Məhkəmə qərarları › İş №2(012)-931/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-931/2022

12.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil mübahisələri - Sair mülki iş - Mənzilə köçürmə - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-931/2022 12.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlakın qeyri-qanuni sahiblikdən alınması, evə köçürülmə və istifadəyə yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlakın qeyri-qanuni sahiblikdən alınması, evə köçürülmə və istifadəyə yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Masazır qəsəbəsi ünvanında yerləşən 50 kv.m torpaq sahəsində olan iki otaqlı fərdi yaşayış evinin cavabdehlərin qeyri-qanuni sahibliyindən götürülməsi, iddiaçının həmin evə köçürülməsi və istifadəyə yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə, iddiaçının köçürülməsini və istifadəyə yaradılan maneənin aradan qaldırılmasını xahiş etdiyi ünvanın “ünvan 2işdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən 50 kv.m torpaq sahəsində olan bir otaqlı fərdi yaşayış evi Cavabdeh2 məxsus olmuşdur. Cavabdeh2 evi 12 fevral 2018-ci il tarixli notarial qaydada rəsmiləşdirilmiş ərizə ilə 7000 manat pul qarşılığında Cavabdeh1 “satmışdır”. Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 24 sentyabr 2021-ci il tarixli podrat müqaviləsinə əsasən, həmin cavabdeh evdə iddiaçının notarial qaydada ödəmiş olduğu 19000 manat əvəzində əlavə işlər görməklə (əlavə otaq inşa etmiş, təmir işləri aparmış, darvaza qoymuş və s.) iddiaçıya “satmışdır”. Ev iddiaçıya təhvil verilmiş, iddiaçı özünə məxsus olan əşyaları oraya köçürmüş, hazırda da ona məxsus olan əşyalar oradadır. Evin kommunal ödəniş və abonent hesabları da iddiaçının adınadır. Qanunvericilik müddəalarının mənasından görünür ki, mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bu səbəbdən də, qeyd olunan fərdi yaşayış evi iddiaçıya məxsus olduğundan cavabdehlərin qanunsuz sahibliyindən alınmaqla cavabdehlər tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddiaçı mülki iş üzrə məhkəməyə daxil olmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4362 saylı rəyindən narazı deyildir. Belə ki, iddiaçı həmin torpaq sahəsinin Cavabdeh2 mülkiyyətində olubolmamasını mübahisələndirmir. İddiaçının əsas tələbi həmin cavabdehin öz razılığı ilə torpaq sahəsində tikili inşa etmişdir ki, alqı-satqının pərdələnmiş forması ilə digər Cavabdeh1 satmışdır. Lakin sonrakı dövrdə mübahisə yarandığından iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməli olmuşdur. Halbuki, iddiaçı torpaq sahəsinin Cavabdeh2 mülkiyyətində olmasını inkar etmir. Həmin tikiliyə münasibətdə iddiaçının kommunal xidmətlərlə bağlı müqaviləsi, həmin evdə əşyaları vardır. Cavabdehin razılığı olmasaydı, iddiaçı həmin evə köçməzdi. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil1 izahatı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil3 iddia ərizəsini qəbul edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, məhkəməyə daxil olmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4362 saylı rəyi ilə razıdır və iddiaçının vəkilinin dediklərini təsdiq edərək, qeyd edir ki, torpaq sahəsinin Cavabdeh2 mülkiyyətində olmasından asılı olmayaraq, cavabdeh onun üzərində olan ayrıca tikilini digər Cavabdeh1 satmış və Cavabdeh1 isə həmin tikilini təmir edərək iddiaçıya satmış, qarşılığında pul almışdır. Maneə yaradan Cavabdeh1dur. Həmçinin, qeyd edir ki, sözügedən tikilinin hər hansı bir sənədi yoxdur. xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, Cavabdeh2 ilə digər Cavabdeh1 arasında mənzil satışına dair razılaşma formal xarakter daşıyır. Cavabdeh1 Cavabdeh2 ilə razılaşmadan evi satmışdır. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbinə dair münasibətini araşdırıb, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13-cü maddəsinin İİ bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29cu maddəsinin İİİ bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Masazır kəndi S.Aşıq küçəsində yerləşən 0.0353 ha torpaq sahəsində inşa edilmiş 161 saylı ev Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 110 saylı reyestr kitabının 21 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********62-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli **********62-10301 reyestr nömrəli plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu Masazır kəndi S.Aşıq küçəsində yerləşən 161 saylı ev Cavabdeh2 mülkiyyətindədir. -Cavabdeh2 Bakı şəhəri 43 saylı notariat kontorunda 7E-3286 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında 50 kv.m torpaq sahəsində yerləşən bir mərtəbəli bir otaqlı orta təmirli fərdi yaşayış evi ilə bağlı aralarındakı razılığa əsasən, Cavabdeh1 tərəfindən 7000 manat məbləğ tam ödənilmiş, gələcəkdə də bununla bağlı onun dövlət orqanları qarşısında heç bir iddia və tələbi olmayacaqdır. -»Azərişıq» ASC ilə abonent İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 315774 saylı elektrik enerjisinin alqı-satqısına dair müqavilənin surətindən görünür ki, tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə Elektrik enerjisindən istifadə qaydalarını rəhbər tutmuşlar. -“Azəriqaz” İB ilə istehlakçı İddiaçı arasında bağlanmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli, AKX- 03299xx/xx-2021 saylı müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. -Bakı şəhəri 43 saylı notariat kontorunda 7M-2764 reyestr nömrəsi ilə qeydə alınmış, birinci tərəf Cavabdeh1 ilə ikinci tərəf İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsinin surətindən görünür ki, birinci tərəf öz materiallarından istifadə etməklə Abşeron rayonu Masazır qəsəbəsi ünvanında faktiki istifadəsində olan 50 kv.m torpaq sahəsində inşa edilən 3 metr daxili hündürlüyü, daxili və xarici divarlar mişar daşı, özülü beton, dam örtüyü şifer, döşəmə taxta, giriş qapı, dəmir seyf qapı, pəncərələr (pvc), sanitar qovşağı kafel-metlax, ümumi sahəsi 50 kv.m olan 1 mərtəbəli 2 (iki) otaqlı, mətbəxli, dəhlizli, təmirli, fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1 və 2.2-ci bəndlərindən görünür ki, hazırki müqavilə üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd da daxil olmaqla 19000 manat təşkil edir. Sifarişçi həmin məbləğin 16000 manatını müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsilə ödəyir. Qalan 3000 manat əvvəlcədən beh şəklində verilmişdir. -Abşeron rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı mübahisə ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4362 saylı rəyindən görünür ki, daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, **********62-10301 reyestr nömrəli çıxarışa əsasən, Cavabdeh2 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0.0353 ha torpaq sahəsinin faktiki vəziyyətdə planlı yerləşməsi, konfiqurasiyası və.s. texniki parametrlərinin həmin torpaq sahəsinin xx.xx.2014-cü il tarixli texniki pasportuna uyğun olduğu və iddiaçının iddia etdiyi tikintialtı sahəsi təqribən 50 kv.m olan birmərtəbəli tikilinin **********62-10301 reyestr nömrəli çıxarışa əsasən, Cavabdeh2 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0.0353 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh2 mülkiyyətində olan ünvan 5 ünvanındakı 0.0353 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evini almış və həmin mənzilə əşyalarını yerləşdirməklə fərdi yaşayış evindən təyinatı üzrə istifadə etmişdir. Hazırda, cavabdehlər tərəfindən fərdi yaşayış evindən istifadə edilməsi ilə bağlı iddiaçıya maneələr yaradıldığından iddiaçı həmin evin cavabdehlərin qanunsuz sahibliyindən geri alınmaqla ona yaradılan maneələrin aradan qaldırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 139-1.1.3. maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-152.4 maddələrinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1. maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı, daşınmaz əmlakın dövlət reyestrində 110 saylı reyestr kitabının 21 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********62-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış çıxarışa əsasən, Abşeron rayonu Masazır kəndi S.Aşıq küçəsində yerləşən 0.0353 ha torpaq sahəsində inşa edilmiş 161 saylı ev Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Beləliklə də, daşınmaz əmlak üzərində Cavabdeh2 sahiblik, istifadə və sərəncam vermək hüququ yaranmaqla bu barədə sonuncunun daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas yaranmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikintialtı sahəsi 50 kv.m olan fərdi yaşayış evini 7000 manat qarşılığında digər Cavabdeh1 “satmış” və həmin tikiliyə münasibətdə tələb və iddiasının olmaması ilə bağlı xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizə vermişdir. Cavabdeh1 isə sözügedən fərdi yaşayış evinin təmir-tikinti işlərini görməklə tərtib olunmuş xx.xx.2021-ci il tarixli podrat müqaviləsinə əsasən, İddiaçı “satmışdır”. Belə ki, sözügedən müqavilənin şərtlərinə əsasən, Cavabdeh1 fərdi yaşayış evinin təmir-tikintisini həyata keçirməklə görüləcək işlərin ümumi dəyəri kimi 19000 manata razılaşdırılmış, 3000 manat beh şəklində verilmiş, qalıq qalan 16000 manat pul vəsaiti isə notariusun depozit hesabına köçürülmüşdür. İddiaçı isə həmin pulun qarşılığında fərdi yaşayış evini təhvil almağı öhdəsinə götürmüşdür. Başqa sözlə, tərəflərin izahatından da göründüyü kimi, Cavabdeh1 alqı-satqı “görünüşü”nü yaradan, podrat müqaviləsi adı altında fərdi yaşayış evini İddiaçı “satmışdır”. Mülki iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçı kommunal xidmətlərin göstərilməsi ilə aidiyyəti qurumlarla müqavilə bağlamış, əşyalarını həmin evə köçürmüşdür. Cavabdehlər tərəfindən iddiaçıya fərdi yaşayış evindən istifadə ilə bağlı maneələr yaradıldığından iddiaçının həmin maneələrin aradan qaldırılmasına dair məhkəmə qaydasında müdafiə hüququ yaranmışdır. İddiaçının podrat müqaviləsi əsasında mübahisəli fərdi yaşayış evinin Cavabdeh1 tərəfindən ona “satılması”na, Cavabdeh1 tərəfindən isə iddia tələbinin etiraf olunmasına baxmayaraq, məhkəmə Mülki Məcəllənin 139-1.3-cü maddəsinin tələblərinə istinad edərək qeyd edir ki, iddiaçının podrat müqaviləsi adı altında fərdi yaşayış evini almasına, kommunal xidmət haqları ilə bağlı müqavilələr bağlamasına baxmayaraq, göstərilən hal iddiaçının daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsas olmamışdır. Göründüyü kimi, qanunvericilik daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan konkret sənədlər siyahısını müəyyən etmişdir ki, podrat müqaviləsi adı altında evin satılması mülkiyyət hüququnun yaranması üçün əsas deyildir və bu barədə qanunvericilikdə imperativ norma nəzərdə tutulmamışdır. Həmçinin, Mülki Məcəllənin: 14.3. maddəsinə əsasən, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. 146.1. maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, Abşeron rayonu Masazır kəndi S.Aşıq küçəsində yerləşən ümumi sahəsi 50 kv.m olan fərdi yaşayış evinə münasibətdə İddiaçı məxsus hər hansı bir hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim olunmamışdır. Göründüyü kimi, iddiaçının mübahisəli torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüquqları rəsmi dövlət reyestrində qeydə alınmamış, mülkiyyətçi olan Cavabdeh2 7000 manat müqabilində fərdi yaşayış evini digər Cavabdeh1 satması və hər hansı bir iddia, tələbi olmayacağı barədə ərizəsinin olmasına baxmayaraq, həmin tikilinin həqiqətən də alqı-satqısına dair müqavilələr məhkəməyə təqdim olunmamış, olduğu halda isə tikilinin iddiaçının adına rəsmi dövlət reyestrində qeydə alınmasına dair hüquqmüəyyənedici sənəd mövcud olmamışdır. Mülki Prosessual Məcəllənin: 52.2. maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 106.3. maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı Cavabdeh1 etirafına münasibət bildirərək qeyd edir ki, etiraf məhkəmə tərəfindən qanunauyğun, başqa şəxslərin hüquqlarına və qanunla qorunan mənafeyinə zidd olmadığı müəyyən edildikdə qəbul edilir. Lakin məhkəmə araşdırması zamanı torpaq sahəsinin mülkiyyətiçisi olan Cavabdeh2 iddia tələbini mübahisələndirməsi, onu qəbul etməməsi müəyyən olunduğundan göstərilən etiraf başqa şəxslərin hüquqlarının və qanunla qorunan mənafeyinin pozulması ilə nəticələndiyindən məhkəmə etirafı qəbul etməyərək işə mahiyyəti üzrə baxmışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 52.5. maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş RX seriyalı ******* saylı çıxarış əsasında Cavabdeh2 məxsus olan Abşeron rayonu Masazır kəndi S.Aşıq küçəsində yerləşən 0.0353 ha torpaq sahəsində iddiaçı tərəfindən mübahisələndirilən fərdi yaşayış evinin olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və mülki iş üzrə məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4362 saylı rəyi əsasında Cavabdeh2 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0.0353 ha torpaq sahəsinin faktiki vəziyyətdə planlı yerləşməsi, konfiqurasiyası və.s. texniki parametrlərinin həmin torpaq sahəsinin xx.xx.2014-cü il tarixli texniki pasportuna uyğun olduğu və iddiaçının iddia etdiyi tikintialtı sahəsi təqribən 50 kv.m olan birmərtəbəli tikilinin **********62-10301 reyestr nömrəli çıxarışa əsasən, Cavabdeh2 mülkiyyətində olan 0.0353 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə ekspert rəyini digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, qiymətləndirib əsas sübut növü kimi qəbul edir və iddiaçının köçürülməsini xahiş etdiyi özbaşına tikili olan fərdi yaşayış evinin həqiqətən də, Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinin ərazisinə düşməsi qənaətinə gəlir. Lakin bununla belə, məhkəmə İddiaçı iddia tələbi irəli sürməyə subyektiv hüququnun olub-olmamasına dair münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, iddia ərizəsindən də göründüyü kimi, İddiaçı mübahisəli torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə köçürülməsini və həmin evin cavabdehlərin qanunsuz sahibliyindən alınmasını tələb etdiyi halda mülki iş materiallarına onun mülkiyyət hüququnu təsdiq edən sənəd əlavə olunmamışdır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasına əsas olan sənəd daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilən çıxarış olduğu halda, həmin çıxarış iddiaçı tərəfindən təqdim olunmamışdır. Göründüyü kimi, iddiaçının fərdi yaşayış evinə dair mülkiyyət hüquqları qeydə alınmadığından evə köçürülmə ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmamışdır. Bununla bağlı, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq isə iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə də əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı və yalnız onun belə bir hüquqa malik olduğu müəyyən edildikdən sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığına münasibət bildirilməlidir. İddia tələbini irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır. Həmçinin, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, “..Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz...” Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə istinad edərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları ümumiləşdirib qeyd edir ki, iddia ərizəsi İddiaçı tərəfindən sübuta yetirilmədiyindən, eyni zamanda, torpaq sahəsi Cavabdeh2 mülkiyyətində olmaqla həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi həmin cavabdehə məxsus olduğundan və nəticə etibarı ilə iddiaçı köçürülməsini istədiyi fərdi yaşayış evinə qanunla müəyyən edilmiş qaydada qanuni sahiblik və istifadə hüququ əldə edə bilmədiyindən iddia tələbləri əsaslı deyildir, bu səbəbdən də təmin edilməməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh1 arasında podrat müqaviləsi bağlandığından iddiaçının həmin müqavilə üzrə ödənilmiş pul vəsaitinin məhkəmə qaydasında tutulmasını tələb etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməli, aparılmış ekspertiza tədqiqatına görə isə 100 manat pul vəsaiti iddiaçıdan tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlakın qeyri-qanuni sahiblikdən alınması, evə köçürülmə və istifadəyə yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat pul vəsaiti İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar