Məhkəmə qərarları › İş №2(013)-195/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-195/2024

14.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-195/2024 14.02.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh Fizuli oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Fizuli oğluna qarşı əmlak və ya dəyərinin tələbi barədə mülki işə 14 fevral 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh lafetin naturada və ya lafetin qalan dəyəri olan 1200 manat, ödənilmiş dövlət rüsumu əvəzində 38 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, qardaşına məxsus lafet onun istifadəsində olmuşdur. 2022-ci ildə lafeti dostu Elvinə verərək sonuncunun istifadə etməsini və təmir etdirməsini demişdir. Elvin lafeti qəbul etdikdən bir neçə ay sonra 2022-ci ildə lafeti almaq istədiyini demiş və ona 600 manat vermişdir. Lafeti Elvinə 1800 manata satmış, sonuncu isə 600 manat ödədikdən sonra ona 1200 manat borclu qalmışdır. Elvindən lafeti geri istədikdə Elvin onun əmlakını metal yığılan yerə verdiyini demişdir. İki il ərzində Elvindən lafeti ala bilməmişdir. Tələb etməsinə baxmayaraq cavabdehdən əmlakını və ya pulunu ala bilmədiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, dostu Elnur 2022-ci ildə ona istifadə edib təmir etdirmək üçün lafet vermişdir. Həmin lafet Elnurun qardaşına məxsus olmuşdur. Sonradan Elnur lafeti ona satmaq istədiyini demişdir. Lafeti 600 manata alqı-satqı etmək barədə Elnurla razılaşmışlar. Elnura ilkin olaraq 400 manat vermişdir. Sonradan 130-140 manat xərc çəkərək lafeti təmir etdirmiş və Elnurun razılığı ilə lafeti başqa şəxsə 520 manata satmış və Elnura 200 manat vermişdir. 600 manatdan başqa Elnura şlank vermişdir. İddiaçı tələb etdiyi əmlakın onun sahibliyində olmadığını, həmin əmlakın dəyərindən artıq olaraq İddiaçı 600 manat ödədiyini qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iddiaçı tərəf tələb etdiyi lafetin cavabdehin qanunsuz sahibliyində olmasını və həmin əmlakı 1800 manata cavabdehə satdığını məhkəmədə sübut edə bilməmişdir. Göstərilən səbəblərdən İddiaçı tələbi təmin edilə bilməz. İddiaçı tərəf məhkəmədə verdiyi izahatında sözügedən əmlakı özünün könüllü olaraq 2022-ci ildə cavabdehə verdiyini etiraf etmiş, lafeti 1800 manata cavabdehə satdığını göstərsə də, bu halı sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi iddiaçı öz tələblərini məhkəmədə əsaslandıra bilməmiş, qanunvericilik isə həmin vəzifəni tərəfin üzərinə qoymuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər iki tərəfin məhkəmədə verdikləri izahatlarından məlum olduğu kimi mübahisə predmeti olan lafet İddiaçı deyil, sonuncunun qardaşının mülkiyyətində olmuşdur. Belə olan halda iddia həmçinin İddiaçı hazırki tələbi irəli sürmək üçün subyektiv hüququ olmadığından rədd edilməlidir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh Fizuli oğluna qarşı lafetin naturada və ya lafetin qalan dəyəri olan 1200 manat, ödənilmiş dövlət rüsumu əvəzində 38 manat alınaraq ona verilməsi barədə tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar