Məhkəmə qərarları › İş №2(013)-2396/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2396/2024

19.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2396/2024 19.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh2 ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Ağdam Rayon Notariat Ofisinə və Cavabdeh2 ASC-yə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Ağdam Rayon Notariat Ofisinə və Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İK-22942/23 saylı Kredit Müqaviləsi üzrə 9553 manat 17 qəpik borc və 1008 manat 43 qəpik cərimə peniya, 25 manat dövlət rüsumu, cəmi 10.586 manat 60 qəpik məbləğində borcun ondan tutulmasına dair Ağdam Rayon Notariat Ofisinin 17 aprel 2024-cü il tarixli, 719 saylı İcra Qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmiş, tərəflər məhkəmə iclasına dəvət edilmişlər. Ərizəsində İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Ağdam Rayon Notarius Ofisinin 17 aprel 2024-cü il tarixli, 719 saylı İcra Qeydinə əsasən ondan və X2 İK-22942/23 saylı Kredit Müqaviləsi üzrə 9553 manat 17 qəpik borcun, 1008 manat 43 qəpik cərimənin, 25 manat dövlət rüsumunun, cəmi 10.586 manat 60 qəpik məbləğində pulun tutulması qərara alınmış və icra edilməsi üçün Ağdam Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qeyd edilən kredit müqaviləsi üzrə aylıq borc və faizləri mütamadi olaraq vaxtında və ardıcıl olaraq ödəyir. Belə ki, ərizəsinə əlavə edilmiş Cavabdeh2 ASC tərəfindən təqdim edilmiş Ödəniş Qarfikindən və Ödəniş Qəbzlərindən görünür ki, hər ay borc və faizlər ödəniş etmişdir. Belə olan halda hesab edir ki, ondan və X2 İK-22942/23 saylı Kredit Müqaviləsi üzrə həmin məbləğlərin tutulmasına dair Notarius Ofisinin 17 aprel 2024-cü il tarixli icra qeydi ləğv olunmalıdır. Bu barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələblərini müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, Ağdam Rayonunda orta məktəb müəlliməsi işləyir, 1100 manat civarında əmək haqqı alır. Ailələrinin ehtiyacı olduğu üçün Cavabdeh2 ASC-dən 2023-cü ilin aprel ayında 36 ay müddətinə 12.000 manat pul götürmüş, ona ödəniş qrafiki açılmışdır. Müəllimə işlədiyi və aylıq əmək haqqı aldığı üçün aylıq qrafik üzrə ödənişlərini mütəmadi olaraq ödəmiş, tək-tək hallarda əmək haqqı gecikmələri və sair üzrlü səbəblərdən ödənişləri gecikdirmiş, ancaq bundan sonra elə olmuşdur ki, bir ay ərzində 2 dəfə ödənişlər etmiş, bu barədə bankın çıxarışı var. Buna baxmayaraq ona heç bir məlumat verilmədən bank tərəfindən notariata müraciət olunmuş və 17 aprel 2024-cü il tarixli icra qeydi verilmiş və həmçinin hazırda ondan bütövlükdə 9553 manat 17 qəpik borc, 1008 manat 43 qəpik cərimə və 25 manat dövlət rüsumu, cəmi 10.586 manat 60 qəpik məbləğində pul tələb olunur, həmin pulu ödəmək imkan xaricindədir. Hesab edir ki, bankın və notariatın bu hərəkətləri qanunsuzdur. İddia tələbinin təmin edilməsini istəyir. Məhkəmənin bundan əvvvəlki iclasında iştirak edən Cavabdeh2 ASC-nin nümayəndəsi qismində X5 tələbin təmin edilməməsini istədi. Göstərdi ki, tərəflər aralarında müqavilə var, müqaviləyə zamin olan şəxs var. Ödənişlərin edilməsində gecikmələr olduğu üçün bank belə bir addım atıb. Lakin iddia tərəfi ilə razılıq əldə etmək, qrafik üzrə borcları ödəmək şərti ilə ona yeni qrafik açmaq barədə söhbət aparıla bilər. Məhkəmə tərəfindən iclas təxir edilərək tərəflərin razılaşması üçün imkan verilmişdir. Məhkəmənin bu günə təyin edilmiş iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi X4 iştirak edərək göstərdi ki, iddiaçı tərəflə razılıq əldə etmək olar. Belə ki, ödəniş qrafiki üzrə əsasən ödənişlər edilib. Əgər iddia tərəfi hazırkı ərizəsindən imtina edərsə onda bank tərəfindən məhkəmə verilmiş icra qeydini geri götürmək və iddiaçıya yeni uyğun qrafik açmaq olar. İddia tələbi geri götürülməzsə onun təmin edilməməsini istəyir. Məhkəmə iclası barədə məlumatlandırılmış digər cavabdeh Ağdam Rayon Notariat Ofisi məhkəməyə müvafiq sənədləri təqdim etmiş, lakin məhkəməyə nümayəndə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin müddəaları baxımından işin onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Məhkəmə iddiaçının, nümayəndənin izahatlarını dinləyib və iş materiallarını, təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin olunmalıdır. Ərizəyə əlavə edilmiş AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının İmamqulubəyli Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 23 iyul 2024-cü il tarixli, 5-31-2/3-2-312/2024 saylı arayışından görünür ki, İddiaçı Ağdam rayonu İmamqulubəyli kəndində daimi qeydiyyatda olmaqla yaşayır. Ağdam Rayon Notariat Ofisinin 17 aprel 2024-cü il tarixli İcra Qeydinlən görünür ki, həmin qeydlə İddiaçı və X2 Cavabdeh2 ASC-nin xeyrinə 9553,17 manat əsas, 1008,43 manat cərimə penya, 25 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 10.586 manat məbləğin tutulması təklif edilmişdir. İş materiallarında olan Ödəniş Qrafikindən görünür ki, xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsinə əsasən İddiaçı 36 ay müddətinə, 12.000 manat məbləğində kredit verilmiş, İddiaçı 28 aprel 2026-cı il tarixədək hər ay 424,85 manat ödəməlidir. Ərizəyə əlavə edilmiş ödənişləri əks etdirən cədvəldən görünür ki, İddiaçı 30 may 2023-cü il tarixdən başlayaraq 01 iyul 2024-cü il tarixədək olan müddət ərzində aylıq kredit ödənişlərini kiçik fasilələrlə hər ay /425, 425, 425, 425, 425, 430, 100, 250, 500, 425, 425, 425, 425 və 425/ müxtəlif məbləğlərdən olmaqla ödəmiş, ümumilikdə il ərzində 5530 manat kredit borcundan ödəniş etmişdir. İddiaçı adına Cavabdeh2 ASC tərəfindən açılmış qrafikdən görünür ki, İddiaçı il ərzində təxminən 5000 manat civarında aylıqlarla kredit məbləği ödəməlidir. Ödəniş qrafikindən çıxrışdan görünür ki, İddiaçı kredit məbləğini götürdükdən icra qeydinin çıxarıldığı və icra üçün yönəldildiyi 2024-cü ilin may ayına kimi ümumilikdə 4680 manat məbləğində kredit ödəmiş, hətta icra qeydi çıxarıldıqdan sonra da aylıq ödənişləri davam etdirmiş, 2024-cü ilin iyul ayına kimi isə ümumilikdə 5530 manat ödəniş etmişdir. Məhkəməyə təqdim edilmiş Cavabdeh2 ASC-nin İddiaçı və digər cavabdehə ünvanladığı 18 mart 2024-cü il tarixli məktubdan görünür ki, qalıq borclarının ödənilməsi üçün 20 gün müddət müəyyən etmiş, həmin müddət ərzində borcların ödənilmədiyi təqdirdə notariat orqanı tərəfindən icra qeydinin aparılacağı barədə onlara xəbərdarlıq elan edilmişdir. Poçt Bildirişlərindən görünür ki, cavabdehlərə ünvanlanan həmin bildirişlər ünvan üzrə çatmamışdır. Məhkəməyə təqdim edilmiş məktubdan görünür ki, Cavabdeh2 ASC 19 mart 2024-cü il tarixdə Notariat orqanına icra qeydinin aparılmasını xahiş etmişdir. “İnzibati və mülki hüquq münasibətərindən irəli gələn mübahisələrin məhəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Penumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyyə edilir ki, “Notariat hərəkətlərindən və həmin hərəkətin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmlər nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişkliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli, 143 saylı (Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər”) həmin Məcəllədən çıxarılsa da “Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında baxılması MPM-nin 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də “Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə görə borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Həmin maddənin 3-cü bəndində qeyd olunur ki, barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Həmin Qanuna görə İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yuxarıda qeyd edildi ki, Cavabdeh2 ASC tərəfindən İddiaçı və digər borcluya ünvanlanmış 18 mart 2024-cü il tarixli məktub Poçt Bildirişlərindən də göründüyü kimi borclulara ünvanları üzrə çatmamış, onlara sair formada da bu barədə məlumat verilməmiş, onlara borclarını ödəmək imkanı yaradılmamış, belə halda isə icra qeydinin verilməsi notariat haqqında qanunun yuxarıda qeyd olunan müddəaları baxımından yolverilməzdir. Həmçinin işin hallarından göründüyü kimi hazırkı İddiaçı Cavabdeh2 ASC qarşısında götürmüş olduğu öhdəliyi qısa fasilələrlə mütəmadi olaraq icra edir, borc öhdəliyinin başlandığı vaxtdan il ərzində onun tərəfindən təxminən 4680 manat kredit ödənişləri edilmiş və həmçinin belə görünür ki, iddia tərəfi ödənişləri etməkdə qərarlıdır, ödənişlər bu vaxta kimi də davam etdirilir, həmçinin iddiaçı işləyərək əmək haqqı da alır. Həmçinin məhkəmə qeyd edir ki, qanunvericiliyin mənası baxımından icra qeydi o hallarda verilir ki, tutulmalı məbləğlə bağlı hər hansı mübahisə olmasın. Lakin işin halları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən Cavabdeh2 ASC-yə etdiyi ödənişlər mübahisələnirilir, iddiaçı 1 aylıq əmək haqqından tutulmanın banka ödənilmədiyini, sonradan aşkar edilərək banka yenidən ödənildiyini bildirir, hazırda borc məbləğinin hansı miqdarda olmasını dəqiq bilmir, yəni həmin məbləğlər borclu tərəfindən mübahisələndirilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər aralarında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsi hazırda qüvvədədir, müqavilə öhdəlikləri üzrə ümumilikdə götürəndə ciddi öhdəlik pozuntusu aşkar edilməyib. Həmçinin məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.1-ci bəndinə görə borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir, qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə borcun qalığına illik 16.5 % olmaqla cərimə faizi ödəyir. Həmçinin kredit müqaviləsinin 2.10 bəndi borcalanın müqavilə üzrə öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi halda Banka iddia tələbləri ilə məhkəməyə müraciət etmək və ya icra qeydinin verilməsi üçün notariat orqanına müraciət etməsi hüququnu tanımışdır. Qrafik nəzərdən keçirilərkən müəyyən olunur ki, Borcalanlar 2023-cü ilin may ayından 2024-cü ilin sentyabr ayınadək təxminən 7000 manat civarında pul ödəməlidirlər, hazırda isə müəyyən edilir ki, borcalanlar tərəfindən hazırkı vaxtadək 6000 manatdan artıq məbləğ ödəmişlər, tərəflərin də məhkəmə clasında bildirdiklərindən göründüyü kimi borcalanın hazırda təxminən 700-800 manat borcları qalmaqdadır. Göründüyü kimi kredit müqaviləsi qüvvədə olduğu, icra qeydinin verilməsi ilə bağlı göndərişlərin borclulara çatmadığı, onlara bor öhdəliyi üzrə kəsirlərinin ödənilməsi imkanı yaradılmadığı halda, öhdəliklər üzrə ciddi pozuntuların baş vermədiyi, borclular tərəfindən borc məbləğlərinin ciddi pozuntular olmadan ödənildiyi halda, həmin məbləğlərin 36 ay müddətində ödənilməli olduğu halda bank tərəfindən borclulara qarşı icra qeydi qaydasında hazırkı tələblərin edilməsi onları icrası mümkün olmayan çıxılmaz vəziyyətə salmışdır ki, məhkəmə hesab edir ki, hesablamalar üzrə mübahisəli məqamlar olduğundan həmin mübahisə məhkəmə qaydasında həll edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, icra qeydinin verilməsi həm yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələbləri baxımından, tərəflər aralarında olan müqavilə şərtləri baxımından və həm də işgüzar adətlər baxımından məqbul hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏTETDİ: İddiaçı cavabdeh Ağdam Rayon Notariat Ofisinə və Cavabdeh2 ASC-yə qarşı 17 aprel 2024-cü il tarixli İcra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilsin, həmin icra qeydi ləğv edilsin. Qətnamədən 1 /bir/ ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar