Məhkəmə qərarları › İş №2(014)-50/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-50/2025

26.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-50/2025 26.05.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdən payın müəyyən edilməsi və naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdən payın müəyyən edilməsi və naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, X9 və X7 Ağdaş rayon Kükəl kəndində həyətyanı təyinatlı **********14-10301 reyestr nömrəli çıxarış ilə verilmiş ümumilikdə 0.1654 hektar olan ümumi paylı torpaq mülkiyyətindən onlara məxsus torpaq payının müəyyən edilməsinə və naturadan ayrılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ona, X9 və X7 Ağdaş rayon Kükəl kəndində həyətyanı təyinatlı ümumilikdə 0.1654 hektar ölçüdə torpaq sahəsi verilmişdir. Bununla bağlı DƏDKR PHŞ-dən onlara **********14-10301 reyestr nömrəli çıxarış verilmişdir. Həmin vaxt onlar bir təsərrüfatda birgə yaşamışlar. Hazırda cavabdehdən ayrı öz şəxsi ailəsi ilə yaşayır. Həmçinin ailəsi ilə birgə öz şəxsi təsərrüfatı ilə məşğuldur və torpaq sahəsinə ehtiyacı vardır. Ona görə də onun ümumi paylı mülkiyyətdən torpaqdan ona məxsus torpaq payının müəyyən edilib ayrılmasına ehtiyacı var. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, onun Ağdaş rayon Kükəl kəndində daşınmaz əmlakının çıxarışı və texniki pasportu vardır. Həmin torpaq sahəsinə aid bütün sənədləri mövcuddur. Mülkiyyətçisi ola-ola onun ev əşyaları çöldə qalmışdır. Buna görə də məhkəmədən iddiasının təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul edərək bildirdi ki, nümayəndəsi və vəkili olduğu Cavabdeh həmin torpaq sahəsində heç bir paylı mülkiyyəti olmadığından, iddianın təmin edilməsinə etirazları yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş rayon İHB-nın Kükəl kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 avqust 2024-cü il tarixli 5-32-12/2-295/2024 saylı arayışdan görünür ki, Ağdaş rayon Kükəl kənd sakini olmuş mərhum X9 vəfat etdikdən sonra reyestr nömrəsi **********14-10301 olan çıxarışa əsasən ona məxsus yaşayış evində arvadı Cavabdeh yaşayır. X5 vəfatından sonra onun təsərrüfatını arvadı Cavabdeh özü idarə və istifadə edir. İşin materiallarında olan 2 saylı Sumqayıt “ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfndən verilmiş 14 may 2024-cü il tarixli 3-16-5/8A-69-1753/2024 saylı arayışın surətindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu Kükəl kəndində vəfat etmişdir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Kükəl kəndində yerləşən ümumi sahəsi 0.1654 kv/m olan fərdi yaşayış evi İddiaçı mülkiyyətinə verilmişdir. Hüquq sahibləri İddiaçı, X9 və X6 ümumi birgə mülkiyyətindədir. İşin materiallarında olan Bakı şəhəri Səbail rayonu VVAQ şöbəsi tərəfindən verilmiş 08 fevral 2007-ci il tarixli AZ-İ 875228 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 07 avqust 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası İddiaçıdır. İşin materiallarında olan Ağdaş rayonu Kükəl kənd soveti tərəfindən verilmiş 9 sentyabr 1989-cu il tarixli XİV-ЖГ 390694 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 07 avqust 1989-cu il tarixdə Ağdaş rayonu, Kükəl kəndində anadan olmuşdur. X4, anası X3r. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastr və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli texniki pasportundn görünür ki, X9 və başqaları Ağdaş rayonu, Kükəl kəndində yerləşən **********14-10301 reyestr nömrəli fərdi yaşayış evinin hüquq sahibləridir. İşin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 fevral 2025-ci il tarixli 3-16-16/2-10/9656/2024 saylı ekspert rəyindən görünür ki, 1-ci sual: AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin rəisi Eldəniz Hacıyevin məktubunda qeyd edilir ki, torpaq sahəsinin ayrı-ayrılıqda giriş-çıxış yolunun saxlanılması mümkün olmadığı üçün naturada paylara uyğun bölünməsi mümkün deyildir. İşin materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-126A kod 90512018 saylı şəhadətnamənin surətindən görünür ki, Aqrar İslahat Komissiyasının 04 noyabr 1998-ci il tarixli 19 nömrəli qərarı ilə Ağdaş rayon Kükəl kəndində 0.17 hektar torpaq sahəsi İddiaçı, X9 və X6 mülkiyyətindədir. İşin materiallarında olan İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 06 noyabr 2024-cü il tarixli 3-21-3-35/2-4551/2024 saylı məktubundan görünür ki, iddiaçılar İddiaçı və X6, həmçinin Cavabdeh ümumi paylı mülkiyyətlərinə verilmiş 0.17 ha torpaq sahəsindən naturada paylara uyğun bölünməsi ilə bağlı bildirilmişdir ki, torpaq sahələrinə ayrı-ayrılıqda giriş-çıxış yolunun saxlanması mümkün olmadığı üçün naturada paylara uyğun bölünməsi mümkün deyildir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı, X9 və X7 Ağdaş rayon Kükəl kəndində həyətyanı təyinatlı **********14-10301 reyestr nömrəli çıxarış ilə verilmiş ümumilikdə 0.1654 hektar olan ümumi paylı torpaq mülkiyyətindən onlara məxsus torpaq payının müəyyən edilməsi hissəsində əsaslı, payın naturada ayrılması hissəsində isə əsassızdır. Belə ki, iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 fevral 2025-ci il tarixli 3-16-16/2-10/9656/2024 saylı ekspert rəyindən və AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Eldəniz Hacıyevin 06 noyabr 2024-cü il tarixli 3-21-3-35/2-4551/2024 saylı məktubundan məlum olur ki, torpaq sahəsinin ayrı-ayrılıqda giriş-çıxış yolunun saxlanılması mümkün olmadığı üçün naturada paylara uyğun bölünməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, Ağdaş rayonu Kükəl kəndi ərazisində yerləşən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində çıxarışla verilmiş ümumilikdə 0.1654 hektar ölçüdə torpaq sahəsi İddiaçı, X9 və X6 ümumi birgə mülkiyyətinə verilmişdir və həmin torpaq sahəsində iddiaçının payının müəyyən edilməsinə dair hazırkı iddia əsaslıdır. Qeyd olunan torpaq sahəsi iddiaçı və X9 və X6 ümumi birgə mülkiyyətində olduğundan, ümumi birgə mülkiyyətdə olan əşyada paylar müəyyən edilərkən mülkiyyətçilərin payları bərabər sayıldığından, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində çıxarışla Ağdaş Rayonu, Kükəl kəndində yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********14-10301 olan, 0.1654 ha torpaq sahəsi 3 nəfərin (İddiaçı, X9 və X6) ümumi birgə mülkiyyətinə verildiyindən, iddiaçının qeyd olunan torpaq sahəsində payı qanunvericiliyin tələbinə uyğun olaraq 1/3 hissədə müəyyən edilməlidir. İddia tələbi qalan hissədə torpaq sahəsinin ayrı-ayrılıqda giriş-çıxış yolunun saxlanılması mümkün olmadığı üçün naturada paylara uyğun bölünməsi mümkün olmadığından təmin edilməməlidir. Ekspertiza xərci olan 100 (yüz) manat pul vəsaiti cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində çıxarışla Ağdaş Rayonu, Kükəl kəndində yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********14-10301 olan, 0.1654 ha torpaq sahəsi 3 nəfərin (İddiaçı, X9 və X6) ümumi birgə mülkiyyətinə verildiyindən, iddiaçının qeyd olunan torpaq sahəsində payı qanunvericiliyin tələbinə uyğun olaraq 1/3 hissədə müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza xərci olan 100 (yüz) manat pul vəsaiti cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar