Məhkəmə qərarları › İş №2(014)-1486/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1486/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1486/2020 29.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi F.Kərimovanın katibliyi ilə «xxxxxxxxx» ASC-nin Cavabdeh qarşı Subroqasiya qaydasında pul tələbi haqqında iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: «xxxxxxxxx» ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən «xxxxxxxxx» ASC-nin xeyrinə 250 manat sığorta ödənişinin və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 270 manat vəsaitin tutulmasını xahiş etmişdir. «xxxxxxxxx» ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi haqqında iddiasını onunla əsaslandırmışdır ki, “Kia Rio” markalı,**-CK-*** dövlət qeydiyyat nişanlı avtomabil PAZ ********** nömrəli şəhadətnamə əsasında xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti ilə “Kia Rio” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “Mercedes Benz C200 CDİ” markalı, **-CP- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq avtonəqliyyat hadisəsi törətmiş və hadisə verindən yayınmışdır, hadisə nəticəsində “Mercedes Benz C200 CDİ” markalı, **- CP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 250 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə AR DİN Yasamal RPİ-nin DYPŞ-si tərəfindən qeydə alınmış, araşdırma nəticəsində Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1- ci və 327.6-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında İXP ******* nömrəli Protokol tərtib olunmuş, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 100 manat cərimələnmişdir. “Mercedes Benz C200 CDİ” markalı, **-CP-*** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı İddiaçı ASC tərəfindən 250 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən avtomobilə dəymiş zərər 250 manat məbləğində pul vəsaiti zərəeçəkənin bank hesabına ödənilmişdir. İddianın qiyməti iki min manatdan az olduğu üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən sadələşdirilmiş icraat qaydasında ərizənin məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş,lakin cavabdeh tərəfindən məhkəməyə etiraz daxil olmadığı üçün məhkəmə hesab edir ki, işə sadələşdirilmiş icraat qaydasında baxılması mümkündür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının İcbari X1 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə əsasən cavabdehin təqsiri nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz C200 CDİ” markalı, **-CP-*** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı olan 250 manat "xxxxxxxxx" ASC tərəfindən ödənildiyindən subroqasiya qaydasında cavabdehdən həmin pulun tələb edilməsi əsaslıdır və təmin edilməlidir. Ödənilmiş tələbin miqdarı nəzərə alınaraq 20 manat ödənilmiş dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 250 manat sığorta ödənişi və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 270 manat (iki yüz yetmiş manat) tutularaq "xxxxxxxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə Apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar