Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2091/2023 01.11.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ağacların kəsilməsi tələbi barədə mülki işə 01 noyabr 2023cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində məcburi köçkün kimi məskunlaşdığı Ağdam rayonunun Ayaq Qərvənd qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsinin ara setkasının düz dibinə (10 santımetrliyinə) əkilmiş və budaqları, kökü onun həyətyanı sahəsinə keçmiş ağacların kəsilməsi (digər üsulla aradan götürülməsi) vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, 1994-cü ildə Ağdam rayonunun Güllücə kəndindən məcburi köçkün düşmüş və 20 ildir dövlət tərəfindən ona verilmiş Ağdam rayonu Ayaq Qərvənd qəsəbəsində yerləşən 79 saylı evdə yaşayır. Onun qonşusu Cavabdeh həyətyanı sahəsində olan dəmir torun dibində ağac əkmişdir. Söhrabın əkdiyi ağaclar böyümüş və budaqları onun həyətinə keçmişdir. Söhrab ağacları özünün həyətində əkmiş, lakin həmin ağaclar ona maneçilik törətmişlər. Dəfələrlə ağacları çıxarmasını Söhrabdan tələb etsə də, cavabdehin ağacları kəsmədiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, Ağdam şəhərindən məcburi köçkün düşdüyündən 20 ildir Ayaq Qərvənd qəsəbəsində 81 saylı evdə yaşayır. Dövlət tərəfindən ona və ailəsinə verilmiş torpaq sahəsində ağac əkmişdir. Həmin ağacların budaqlarının bir hissəsi qonşusu İddiaçı həyətinə keçmişdir. Bu səbəbdən budaqları kəsmişdir. Əkdiyi ağacları kökündən kəsmək istəmədiyini qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə baxışında müəyyən olunduğu kimi hər iki tərəf Ağdam rayonundan məcburi köçkün düşməklə Ayaq Qərvənd qəsəbəsində dövlət tərəfindən verilmiş qonşuluqda yerləşən evlərdə yaşayırlar. İddiaçı yaşadığı ev və həyətyanı sahə üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmamışdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi mülkiyyət hüququnun yaranması üçün əmlaka sahiblik, istifadə və sərəncam vermək hüququnun olması vacibdir. Belə olan halda məhkəmə iddiaçının qanunla qorunan hər hansı hüquq və azadlıqlarının, eləcə də maraqlarının pozulmadığı qənaətinə gələrək mübahisəyə aşağıda göstərilən maddi hüquq normalarını tətbiq etməklə İddiaçı tələbinin rədd olunmasını məqsədə müvafiq hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsində göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.2-ci maddəsində göstərilmişdir ki, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndində göstərilmişdir ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin maddənin 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət zəmanət vermir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 174.1-ci maddəsində göstərilmişdir ki, əgər çıxıntılı budaqlar və uzanan köklər qonşunun mülkiyyətinə ziyan vurarsa və onun şikayəti ilə ağlabatan müddətdə aradan qaldırılmazsa, o, həmin budaqları və kökləri kəsib özündə saxlaya bilər. Həmin Məcəllənin 174.2-ci maddəsinə əsasən ağac və ya kol meyvəsi qonşunun torpaq sahəsinə düşdükdə həmin torpaq sahəsinin meyvəsi sayılır. Həmin Məcəllənin 174.3-cü addəsinə əsasən əgər mülkiyyətçi tikililər və üst tikililər olan torpaq sahələrində çıxıntılı budaqların olmasına yol verirsə, həmin budaqlarda yetişən meyvələrə onun hüququ çatır. Bu göstərişlər meşə torpaq sahələrinə şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı məcburi köçkün kimi məskunlaşdığı Ağdam rayonunun Ayaq Qərvənd qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsinin ara setkasının düz dibinə (10 santımetrliyinə) əkilmiş və budaqları, kökü onun həyətyanı sahəsinə keçmiş ağacların kəsilməsi (digər üsulla aradan götürülməsi) vəzifəsinin Cavabdeh üzərinə qoyulması tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2091/2023
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2091/2023
01.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver