Məhkəmə qərarları › İş №2(105)-2483/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2483/2021

01.10.2021 · Müqavilələrin ləğv edilməsi - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Digər - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2483/2021 01.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ödənilmiş məbləğin geri qaytarılması və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-925/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-925/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia qismən təmin olunaraq İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 13 iyul 2017-ci il tarixli, 2109 saylı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, "xxxx" MMC-dən İddiaçı xeyrinə 22.225 manat (iyirmi iki min iki yüz iyirmi beş) və dövlət rüsumu üçün 15 manat məbləğində pul vəsaitinin tutulması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ödənilmiş məbləğin geri qaytarılması və dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 13.07.2017-ci il tarixli müqavilə əsasında ödənilmiş 22 225 (iyirmi iki min iki yüz iyirmi beş) manat və vurulmuş zərər qismində 8000 (səkkiz min) manat ( 5000 manat real zərər, 3000 manat əldən çıxmış fayda) məbləğində vəsaitin, ümumilikdə 30 225 (otuz min iki yüz iyirmi beş) manat məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında 13 iyul 2017-ci il tarixli, 2109 saylı "xxxx" (AAAF-İNŞAAT MMC tərəfindən satılmış təmirsiz mənzil üçün) bağlanmışdır. Müqavilənin bağlandığı gün ilkin ödəniş olaraq 10.000.00 (on min) manat vəsait və 489 (dörd yüz səksən doqquz) manat komisyon haqqı cavabdehə ödənilmişdir. Alıcı olaraq iddiaçı 2017-ci ilin avqust ayından etibarən hər ay müqavilə üzrə müəyyən edilmiş 489 (dörd yüz səksən doqquz) manat məbləğində vəsaiti cavabdeh MMC-yə ödəməyə başlamış və bu öhdəliyini 2019-cu ilin sentyabr ayınadək davam etdirmişdir. Satıcı olaraq cavabdeh tərəfindən isə müqavilənin şərtləri pozulmuş və müqavilə ilə üzərinə götürülmüş öhdəliklər icra edilməmişdir. Öhdəliklərin icra edilməsi ilə bağlı dəfələrlə cavabdeh MMC ilə iddiaçı arasında görüşlər keçirilməsinə və bu barədə cavabdehə şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq həmin görüşlər və xəbərdarlıqlar da heç bir nəticə verməmişdir. Nəticə etibarı ilə iddiaçının Müqavilə əsasında ona “satılmış” mənzilin yerləşdiyi binanın bundan sonra da tikilməsinə hər hansı bir etibarı və inamı qalmamış, o, müqavilənin predmetinə artıq marağını itirmişdir. Tərəflər arasında 13.07.2017-ci il tarixli Müqavilə bağlanarkən satıcı olaraq cavabdeh MMC müqavilə ilə iddiaçıya satılmış mənzili müqavilənin bağlandığı tarixdən ən geci 2 (iki) il müddətinə, yəni 13.07.2019-cu il tarixinədək iddiaçının istifadə və sahibliyinə verəcəyinə dair öhdəlik götürmüşdür. İddiaçıya satılmış yaşayış binası memarlıq eskiz layihəsinə əsasən 15 (on beş) mərtəbəli bina kimi nəzərdə tutulmuş və ona həmin binanın 10-cu mərtəbəsində mənzil satılmışdır. Müqavilənin bağlandığı tarixdən - 13.07.2017-ci il tarixindən iddiaçı tərəfindən müqavilə üzrə sonuncu ödəniş edildiyi tarixədək - 13.07.2019-cu il tarixinədək, yəni 2 (iki) il müddətində cavabdeh tərəfindən 15 (on beş) mərtəbəli yaşayış binasının cəmi 4 (dörd) mərtəbəsi inşa edilmişdir. Qeyd edilən səbəblərdən iddiaçı 14.10.2020-ci il tarixində müqavilədən imtina edilməsi və cavabdeh MMC-yə müqavilə əsasında ödənilmiş cəmi 22.225.00 (iyirmi iki min iki yüz iyirmi beş) manat məbləğində vəsaitin geri qaytarılması ilə yanaşı, ötən 3 il 3 aydan artıq müddət üçün vurulmuş zərər kimi 8.000.00 (səkkiz min) manat məbləğində vəsaitin, ümumilikdə 30.225.00 (otuz min iki yüz iyirmi beş) manat məbləğində vəsaitin iddiaçıya ödənilməsi ilə bağlı bildirişlə cavabdeh MMC-yə müraciət etmişdir. Maddi zərər isə onunla əsaslandırılır ki, müqavilənin bağlandığı tarixdən ötən 3 il 3 aydan artıq müddət ərzində cavabdeh MMC-nin öhdəliyini icra etməməsi və iddiaçının cavabdeh MMC-yə etdiyi ödənişlərdən (pul şəklində əmlakından) istifadə etmək (banka depozit qoymaq, qızıla və digər qiymətli əşyalara və ya başqa daşınmaz əmlaklara invesitiya qoymaq kimi) hüququndan məhrum olmağı nəticəsində 3 ildən artıq müddət üçün real zərər qismində ona minimum 5.000.00 (beş min) manat (MMC-yə ödənilmiş 22.225.00 manat məbləğində vəsaiti minimum 10%-lə bank depozitinə qoyacağı təqdirdə qazancı 3 ildən artıq müddət üçün 6000 (altı min) manatdan artıq olacaqdı) məbləğində zərər dəymişdir. Müqavilə üzrə razılaşdırılmış mənzilin iddiaçıya söz verildiyi kimi 2 (iki) il ərzində - 13.07.2019-cu il tarixədək veriləcəyi təqdirdə iddiaçı həmin mənzili təmir edərək ən azından son bir il ərzində üçüncü şəxslərə minimum 250.00 (iki yüz əlli) manata (Xırdalan şəhərində 2 otaqlı, normal təmirli mənzilin aylıq kirayə xərci 250-350 manat civarında dəyişməkdədir) kirayə verəcəyi halda əldə edəcəyi gəlir 3.000.00 (üç min) manat olacaqdı ki, bu günki gündə əldən çıxmış fayda qismində iddiaçıya vurulmuş zərərin məbləği də 3000.00 (üç min) manat təşkil etməkdədir. Beləliklə də, cavabdeh MMC tərəfindən Müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində iddiaçıya ümumilikdə 8.000.00 (səkkiz min) manat (5000 manat real zərər + 3000 manat əldə çıxmış fayda) məbləğində zərər dəymişdir. İddiaçı tərəfindən edilən müraciətlərə cavabdeh MMC tərəfindən hər hansı bir münasibət bildirilmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh"xxxx" MMC apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-925/2021 saylı, 15.03.2021-ci il tarixli qətnaməsinin İddiaçı iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi İddiaçınm iddia tələbinə baxaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.2. 157.2, 421, 424.5, 752, 390.1 -ci maddələrini rəhbər tutaraq, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 13 iyul 2017-ci il tarixli, 2109 saylı mənzilin alqı-satqı müqaviləsi cavabdeh Cəmiyyət tərəfindən öhdəliyi vaxtında icra etməməsi səbəbindən ləğv edilməsi qənaətinə gəlmiş və qismən təmin edilmişdir. Məhkəmə qeyd edir ki, podrat müqaviləsinin digər əmlakın mülkiyyətə verilməsi ilə bağlı əvəzli müqavilələrdən fərqi ondadır ki, podrat müqaviləsinin predmetini yəni nəticənin əldə edilməsi üçün müəyyən işin görülməsi (məsələn hazırki vəziyyətdə nəticə mənzil olmaqla, işin görülməsi isə həmin mənzilin tikilməsidir) podratçı tərəfindən yaradılır. Bildirilir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 13 iyul 2017-ci il tarixli, M-2109 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, “AAAF PARK” yaşayış massivi, 29 saylı küçədə inşa edilən 7 saylı binanın, mərtəbə 10, dəyəri 58.900 (əlli səkkiz min doqquz yüz) manat təşkil edən, ümumi sahəsi 62 kv.m. olan 2 otaqlı 108 saylı mənzilin dəyəri ödənilməklə, inşa edilib təhvil verilməsi razılaşdırılmışdır. İşçi qüvvəsinin cəlb edilməsi və sair nəzərə alınmışdır. Yaşayış binalarının inşasını həyata keçirən Cəmiyyət maliyyə (bank, kredit, lombard və sair) təşkilatı olmadığından ikitərəfli əqd üzrə alıcı tərəfindən ödənilmiş vəsaitin geri qaytarılması bir tərəfin iradəsinə görə müəyyən olunması əsassızdır. Prosessual hüquq pozuntusu olaraq İddiaçı pretenziya qaydalarına əməl etməmişdir. Bu da Mülki-Prosessual Məcəlləsinin 149 və 150-ci maddələrinin tələblərinin pozulmasıdır. Həmin müddəaya görə, iddia tələbi ilə məhkəməyə müraciət zamanı müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin əlavə edilməsi zəruridir. Qanunvericilikdə pretenziya qaydalarının pozulmasını istisna edən hal göstərilməmişdir. Prosessual pozuntunun qısa şərhi: iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edir, cavabdeh buna etiraz etdiyinə görə “məhkəmə çəkişməsi” gedə-gedə Cavabdehə bildiriş göndərir! Rayon məhkəməsi bununla kifayətlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə görə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Pretenziya qaydasının hüquqi fəlsəfəsi məhz yarana biləcək mübahisənin qarşınınlanması və qabaqlayıcı- nizamlayıcı, narazılığın bildirilməsi funksiyanı daşımasıdır. MPM 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, müqavilə MMC tərəfindən pozulmuşdur. İdddiaçıya artıq MMC-dəki heç bir mənzil lazım deyi. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanaılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. Mülki işin materiallarından olan 13 iyul 2017-ci il tarixli, 2109 saylı mənzilin alqısatqısı müqaviləsindən görünür ki, "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanda “AAAF-Park” yaşayış massivinin 29 saylı küçəsində inşa edilən bina 7, mərtəbə 10, ümumi sahəsi 62 kv m. ibarət, 2 otaqlı 108 №-li mənzili İddiaçı təhvil verməyi, sonuncu isə müqavilə ilə nəzərdə tutulmuş 58,900.00 manat məbləğində pul vəsaitini "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci bəndinə görə alıcı ilkin ödəniş kimi 10.000 manat və kredit məbləğinin 1 % məbləğində (489 manat) komisyon xərcini ödəyir. Yenə iş materiallarında olan ödəniş cədvəlindən müəyyən edilir ki, İddiaçı geri qalan 48,900.00 manatlıq məbləği 100 ay müddətinə hər ay 489 manat olaraq ödəməyi öhdəsinə götürmüşdür. Yenə iş materiallarından olan, sonuncu 13.07.2019-cu il tarixli olmaqla maliyyə arayışlarından müəyyən edilir ki, İddiaçı 13.07.2019-cu il tarixinədək "xxxx" MMC-yə cəmi 21 736 manat ödəniş etmişdir. Cəmi ödəniş 22 225 manat olmuşdur. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6.-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunmamış hissəsinin iddiaçı tərəfindən mübahisələndirilməməsini, cavabdehin apellyasiya şikayətinin dəlillərinin qətnamənin iddianın qismən təmin olunmuş hissəsinin ləğv edilməsinə yönəldiyini və mübahisə predmetinin bölünməz olmamasını nəzərə alıb, Azərbaycan Respublikasının MPM-nin 372.6-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, yəni cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq yoxlanılmalı və hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına almayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhəkməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiya məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-925/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yaranmış mübahisə üzrə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 13 iyul 2017-ci il tarixli, 2109 №-li mənzilin alqı-satqısı müqaviləsi bağlanmış, Müqaviləyə əsasən "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanda “AAAF-Park” yaşayış massivinin 29 saylı küçəsində inşa edilən bina 7, mərtəbə 10, ümumi sahəsi 62 kv m. ibarət, 2 otaqlı 108 №-li mənzilin dəyəri 58900 manat müəyyən edilmişdir. Müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qeyd olunan mənzili İddiaçı təhvil verməyi, sonuncu isə müqavilə ilə nəzərdə tutulmuş 58,900.00 manat məbləğində pul vəsaitinindən ilkin ödəniş kimi 10.000 manat və kredit məbləğinin 1 % məbləğində (489 manat) komisyon xərcini, qalan məbləğ isə 100 ay müddətinə hər ay 489 manat olaraq ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı 13.07.2019cu il tarixinədək 21 736 manat və komisyon xərci kimi 489 manat olmaqla, cəmi 22 225 manat ödəniş etmişdir. Mənzilin yerləşdiyi binanın inşasının başa çatdırılma vaxtı, habelə mənzilin hansı tarixdə təqdim edilməsilə bağlı qeyd edilən müqavilədə hər hansı müddəa mövcud deyildir. Müqavilənin 4.1-ci maddəsinə görə müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflər öhdəliklərini yerinə yetirənə kimi qüvvədədir. İddiaçı mənzil hazır olmadığı üçün müqavilənin ləğv edilməsini, müqavilə üzrə ödədiyi həmin pul məbləğini, habelə ona dəyən maddi ziyanın ödənilməsini tələb edir. İddianı onunla əsaslandırır ki, müqavilədə müddət qeyd edilməsə də, cavabdeh tərəf binanın iki il müddətinə tikilib təhvil veriləcəyini bildirsə də, binanın inşası hələ də yarımçıq vəziyyətdə dayanmışdır. Qeyd edildiyi kimi, tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinin şərtlərində cavabdeh tərəfindən mənzilin iddiaçıya hansı müddətə təhvil verilməsi barədə heç bir müddəa-şərt nəzərdə tutulmamış, belə bir öhdəlik götürülməmişdir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, mənzilin tikilib təhvil verilməsi müddəti tərəflər arasında bağlanmış müqavilədə göstərilməyibsə, tikintinin inşa edilib tərəfə təhvil verilməsi ağlabatan müddətdə müəyyən edilməlidir. Ağlabatan müddət dedikdə, mövcud şəraitin imkan verdiyi həddə məsələnin məqsədə müvafiq şəkildə icrası üçün zəruri olan mümkün zaman müddəti başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MMC üçün çoxmənzilli binanın tikib müqavilə tərəflərinin istifadəsinə verilməsi bəlli bir zaman tələb etdiyindən ağalabatan müddət təxmini olsa da 3 il müəyyən edilə bilər. İşdən isə görünür ki, müqavilənin imzalanmasından 4 ildən çox zaman keçsə də, mənzil hələ də iddiaçıya təhvil verilməmiş, eləcə də binanın tikintisi başa çatmamışdır və mübahisə də məhz bu öhdəliyin vaxtında icra edilməməsinə görə yaranmışdır. İşin təhlili onu göstərir ki, tərəflər arasında yaranmış münasibətlər nisbətən də olsa podrat münasibətlərinə uyğun gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.1-ci maddəsinə görə sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Yenə həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Mülki Məcəllənin 421.1-ci maddəsinin tələblərinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Yenə həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Yenə də həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Qeyd olunan hüquq normalarının tələblərindən də görünür ki, müqavilənin ləğvinə onu bağlayan tərəflərin razılığı xaricində yalnız müqavilə əhəmiyyətli dərəcədə pozulduqda və ya şərait əhəmiyyətli dərəcədə dəyişdiyi halda yol verilir. İş materiallarından görünür ki, "xxxx" MMC-nin mənzilin hər hansı müddət ərzində tikilib təhvil verilməsi barədə müqavilədə hər hansı bir şərt nəzərdə tutulmasa da, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin ağlabatan vaxt ərzində tikilib iddiaçıya təhvil verilməsi mümkün olmamışdır. Bununla da "xxxx" MMC tərəfindən müqavilə əhəmiyyətli dərəcədə pozulmuşdur. Mülki Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Yenə həmin Məcəllənin 424.4-cü maddəsinin tələblərinə görə əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Mülki Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Müqavilə ilə müəyyən edilmiş mənzilin dəyərini təşkil edən 58,900.00 manat məbləğində pul vəsaitindən "xxxx" MMC-yə 22 225 manat ödəniş etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara qiymət verərək hesab edir ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 13 iyul 2017-ci il tarixli, 2109 saylı mənzilin alqı-satqı müqaviləsinin şərtləri cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan birinci instansiya məhkəməsinin, tərəflər arasında bağlnmış mənzilin alqısatqı müqaviləsinin ləğv edilməsi və cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə onun tərəfindən ödənilmiş olan 22 225 (iyirmi iki min iki yüz iyirmi beş) manat məbləğində pul vəsaitinin tutulmasina dair gəldiyi nəticə ilə qanuni və əsaslı olmuşdur. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki halda cavabdeh "xxxx" MMC apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmiş, əksinə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrdir və həmin mülahizələr apelyasiya şikayətinin təmin edilməsi, eyni zamanda iddianın bütünlüklə rədd edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-925/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün cavabdeh "xxxx" MMC tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-925/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün cavabdeh "xxxx" MMC tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumu onun özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar