Məhkəmə qərarları › İş №2(013)-88/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-88/2024

23.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-88/2024 23.01.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ümumi istifadədə olan yolun açılması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdam rayonu, Təzəkənd kəndi ərazisində yerləşən və istifadəsində olan həyətinə gedən yolun açılması vəsifəsinin cavabdehə həvalə edilməsi və dövlət rüsumu kimi ödədiyi 100 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianın müdafiə edərək, Ağdam rayonu, Təzəkənd kəndində yaşadığını, Ağdam rayon Aqrar İslahat Komissiyasının 19 iyun 2009-cu il tarixli qərarı ilə fərdi yaşayış evinin tikilməsi məqsədilə ona 799.08 kv.m torpaq sahəsinin verildiyini, həmin torpaq sahəsinin 1988-ci ildən onun istifadəsində olduğunu, Cavabdehlə qonşu olduğunu, həyətlərini təxminən 6 metr enində olan yolun ayırdığını, bir müddətdir ki, Cavabdeh tərəfindən həmin yolun zəpt edildiyini və onun yoldan istifadəsinə imkan vermədiyini, həyətinə dar bir cığırdan başqa yol olmadığını, cavabdehdən istifadəsində olan həyətinə gedən yolun açılması barədə dəfələrlə xahiş etdiyini, hətta bu barədə Ağdam rayon İcra Hakimiyyətinə, yerli bələdiyyəyə, Ağdam rayon Polis Şöbəsinə müraciət etdiyini lakin bütün bunların nəticəsinin olmadığını, bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəldiyini bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianın əsassız olduğunu, onun qanunsuz heç bir hərəkətə yol vermədiyini, onun heç bir yolu və ya başqa, o cümlədən iddiaçının istifadəsində olan torpaq sahəsini zəbt etmədiyini, iddiaçının iddia etdiyi yolun heç vaxt mövcud olmadığını, onunla iddiaçının torpaq sahələri arasında sadəcə cığır olduğunu, həmin cığırın 1988-ci ildən mövcud olduğunu, iddiaçı isə onun istifadəsində olan 0.08 ha torpaq sahəsindən istifadə etməklə evinin arxa hissəsindən özünə ikinci avtomobil yolu açmaq istədiyini, belə ki iddiaçının evinin qapısı (darvazası) əsas küçəyə çıxdığını və oradan avtomobil yolunun olduğunu, yəni avtomobil ilə küçədən öz evinə sərbəst qirib-çıxa bildiyini bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını və çıxışlarını dinləyib və iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin surətindən görünür ki, Ağdam rayon Aqrar İslahat Komissiyasının xx.xx.2009-cu il tarixli 03 saylı qərarı ilə 799.08 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikdirmək üçün Ağdam rayonu Təzəkənd kənd sakini İddiaçı verilmişdir. Azərbaycan Respublikasının tərəfdar olduğu «Mülki və siyasi hüquqlar haqqında» Bəynəlxalq Paktın 14-cü maddəsinə əsasən mülkiyyət hüququ əsas və mühüm insan hüquqlarından biri hesab edilir. «İnsan Hüquqlarının və X1 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» BMT-nin Ümumi Bəyənnaməsinin 18-ci maddəsində göstərilir ki, hər kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvercilikdə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. «Avtomobil yolları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən bələdiyyə avtomobil yolların şəhərlərin və rayon mərkəzlərinin məhəllədaxili yolları, habelə kənd və qəsəbələrinin ərazisində yerləşən və onların mülkiyyətində olan küçələr, keçidlər, ictimai nəqliyyat xətləri, digər yollar və yol qurğuları aiddir. Bələdiyyə yolları bələdiyyə qurumlarının ərazisi hüdudlarında avtomobil və başqa nəqliyyat əlaqələrini təmin edir. Zəruri hallarda bələdiyyə yolları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən ümumi istifadə üçün açıla bilər. Bələdiyyə yollarından istifadə qaydalarını bələdiyyələr bu qanunun tələblərinə uyğun olaraq müəyyənləşdirirlər. Bələdiyyə avtomobil yollarının təsnifatı qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tərtib və təsdiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin movcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə tərəfindən iddiaçıa iddianın təmin edilməsinə əsas verə bilən mötəbər sübutların təqdim edilməsi təklif olunsa da, iddiaçı bu barədə məhkəməyə heç bir dəlil-sübut təqdim edə bilməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı Ağdam rayonu, Təzəkənd kəndi ərazisində yerləşən və istifadəsində olan həyətinə gedən yolun açılması vəsifəsinin cavabdehə həvalə edilməsi və dövlət rüsumu kimi ödədiyi 100 manat pulun cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar