Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-964/2023 25.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh Tağıyev Şirkətinin direktoru X2 iştirakı ilə, İddiaçı cavabdeh Tağıyev Şirkətinə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Tağıyev Şirkətindən ona dəymiş maddi ziyana görə 1600 manat, mənəvi ziyana görə isə 2000 manat pul vəsaiti, ümumilikdə 3600 manat pul vəsaitinin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, mənzilinin otaqları üçün nəzərdə tutulmuş qapıların (yatağ otağı, qonağ otağı və qarderob üçün qapılar) alınması məqsədi ilə xx.xx.2022 ci il tarixində cavabdeh Tağıyev Şirkətinə ümumillikdə 1600 manat pul vəsaiti ödəmişdir. Aralarındakı müqavilə üzrə qapılar ona 15 gün müddətində təhvil verilərək quraşdırılmalı olduğu halda, 40 gün sonra quraşdırılmışdır ki, həmin qapıların istifadəsi hazırda qeyri-mümkündür. Belə ki, qapıların hər birində bərpa edilməyən qüsurlar mövcuddur ki, dələlərlə cavabdehə bununla bağlı müraciətlər etməyinə baxmayaraq heç bir nəticə əldə edə bilməmişdir. Eyni zamanda Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə etmiş olduğu müraciətlərin nəticəsi olaraq ona məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Cavabdeh istehlakçıya aid və qanun üzrə yalnız istehlakçı tərəfindən geri alınan ƏDV-ni də özü əldə etmişdir ki, bu da kobud qanun pozuntusu hesab edilir. Göstərilənlər fotoşəkillərlə və səs yazısı ilə öz təsdiqini tapır. Həmçinin cavabdeh ona qapıları onun əzdiyini bildirir, lakin bu yalandır. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Tağıyev Şirkətinin direktoru X3 iclasında izahatında göstərdi ki, İddiaçı istəyinə uyğun qapılar hazırlanmış, gətirilmiş və quraşdırılmışdır.Lakin iddiaçının yaşadığı ünvanda divar əyri olduğu üçün qapının yerləşdirilməsində problemlər olmuş,lakin qapılarda heç bir bərpa edilməyən qüsurlar olmamışdır. Həmçinin qapını düzəldən usta ilə sifarişçi arasında problem olmuşdur. Qeyd edilənlərə əsasən, o, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyun 2023-cü il tarixli, 9/2451 №-li ekspert rəyindən görünür ki, qərardadın 1-ci, 2-ci və 3-cü suallar üzrə əmtəəşünaslıq ekspertizasının predmetinə aid olmadığından tədqiqat aparmaq mümkün olmamışdır. Ekspert baxışına təqdim olunmuş qapıların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1400 manat müəyyən edilmişdir. Həmin qapıların ayrı-ayrılıqda texniki göstəriciləri və qiyməti rəyin tədqiqi hissəsində göstərilmişdir. Məhkəmə, işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyun 2023cü il tarixli, 9/2451 saylı ekspert rəyi ilə ekspert baxışına təqdim olunmuş qapıların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1400 manat müəyyən edilmiş,lakin, ekspert rəyində Abşeron Rayon Məhkəməsinin 2(012)-964/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadında qeyd edilmiş 1ci, 2-ci və 3-cü suallar üzrə əmtəəşünaslıq ekspertizasının predmetinə aid olmadığı göstərilərək tədqiqatın aparılması mümkün olmadığı göstərilmişdir. İddiaçı iddia əizəsində və məhkəmə iclasında izahatında onun sifarişi əsasında Tağıyev Şirkəti tərəfindən düzəldilmiş və ona təhvil verilmiş üç ədəd (yatağ otağı, qonağ otağı və qarderob üçün nəzərdə tutulmuş) qapıların hər birində bərpa edilməyən qüsurların mövcud olduğunu və bu hallara görə ona 1600 manat maddi ziyan,2000 manat pul mənəvi ziyan dəydiyini iddia etmiş,lakin özünün izahatından başqa məhkəməyə hər hansı bir digər sübut təqdim edə bilməmiş,həmçinin yuxarıda qeyd olunduğu kimi ekspert rəyi ilə də qapıların hər birində bərpa edilməyən qüsurların mövcud olması barədə rəy verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Beləliklə,məhkəmə yuxarıda qeyd olunanlara əsasən İddiaçı maddi ziyanla bağlı izahatınına tənqidi yanaşır və hesab edir ki, iddia tələbinin mənəvi ziyanla bağlı hissəsi də maddi ziyanla birbaşa əlaqəli olduğundan,iddia tələbi həmin hissədə də rədd edilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyıl, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 22 iyun 2023-cü il tarixli, 9/2451 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasına görə 50 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN- **********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Tağıyev Şirkətinə qarşı cavabdeh Tağıyev Şirkətindən ona dəymiş maddi ziyana görə 1600 manat, mənəvi ziyana görə isə 2000 manat pul vəsaiti, ümumilikdə 3600 manat pul vəsaitinin tutularaq ona ödənilməsinə dair iddiası rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 22 iyun 2023-cü il tarixli, 9/2451 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasına görə 50 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-964/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-964/2023
25.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver