Məhkəmə qərarları › İş №2(014)-341/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-341/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-341/2021 09.03.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Cavabdeh2 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9419.54 (doqquz min dörd yüz on doqquz manat 54 qəpik) məbləğində sığorta ödənişin, 30.40 (otuz manat, qırx qəpik) məbləğində dövlət rüsumunun, cəmi 9449.94 (doqquz min dörd yüz qırx doqquz manat 94 qəpik) məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulub iddiaçı «xxxx» ASCnin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06.10.203-cü il tarixində Bakı-Qazax- Yevlax yolunun 270-ci km-də Cavabdeh1 mülkiyyətində olan “Vaz 21154” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 tərəfindən idarə edilərkən, yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə “xxxx” ASC-də sığortalanmış “Honda CR-V”markalı, ** HN *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Sənədlərin yoxlanılması zamanı müəyyən olunmuşdur ki, sürücü Cavabdeh2 sürücülük hüququ olmadan sərxoş vəziyyətdə qeyd edilən nəqliyyat vasitəsi idarə etmişdir. AR DİN BDYPİ-nin YPX Alayının xx.xx.2013cü il tarixli, 016-38100 saylı müvafiq arayaışına və BYP 384575 saylı inzibati xəta haqqında porotokola əsasən, “Vaz 21154” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmişdir. Daha sonra Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152-2.3-cü maddəsi ilə təqsirləşdirilməsinə dair inzibati xəta haqqında materiala Ağdaş Rayon Məhkəməsində baxılmışdır. Həmin məhkəmənin qərarına əsasən Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152- 2.3-cü maddəsi ilə təqsirli bilinib 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Cavabdeh2 məhkəmə iclasında izahat verərək, “Vaz 21154” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan sərxoş vəziyyətdə idarə etdiyini etiraf etmişdir. Bununla məlum olur ki, cavabdeh şəxs Cavabdeh2 “xxxx” ASC tərəfindən sığortalanmış “Honda CR-V” markalı, ** HN *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Mülki Məcəlləyə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin tam ödənilməsini tələb edə bilər. Həmin məcəlləyə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq, əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasındaonun verdiyi sığorta ödənişi həcmində keçir. İddiaçı «xxxx» ASC məhkəmə iclasına teleqram ünvanlayaraq bildirdi ki, mülki işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbinin əsassız olduğundan rədd edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq o, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçı nümayəndəsinin teleqramını nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən www.isb.az saytından çıxarışdan göründüyü kimi, Cavabdeh2 tərəfindən idarə edilən “Vaz 21154” markalı, ** BF *** dövlət qeydiyyat nişnalı avtonəqliiya vasitəsinin sürücülərinin üçünçü şəxslər qarşısında mülki məsuliyyət sığortası hadissi baş verən anda mövcud deyildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AB 471935 saylı X1 şəhadətnaməsinin surətindən və Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, hadisə anında “Vaz 21154” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətində olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Honor CR-V”markalı, ** HN *** dövlət qeydiyyat nişanlı avtomobilin mİP-HO-0071/10 saylı sığorta şəhadətnaməsindən göründüyü kimi, həmin nəqliyyat vasitəsi “xxxx” ASC tərəfindən xx.xx.2010-cu il tarixindən xx.xx.2015-ci il tarixindək qaydaları ilə tam sığortlanmışdır. Həmin sığorta şəhadətnaməsi üzrə azadolma məbləği 650.00 (altı yüz əlli) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, xx.xx.2012-ci il tarixli MİP-HO-0071/10 saylı Nəqliyyat vasitələrinin komleks Sığorta şəhadətnaməsinə əlavədən görünür ki, xx.xx.2012-ci il tarixdən etibarən avtomobili idarə etmək səlahiyyəti olan şəxslərin siyahısına X2 əlavə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2013-cü il tarixli zərərin hesablanması aktına əsasən hadisə nəticəsində “Honda CR-V” markalı, ** HN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 10069.54 məbləğində müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2013-cü il tarixli, 376 saylı sığorta aktına və xx.xx.2013-cü il tarixli 001122 saylı kassa məxaric orderinə əsasən 9419.54 manat məbləğində sığorta ödənişi (650 manat azadolma məbləği çıxılmaqla) sığorta şəhadətnaməsi üzrə sığortalı şəxs olan X3 ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2013-cü il tarixliu, 3/254 saylı Alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətibi təyin edən tibbi müayinə protokolundan görünür ki, Cavabdeh2 hadisə anında avtomobili idarə edərkən yüngül dərəcədə sərxoş olmuşdur. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin tələbinə görə, sığortaçı sığorta ödənişini müqaviləyə və ya qanuna müvafiq surətdə sığortalının ərizəsinə və sığorta hadisəsi haqqında akta əsasən verir. Həmin Qanunun 34.1.3 və 34.1.4-cü maddələrinin tələbinə görə, sığortalının vəzifələrinə-sığorta hadisəsi baş verdikdə, bu barədə sığorta müqaviləsində müəyyən edilmiş müddətdə sığortaçını xəbərdar etmək və ziyanın qarşısının alınması və azaldılması üçün tədbirlər görmək aiddir. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.4-cü maddəsinə əsasən Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinin tələbinə görə, Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinin tələbinə, Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısından maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinin tələbinə görə, ümumi iddia müddəti on il təşkil edir. Göründüyü kimi, 06.10.203-cü il tarixində Bakı-Qazax-Yevlax yolunun 270-ci km-də Cavabdeh1 mülkiyyətində olan “Vaz 21154” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 tərəfindən idarə edilərkən, yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə “xxxx” ASC-də soğortalanmış “Honda CR-V”markalı, ** HN *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Sənədlərin yoxlanılması zamanı müəyyən olunmuşdur ki, sürücü Cavabdeh2 sürücülük hüququ olmadan sərxoş vəziyyətdə qeyd edilən nəqliyyat vasitəsi idarə etmişdir. AR DİN BDYPİ-nin YPX Alayının xx.xx.2013-cü il tarixli, 016-38100 saylı müvafiq arayışına və BYP 384575 saylı inzibati xəta haqqında porotokola əsasən, “Vaz 21154” markalı, ** BF *** dövvət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmişdir. Avtomobilə dəymiş 9419.54 manat məbləğində zərər “xxxx” ASC tərəfindən ödənilmişdir. İddia müddətinin tədbiqi ilə bağlı ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının tələb hüququ zərər vurmadan irəli gəldiyindən onlara münasibətdə isə ümumi iddia müddəti 10 il təşkil etdiyindən, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 9419.54 (doqquz min dörd yüz on doqquz manat 54 qəpik) məbləğində sığorta ödənişin, 30.40 (otuz manat, qırx qəpik) məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq «xxxx» ASC-nin xeyrinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 9419.54 (doqquz min dörd yüz on doqquz manat 54 qəpik) məbləğində sığorta ödənişi, 30.40 (otuz manat, qırx qəpik) məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq «xxxx» ASC-nin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar