Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3318/2025 08.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atalığın ləğv edilməsi tələbi barədə mülki işə 08 dekabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsində Cavabdeh qarşı iddia qaldıraraq Bərdə Regional «ASAN Xidmət» Mərkəzi tərəfindən xx.xx.2019-cu ildə verilmiş uşağın dünyaya gəlməsinə dair AZ-İV №257294 saylı doğum haqqında şəhadətnamədə və doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixli 847 №-li qeydiyyatda xx.xx.2019-cu ildə dünyaya gəlmiş X1 atasının İddiaçı olmamasına dair müvafiq düzəliş aparılması, Cavabdeh 60 manat mediasiya rüsumu və 100 manat 40 qəpik iddia rüsumu olmaqla, ümumilikdə, 160 manat 40 qəpik onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2003-cü ildə cavabdehlə ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra dəfələrlə müxtəlif həkimlərə getsələr də uşağı olmamış, tərəflər də uşaq götürüb saxlamışlar. Lakin birgə nikahda olarkən 2018-ci ildə Cavabdeh hamilə qalmışdır. İddiaçı cavabdehin ondan hamilə qaldığını düşünmüşdür. xx.xx.2019-cu ildə uşaq dünyaya gəlmiş, uşağın adını Zəhra qoymuşlar. Bərdə Regional «ASAN Xidmət» Mərkəzi tərəfindən xx.xx.2019-cu ildə verilmiş uşağın dünyaya gəlməsinə dair AZ-İV №257294 saylı doğum haqqında şəhadətnamədə X1 xx.xx.2019-cu ildə dünyaya gəlməsi, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu ildə 847 №o-li qeydiyyat aparılmış, uşağın bioloji atasının iddiaçı olduğu göstərilmişdir. Sonradan iddiaçı uşağın bioloji atasının o, olmadığını müəyyən etmişdir. İddiaçı bu qənaətə bioloji tədqiqatın nəticəsini əldə edəndən və boşanma prosesi zamanı Arzu öz dili ilə bunu etiraf etdikdən sonra əmin olmuşdur. Qeyd olunan məsələ ilə əlaqədar iddiaçı mediasiya sessiyasında iştirak etmişdir. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutumuş qaydada məhkəməyə ərizə təqdim etməklə iddia tələbinin həcmini azaldaraq onunla Cavabdeh birgə nikah dövründə xx.xx.2019-cu ildə anadan olmuş X1 atasının İddiaçı olmamasının müəyyən edilməsi və X1 atalığının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, hazırda Cavabdeh başqa kişiyə qoşulub getmişdir. Arzu ilə uşağı olmadığından xx.xx.2012-ci ildə anadan olmuş Fatimə adlı uşağı övladlığa götürüb saxlamışlar. Bundan sonra Zəhra adlı uşağı olmuşdur. Arzunun hərəkətlərindən şübhələnmiş və DNK analizi vermişdir. Bundan sonra ona məlum olmuşdur ki, Zəhranın atası başqa şəxsdir. Qeyd edilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına təkrarən gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəbini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan AZ-İ № 056707 saylı, AZ-İV № 257294 saylı şəhadətnamələrin və Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)- 2092/2025 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh iddiası təmin edilərək onunla İddiaçı arasında xx.xx.2003-cü ildə Ağdam Rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 10 nömrə ilə qeydə alınmış nikah pozulmuş, xx.xx.2012-ci ildə anadan olmuş Fatimə adlı uşaq yetkinlik yaşına çatanadək atası İddiaçı, xx.xx.2019-cu ildə anadan olmuş Zəhra adlı uşaq isə yetkinlik yaşına çatana qədər anası Cavabdeh yanında saxlanılmışdır. Bioloji sınaqın nəticələrinə dair İNLAB Genetics xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zəhra adlı uşağın bioloji atasının İddiaçı olması istisna edilir, sonuncunun ata olma ehtimalı 0 faizdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, anası Cavabdeh olan xx.xx.2019-cu il təvəllüdlü Zəhra adlı uşağın atası İddiaçı deyil, başqa şəxsdir. Belə olan halda həmin uşağın atalığı ləğv edilməlidir. Uşaq doğularkən İddiaçı özünün Zəhra adlı uşağın həqiqi valideyni olmadığını bilməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 45-ci maddəsində qeyd olunmuşdur ki, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin,uşağın qəyyumunun,uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törənməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Məcəllənin 46.2-ci maddəsində göstərilmişdir ki, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Həmin Məcəllənin 47.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Həmin Məcəllənin 47.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Bütün bunlarla yanaşı Cavabdeh məhkəməyə verdiyi ərizəsində iddianı etiraf etdiyini göstərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsində qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikah dövründə xx.xx.2019-cu ildə anadan olmuş X1 atasının İddiaçı olmaması müəyyən edilsin və X1 atalığı ləğv edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-3318/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3318/2025
08.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver