Məhkəmə qərarları › İş №2(014)-1452/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1452/2021

30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1452/2021 30.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlu İddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh 25.07.2019-cu il tarixdə idarə etdiyi “VAZ 2101" markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “Vaz 2109” markalı ** GO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh sürücülük hüququ olmadan avtomobili idarə etmişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh sürücülük hüququ olmadan idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Ağdaş Rayon Məhkəməsinin 26.07.2019-cu il tarixli, 3(014)-262/2019 saylı inzibati xəta haqqında qərarında öz əksini tapmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilinəsi barədə hesabata əsasən “Vaz 2109” markalı ** GO *** dövlət qeydiyyat nişanlı avtomobilə 510 manat ziyan dəymişdir. PAT********** saylı sığorta Müqaviləsinin 116300 saylı sığorta aktına əsasən "xxxx" Sığorta Şirkəti 510 manat sığorta ödənişi həyata keçirmişdir. Aşağıda göstərilənlərə əsasən, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" sığorta şirkətinə dəymiş 510 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan "xxxx" Sığorta Şirkəti ASC-nin 03 sentyabr 2019-cu il tarixli, 071617 saylı sığorta aktından görünür ki, Cavabdeh məxsus VAZ 2101 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı sığortalanmış avtomobil VAZ 2109 markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. 28.08.2019-cu il tarixdə nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq 510 manat sığorta ödənişi hesablanmışdır. İşin materiallarında olan 06.09.2019-cu il tarixli, 8802 saylı ödəniş tapşırığından görünür ki, 071617 saylı akta əsasən X1 hesabına 510 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İşin materiallarında olan "xxxx" Sığorta Şirkəti ASC-nin 28 avqust 2019-cu il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi olə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, zədələnmiş VAZ 2109 markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin 510 manat həcmində olması müəyyən edilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinn 26 iyul 2019-cu il tarixli,3(014)-262/2019 saylı qərardan görünür ki, xx.xx.1981-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən. Ağdaş rayonu, Nehrəxəlil kəndində yaşayan Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbsin tədbiq edilməsi. İnzibati həbs etmənin əvvəli 26 iyul 2019-cu il tarixdən, saat 11:45-dən hesablanması qərara alınmışdır. İşin materiallarında olan Ağdaş rayon YPX tərəfindən tərtib edilmiş № İXP ******* saylı, 25.07.2019-cu il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, VAZ 2101 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.4-cü maddələri ilə təqsirli bilinmişdir. İşin materiallarında olan "xxxx" Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh göndərilmiş 30.09.2019-cu il tarixli pretenziya məktubundan görünür ki, ASC tərəfindən həyata keçirilmiş sığorta ödənişi əsasında üzərinə düşən öhdəlikləri icra etmədiyi üçün ona xəbərdarlıq etmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, "xxxx" Sığorta Şirkəti ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh sürücülük hüququ olmadan 25.07.2019-cu il tarixdə idarə etdiyi “VAZ 2101” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq VAZ 2109 markalı, **-GO- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sığortalı avtomobilin sahibinə 510 manat maddi ziyan vurulmuş, sığorta aktına əsasən sığorta şirkəti tərəfindən avtomobilə dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmiş, nəticədə Cavabdeh subroqasiya qaydasında 510 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 510 (beş yüz on) manat məbləğində sığorta ödənişi, 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi, ümumilikdə 540,40 (beş yüz qırx manat qırx qəpik) manat pul alınaraq "xxxx" Sığorta Şirkəti ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 510 (beş yüz on) manat məbləğində sığorta ödənişi, 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi, ümumilikdə 540,40 (beş yüz qırx manat qırx qəpik) manat pul alınaraq "xxxx" Sığorta Şirkəti ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar