020-ci il tarixində müqavilədən imtina edilməsi və cavabdeh MMC-yə müqavilə əsasında ödənilmiş cəmi 22.225.00 (iyirmi iki min iki yüz iyirmi beş) manat məbləğində vəsaitin geri qaytarılması ilə yanaşı, ötən 3 il 3 aydan artıq müddət üçün vurulmuş zərər kimi 8.000.00 (səkkiz min) manat məbləğində vəsaitin, ümumilikdə 30.225.00 (otuz min iki yüz iyirmi beş) manat məbləğində vəsaitin iddiaçıya ödənilməsi ilə bağlı bildirişlə cavabdeh MMC-yə müraciət etmişdir. Maddi zərər isə onunla əsaslandırılır ki, müqavilənin bağlandığı tarixdən ötən 3 il 3 aydan artıq müddət ərzində cavabdeh MMC-nin öhdəliyini icra etməməsi və iddiaçının cavabdeh MMC-yə etdiyi ödənişlərdən (pul şəklində əmlakından) istifadə etmək (banka depozit qoymaq, qızıla və digər qiymətli əşyalara və ya başqa daşınmaz əmlaklara invesitiya qoymaq kimi) hüququndan məhrum olmağı nəticəsində 3 ildən artıq müddət üçün real zərər qismində ona minimum 5.000.00 (beş min) manat (MMC-yə ödənilmiş 22.225.00 manat məbləğində vəsaiti minimum 10%-lə bank depozitinə qoyacağı təqdirdə qazancı 3 ildən artıq müddət üçün 6000 (altı min) manatdan artıq olacaqdı) məbləğində zərər dəymişdir. Müqavilə üzrə razılaşdırılmış mənzilin iddiaçıya söz verildiyi kimi 2 (iki) il ərzində - xx.xx.2019-cu il tarixədək veriləcəyi təqdirdə iddiaçı həmin mənzili təmir edərək ən azından son bir il ərzində üçüncü şəxslərə minimum 250.00 (iki yüz əlli) manata (Xırdalan şəhərində 2 otaqlı, normal təmirli mənzilin aylıq kirayə xərci 250-350 manat civarında dəyişməkdədir) kirayə verəcəyi halda əldə edəcəyi gəlir 3.000.00 (üç min) manat olacaqdı ki, bu günki gündə əldən çıxmış fayda qismində iddiaçıya vurulmuş zərərin məbləği də 3000.00 (üç min) manat təşkil etməkdədir. Beləliklə də, cavabdeh MMC tərəfindən Müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində iddiaçıya ümumilikdə 8.000.00 (səkkiz min) manat (5000 manat real zərər + 3000 manat əldə çıxmış fayda) məbləğində zərər dəymişdir. İddiaçı tərəfindən edilən müraciətlərə cavabdeh MMC tərəfindən hər hansı bir münasibət bildirilmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə prosesində iddiaçının vəkili-nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşməsinə dair ərizə təqdim edərək, İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 2109 saylı “xxxx”nə xitam verilməsi və cavabdehdən iddiaçının xeyrinə ödənilmiş 22 225 (iyirmi iki min iki yüz iyirmi beş) manat və vurulmuş zərər qismində 8000 (səkkiz min) manat məbləğində vəsaitin, ümumilikdə 30 225 (otuz min iki yüz iyirmi beş) manat məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil da iddianı müdafiə edib iddia ərizəsində yazılanlara uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh «xxxx» MMC lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iclas zamanı nümayəndəsinin iştirakını təmin etməməmişdir, iddiaya etiraz təqdim edərək iddiaçı tərəfindən məhkəməyədək prosedur qaydalarına əməl edilməməsi məhkəmənin diqqətinə çatdırılmışdır. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarından olan xx xxxx 2017-ci il tarixli 2109 №-li mənzilin alqı-satqısı müqaviləsindən müəyyən edilir ki, “xxxx” MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanda “AAAF-Park” yaşayış massivinin 29 saylı küçəsində inşa edilən bina 7, mərtəbə 10, ümumi sahəsi 62 kv m. ibarət, 2 otaqlı 108 №-li mənzili İddiaçı təhvil verməyi, sonuncu isə müqavilə ilə nəzərdə tutulmuş 58,900.00 manat məbləğində pul vəsaitini “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci bəndinə görə alıcı ilkin ödəniş kimi 10.000 manat və kredit məbləğinin 1 % məbləğində (489 manat) komisyon xərcini ödəyir. Mülki işin materiallarından olan ödəniş cədvəlindən müəyyən edilir ki, İddiaçı geri qalan 48,900.00 manatlıq məbləği 100 ay müddətinə hər ay 489 manat olaraq ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarından olan xx.xx.2019-cu il tarixli, M-2109-8.2019 saylı ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı xx.xx.2019-cu il tarixinədək «xxxx» MMC-yə cəmi 21 736 manat ödəniş etmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edildi ki, iddiaçı və cavabdeh arasınad xx xxxx 2017-ci il tarixli 2109 №-li mənzilin alqı-satqısı müqaviləsi bağlanmış,iddiaçı müqavilə ilə müəyyənləşdirilmiş məbləği cavabdehə ödəməyi, sonuncu isə müqavilədə müəyyən edilmiş mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. İşin materiallarından müəyyən edilir ki, xx.xx.2019-cu il tarixinədək iddiaçı 21 736 manat və komisyon xərci kimi 489 manat olmaqla, cəmi 22 225 manat ödəniş etmişdir. İddiaçı mənzil hazır olmadığı üçün müqavilənin ləğv edilməsini, müqavilə üzrə ödədiyi həmin pul məbləğini, habelə ona dəyən maddi ziyanın ödənilməsini tələb edir.İddianı onunla əsaslandırı ki, müqavilədə müddət qeyd edilməsə də, cavabdeh tərəf binanın iki il müddətinə tikilib təhvil veriləcəyini bildirsə də, binanın inşası hələ də yarımçıq vəziyyətdə dayanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, podrat müqaviləsinin digər əmlakın mülkiyyətə verilməsi ilə bağlı əvəzli müqavilələrdən fərqi ondadır ki, podrat müqaviləsinin predmetini yəni nəticənin əldə edilməsi üçün müəyyən işin görülməsi (məsələn hazırkı vəziyyətdə nəticə mənzil olmaqla, işin görülməsi isə həmin mənzilin tikilməsidir) podratçı tərəfindən yaradılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 2109 saylı xxxx cavabdeh tərəfin öhdəliyi vaxtında icra etməməsi səbəbindən ləğv edilməli və cavabdeh “xxxx” MMC-dən İddiaçı xeyrinə onun tərəfindən ödənilmiş olan 22 225 (iyirmi iki min iki yüz iyirmi beş) manat məbləğində pul vəsaiti tutulmalı, iddia bu hissədə təmin edilməlidir. Məhkəmə, həmçinin, iddia tələbinin “vurulmuş 8000 manat məbləğində maddi zərər” hissəsinə münasibətdə isə qeyd edir ki, həmin hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı həmin hissədə ona vurulmuş zərərin nədən ibarət olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eləcə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi 30 manat məbləğindəki dövlət rüsumunun 15 manat məbləğindəki hissəsi cavabdehdən tutularaq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 2109 saylı xxxx ləğv edilsin. “xxxx” MMC-dən İddiaçı xeyrinə 22.225 manat (iyirmi iki min iki yüz iyirmi beş) və dövlət rüsumu üçün 15 manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-925/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-925/2021
15.03.2021 · Müqavilələrin ləğv edilməsi - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Digər - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver