Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-949/2023 07.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Abiyev Elnur Elman oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil2 Oktay oğlunun, Cavabdeh və onun vəkilinümayəndəsi Vəkil1 Füzuli qızının iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı iddia qaldıraraq cavabdeh X3 ünvan 1ndə yerləşən fərdi yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2013-cü il tarixdə Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsini alqı-satqı ilə əldə etmişdir. Həmin torpaq sahəsində o, ümumi sahəsi 60,6 kv.m olan 1 mərtəbəli, 3 otaqlı ev inşa etdirmişdir. Həmin yaşayış evinə RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli qeydiyyat tarixli çıxarış əldə etmişdir. Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən ev uzun illərdir şəxsi mülkiyyətində və istifadəsindədir. Həmin evdə onunla bərabər oğlu X9 və Cavabdeh da qeydiyyatdadırlar. Qızı, hazırki iş üzrə Cavabdeh ailə qurduqdan sonra ənənələrə uyğun olaraq həyat yoldaşına məxsus evə köçmüşdür. Cavabdeh artıq formal olaraq yuxarıda göstərilən ünvanda qeydiyyatda olsa da, uzun illərdir orada yaşamır. İddiaçı təqaüdçüdür. Öhdəsində 1973-cü il təvəllüdlü xəstə övladı-X9 vardır. Cavabdehin onun şəxsi mülkiyyətindən qeydiyyatdan çıxmaması səbəbilə o, uzun illərdir onun əvəzindən kommunal xərclər və ev pulunu ödəyir. Bundan başqa, cavabdehin mənzil qeydiyyatında formal olaraq qalması onun əmlak hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Belə ki, mülkiyyət hüququ özündə üç hüququ ehtiva edir-sərəncam, istifadə, sahiblik hüquqlarını. O, faktiki olaraq yuxarıda göstərilən əmlaka sahiblik etməklə ondan istifadə edir. O əmlakının üzərində hər-hansı hüquqi hərəkət etmək istərkən cavabdehin razılığı tələb olunur. Cavabdehdən dəfələrlə mənzildən qeydiyyatdan çıxmasını xahiş etsə də, o hər dəfə buna məsuliyyətsiz yanaşmış və faktiki olaraq heç bir nəticə əldə edilməmişdir. Belə olduğu halda, mübahisənin məhkəmə qaydasında həll olunması zəruridir. Cavabdehin onun sahiblik və istifadəsində olan mənzildə yaşamaması onun orada subyekttiv hüququnun olmaması deməkdir. İddia ərizəsinə əlavə etdiyi Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış arayışda cavabdehin qeyd olunan ünvanda qeydiyyatda olmasına baxmayaraq, orada yaşamadığı qeyd edilmişdir. Bundan başqa, orada yaşayan qonşuları tərəfindən tərtib edilmiş aktda da Cavabdeh uzun illərdir həmin ünvanda yaşamadığı təsdiq edilmişdir. İşin faktiki halları və iddia ərizəsinə əlavə etdiyi sənədlər cavabdeh X1 uzun illərdir ünvan 1 ünvanında yaşamasını və iddianın qanuni və əsaslı olmasını təsdiq edir. Cavabdehin onun əmlakında əsassız və qanunsuz qeydiyyatda qalması onun konstitusion hüququ olan mülkiyyət hüquqlarını məhdudlaşdırır. İddiaçının vəkili-nümayəndəsi Vəkil2 Oktay oğlu məhkəmənin əvvəlki iclasında iddianı müdafiə edib təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının vəkili-nümayəndəsi Vəkil2 Oktay oğlu məhkəməyə ərizə təqdim edərək xəstəliklə əlaqədar sonuncu məhkəmə iclasında iştirak edə bilmədiyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı ona qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı onun anasıdır. O, anasına məxsus ünvan 1ndə yerləşən 1 mərətəbəli, 3 otaqlı fərdi yaşayış evinə onun razılığı əsasında 2013-cü il tarixdən qeydiyyata düşmüşdür. Həmin evin zirzəmisi tərəflərindən təmir olunaraq əşyaları yerləşdirilməklə ailə üzvləri ilə birlikdə 2022-ci ilin sentybr ayınadək iddiaçıya məxsus evdə mehriban şəraitdə yaşamışlar. Lakin, ona məlum olmayan səbəblərdən 2022-ci ilin sentyabr ayında iddiaçı ondan ailə üzvləri ilə birlikdə həmin ünvanı tərk etməsini tələb etmişdir. O, mübahisənin davam etməsinin qarşısının alınması məqsədilə və vəziyyətin müəyyən müddətdən sonra düzələcəyini nəzərə alaraq ailə üzvləri ilə birlikdə mənzil kirayələyərək həmin ünvandan köçmüş və halhazırda kirayədə yaşayır. Onun həmin ünvanda istifadə hüququnun tanınması işin mübahisəsiz halıdır. Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbi baxımından bu halda mülkiyyətçi –iddiaçıya kompensasiya vermək yolu ilə istifadə hüququna xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququ olaraq tanınmışdır. Bu baxımdan kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Onun daimi yaşayış yeri yoxdur, aralarında münasibətlər kəskinləşdiryindən iddiaçı onun həmin ünvanda yaşamasına maneçilik törətmişdir. Məhkəmə iclasında Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil1 Füzuli qızı iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdilər. Cavabdeh həmçinin bildirdi ki, mübahisəli evə köçüb yaşamaq fikri yoxdur, qoy iddiaçı ona kompensasiya ödəsin. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş; -xx.xx.2013-cü il tarixdə X5 ilə İddiaçı arasında bağlanmış AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 özünə məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsini İddiaçı 4500 manata satmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,3 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Sumqayıt regional Vəkil bürosunun vəkili Gülnur Qasımlıya ünvanladığı 123 saylı, 27 sentyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı məxsus olan 0,03 ha torpaq sahəsi və fərdi yaşayış evinin faktiki ünvanı Saray qəsəbəsi, Ruhin Qəhrəmanov küçəsində yerləşən nömrəsiz ünvandır. Hazırda həmin ünvanda İddiaçı, X9 və Cavabdeh qeydiyyatdadırlar. Cavabdeh sözügedən ünvanda qeydiyyatda olmasına baxmayaraq hazırda həmin ünvanda yaşamır. -X10, X2 və X11 tərəfindən tərtib edilmiş 27 sentyabr 2022-ci il tarixli aktda qeyd edilmişdir ki, İddiaçı məxsus Saray qəsəbəsində yerləşən evinə özü, oğlu X9 və qızı Cavabdeh qeydiyyatda olmalarına baxmayaraq qızı Cavabdeh hal-hazırda o evdə yaşamır. -Nikahın bağlanması haqqında Vİİ ЖГ 375406 saylı şəhadətnamədən görünür ki, X6 ilə X7 arasında 02 yanvar 2000-ci il tarixdə nikah qeydə alınmışdır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, ünvan 1ndə yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında RX seriyalı, ******* saylı, xx.xx.2014-cü il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”la İddiaçı məxsusdur. Sözügedən mənzildə iddiaçı ilə yanaşı onun oğlu X9 və qızı Cavabdeh qeydiyyatdadırlar. Cavabdeh 02 yanvar 2000-ci il tarixdə X7 ilə nikaha daxil olmuş, özlərinə məxsus başqa yaşayış sahəsində yaşamışlar. Cavabdeh anasına məxsus ünvan 1ndə yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə onun razılığı əsasında 2013-cü il tarixdən qeydiyyata düşmüş, elə həmin vaxtlardan da ailəsi ilə birlikdə həmin evin zirzəmi hissəsində 2022-ci ilin sentyabr ayınadək yaşamışdır. Cavabdeh iddiaçıya məxsus yaşayış evində qeydiyyatda olsa da orada yaşamır. Bu səbəbdən iddiaçı qızı Cavabdeh ona məxsus mənzilə istifadə hüququna xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, ilk növbədə hazırki mübahisəyə tətbiq edilməli olan qanunvericilik müəyyən edilməlidir. Belə ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı müvafiq normalar həm mülki, həm də mənzil qanunvericiliyində təsbit edildiyindən hazırki mübahisəyə hansı qanunvericiliyin tətbiq edilməli olmasının müəyyən edilməsi zərurət təşkil edir. Hazırki işdə iddiaçının sözügedən mənzil üzərində mülkiyyət hüququ 2014-cü il tarixindən yarandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarındakı mövqeyindən çıxış edərək qeyd edir ki, hazırki mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yaşayış sahəsindən istifadə hüququ ilə bağlı müvafiq normaları tətbiq edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin sözügedən qərarında mövqeyi ondan ibarət olmuşdur ki, Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. -30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. - 30.4-cü maddəsinə görə isə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Qeyd olunan normalarda təsbit edilmiş “keçmiş ailə üzvü” ifadəsinə münasibətdə də məhkəmə Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair qərarındakı mövqeyinə əsalanmaqla qeyd edir ki, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Hazırki işdə cavabdeh iddiaçının ailə üzvü hesab olunan şəxslər kateqoriyasına daxil olan şəxs olmaqla, onun mübahisəli evdən 2013-cü ildən 2022-ci ilin sentyabr ayınadək oradan istifadə etməklə, həmin evdən onun istifadə hüququ mövcud olmuş, lakin 2022-ci ilin sentyabr ayından oranı tərk edib getmiş, hazırda isə izahatından da göründüyü kimi mübahisə evə qayıdıb yaşamaq niyyəti yoxdur. Bu hal isə onu təsdiq edir ki, cavabdeh artıq iddiaçının ailə üzvü hesab olunan şəxslər sırasından çıxmışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan qanunun tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlar üzrə işin müəyyən edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməli, Cavabdeh İddiaçı məxsus ünvan 1ndə yerləşən fərdi yaşayış evinə olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus ünvan 1ndə yerləşən fərdi yaşayış evinə olan istifadə hüququ itirilmiş hesab edilsin. Cavabdeh 100 manat məbləğində dövlət rüsuma görə pul alınaraq İddiaçı xeyrinə verilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-949/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-949/2023
07.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver